“İNTİZAR” MƏFHUMU (2)

:

İNTİZAR – TAM HAZIRLIQ
Əgər mən özümə zülm edirəmsə, zülmkarların əleyhinə qalxacaq bir rəhbərin intizarını necə çəkə bilərəm? Əgər mən özüm də günahkar olub, pak deyiləmsə, yer üzünü çirkin insanlardan təmizləmək məramında olan bir inqilabın intizarını çəkənlərdən necə ola bilərəm?

Böyük bir cihadın intizarını çəkən ordu hərbi hazırlığı və hərbiçilərin sayını artırmağa, onlarda inqilab ruhiyyəsi yaratmağa və bütün zəif nöqtələri islah etməyə cəhd göstərir.
İntizar, yəni bir müsafirin səfərdən qayıtmasını gözləmək.
İntizar, yəni əziz bir dostun gəlişini gözləmək.
İntizar, yəni meyvənin dərilmə və məhsulun yığım fəslini gözləmək. (Bu intizarların hər biri müəyyən hazırlıqla birgədir.)
Amma dünyanın böyük islahatçısının qiyamının intizarını çəkmək, həqiqətdə bəşər tarixində inqilabların ən böyük və genişinin, ümumbəşəri çevriliş və dəyişikliklərin intizarıdır. Bu inqilab digər inqilablardan fərqli olaraq, müəyyən bir məntəqəyə məxsus olmayıb cahanşümuldur, insanların bütün yaşayış yönlərinə – həm siyasi, həm mədəni, həm iqtisadi, həm də əxlaqi cəhətlərinə şamildir.
Əvvəldə qeyd etdiyimiz kimi, intizar həmişə iki prinsip üzərində qurulur: “inkar” və “isbat” prinsipləri. “İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, “isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1) zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2) vahid ədalətli bir hökumətin təşkili üçün cismi və ruhi, maddi və mənəvi hazırlıq hissi.
“İntizar”la “cahanşümul inqilab” məfhumlarının tərkibi qeyd etdiklərimizi tamamilə aydınlaşdırır. Yəni belə bir inqilabın intizarında olanlar öz iddialarında sadiqdirlərsə, mütləq onlarda aşağıdakı təsirlər aşkar olunmalıdır:

1. FƏRDİ İSLAHAT
Cahanşümul hakimiyyət hər şeydən öncə insani dəyərlərə ehtiyac duyur ki, ümumdünyəvi islahatın ağır məsuliyyətini çəkə bilsin. Belə böyük bir proqramın icrasında həmkarlıq üçün mütləq elmi dərəcə, yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Dardüşüncəlik, ümumiyyətlə, hər növ irtica həqiqi intizarla uyğun gəlmir. Əsas məsələ budur ki, həqiqi intizar çəkənlər belə bir mühüm proqramda heç vaxt tamaşaçı rolunu ifa edə bilməz və elə indidən inqilabçılar sırasına qoşulmalıdır.
Əgər mən özüm əyri işlərə əl atıramsa, necə düzgün bir nizamın intizarını çəkə bilərəm?!
Görəsən, bu intizarın özü ruhi, fikri və cismi çirkinliklərdən təmizlənib saflaşma üçün kifayət deyildirmi? Azadlıq uğrunda mübarizə intizarı çəkən ordu tam hazır vəziyyətdə olmalı, hərbiçilərin hazırlığı və ruhiyyələrini gücləndirməli, fədakarlıq hissini dirçəltməlidir. Belə hazırlığa malik olmayan ordu heç vaxt intizardan danışa bilməz.
Dünyanı hidayət edəcək bir islahatçının intizarını çəkmək fikri, əxlaqi, maddi və mənəvi cəhətdən tam hazırlıq tələb edir ki, bu hazırlığın bir çox müsbət təsirləri vardır. Bütün yer üzünü islah etmək, zülm, təfriqə və ixtilafa son qoymaq isə asan və sadə bir iş deyil. Belə bir inqilabı həyata keçirmək üçün şücaətli, dərrakəli, ağıllı, dərin düşüncəli, tam hazırlıqlı, söz və əməlində doğru olan şəxsiyyətlər lazımdır. Belə böyük hədəf üçün insanın dərin əxlaqi, fikri və ictimai cəhətdən islahı lazımdır. Həqiqi intizarın mənası məhz budur və kimsə onun irtica olduğunu deyə bilməz!

2. İCTİMAİ HAZIRLIQ
Həqiqi intizar fərdi islahat tələb etdiyi kimi, ictimai birliyi qorumağı, ümumi islahatı da qarşıya məqsəd qoyur. Çünki intizarı çəkilən o böyük hadisədə bütün inqilabi qüvvələr iştirak edəcək, hamı bir məqsəd üçün çalışacaq. Hamının əlbir olduğu mübarizə meydanında heç kim yoldaşının vəziyyətindən qafil ola bilməz. Hər kəs hər yerdə zəif bir nöqtə görsə, onu islah etməyə cəhd göstərməlidir. Mübarizlərin fəal iştirakı olmadan belə bir proqramın icrası qeyri-mümkündür. Demək, həqiqi intizar üçün fərdi islahla yanaşı ictimai islah və hazırlıq da zəruridir. Bu da böyük islahatçının qiyamı intizarının başqa bir müsbət təsiridir!

3. HƏQİQİ İNTİZARÇILAR ÇİRKİNLİKDƏN UZAQDIR!
Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, ruhi sıxıntıya, ümidsizliyə düçar edir. Bəzən də elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir. Əsla islahata ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş fitnə-fəsada, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşkil edərək qorunmaq onlar üçün çətinləşir. Bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər.
Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islahına ümidvar ola bilərlər.
İslam göstərişlərində ümidsizlik ən böyük günahlardandır. Bu məsələyə böyük əhəmiyyət verildiyini görürüksə, bunun səbəbi Allahın mərhəmətindən naümid olan günahkar şəxsin günahını yumaq, heç olmazsa, günahdan çəkinmək fikrinə düşməməsilə əlaqədardır. O fikirləşir ki, mən onsuz da cəhənnəmə gedəcəyəm. Bəs nə üçün dünyada qəm-qüssə çəkməliyəm?! İslanmışın yağışdan nə qorxusu!
Amma onun üzünə Allahın əfv və məğfirəti, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişir. Onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır. Eləcə də, çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.
Hazırda dünya çirkinliyə, fitnə-fəsada doğru nə qədər sürətlə gedirsə, imam Mehdinin (ə) zühuruna ümid bir o qədər artır. Ona inananların fəsad və çirkinliyin tufanları qarşısında müqaviməti möhkəmlənir. Mühit nə qədər aludə olsa belə onlar naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.
***
Ötən bəhslərdən belə nəticəyə gəldik ki, intizarın viranedici olması təsəvvürü yalnız onun məfhumunun təhrifi ilə yaranır. Necə ki, qədimdən təhrif əlləri ona doğru uzanmışdır. Onun həqiqi məfhum və mənası ictimai-fərdi islahatın, tərbiyə və təşviqin əsasını təşkil edir. Bu məsələyə əvvəldən obyektiv yanaşan Quranın özü olmuş və bu haqda “Nur” surəsinin 55-ci ayəsində buyurulmuşdur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

“Allah aranızdan iman gətirib saleh işlər görənlərə – yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, möminlər üçün Özü bəyəndiyi dini möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd etmişdir!”
Böyük İslam rəhbərlərindən nəql olunan bir çox rəvayətlərə əsasən, bu ayədə işarə olunmuşlar imam Mehdi (ə) və onun yaxınlarıdır.[1] Başqa bir hədisdə isə deyilir: “Bu ayə Mehdi (ə) haqqında nazil olmuşdur!”
Bu ayədə imam Mehdi (ə) və onun yaxınları “iman gətirən və saleh iş görənlər” kimi tanıtdırılmışdır. Beləliklə, cahanşümul bir inqilabın həyata keçməsi hər bir süstlük və nöqsandan uzaq olan möhkəm iman və dünyəvi islahı təmin edə biləcək saleh əməllər olmadan qeyri-mümkündür. Belə bir proqram üçün həm yetkin bilik, həm güclü iman, həm də saleh əməl lazımdır. Yalnız bu xüsusiyyətlərə malik olanlar özlərinə bəşəriyyətin xilaskarının islahatlarında iştirakla müjdələyə bilər. Zülm və haqsızlıq yolu seçib, iman və saleh əmələ biganə qalanlar, iman zəifliyinə görə hətta öz kölgələrindən qorxanlar, cəmiyyətdən uzaqlaşaraq əllərini əllərinin üstünə qoyub tamaşa edənlər və haqq uğrunda mübarizəyə qoşulmayanlar verilən həmin vəd və müjdələrdən məhrumdurlar!
Budur imam Mehdinin (ə) intizarının müsbət təsiri!

Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Tərcümə edən: Rza Şükürlü


1. “Biharul-ənvar”, qədim çapla 13-cü cild, səh. 14.

 

 

Tags: İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!