“İNTİZAR” MƏFHUMU (1)

:

“İntizar”, adətən, insanın mövcud vəziyyətdən narahat olaraq yaxşı vəziyyətin yaranması ümidilə gözlədiyi hala deyilir. Məsələn, sağalmaq intizarında olan xəstə mövcud vəziyyətdən, yaxud övladının səfərdən qayıtması intizarını çəkən ana övladının ayrılığından narahatdır və hər ikisi bu vəziyyətin sona çatmasını gözləyir.

Demək, dünyanın böyük islahatçısının, imam Mehdinin (ə) haqq-ədalətli hökumətinin intizarı iki prinsip üzərində qurulmuşdur: “inkar” və “isbat” prinsipləri. “İnkar” dedikdə, mövcud vəziyyətdən narahatçılıq hissi, “isbat” dedikdə isə vəziyyətin yaxşılaşmasının intizarı nəzərdə tutulur. Bu iki prinsipin inkişafı iki mütənasib fikrin formalaşmasına səbəb olacaqdır: 1. zülm və haqsızlığa qarşı ikrah, hətta onlarla mübarizə hissi; 2. vahid ədalətli bir hökumətin təşkili üçün cismi və ruhi, maddi və mənəvi hazırlıq hissi. Göründüyü kimi, bu hisslərin hər ikisi müsbət xarakterlidir.

İNTİZAR – FİTRİ HƏQİQƏT
İntizar xam xəyallardan yox, insanın varlığının dərinliyindən qalxır. Daha aydın desək, böyük xilaskarın zühuruna iman “agahlığa eşq”, “gözəlliyə eşq” və “yaxşılığa eşq”in tərkib hissəsidir. Bildiyimiz kimi, “təkamülə eşq” insan varlığını bürüyən əbədi bir şölədir. O, daha çox bilmək, gözəllikləri daha çox görmək, yaxşılıqlardan daha çox bəhrələnmək, bir sözlə, hər bir tərəqqiyə sahib olmaq istəyir. İnsanın təkamül və tərəqqiyə, elm və gözəlliyə, yaxşılıq və ədalətə bağlılığı həmişəyaşar duyğudur və böyük xilaskarın zühurunun intizarı da onun zirvəsidir!
Demək, həyatda məğlubiyyət və böhran bu hissdən ayrıldığımız zaman baş verir. Bədənin üzvləri birgə inkişaf etdiyi kimi, insanın ruhi-psixoloji xüsusiyyətləri də belədir və onların hər birinin təsiri inkaredilməzdir. Məsələn, hər bir insanda “təhlükəli amillərdən qorxu hissi” onun təhlükələrdən qorunmasında qalxan rolunu oynayır və ya mənafeyini təhlükədə gördüyü zaman “qəzəb”lənməsi müdafiə mexanizmi üçün bir vasitədir. Odur ki, təkamül, sülh və ədalətə eşq-məhəbbət də bu böyük məqsəd uğrunda bir vasitə, insanın varlıq çarxlarını hərəkətə gətirən, onu sülh və ədalət dolu cahana çatdıran güclü  motordur. Demək, cisim və ruhda mövcud olan hiss və mexanizmlər varlıq aləminin məcmusu ilə uzlaşmalıdır. Çünki bütün varlıq aləmi bir-birinə bağlı vahid məcmuədir və bizim varlığımız da ondan ayrı deyil. İnsanların dünyanı haqq-ədalət, sülh və yaxşılıqla dolduran böyük xilaskarın intizarında olması ictimai təkamülün zirvəsinə doğru həqiqi təmayüldür.
Bütün ayinlərdə belə bir etiqadın varlığı bu həqiqətə bir nişanədir. Çünki yalnız fitri məsələlər bu qədər ümumi xarakter daşıya bilər. Nəhayət, dünya böyük xilaskarın sülh və ədalət bayrağı altına toplaşacaq.

İNTİZARIN FƏLSƏFƏSİ
Mövzu ilə bağlı aşağıdakı suallar hər bir şəxsi maraqlandıra bilər:
Bəşəriyyətin gələcəyindən danışmağın bugünkü günümüzə nə kimi faydası ola bilər? Bu gün minlərlə çətinlik və problemlər içərisində çapalayırıqsa, onların həlli üzərində düşünməliyik. Bizim sabahla nə işimiz var? Gələcək, axır kı, gələcək, istər yaxşı olsun, istərsə də pis! Həmin vaxta qədər yaşayanlar da onun nemətlərindən bəhrələnəcək və ölüb gedənlərə də Allah rəhmət etsin! Hər halda, bu məsələ hələ ki, “nisyə”dir və bizim bugünkü həyatımızda müsbət və qurucu təsiri yoxdur!
* * *
Qeyd etməliyik ki, bu sayaq sözləri hadisələri səthi baxışla izləyənlər, bu günü dünən və sabahdan ayrı və dünyanın ayrı-ayrı üzvlərdən mürəkkəb olduğunu təsəvvür edənlər dillərinə gətirirlər!
Lakin bu günün hadisələrinin keçmişin və gələcəyin də bu günün nəticələri olduğuna diqqət yetirdikdə, məlum olur ki, istər-istəməz keçmiş və gələcəyimiz bizə əhəmiyyətli olacaq. Halbuki bəziləri intizardakı müsbət yönləri düzgün anlamadıqlarından onları tənbəllik və süstlüklə səhv salırlar. Onların nəzərincə, aydın gələcəyə iman, adətən, yoxsul təbəqələrin arzularında məzhəbi formada özünü büruzə verən bir anlamdır. Lakin elə dardüşüncəlilər də var ki, “biz zühur intizarçılarıyıq” – adı ilə bütün məsuliyyətlərdən boyun qaçırır, hər bir vəzifəni intizarın üstünə atırlar.
Burada hər iki tərəfin yanlış düşüncələrini aradan qaldırmaq məqsədilə diqqətinizi bir neçə mövzuya cəlb edirik:

YANLIŞ MÜHAKİMƏLƏR
Adətən, şərqşünaslar böyük xilaskarın varlığına imanı müsəlmanların tarixindəki qaranlıq dövranlarla əlaqələndirir və bunu təbii reaksiya bilirlər. Bəzi sadəlövh müsəlman və şərq tədqiqatçıları da onların təfəkkür tərzindən təsirlənərək yəhudi və məsihilərin etiqadlarından qaynaqlandığını təsəvvür edirlər. Bəzi materialist sosioloqlar isə “intizar” anlamını yoxsul təbəqələrdə sinfi ayrıseçkilik və imperializmə qarşı baş qaldıran kütləvi təbii-ictimai zərurət bilirlər.
Bütün bunlarla belə, zühurun intizarına etiqad fitri bir məsələ kimi, İslamın köklü əqidələrindən sayılır. Odur ki, buna əks hər hansı fikir və nəzər, ya məhdud mütaliənin, ya da maddi təfəkkür tərzinin nəticəsidir. Məsələn, şərqşünas Margli Yut imam Mehdi (ə) ilə bağlı hədisləri inkar edərək yazı: “Hədislərin necə təfsir edilməsindən asılı olmayaraq əlimizdə Mühəmməd peyğəmbərindən İslamın gələcəyində rol oynaya biləcək Mehdi adlı bir şəxsin zühuruna dair qənaətbəxş bir dəlil yoxdur. Bunu biz onun vəfatından sonra yaranan daxili müharibələr və İslam aləmində baş qaldıran ixtilaf və təfriqələrə son qoymaq məqsədilə həzrət İsa Məsihin zühur və qayıdışının intizarında olan yəhudi və məsihilərdən iqtibas edilən bir anlam hesab etməliyik.”
Deməliyik ki, Margli Yut kimilərinə minlərlə hədis və kitab da kifayət etməyəcək və onları qane etməyə də ehtiyac yoxdur. Amma “Tarixin müqəddiməsi” kitabında imam Mehdi (ə) ilə bağlı hədislərə şübhə ilə yanaşan İbn Xəldun və onun kimi bir neçə nəfər istisna olmaqla, müsəlman alim və tədqiqatçıları Peyğəmbərin (s) zühurla bağlı hədislərini yekdillə qəbul edir və yalnız cüzi məsələlərdə fikirayrılığı görünür.

İNTİZARIN MÜSBƏT TƏSİRLƏRİ
Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən dünyamiqyaslı proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi təsirləri vardır? Görəsən, bu inam insanı qafil və hər şey müqabilində təslim olmağa vadar etmirmi? Görəsən, bu əqidə müsbət mənada bir növ fərdi və ictimai qiyama dəvətdirmi? İnsanı tərəqqiyə doğru yönəldərək onda məsuliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu?
Bu sualları araşdırmazdan öncə, müsbət fikir və ideyaların həmişə nadanların, yaxud mənfəətpərəstlərin əli ilə təhrifə məruz qalaraq əsl məqsəddən yayındırıldığını bilməliyik. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da həmin təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan amanda qalmaq məqsədilə, necə deyərlər, suyu bulağın gözündən götürmək, eyni zamanda, “intizar”ı düzgün anlamaq üçün də İslamın təməl prinsiplərinə müraciət etmək və onu rəvayətlərin dili ilə araşdırmaq lazımdır.
Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir:
1. Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?”
İmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!”1 (Buna bənzər rəvayətlər çoxdur.)
2. Bəzi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən şəxs kimidir!”
3. “O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!”
4. “O, Qaimin bayrağı altında olan şəxs kimidir!”
5. “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!”
6. “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!”
İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.
7. Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır.
Bunları biz həm Peyğəmbəri-Əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur:

اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ:

“Mənim ümmətimin ən fəzilətli əməli Allahın vəd etdiyi zühurun intizarını çəkməkdir!”2
O həzrət başqa bir hədisdə belə buyurmuşdur:

اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ

“Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!”3
Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mənada olsun, dünyanın böyük islahatçısının zühur intizarını bildirməklə yanaşı, onun böyük əhəmiyyət daşıdığını göstərir.
Qeyd olunanlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda, yekun nəticə üçün zəmin yaranır.
“İntizar”ın bu məfhumuna diqqət yetirməklə imam Mehdi (ə) qiyamının intizarını çəkənlərin böyük savaba nail olacağı məlum olur. Beləliklə, nə üçün rəvayətlərdə həqiqi intizar çəkənlərin imam Mehdinin (ə) xeyməsində və bayrağı altında olanlarla bir, yaxud Allah yolunda cihad edən və şəhid olanlar sırasında sayıldığını aydın şəkildə başa düşürük.
Görəsən, bunlar insanların hazırlıq, haqq-ədalət yolunda mübarizə və yüksək dərəcələrə dəvəti deyilmi? Məlumdur ki, Allah yolunda cihad edənlər fədakarlıq dərəcəsinə görə fərqləndiyi kimi, intizar hazırlığının da müxtəlif dərəcələri vardır. Bu baxımdan, onların biri digərinə bənzəyir, yəni hər ikisi cihad sayılır və hazırlıq tələb edir. Belə bir dövlətin bayrağı altda durmağa layiq olan şəxs məsələyə əhəmiyyətsiz yanaşa bilməz. Ora yalnız ləyaqətli şəxslərin yeridir. Eyni zamanda, əlinə silah götürüb bu inqilabın düşmənləri ilə mübarizə aparmaq istəyən şəxsin ruhi, cismani və ideoloji cəhətdən tam hazırlığı olmalıdır.

Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Müəllif:
Tərcümə edən: Rza Şükürlü

Ardını buradan oxuyun


1. “Məhasini-Bərqi”, “Biharul-ənvar” kitabından nəqlən, qədim çapla 13-cü cild, səh. 136.
2. “Biharul-ənvar”, 13-cü cild, səh. 137.
3. Yenə orada, səh, 13-cü cild, səh. 136.

 

Tags: İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!