İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 1

:

İMAM KAZİM(ə)İN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
İmam (ə) cismi cəhətdən arıq olmasına baxmayaraq ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daima piyada gedər, həmişə xalqa salam verərdi. Ailəcanlı və hörmətli bir şəxsiyyət idi.

Həzrət  həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr yoxsul ailələrin evinə ərzaq aparar və onlardan bəzisinə aylıq maaş verərdi.
İmamın (ə) dostlarından biri o Həzrətin səbr və dözümü barədə belə demişdir: “Həzrət həmişə öz nümunəvi əxlaqi ilə düşməni utandırardı."
Mədinədə bir kişi var idi. İmamı (ə) hər görəndə qabağını kəsib onu söyərdi. Bir gün İmamın dostları “icazə ver onu tənbeh edək” – söylədikdə İmam (ə) buyurdu: “Onunla işiniz olmasın və ona toxunmayın!” Artıq bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı.
İmam (ə) onun halını soruşduqda dedilər ki: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək İmam (ə) da həmin tarlaya getdi. Həmin kişi İmamı (ə) görən kimi uzaqdan səslənib dedi: “Mənim tarlama girmə! Mən səni və sənin ata-babanı özümə düşmən sayıram.” İmam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: “Bu tarlaya nə qədər xərc çəkmisən?” Kişi dedi: ”Yüz dinar.” İmam (ə) soruşdu: “Nə qədər gəliri olacağına ümid edirsən?” Kişi dedi: ”İki yüz dinar.” Həzrət (ə) içində yüz dinar olan bir kisəni çıxarıb ona verdikdən sonra buyurdu: “Bu pulu al, tarlan da özünə qalsın!”
İllər boyu Həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb İmamın (ə) əlindən öpdü və ondan üzr istədi.
“Şərri özünüzdən belə uzaqlaşdırın” – deyə buyurdu. Elə buna görə də İmama (ə) “Kazim–qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən” ləqəbi verilmişdir. O Həzrət (ə) bütün pisliklərın qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: “Qohumların arasında nə qədər düşmənçilik olsa da, əgər qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.”

İMAM MUSA(ə)NIN SƏXAVƏTİ
İmam Kazim (ə) əliaçıqlıq və səxavət baxımından xalq arasında məşhur idi. Belə ki, bir dəfəyə min nəfər qulu azad etdirmiş və dar gündə onlara əl tutaraq borclarını ödəyirdi. İbn Şəhraşub belə nəql edir: “Bir gün Mənsur İmam Kazimi (ə) saraya çağırıb əmr etdi ki, Novruz günü orada oturub gətirilən hədiyyələri təhvil alsın. İmam (ə) bu işə həvəsi olmasa da çarəsiz qalıb qəbul etdi. Rəsmi salamlaşma mərasimində iştirak edən böyüklər və zadəganlar Mənsurun əmri ilə hədiyyələri o Həzrətə təhvil verirdi. Bir nəfər də Mənsurun tərəfindən orada durub gətirilən hədiyyələri siyahıya alırdı. Axırda bir qoca kişi gəlib dedi:
–Ey Peyğəmbərin övladı! Mənim dünya malından hədiyyə etmək üçün bir şeyim yoxdur. Amma baban Hüseynin (ə) müsibətinə dair bir şeir yazıb sənə hədiyyə gətirmişəm.
Qoca kişi yazdığı şeiri oxudu, onun bu şeiri İmama (ə) çox təsir etdi. Həzrət (ə) Mənsurun məmuruna əmr etdi ki, get Mənsurdan soruş gör bu hədiyyələrlə nə edəcək?
Məmur gedib qayıtdıqda İmama (ə) dedi: “Əmir deyir ki, hədiyyələrin hamısını sizə bağışladım, istədiyiniz adama verə bilərsiniz!” Həzrət (ə) yoxsul qoca kişiyə tərəf dönüb buyurdu: “Babam Hüseynin (ə) müsibətlərinə dair yazdığın şeirə görə, yoxsulluqdan qurtarasan deyə bu hədiyyələrin hamısını sənə bağışlayıram.”

İMAM MUSA(ə)NIN ÇALIŞMASI
O həzrət (ə) həmişə öz xüsusi tarlasında məişətini təmin etmək üçün çalışardı, bəzən də çox işləməkdən bütün bədənini tər basırdı. Bir gün əshabından olan Əli Bətaini onu görmək üçün Həzrətin tarlasına gəldi və onun çox işləməkdən tərlədiyini və yorulduğunu gördükdə “Qurbanın olum! Niyə bu işi başqa adamlara tapşırmırsan?” – deyə soruşdu.
İmam (ə) buyurdu: “Niyə başqalarına tapşırım, halbuki məndən daha yaxşı adamlar həmişə belə işlərlə məşğul olmuşlar.”
Bətaini soruşdu: “Kimlər?”
İmam (ə) buyurdu: “Allahın Peyğəmbəri (s) , Əmirəl-möminin (ə) və bütün ata-babalarım. Çalışmaq, işləmək Allahın Peyğəmbəri ilə vəsilələrinin üsuludur və Onun ləyaqətli bəndələri həmişə öz güzəranını təmin etmək üçün işləyib çalışmışlar.”

İMAM MUSA(ə)NIN TƏBLİĞ ÜSULU
Günlərin birində İmam (ə) küçə ilə gedərkən bir evdən musiqi, çal-çağır səsinin gəldiyini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub əylənməklə məşğul idi. Birdən həyətin qapısı açıldı, zibilləri atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi ona salam verdi. İmam (ə) ondan soruşdu: “Bu evin yiyəsi bəndədir (qul) ya azad insan?”
Kəniz dedi: ”Azaddır.”
İmam (ə) buyurdu: “Azad olduğu bəllidir. Əgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi.”
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini soruşduqda kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə yetirib salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də Büşri-hafi (Ayaqyalın Büşr) ləqəbi ilə məşhur oldu.

İMAM KAZİM(ə)IN İBADƏTİ
İmam (ə) təqva və ibadət baxımından çox məşhur idi və hər yerdə onun haqqında danışılanda ”O (ə), ibadət və Allaha bəndəlik etməyin aşiqidir” – deyərdilər.
Şeyx Müfid o Həzrətin haqqında belə yazır: “O həzrət öz zəmanəsinin ən ibadətkar şəxsiyyəti idi. Gecələr Allaha ibadət edər, Allah qarşısında səcdəsini uzadar və o qədər ağlayardı ki, hətta saqqalı islanardı.”
Sünni alimlərdən olan Şəblənci o Həzrətin haqqında belə yazmışdır: ”İmam Museyi-Kazim (ə) öz zəmanəsinin ən abid və ən arif şəxsiyyəti idi. Hamıdan daha bilikli və daha səxavətli idi. Daim yoxsulların vəziyyəti ilə maraqlanar, vaxtının çoxunu ibadət və dua etməklə keçirərdi. O, belə deyərdi: “Ey Allah! Ölümü mənim üçün asanlaşdır və hesab günündə məni bağışla!”
Allaha olan məhəbbəti hamını heyrətdə qoymuşdu. Zindanda Fəzl adlı keşikçini nəsihət və rəftarı ilə ağlatmışdı və Harunun xüsusi kənizini heyran etmişdi. Belə ki, o arvad ağlaya-ağlaya Harunun yanına qayıdaraq İmamı(ə) zindana saldığına görə Haruna öz etirazını bildirmişdi.

FƏX HADİSƏSİ
Abbasi hökuməti tərəfindən Əli (ə) övladlarına olunan zülm və haqsızlıqlara görə İmam Museyi-Kazimin (ə) əmrilə Mədinə şiələrindən Hüseyn ibn Əli 300 nəfərlə birlikdə Abbasi xəlifəsi Hadinin əleyhinə qiyam etmişdi. Sonunda Hadinin əsgərləri onları Fəx adlanan yerdə mühasirəyə alaraq çoxunu öldürdülər. Sonra başlarını kəsib bir qrup əsirlə bərabər Hadinin yanına göndərdilər. Hadi isə əmr etdi ki, bütün əsirləri öldürsünlər. Bu hadisə “Fəx hadisəsi”, Hüseyn ibn Əli də “Fəx şəhidi” adı ilə məşhur oldu.

İMAM MUSA(Ə)NIN BAĞDADA İLK HİCRƏTİ
Mənsur 158-ci hicri qəməri ilində öldükdən sonra səltənət və xəlifəlik oğlu Mehdiyə yetişdi. O, da öz atası kimi çirkin siyasətini həyata keçirirdi. Belə ki, xalqın qarşısında özünü dindar göstərir, gizlində isə müxtəlif günahlar törədirdi.
Xilafəti ələ aldıqdan sonra İmamın(ə) şiələrindən ibarət siyasi məhbusları sərbəst buraxdı və müsadirə olunmuş malları öz yiyələrinə qaytardı. Lakin bütün bunlarla yanaşı Əli (ə) xanədanına yaramaz sözlər deyən şairlərə çoxlu bəxşiş verirdi. Necə ki, Büşar ibn Bürdə 70 min dirhəm, Mərvana isə 100 min dirhəm vermişdi.
Müsəlmanların beytül-malını öz istədiyi kimi xərcləyirdi. Necə ki, oğlu Harunun toyuna 50 milyon dirhəm pul xərcləmişdi.
Bir gün casusları ona İmamın (ə) xalq arasında sevildiyini və xalqın o Həzrətə meyl etdiyini xəbər verdi. Mehdi hirslənib əmr etdi ki, İmamı (ə) Mədinədən Bağdada gətirərək zindana salsınlar.
Əbu Xalid belə demişdir: “Bir gün İmamla (ə) birlikdə məmurlar Zübalədə mənim evimə gəldilər. 
İmam (ə) qısa bir fürsətdə, məmurların gözündən uzaq, mənə bir neçə gizlin söz tapşırıb bəzi şeyləri də onun üçün almağımı istədi. Mən çox narahat olub ağladım.
İmam (ə) mənə belə buyurdu: “Mənim barəmdə heç nigəran olma. Çünki tezliklə qayıdacağam. Filan gün, filan yerdə gözlə!” İmam (ə) buyurduğu kimi həmin gün oraya getdim və İmamı (ə) karvanın qabağında irəliləyən gördüm. Sevinib qabağa getdim və əlini öpdüm. Həzrət (ə) buyurdu: “Ey Əbu Xalid, məni təzədən Bağdada aparacaqlar və o səfərdən daha qayıtmayacağam.”
İmamın(ə) azad buraxılmasının səbəbini soruşduqda mənə dedilər: “İmamı zindana saldıqları gecə Mehdi yuxusunda Əlini (ə) görüb ki, qəzəblə onu qınayır. Sabahı gün isə İmamı(ə) azad buraxıb ehtiramla Mədinəyə göndərib.”
İmam (ə) Mədinədə mövcud olan boğucu vəziyyətə baxmayaraq xalqı hidayət etməklə məşğul idi. Çox keçmədən Mehdi dünyadan getdi və oğlu Hadi onun yerinə keçdi. Hadi atasının əksinə olaraq açıq aşkar Əli (ə) övladları və şiələrlə mübarizə aparmağa başladı. Onun ən qəddar işi isə qeyd etdiyimiz Fəx hadisəsi idi ki, Kərbəla hadisəsindən sonra tarixin ikinci faciəvi hadisəsi sayılır.
Hadi ləyaqətsiz və murdar bir kişi idi və əylənməsi üçün çoxlu pul xərcləyirdi, bunun üçün şeir və mahnı oxuyanlara böyük bəxşişlər verirdi. Hadi 170-ci hicri qəməri ilində öldü və Harun onun taxtına oturdu. Bu vaxt İmam Museyi-Kazimin (ə) 42 yaşı var idi.
Harunun xəlifəlik dövrü Abbasi hökumətinin ən qüdrətli və müvəffəqiyyətli dövrü hesab olunurdu.
Harun xalqdan beyət aldıqdan sonra iranlı Yəhya Bərməkini öz vəziri təyin edib ona tam səlahiyyət verdi. Özü də beytül-malı boş yerlərə xərcləməyə başladı. O zamanlar beytül-malın gəliri çox idi, buna baxmayaraq Harun onun hamısını öz əyləncəsi üçün xərcləyirdi. Necə ki, bir dəfə yeyəcəyi xörək üçün dörd min dirhəm xərclənirdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Ardı var ...

 ARDINI BURADAN OXUYUN

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM KAZİM (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!