İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 2

:

HARUNUN MÖVLA ƏLİ (ə) XANƏDANINA QARŞI ETDİYİ ƏZİYYƏTLƏR 
Harun, Əli (ə) övladlarının Abbasilərə qarşı mübarizə aparmasından çox əziyyət çəkirdi və hər necə olursa olsun, xalqı Əli (ə) ailəsindən ayırmağa çalışırdı. Şairlərə Əli (ə) övladları haqqında yaramaz sözlər demək və onları istehza etmək üçün çoxlu pul verirdi.

Şiə və Əli övladları olan seyidləri Bağdaddan Mədinəyə sürgün etdi və onlardan çoxunu öldürtdü. Harunun Xorasanda nümayəndəsi olan Həmid ibn Qəhtəbə, Abdullah Bəzzaz Nişaburiyə belə nəql etmişdir: “Harunun Tusda bir bağı var idi və hər il oraya gəlirdi. Yenə bir dəfə ora gəldikdə gecəyarısı məni çağırtdırıb belə dedi: “Mənə nə qədər vəfalısan?” Dedim: ”Canımı, malımı sizə fəda edərəm.” Dedi: “Daha nəyi?” Dedim: “Namusumu, arvad-uşağımı.” Dedi: “Daha nəyi?” Dedim: “Dinimi, məzhəbimi.” Harun başını qaldırıb uca səslə gülüb dedi: “İstədiyimi dedin!” Onda bu qılıncı al, mənim nökərimin sənə əmr etdiyinə itaət et!”
Harunun nökəri məni Əli (ə) övladlarından altmış nəfərin həbs olunaraq saxlanıldığını bir evə apardı. Sonra həbsdə olanları bir-bir çıxardıb mənə həmin adamı öldürməyimi əmr edirdi. Mən də əmri yerinə yetirirdim. Onların hamısını öldürdükdən sonra meyidlərini qabaqcadan həyətdə qazılmış quyuya atdım. Ey dost! Hər vaxt bu hadisə yadıma düşəndə bütün bədənim titrəyir.”
Harun bütün bu elədikləri azmış kimi, hətta İmam Hüseynin (ə) məzarı və ətrafındakı evlərin uçurdulmasını da əmr verdi. Bununla da xalqın oraya ziyarətə getməsinin qarşısını almaq istəyirdi.

İMAM KAZİM(ə)İN MÜXALİFƏTİ
Təbiidir ki, İmam Museyi-Kazim (ə) belə bir qəddar və cinayətkar hakimiyyətlə saziş edə bilməzdi, o həzrət bütün bu çirkin əməllərin qarşısında öz etiraz səsini yüksəldirdi. İmam (ə) münasib bildiyi hər yerdə Harunun çirkin əməllərini sayıb onu xalq içində rüsvay edirdi. Öz dostlarına da əmr edirdi ki, Haruna heç bir kömək etməsinlər. O cümlədən dostlarından olan Səfvana belə buyurmuşdu: “Sən hər baxımdan yaxşı adamsan, təkcə dəvələrini Haruna kirayə vermək baxımından başqa.” Səfvan “Mən öz dəvələrimi yalnız həcc səfəri üçün kirayə verirəm və özüm də karvanla gedirəm” – dedikdə Həzrət (ə) buyurdu: “Ey Səfvan! Dəvələrin qayıdanacan Harunun diri qalıb kirayə pulunu ondan almağını istəmirsənmi?”
Səfvan dedi: ”Bəli!“
Həzrət (ə) buyurdu: “Hər kəs bir zülmkarın diri qalmasını arzu etsə zalımlardan sayılar.”
Səfvan həccə getmək istəyən xəlifənin yükünü dəvələri ilə daşımaq üçün Harun ilə müqavilə bağlanmasına baxmayaraq, İmamın sözünü eşitdikdən sonra dəvələrini satdı. Harun onu çağırtdırıb qınadı və dəvələrini nəyə görə satdığının səbəbini israrla soruşdu, lakin Səfvan səbəbini demədi. Nəhayət Harun əhvalatı öyrənib ona dedi: “Əgər dost olmasaydıq, dərhal əmr edərdim ki, səni öldürsünlər. Mən yaxşı bilirəm ki, kimin əmri ilə bu işi görmüsən. Musa ibn Cəfər bu əmri sənə veribdir.”
İmamın (ə) Harunun qarşısında möhkəm dayandığına və heç kimə zərrə qədər Harunla əməkdaşlıq etməyə icazə verməməsinə baxmayaraq, bəzi ləyaqətli və imanlı şəxslərə əmr etmişdi ki, Harunun hakimiyyət sıralarına nüfuz edib dar gündə dostlarının köməyinə gəlsinlər və alınan qərarları öz dostlarına bildirsinlər. Necə ki, Əli ibn Yəqtinə Harunun vəziri olaraq şiələrə və dostlarına yardım etməsi üçün icazə vermişdi. Bir gün İmam (ə) ona belə bir məktub yazdı: “Tək olanda bizim kimi dəstəmaz al, başqaları ilə olanda isə onlar kimi dəstəmaz al! Harunun səni yoxlamaq üçün verdiyi hədiyyələri qəbul et!”

HARUNUN İMAM MUSA(Ə)YA VERDİYİ SUALLAR VƏ ALDIĞI CAVABLAR
Harun çalışırdı ki, İmama (ə) elə suallar versin ki, o da cavabını bilməyib nüfuzdan düşsün. Lakin hər dəfə İmamın elm dəryasına yaxınlaşanda çarəsiz qalıb rüsvay olurdu.
O cümlədən də bir dəfə Harun İmamı (ə) Mədinədən Bağdada gətirib onunla mübahisə etməyə başladı:
Harun: Uzun müddətdir düşünüb cavabını tapmadığım bir şeyi sizdən soruşmaq istəyirəm. Xahiş edirəm mənim cavabımı verin.
İmam: Əgər danışmaqda sərbəst olsam, cavabını verərəm.
Harun: Sərbəstsiniz, istədiyinizi buyurun.
Harun: Nəyə görə siz belə düşünürsünüz ki, bizlərdən, yəni Abbas övladlarından üstünsünüz? Halbuki biz eyni ağacdanıq, yəni Haşimi övladıyıq.
İmam: Biz Peyğəmbərə sizdən yaxınıq.
Harun: Necə?
İmam: Belə ki, bizim atamız Əbu Talib ilə Peyğəmbərin atası Abdullah eyni ata-anadandır, lakin sizin atanız Abbas təkcə ata tərəfindən Peyğəmbərlə qohumdur.
Harun: Peyğəmbər (s) vəfat edəndə sizin atanız Əbu Talib dünyadan getmişdi, ancaq bizim atamız Abbas hələ sağ idi və məlumdur ki, əmi yaşayınca əmioğluna, yəni sizə, irs çatmaz.
İmam: Övlad olunca da əmiyə irs çatmaz. Demək Fatimeyi-Zəhra ola-ola sizin atanız Abbasa da irs çatmaz.
Harun: Onda nəyə görə xalqa icazə verirsiniz ki, sizi Peyğəmbərin övladı çağırsınlar. Halbuki siz Əlinin övladısınız. Çünki hər kəsi atası ilə tanıyarlar və Peyğəmbər də ana tərəfindən sizin babanızdır.
İmam: Əgər Peyğəmbər (s) dirilib sizin qızınızın elçiliyinə gəlsə, qızınızı ona verərsiniz?
Harun: Məmnuniyyətlə.
İmam: Amma Peyğəmbər heç vaxt mənim qızımın elçiliyinə gəlməz?
Harun: Niyə?
İmam: Çünki o ana tərəfindən olsa belə yenə mənim atamdır. Lakin sənin atan deyildir. Buna görə də mən özümü Peyğəmbərin övladı adlandıra bilərəm.
İmamın tutarlı cavabları Harunu susdurdu və İmamın ondan bir şey istəməsini xahiş etdi. İmam (ə) isə belə buyurdu: “Mən sizdən heç bir şey istəmirəm. Yalnız icazə verin sərbəst olaq və öz işimizi görək.”

İMAM KAZİM(ə)İN QOHUMLARINDAN BİRİNİN XƏYANƏTİ
İmamın (ə) qardaşı İsmayılın oğlu Əli Harunun dostları tərəfindən Bağdada dəvət olunmuşdu ki, oraya gedib Harunu İmam Musa ibn Cəfərin (ə) işlərindən xəbərdar etsin. İmam (ə) əhvalatı öyrənib Əlini çağırdı və ona belə buyurdu: “Hara getmək istəyirsən? ”Dedi: “Bağdada.” Buyurdu: ”Nə üçün? ” Dedi: “Borcluyam. Ona görə Bağdada gedirəm ki, bəlkə borclarımı ödəmək üçün pul tapım.” İmam buyurdu: “Mən sənin bütün borclarını ödəyib, ailənin xərclərini öz öhdəmə götürürəm.” Əli qəbul etməyib yenə də getmək istədiyini bildirdi. Nəhayət İmama belə dedi: “Mən getmək qərarına gəlmişəm və sizdən mənə nəsihət verməyinizi istəyirəm.”
İmam (ə) belə buyurdu: “Sənə mənim qanımda şərik olmamağını vəsiyyət edirəm. Çünki sonu yaxşı deyildir.”
Əli ibn İsmayıl bir şey qanmayıb yenə nəsihət verməsini istədi. İmam yenə eyni cümləni təkrar etdi. Lakin Əli bilməyirdi ki, İmam (ə) nələrin baş verəcəyindən xəbərdardır?
Əli getmək istədikdə İmam (ə) ona üç yüz dinar verib “Bu da balaların üçün” – dedi. Əli pulu alıb getdi.
Sonra İmam (ə) orada olanlara tərəf dönüb belə buyurdu: ”Allaha and olsun ki, bu qardaşoğlum mənim qanıma şərik olub uşaqlarımı yetim qoyacaq!” Dedilər: “Ey Peyğəmbərin övladı, sən onun xəyanət edəcəyini bilə-bilə nə üçün kömək etdin?” Buyurdu: “Babam həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Hər kim qohumlarından birinin məhəbbət və yaxşılığı qarşısında ona pislik etsə, Allah ona əzab verəcək və o, öz hədəfinə çatmayacaq.” İmam buyurduğu kimi də oldu.
Əli Bağdada gəlib Yəhya Bərməkinin evinə getdi və onunla birlikdə Harunun yanına gəlib ona dedi: “Ey Harun, Musa ibn Cəfər Mədinədə hökumət qurub və ətrafdan ona çoxlu pul gəlir. Belə qərara gəlib ki, sizin əleyhinizə qiyam edib xilafətinizi devirsin.” Bu sözləri eşidən Harun sevinib ona iki yüz dirhəm pul verdi. Əli pulları alıb sevinə-sevinə çıxdı ki, evinə qayıtsın, lakin bu zaman boğazından bir ağrı tutdu ki, elə orada da həlak oldu.
Harun Mədinəyə gələrək İmamı tutub zindana salmaq qərarına gəldi. Həmin ildə hər tərəfə məktub yazıb hamını bir yerə yığdı və Məkkə ilə Mədinəyə getdi. Qayıdanda isə Mədinə valisinə İmamı tutub Bəsrəyə göndərmək əmrini verdi. İmam (ə) bir il Bəsrə valisi Yəhyanın zindanında qaldı. İmamın insani və ibadi xüsusiyyətləri Yəhyaya elə təsir qoymuşdu ki, o, Haruna belə yazdı: “Ey Harun! Mən bu müddət ərzində o həzrətdən yaxşılıq və paklıqdan başqa heç bir şey görməmişəm və bundan artıq onu zindana saxlaya bilərəm. Onu geri al, yoxsa azad edəcəyəm!”
Harunun əmri ilə o böyük şəxsiyyəti Bağdada aparıb Fəzlin zindanında həbs etdilər. O da, Yəhya kimi, İmamın əxlaqına heyran olub Harundan İmamı ondan təhvil almasını tələb etdi. Nəhayət o həzrəti alçaq, xəbis və napak bir kişi olan Sindi ibn Şahikin zindanına göndərdilər.

İMAM KAZİM(ə)İN ZİNDANDAKI MÜQAVİMƏTİ
Harun hansı yolla olursa olsun, İmamın nəzərini özünə cəlb etmək istəyirdi. Bir gün Yəhya ibn Xalisi Musa ibn Cəfəri onu bağışlaması üçün razılıq almağa zindana o həzrətin yanına göndərdi. Amma İmam (ə) buna razı olmadı. Həzrət Kazim (ə) Haruna belə yazdı: “Burada hər günüm mənə çətin keçsə də, sən rifah içində olacaqsan. Cinayətkarların zərərə düşəcəyi günü gözlə ki, ikimiz də o günün şahidi olacağıq.”
İmam (ə) heç bir vəchlə Haruna təslim olmadı və zindanın ən ağır şəraitində belə sarsılmadan müqavimət göstərdi.

ZİNDANLARIN ARDICIL OLARAQ DƏYİŞDİRİLMƏSİ
Zindanların dəyişdirilməsinin səbəbi Harun zindan qarovulçularından İmamı öldürmələrini tələb etdikdə onların heç birinin bu işə razı olmaması idi. Nəhayət daşürəkli cəllad Sindi İmamı (ə) zəhərlədi.
Harun yalançı şahid tutmaqla, İmamın zindanda öz əcəli ilə öldüyünü sübut etməyə çalışdı. Bu hiylə ilə həm özünə bəraət qazandırmaq, həm də İmamın tərəfdarlarının üsyanının qarşısını almaq istəyirdi. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın meyidini gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət İmam (ə) xalqın matəm və əzası altında Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də şiələrin ziyarətgahıdır.

İMAM MUSA(ə)NIN SƏHABƏLƏRİ
Həzrətin atası İmam Sadiq (ə) vəfat edəndə onun tələbləri İmam Museyi-Kazimin (ə) ətrafına toplaşıb 33 il ərzində o həzrətin elm və bilik ümmanından yararlandı. Həmin tələblərdən bəzisinin adlarını qeyd edirik:
1. İbn Əbi Üməyr: Bu şəxs üç imamın (İmam Museyi-Kazim (ə), İmam Rza (ə) və İmam Cavadın (ə)) məzhərindən yararlanıb və öz zəmanəsinin tanınmış alimlərindən hesab olunurdu. Ondan çoxlu rəvayətlər yadigar qalmışdır.
O zamanın hökumətinə xəbər vermişdilər ki, İbn Üməyr İraq şiələrini tanıyır. Onu tutub tanıdığı adamların deməsini tələb etdikdə qəbul etmədiyindən soyundurub xurma ağacına bağladılar. Şallaqla yüz zərbə vursalar da lakin heç bir şey demədi.
Şeyx Müfidin verdiyi məlumata görə bu böyük səhabəni 17 il zindana salıb, var-dövlətini məhv etdilər, lakin bütün əzab-əziyyətlərə dözərək heç bir söz danışmadı.
2. Əli ibn Yəqtin: İmam Sadiqin (ə) dostlarından idi.
Mərvan onu təqib edərək tutdurmaq istəsə də o qaçaraq arvad-uşağını Mədinəyə göndərdi. Əməvilər devrilib yerinə Abbasilər keçən kimi Kufəyə qayıdıb Abbasilərlə yaxın əlaqə qurdu və dövlət məqamlarında yüksək vəzifələrə çataraq şiələrə böyük yardımlar etdi.
Harun onu öz vəziri təyin etmişdi. Amma o, əslində İmamın (ə) məmuru idi və İmamın əmrlərini yerinə yetirirdi.
O, dəfələrlə Abbasilərdən uzaqlaşmaq istəsə də, İmam (ə) buna mane olmuşdu. O, İmam (ə) zindanda ikən vəfat etdi. Ondan Əhli-beyt əsərləri olan bir çox kitablar yadigar qalmışdır.
3. Mömini-Taq: O, İmam Sadiq (ə) və İmam Museyi-Kazimin (ə) əshabından idi. İmam Sadiq (ə) onu əshabının böyüklərindən sayaraq ona çox əhəmiyyət verirdi. Mömin mübahisədə çox bacarıqlı idi, belə ki, hər kimlə mübahisə etsəydi qalib gələrdi.
İmam Sadiq (ə) onun barəsində belə buyurmuşdur: “Mömin ovunun başının üstünü alan qartal kimidir.”
4. Hişam ibn Həkəm: O, elmi mübahisələrdə ustad idi və hər yerdə elmi məsələ qabağa gəldikdə İmam Sadiq (ə) onu göndərərdi ki, həmin məsələni həll etsin.
İmamlıqla əlaqədar mövzularda dərin biliyə malik və hazırcavab idi. Tövhid və əqaidlə əlaqədar məsələlərdə ustad sayılırdı. O, çoxlu kitablar yazıb ayrı-ayrı alimlərlə mübahisə edib hamısını məhkum etmişdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM KAZİM (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!