İMAM ƏLİNİN (ə) HƏYATI - I hissə

:

İMAM ƏLİ(ə)NİN TƏVƏLLÜDÜ
Peyğəmbərimizin hicrətindən 23-il qabaq, cümə günü rəcəb ayının 13-də Əbu Talibin ailəsində təkcə Məkkəyə yox, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.

Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı bir şəxs belə deyir: “Abbas ilə oturmuşduq, birdən Əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi: “Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən Peyğəmbərin (İbrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişini mənim üçün asan et!”

Elə həmin anda Allah evinin divarı yarılaraq, Fatimənin oraya girməsini, daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyacanla gözləyirdi. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi: “Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi.”

Fatimə binti Əsəd evinə döğru gedən zaman ətrafına yığışan qadınların “Uşağın adını nə qoyacaqsan?” – deyə verdikləri suala belə cavab verdi: “Allahin evində olduğum vaxt qeybdən bir səs eşitdim: “Uşağın adını Əli qoy!”

Bəli, haqqında danışdığımız uşaq həzrət Əlidir (ə). O ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, Həzrətin özü bu barədə “Nəhcül-bəlağə ”də belə buyurur: “Uşaqlığımda Peyğəmbər (ə) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı.”

İMAM ƏLİ(ə)NİN UŞAQLIQ DÖVRÜ
Həzrət Əli (ə) bu dövr barədə belə buyurur: “Peyğəmbər hər il Hira mağarasına gedər və onu məndən başqa heç kəs görməzdi. İslamın hələ evlərə yayılmadığı ilk anlarda, təkcə Peyğəmbər (s) ilə həyat yoldaşı həzrət Xədicə müsəlman olmuşdu. Mən isə vəhy və risalət nurunu görüb nübüvvət ətrini duyan ikinci şəxs idim.”

Peyğəmbərin qohumlarını İslama dəvət etmək üçün Allah əmri nazil olanda, Əli (ə) Peyğəmbərin yaxın adamlarından qırx nəfərini o həzrətin evinə qonaq çağırmışdı. Xörəyin azlığına baxmayaraq artıq hamı yeyib doymuşdu.

Şam yeməyindən sonra Peyğəmbər (s) məclisdəkilərə xitab edərək belə buyurdu: “Ey Əbdülmüttəlib övladları, Allah mənə sizləri çağıraraq İslamı tanıtdırmağımı əmr etmişdir. Hər kəs mənə kömək edib dinimə iman gətirsə, mənim qardaşım və xəlifəm olacaqdır.”

Peyğəmbər (s) bu mətləbi üç dəfə təkrar etsə də Əlidən başqa heç kəs ona cavab vermədi. Həzrət Peyğəmbər (s) hər dəfə öz istəyini təkrar etdikdə yerindən qalxıb Həzrətin əlindən tutan və ona iman gətirdiyini elan edən yeganə şəxs hələ uşaq yaşında olan Əli (ə) idi. Elə bu əsnada Peyğəmbərimiz belə buyurdu: “Əli mənim qardaşım və xəlifəmdir. Onun sözünə qulaq asın və əmrlərinə itaət edin!”

İMAM ƏLİ(ə)NİN GƏNCLİK DÖVRÜ
Həzrət Əli (ə) artıq uşaqlıq və yeniyetməlik dövrünü geridə qoyub qüdrət və qüvvət çağı olan gəncliyə çatmışdı. Eyni ilə bir kəpənəyin şamın başına fırlandığı kimi həzrət Əli (ə) də həzrət Peyğəmbərin (s) başına fırlanaraq, biləyinin gücündən İslamın və Peyğəmbərimizin xeyrinə istifadə edirdi.

Misal üçün Hüneyn müharibəsində müsəlmanlar məğlub olub qaçdıqları vaxt Peyğəmbərin ətrafında gəzib onun vücudunu qoruyan və düşməni qorxudan təkcə Əli (ə) idi.

Xeybər müharibəsində kafirlərin başçısı olan, eləcə də hamının güc və cəsarətindən qorxduğu Mərhəbı yerə yıxmışdı, iyirmi nəfərin güclə açıb-bağlaya bildiyi qapını qaldıraraq xəndəyin üstünə atmış və onu əsgərlərin üstündən keçə biləcəyi bir körpüyə çevirmişdi.

Buna oxşar yüzlərlə misal həzrət Əlinin iman və fədakarlığının açıq sübutudur.

Kitаbın аdı: On dörd məsumu tanıyaq

Tәrcümә еdәn: A. Fəsihi

Ardı var...

ARDINI BURADAN OXUYUN

Mətni səsləndirdi: ALLAHVERDİYEVA TÜRANƏ
You must have the Adobe Flash Player installed to view this player.

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!