HÜCR İBN ƏDİYY KİMDİR? - II HİSSƏ

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXU

ƏMİRƏL-MÖMİNİN (Ə) TƏRƏFİNDƏN HÜCR İBN ƏDİYYİN TƏRİFLƏNMƏSİ

"Yəqubi tarixi"ndə Həzrət Əlinin (ə) Zəhhakın Qutqutanədəki1 qarətlərini xatırlayarkən və camaatı onunla döyüşə çağırarkən Hücr ibn Ədiyyin o Həzrətin müqabilində dayanaraq belə dediyi nəql edilmişdir: "Ey Əmirəl-möminin (ə)! Mənim qəbiləmdən sizə yaxın olmağı istəməyəni Allah Cənnətə aparmasın!

Siz öz vəzifənizə uyğun olaraq əməl edin, çünki haqqa yardım olunur və şəhadət ən üstün ruzidir. Siz ixlaslı kəsləri mənimlə göndərin və yaxşı tədbirinizlə mənə arxa-dayaq olun və Allah insana və onun ailəsinə dayaq və yardımçıdır. Şeytan camaatın əksəriyyətinin qəlbindən onların ruhu bədənlərindən ayrılana qədər ayrılmır."
Həzrət Əlinin (ə) siması bu sözləri eşitməklə sevinclə doldu və Hücrü mədh edərək belə buyurdu: "Allah səni şəhadətdən – mən bilirəm ki, sən ona layiqlisən – məhrum eləməsin"! 2, 3

HÜCR İBN ƏDİYYİN MÜĞEYRƏ İBN ŞÖBƏYƏ ETİRAZI 

“Əl-Əğani”də Mücalid ibn Səid Həmdani, Səqəb ibn Züheyr, Füzeyl ibn Xudeyc və Həsən ibn Uqbə Muradidən belə nəql edilmişdir: "Müğeyrə ibn Şöbə Kufənin hakimi olduğu zaman, minbərə çıxaraq Həzrət Əli (ə) və onun tərəfdarlarını məzəmmət edir, onlara tənə vurur və Osmanın qatillərini nifrin edir, lənət göndərir, Osman üçün bağışlanma diləyir və Osmana tutulan iradlardan onu uzaq hesab edirdi.
Hücr ibn Udəyy də ayağa qalxır və deyirdi: "Ey möminlər (iman gətirənlər)! Ədalətlə ayağa qalxın və öz zərərinizə olsa belə, Allaha xatir şəhadət verin!3 Mən şəhadət verirəm ki, məzəmmət etdiyiniz kəs (Həzrət Əli (ə)) təriflədiyiniz kəsdən (Osmandan) daha üstündür və təriflədiyiniz kəs (Osman) məzəmmətə daha layiqdir". 
Müğeyrə ona deyirdi: "Ey Hücr! Vay olsun sənə! Bu işdən əl çək, soltanın qəzəb və qüdrətindən qorx ki, sənin kimi çoxlarını ölümə verib, sonra onlardan əl çəkib". 
Hücr, Müğeyrənin hakimiyyəti dövründə həmişə belə idi. Müğeyrə hakimiyyətinin sonlarında bir gün minbərə çıxaraq söhbət edib Əli ibn Əbi Talib (ə) və onun tərəfdarlarına lənət göndərdi. Bu zaman Hücr dərhal yerindən sıçrayıb fəryad etdi və onun səsini məscidin içi və çölündəkilər eşitdilər və o, Müğeyrəyə dedi: "Ey insan, sən nəyə aldandığını bilmirsən? Qocalmısanmı? Göstəriş ver bizə vermədiyin pay və ruzimizi versinlər! Çünki nə sən, nə də səndən əvvəl olan kəslərin buna (payları verməməyə) heç bir haqqı yoxdur. Sən Əmirəl-möminini (ə) pisləməyə və günahkarları (zalımları) sitayiş etməyə aşiq olmusan (və ya aldanmısan)."
Daha sonra onunla birlikdə otuz nəfər ayağa qalxdı və dedi: "Allaha and olsun ki, Hücr doğru deyir, göstəriş ver bizim beytül-maldan hissəmizi (payımızı) versinlər, çünki biz sənin söylədiklərindən faydalana bilmirik və onun bizim vəziyyətimizə heç bir xeyri yoxdur."4, 5

MÜAVİYƏ TƏRƏFİNDƏN HÜCR İBN ƏDİYYİN HƏZRƏT ƏLİ ƏLEYHİSSALAMA LƏNƏT GÖNDƏRMƏYƏ MƏCBUR EDİLMƏSİ

"Əl-Əğani" kitabında qeyd edilib ki, Müaviyənin göndərdiyi şəxs Hücr və onun altı nəfər tərəfdarına belə dedi: "Biz əmr almışıq ki, sizi Əlidən (ə) uzaq olmağa və ona lənət göndərməyə dəvət edək, əgər bu işi görsəniz, sizdən əl çəkək, əgər bu işdən çəkinsəniz, sizi öldürək.
“Əmirəl-möminin” Müaviyə deyir ki, həmvətənlərinizin əleyhinizə verdiyi şəhadətə əsasən, sizin qanınız halaldır. Bununla belə, o, sizi bağışlamışdır, belə isə bu şəxsdən (həzrət Əlidən (ə)) əl çəkin ki, sizi azad eləsin."
Dedilər: "Biz belə etməyəcəyik." Onların zəncirlərinin açılması və kəfənlərinin hazırlanmasına göstəriş verildi.
Onlar həmin gecəni namaz qıldılar, sübh olduqda, Müaviyənin tərəfdarları dedilər: "Ey camaat, dünən gördük ki, namazınızı uzatdınız və yaxşı dua etdiniz, Osman barəsində düşüncənizi bizə deyin."
Dedilər: "O, hakimiyyəti dövründə zülm və haqsızlıqla rəftar edən birinci kəsdir." Onlar dedilər: "Əmirəl-möminin Müaviyə sizi daha yaxşı tanıyır, sonra onların yanına getdilər və dedilər ki, bu kişidən (Həzrət Əlidən (ə)) əl çəkirsinizmi?"
Dedilər ki, əsla! Əksinə, biz onu öz rəhbərimiz hesab edirik.6, 7

HÜCR İBN ƏDİYYİN ŞƏHADƏTİ

Ziyad ibn Əbu  Süfyan “Kufə hakimi” ünvanında şəhərə daxil olduğu zaman, Hücr ibn Ədiyyi çağırtdırdı və dedi: "Mənim səni tanıdığımı və ikimizin də birlikdə Əli ibn Əbi Talibi (ə) sevənlərdən olduğumuzu bilirsən. İndi vəziyyət dəyişib və mən artıq Əlini (ə) sevənlərdən deyiləm. Allaha and olsun,... ən kiçik bir hərəkətində qanını tökəcəyəm."
Bir gün Ziyad Kufənin böyüklərindən yetmiş nəfərini bir yerə topladı və dedi: "Hücr və tərəfdarlarının əleyhinə öz şahidliyinizi yazın." Onlar da yazdılar. Ziyad şahidləri Müaviyənin yanına göndərdi, həmçinin, Hücr və tərəfdarlarını da ora yolladı.
...Müaviyə ibn Süfyan dedi: "Onları Əzraya aparın və orada öldürün!"
Onları həmin yerə apardılar. Hücr dedi: "Bu, hansı kənddir?"
Dedilər ki, Əzradır.
Dedi: "Allaha şükürlər olsun. Bilin ki, Allaha and olsun, mən Allah yolunda müsəlmanlardan birinci şəxsəm ki, buranın itlərinin səs-küyünə səbəb olmuşam (yəni, fəthlər dövründə bura qədər gəlib çıxacaq və onu fəth edəcəklər). Bu gün isə məni əli-qolu zəncirlənmiş halda bura gətiriblər."
Hücrün dostlarının hər birini Şam əhlindən olan bir nəfərə verdilər ki, onları öldürsünlər. Hücrü Himyər qəbiləsindən olan birinə vermişdilər. O, Hücrü irəli aparırdı ki, onu qətlə yetirsin. Hücr dedi: "Ey camaat, əl-qolumu açın ki, iki rükət namaz qılım." Onun əlini açdılar, o, dəstəmaz aldı və namaz qılmağa başlayaraq namazını uzatdı.
Ona dedilər: "Qorxduğun üçün namazını uzadırsan?"
Namazını bitirdikdən sonra dedi: "Mən dəstəmaz aldığım zaman həmişə namaz qılmışam. İndiyə kimi belə rahatlıqla namaz qılmamışdım. Əgər səbirsizlik etsəm belə, yeri var, çünki sıyrılmış iti qılınc, geniş kəfənim və qazılmış qəbrimin olduğunu görürəm."
Şamlılar Hücr və tərəfdarları üçün kəfən gətirmiş və qəbirlərini qazmışdılar. Deyilirdi ki, Müaviyə qəbirlərinin qazılmasına göstəriş vermiş və onlara kəfən göndərmişdi.
Hücr dedi: "İlahi! Sən ümmətimiz əleyhinə bizim fəryadımıza yetişən ol! İraqlılar əleyhimizə şəhadət verdi və Şam əhli bizi öldürdü." Bu zaman Hüdbə (Müaviyənin muzduru) ona dedi ki, nə oldu? Bəs deyirdin ölümdən qorxmursan? Biz səni azad edirik, amma öz rəhbərindən bezdiyini elan et!
Hücr dedi: "Allaha and olsun, qorxsam belə, Allahı qəzəbləndirəcək sözü demərəm!"
Hücrə deyildi: "Boynunu qabağa uzat." Dedi: "Bu, bir insanın qanının tökülməsidir və mən bu işdə sizə yardım etməyəcəyəm." Onu qabağa çəkərək boynunu vurdular…
Hücrü gətirib ölümünə hökm verdikləri zaman dedi: "Məni öz paltarımda dəfn edin ki, Qiyamətdə ədalət tələb edəcəyəm."8, 9

HÜCR İBN ƏDİYYİN QƏTLİ BARƏDƏ AİŞƏNİN REAKSİYASI 

“Yəqubi tarixi”ndə qeyd edilib ki, Aişə həccə gələn və onunla görüşən Müaviyəyə dedi: "Ey Müaviyə, Hücr və tərəfdarlarını öldürdünmü?! Nə oldu ki, səbrin tükəndi və bitdi?! Bil ki, mən Allahın Peyğəmbərindən (s) belə buyurduğunu eşitmişəm: "Mərcu Əzrada bir dəstə insan qətlə yetirilər ki, onların qətlindən səma əhli qəzəblənər.""
Müaviyə dedi: "Ey möminlərin anası, yanımda məni bu işdən çəkindirəcək ağıllı bir kişi yox idi."10
Eyni zamanda, "əl-Əğani"də Əbdülməlik ibn Nofəldən belə nəql edilmişdir: "Aişə deyirdi: “Elə bir şey yox idi ki, biz onu dəyişdikdən sonra vəziyyətimiz əvvəlkindən də pis olmasın. Hücrün qətlə yetirilməsinə görə narahatçılıq keçirirəm. Bilin ki, Allaha and olsun, bildiyimə görə, o, müsəlman olduğu zamandan başlayaraq daima həcc və ümrədə idi."11, 12

MÜAVİYYƏNİN HÜCR İBN ƏDİYYİN QƏTLİNDƏN PEŞMAN OLMASI

“Yəqubi tarixi”ndə belə qeyd edilib: "Rəvayət olunur ki, Müaviyə deyirdi: “Hücr və onun tərəfdarlarını qətlə yetirdikdən sonra, artıq özümü səbirli biri hesab etmirəm."13
Eyni zamanda, Təbərinin tarixində İbn Sirindən Müaviyə barəsində belə qeyd olunub: "Bizə məlumat çatıb ki, Müaviyə ölüm zamanı xırıldayaraq deyirmiş: "Eh Hücr! Sənin mənim haqqımda ədaləti tələb etdiyin gün uzun çəkəcək.""14, 15

Hazırladı: Qahir Dadaşov
Makarem.ir

 


1. Qutqutanə Kufədə “Təff” səhrası tərəfdə olan bir yerdir. Noman ibn Munzirin (Hirə padşahı) zindanı da orada idi. ("Mucəmul-buldan", c.4, səh. 374)
2. “Yəqubi tarixi”, c.2, səh. 196.
3. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası", Darul-hədis çap və nəşriyyat mərkəzi, birinci çap, c.13, səh. 157.
4. "Nisa" surəsi, ayə 135.
5. "Əl-Əğani", c.17, səh. 137; "Ənsabul-əşraf", c.5, səh. 252; "Təbəri tarixi", c.5, səh. 254; "əl-Kamilu fit-tarix", c.2, səh. 488.
6. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası", Darul-hədis çap və nəşriyyat mərkəzi, birinci çap, c.13, səh. 159.
7. "Əl-Əğani", c.17, səh. 155; "Təbəri tarixi", c.5, səh. 275; "Ənsabəul-əşraf", c.5, səh. 266.l
8. "Ət-Təbəqatul-kubra", c.6, səh. 217; Murucuz-zəhəb, c.3, səh. 12; "Təbəri tarixi", c.5, səh. 256-257.
9. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası"ndan seçmələr, c.13, səh. 163, "Darul-hədis" çap və nəşriyyat müəssisəsi, birinci çap.
10. “Yəqubi tarixi”, c.2, səh. 231; “Təbəri tarixi”, c.5, səh. 257; “əl-Kamilu fit-tarix”, c.2, səh. 500. کلاهما نحوه ولیس فیهما قوله(صلى الله علیه وآله)
11. “Əl-Əğani”, c.17, səh. 158; “Təbəri tarixi”, c.5, səh. 279; “əl-Kamilu fit-tarix”, c.2, səh. 499.
12. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası", c.13, səh. 169.
13. “Yaqubi tarixi”, c.2, səh. 231.
14. “Təbəri tarixi”, c.5, səh. 257, 259; “əl-Kamilu fit-tarix”, c.2, səh. 500.
15. Məhəmməd Mehdi Reyşəhri, "Əmirəl-möminin ensiklopediyası", c.13, səh. 169.

 

 

Tags: TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!