21-Cİ MÜNAZİRƏ - II hissə

:

İBN MƏSUDUN DÖYÜLMƏSİ VƏ ÖLÜMU
Sizin alim və tarixçiləriniz yazmışlar: Osman Quranı toplamaq istədikdə, Quranın bütün nüsxələrini katiblərindən istəyərək hamısını bir yerə topladı. Rəsulullahın (s) etibarlı əshabından və vəhy katiblərindən olan Abdullahın yazdığı nüsxəni də istədi, amma o, vermədi. Bundan sonra Osman Abdullahın evinə gedərək, zorla Quranın nüsxəsini onun əlindən aldı.

Daha sonra Abdullah onun yazdığı Quranı da digər Quranlar kimi yandırdıqlarını eşitdikdə çox üzüldü. Bundan sonra bir çox məclis və toplantılarda həqiqətlərin üzərindəki pərdələri qaldıraraq, Osman haqqında olan bəzi hədisləri xalqa nəql edir və kinayəli sözlərlə onları bir qrup həqiqətlər xüsusunda şərh edirdi.
Bu xəbər Osmana çatdıqda, kölələrinə onu döymələrini əmr etdi. Abdullahı o qədər döydülər ki, bu döyülmə nəticəsində onun qabırğa sümükləri qırıldı. O, yatağa düşdü və üç gün sonra da dünyasını dəyişdi.
Bax, bu səbəbdən Abdullah «Mən öldükdə Osmanın cənazə namazımı qılmasına icazə vermə» – deyə Əmmar Yasirə vəsiyyət etdi və o da qəbul etdi. Abdullah vəfat etdikdə Əmmar bir qrup əshabla birlikdə cənazə namazı qılıb onu dəfn etdi.
Abdullahın dəfn edildiyini xəbəri Osmana çatdıqda o, Abdullahın qəbrinin üstünə gedərək Əmmara «Niyə belə etdin?» - deyə etiraz etdi. Əmmar da cavabında dedi: «Onun vəsiyyətinə uyğun əməl etməyim lazım idi». (Əmmarın bu əməli, daha sonradan əvəzini çıxdığı Osmanın kininə səbəb oldu).

ƏMMARIN OSMANIN ƏMRİ İLƏ DÖYÜLMƏSİ
Osmanın daşqəlbli olmasını göstərən işlərindən biri də Əmmar Yasiri döydürməsi və ona qarşı nalayiq həqarətidir. Əmmar Yasir Rəsulullahın yaxın səhabələrindəndir. Böyük alim və tarixçilərinizin də yazığı kimi, İslam dünyasında - bütün şəhərlərdə zülm, təzyiq, oğurluq və rüşvət artdıqca böyük səhabələr toplanıb Osmana məktub yazaraq, edilən zülmləri ona şəfqətlə başa salıb bildirdilər ki, əgər Əməvilərin zülmlərinin qarşısını almazsa, onları himayə etməyə davam edərsə, bunun sonunun pis nəticələrə gətirib çıxaracağını, İslamın zərərinə və daha çox öz əleyhinə tamamlanacağını xatırlatdılar.
Məktubu kimin aparacağı barədə məsləhət olundu. Nəhayət, Əmmarın aparacağı qərarlaşdırıldı. Çünki Əmmarın fəzilət, təqva və böyüklüyünü Osman özü də etiraf edirdi. Rəsulullahın Əmmar haqqında buyurmuş olduğu bu sözləri dəfələrlə onun özündən eşidilmişdi: «İman Əmmarın əti və qanıyla qarışmışdır»; «Cənnət üç nəfərin həsrətin çəkir: Əli ibn Əbu Talib, Salman Farsi və Əmmar Yasir».
Əshabın məsləhəti üzrə Əmmar məktubu götürüb Osmanın evinə getdi. Evə çatdıqda o, evdən çıxmaq üzrə idi. Həyətdə Əmmarı gördükdə: «Ya Əba Yəqzan! (Əmmarın künyəsi) bir işin var?» - deyə soruşdu. Əmmar dedi: «Xeyr, məxsus bir işim yoxdur. Rəsulullahın (s) bir qrup əshabı sənin xeyir və səlahına olan məktub yazıb, onu mənim vasitəmlə sənə göndərdilər. Zəhmət olmasa, oxu və cavabını ver».
Osman məktubu alıb, bir neçə sətir oxuyar-oxumaz rəngi dəyişdi. Qəzəblə məktubu yerə atdı. Əmmar xəlifənin davranışını gördükdə dedi: «Yaxşı iş tutmadın. Rəsulullahın əshabının məktubunun ehtiramı vardır. Niyə onu yerə atdın? Oxuyub cavab verməyin lazım idi».
Osman çox hirsli bir halda: «Yalan deyirsən! – deyərək, kölələrinə Əmmarın döyülməsini əmr etdi. Onlar Əmmara hücum çəkib, onu qəddarlıqla döydülər. Sonra yerə yıxaraq təpikləməyə başladılar. Hətta «çox şəfqətli və incə qəlbli Osmanın özü” də onun qarnına bir neçə təpik vurdu. Əmmar huşunu itirdi. Qohumları gəlib, onu möminlərin anası Ümmü-Sələmənin evinə apardılar. Axşamdan gecə yarısına qədər huşsuz idi. Dörd namazı qəzaya getdi. Oyandıqda onların qəzasını qıldı. Yaşlı olan zavallı Əmmar bu təpiklər nəticəsində fitk (yəni qrija) xəstəliyinə tutuldu...
Bu hadisənin təfsilatı öz alimlərinizin etibarlı kitablarında mövcuddur. İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» və Məsudi də «Murucuz-zəhəb» kitabının 1-ci cildinin 437-ci səhifəsində Osmanın səhvlərini qeyd etdikdə belə deyirlər: «Hüzeyl və Bəni-Məxzum qəbilələrinin Osmandan ayrılmalarının səbəbi, onun Əmmar Yasir və Abdullah ibn Məsudu döyməsi idi».
İndi Osmanın nə qədər yumşaq qəlbli və mərhəmətli bir insan olduğuna insaflı ağaların özləri hökm versinlər!

ƏBUZƏRİN İNCİDİLƏRƏK SÜRGÜN EDİLMƏSİ VƏ ONUN RƏBƏZƏ ÇÖLÜNDƏ VƏFATI
Osmanın, Rəsulullahın (s) yaxın səhabəsi və İslam aləminin ikinci şəxsi olan Cundəb ibn Cunadə (Əbuzər Qəffari) qarşı etdiyi əməl və davranışları sərbəst, azad düşüncə sahibi olan hər kəsi heyrətə gətirir.
Hər iki firqənin mühəddis və tarixçilərinin etiraflarına görə, Osman 90 yaşındakı yaşlı Əbuzəri təhqiredici şəkildə Mədinədən Şama, Şamdan Mədinəyə və oradan da çılpaq dəvəyə mindirərək qızı ilə birlikdə Rəbəzə çölünə sürgün etdi. Əbuzər orada dünyasını dəyişdi və yetim qızı o qorxulu vadidə təkbaşına qaldı.
Böyük tarixçi və alimləriniz (vaxtımız onların hamısının sözlərini geniş şəkildə bildirməyə imkan vermir) Osman, Müaviyə və Mərvan kimi Əməvilərin Rəsulullahın məhbubu olan yaşlı və mömin Əbuzərə, onu yola saldığı üçün həzrət Əliyə qarşı təhqirləri, vəhyin hafiz və katibi olan Abdullah ibn Məsuda da bu səbəbdən 40 qamçı vurduqlarını öz kitablarında yazmışlar:
İbn Səd «Təbaqat» c. 4. səh. 168; Buxari «Səhih»in «Zəkat kitabı»; İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi», c. 1, səh. 240 və c. 2, səh 375-387; Yəqubi «Tarixi-Yəqubi», c. 2, səh. 148: Əbülhəsən Əli ibn Hüseyn Məsudi (IV əsrin məşhur mühəddis və tarixçisi) (ö: 346): «Murucuz-zəhəb» c.1, səh. 438 və s.
Hafiz: «Əgər Əbuzər incidilmişdisə də, hüviyyətsiz məmur və vəzifəlilər tərəfindən incidilmişdir! Xəlifə Osmanın özü çox mərhəmətli və yumşaqqəlbli bir insan idi; onun qətiyyən bu növ əməllərdən xəbəri yox idi».
Dəvətçi: «Məşhur bir misal vardır: Dayə xanım, anadan daha şəfqətlidir!
Osmanı bu cür himayə etməniz haqq-həqiqətə ziddir. Əgər mötəbər tarix kitablarına müraciət etmiş olsanız, Əbuzərə edilən təhqir və əziyyətlərin hamısının Osmanın açıq-aydın əmri ilə olduğunu görər və təsdiq edərsiniz.
Bu sözün dəlili böyük alimlərinizin etibarlı kitablarıdır. Nümunə olaraq, rica edirəm İbn Əsirin «Nihayə» və «Tarixi-Yəqubi» kitabının 1-ci cildlərinə, xüsusilə də İbn Əbil Hədidin «Nəhcül-bəlağənin şərhi» kitabının 1-ci cildinin 241-ci səhifələrinə müraciət edin. Onlar xəlifənin Müaviyəyə yazdığı məktubu qeyd etmişlər. Əbuzər Şamda olarkən Müaviyə ondan xəlifə Osmana şikayət etdi. Osman ona «Əbuzəri işgəncəylə Mədinəyə göndərin» yazdı. Məktubun əsli belədir: «Cündəbi (Əbuzərin adıdır), yaşlı (zəif) və palansız bir dəvəyə mindirərək, gecə-gündüz, durmadan hərəkət etdirən pis əxlaqlı biriylə mənə göndər».
Bu əmrə uyğun olaraq, Rəsulullahın sevimli səhabəsi olan yaşlı və təmizqəlbli insanı çox pis bir şəkildə Mədinəyə göndərdilər. Əbuzər Mədinəyə daxil olduqda baldırlarının əti (yaralanmış olduğundan) tökülürdü.
Allah xatirinə deyin, mərhəmət, yumşaqqəlblilik və şəfqətin mənası budurmu?

ƏBUZƏR ALLAHIN VƏ RƏSULULLAHIN (S) SEVİMLİSİ ÜMMƏTİN İSƏ DÜZ DANIŞANI İDİ
Görəsən, Əbuzər sizin böyük alimləriniz tərəfindən yazılmış müfəssəl hədislərdə Allah  və Rəsulunun (s) tövsiyə etdiyi uca şəxsiyyət deyildimi?
Rəsulullah buyurmuşdur: «Allah məni dörd kişini sevməyi əmr etdi və Özünün də bu dörd nəfəri sevdiyini bildirdi». «Ya Rəsulullah, onların adlarını bizə söyləyin» – deyildikdə Peyğəmbəri-əkrəm buyurdu: «Onlar Əli, Əbuzər, Miqdad və Salmandır».
Zikr olunan hədisi nəql edən alimlərinizin sıralarına bunlar daxildir: Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya», c. 1, səh. 172; İbn Macə Qəzvini «Sünəni İbn Macə», c.1, səh. 66; Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə», bab. 59; İbn Həcər Məkki «Səvaiq» - Əmirul-mömininin fəzilətlərinə dair 40 hədisin beşincisi; İbn Həcər Əsqəlani «İsabə», c. 3, səh. 455; Tirmizi «Səhihi-Tirmizi», c. 2, səh. 213; İbn Əbdülbirr «İstiab», c. 2, səh:.557; Hakim «Müstədrək», c. 3, səh. 130; Süyuti «Camius-səğir» və s...
Demək, bu dörd nəfər Allah və Rəsulunun sevdiyi insanlardır. Görəsən, insaf və vicdanınız onların Allah və Rəsulunun sevdiyi insana belə ədalətsiz davranmalarına və daha sonra da adlarını incəqəlblilik və şəfqət qoymalarına icazə verirmi? Bu nisbətlər nə üçün Əbu Bəkr və Ömərə verilməmişdir? Çünki etməyiblər, tarix də nəql etməyib, biz də söyləməmişik».
Hafiz: «Tarixçilərin yazdıqlarına görə Əbuzər başağrısına səbəb olan biri imiş; Şam bölgəsində Əlini təbliğ edir, əhalini Əlinin məqamı xüsusunda məlumatlandırır, «mən Rəsulullahdan «Əli mənim xəlifəmdir» buyurduğunu eşitmişəm» – deyir, digər xəlifələri qəsbkar, Əlini isə Rəsulullahın haqq xəlifəsi olaraq tanıtdırırmış. Bu səbəbdən də xəlifə Osman cəmiyyətin sabitliyini qorumaq və fəsadın qarşısını almaq üçün onu Şamdan Mədinəyə çağırmışdı. Əgər bir adam xalqı cəmiyyətin məsləhətinə zidd olan bir işə dəvət edərsə, zamanın xəlifəsinin onu hadisə yerindən uzaqlaşdırması lazımdır!».
Dəvətçi: «Birincisi; haqq söz söyləyənə «Nə üçün haqq olan məlumatları açıqladın?» deyərək döymək, söymək və işgəncə vermək lazımdırmı?! Müsəlman bir fərdi mühakimə etmədən, onun haqqında şikayət edənin sözünün doğruluğu və ya yanlışlığını araşdırmadan xilafət mərkəzinə çağırmaq, daha sonra 90 yaşında zəif bir qocanı palansız, yaşlı bir dəvəyə mindirərək pis əxlaqlı bir adamın əmri altında gecə-gündüz dayanmadan yatmasına və istirahət etməsinə izn belə vermədən hərəkət etdirmək, bu əziyyət və işgəncə nəticəsində ayaqlarının ətinin tökülməsi müqəddəs İslam dininin hansı qanununa sığır?! İncəqəlblilik, mərhəmət və mürüvvətin mənası budurmu?!
Bunlara əlavə olaraq, əgər xəlifə fəsadın qarşısını almaq və cəmiyyətin asayişini qorumaq istəyirdisə, o zaman nə üçün Rəsulullahın qovub sürgün etdiyi Mərvan və sərxoş olaraq namaz qılıb mehrabda istifrağ edən Vəlid kimi Əməvi müfsitlərini özündən uzaqlaşdırmadı?! Əgər xəlifə cəmiyyətdə fəsada səbəb olan bu cür insanların əməllərinin qarşısını alsaydı, onların fəsadı xəlifənin ölümünə səbəb olmazdı!».
Hafiz: «Əbuzərin doğru söylədiyi, haqq məlumatları aşkar etdiyi və Rəsulullahın (s) adından hədis uydurmadığı haradan məlumdur?».

CƏHALƏT PƏRDƏLƏRİNİ YIRTMAQ ÜÇÜN İNSAFLA HÖKM VERMƏK LAZIMDIR!
Dəvətçi: «Xatəmül-ənbiya (s) onun sədaqət və doğru danışan olduğunu təsdiq etmişdir. Bu səbəbdən böyük alimləriniz Rəsulullahın belə buyurduğunu nəql etmişlər: «Ümmət arasında doğruluq, sədaqət, zöhd və təqva baxımından  Əbuzərin məsəli, İsanın Bəni-İsrail arasındakı məsəli kimidir».
«Lisnaul-ərəb» və «Yənabiul-məvəddə» kitablarının müəllifləri Əbuzər Qəffari haqqındakı hədisləri müxtəlif sənədlərlə nəql etmişlər: «Rəsulullah buyurdu: «Yer üzü Əbuzərdən daha doğru danışan birini üzərində daşımamış, göy də (buludlar da) ondan daha doğru danışan birinin üzərinə kölgə salmamışdır».
Uyğun hədisi digər böyük alimləriniz də nəql etmişlər: Məhəmməd ibn Səd «Təbaqət», c. 4, səh. 167-168; İbn Əbdülbirr «İstiab», c. 1, səh. 84, bab: «Cundəb; Tirmizi «Səhih», c. 2, səh. 221 və s.
Aydındır ki, alimlərinizin tanıtdığı, Rəsulullahın doğru danışdığını təsdiq etdiyi bir şəxsin söylədikləri, sözsüz ki, doğrudur. Allah-taala yalançı və hədis uyduran birini, əsla, öz məhbubu kimi tanıtmaz! İnsaf gözlərinizi açıb haqq-həqiqəti yaxşı görün. Əgər Əbuzərin keçmişində yalan danışması olsaydı, alimləriniz Əbu Hüreyrə və digərləri haqqında nəql etdikləri kimi, onun haqqında da nəql edərdilər!
Allah xatirinə, bir az düşünün, insafla hökm verin. Allah və Rəsulunun sevdiyi, ümmətin ən doğru danışan, vəzifəsini yerinə yetirərək yaxşılığa əmr edib, haqqı bəyan edən yaşlı bir insanı sadəcə Peyğəmbərin hədislərini nəql etdiyi üçün təhqir etmələri, quru və susuz bir səhraya sürərək ona işgəncə vermələri və ölənədək də geri dönməsinə izn verməmələri düzgündürmü? Mərhəmət, mürüvvət və yumşaqqəlbliliyin mənası budurmu?!
Rəsulullah (s) qarşılaşacağı müsibətləri Əbuzərə xəbər verdikdə, onun saleh olduğunu duymuşdu. Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya» kitabının 1-ci cildinin 162-ci səhifəsində öz sənədləri ilə Əbuzər Qəffaridən belə nəql edir: «Rəsulullahın xidmətində olduqda mənə belə buyurdu: «Sən saleh bir insansan, məndən sonra sənə çox bəlalar üz verəcək». «Allah  yolundamı?» – soruşduqda, Peyğəmbər: «Bəli, Allah yolunda» - deyə buyurdu. Mən də: «Allah  yolunda gələn bəlaya göz üstündə yer var»-dedim».
Siz ağaların bir-biri ilə zidd vəziyyətləriniz, həqiqətən, qəribədir. Bir tərəfdən alimləriniz Rəsulullahın buyurduğu «Mənim əshabım göydəki ulduzlar kimidir: hansına tabe olsanız, hidayət olarsınız» hədisini nəql edir, digər tərəfdən də həzrət Əlini himayə etdiyinə görə Peyğəmbəri-əkrəmin ən böyük və ən təmiz qəlbli səhabəsini öldürən və ona işgəncə verən zalımların tərəfini tutursunuz! Ya bu vaqiə və hədisləri öz kitablarında yazan bütün alimlərinizi yalanda ittiham edəcəksiniz, ya da ayədə zikr edilən sifətlərin bu cür zülmləri edən kimsələr haqqında olmadığını təsdiq edəcəksiniz!

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!