28-Cİ MÜNAZİRƏ - III hissə

:

SƏHABƏ MƏSUM DEYİLDİR
Bu məlumatlarla yalnız bəzi səhabələri hesaba almamaq mümkündür; çünki səhabə adi və məsum olmayan insanlar idi. Məsum olmadıqları üçün də xəta etmələri mümkündür».

Hafiz: «Biz də səhabənin məsum olmadığına inanırıq; amma, heç şübhəsiz, hamısı adil idi və günah etməzdilər».
Dəvətçi: «Yenə diqqət etmədiniz, onları adil və günahlardan pak qəbul etməklə səhvə yol verdiniz. Çünki bilavasitə öz alimlərinizin mötəbər kitablarında nəql edilən rəvayətlər bunun tam əksini göstərir. Böyük səhabələrdən bir çoxu köhnə adətləri üzrə günah etmişdilər».
Hafiz: «Bizim bu rəvayətlərdən xəbərimiz yoxdur; sizin varsa, açıqlayın!»
Dəvətçi: «Cahiliyyət ərəfəsində etdikləri kimi, arabir İslamda da bir çox günahlara bulaşmışdılar. Misal olaraq sadəcə birini zikr edəcəyəm.
Alimlərinizin mötəbər kitablarında rəvayət edildiyinə görə, hicri 8-ci ildə – Məkkə fəthində böyük səhabələrdən bəzisi bir əyləncə məclisində gizlicə şərab içmişlər».
Hafiz: «Şübhə yoxdur ki, bu rəvayət düşmənlərin uydurmasıdır. Çünki böyük səhabələr fəsad məclislərinə belə getmirdilər, o ki, qaldı haram olduğu halda şərab içsinlər!»
Dəvətçi: «Müxaliflərin uydurması deyildir! Əgər uydurmadırsa, bilavasitə öz alimləriniz uydurmuşdur!»
Nəvvab: «Qibləsahib! Əgər belə bir məclis olmuşdursa, mütləq ev sahibi və dəvət edilənlərin adı da qeyd olunmuşdur. Zəhmət olmasa, bu mövzunu açıqlayın».
Dəvətçi: «Bəli, bu mövzu öz alimlərinizin kitablarında da aydın şəkildə bəyan edilmişdir».
Nəvvab: «Rica edirik, açıqlayın, bizə aydın olsun».
 
SƏHABƏDƏN ON NƏFƏRİN ƏYLƏNCƏ MƏCLİSİNDƏ ŞƏRAB İÇMƏSİ
Dəvətçi: «İbn Həcər «Fəthül-Bari» kitabının 10-cu cildinin 30-cu səhifəsində belə yazır: «Əbu Təlhə Zeyd ibn Səhl öz evində şərab məclisi təşkil etdi. On nəfəri də dəvət etdi, hamısı birlikdə şərab içdilər. Əbu Bəkr də, kafir müşriklər və Bədrdə öldürülənlər üçün bəzi şeirlər oxudu!
Nəvvab: «Görəsən, ora dəvət edilənlərin adlarını zikr etmişlərmi? Zikr etmişlərsə, həqiqətin ortaya çıxması üçün onların adlarını bəyan edin».
Dəvətçi: «Bəli, zikr etmişlər; onlar bunlardır: 1. Əbu Bəkr ibn Əbu Quhafə, 2. Ömər ibn Xəttab, 3. Əbu Übeydə Cərrah, 4. Übeyy ibn Kəb, 5. Səhl ibn Beyza, 6. Əbu Əyyub Ənsari, 7. Əbu Təlhə (dəvətçi və ev sahibi), 8. Əbu Dücanə Səmmak ibn Xərşə, 9. Əbu Bəkr ibn Şəğub və o vaxtlar 18 yaşında olan və məclisdə şərab paylayan 10. Ənəs ibn Malik.
Bu səbəbdən Beyhəqi «Sünən» kitabının 8-ci cildinin 29-cu səhifəsində, bilavasitə Ənəsdən belə rəvayət edir: «Mən o gün yaşda hamıdan kiçik və məclisin şarab paylayanı idim».
(Bu əsnada məclisdə böyük bir gurultu qopdu.)
Şeyx: «(Əsəbi halda) Allah-taalanın zatına and olsun ki, bu rəvayət düşmənlərin uydurmasıdır!».
Dəvətçi: «(Təbəssüm edərək) Çox dərinə getdiniz, lüzumsuz yerə and içdiniz. Amma bilindiyi kimi, sizdə günah yoxdur, mütaliəniz azdır. Əgər öz kitablarınıza müraciət etmə zəhmətinə qatlanmış olsaydınız, orada böyük alimlərinizin də bunu yazdığını görərdiniz. O halda, zəhmət olmasa, istiğfar edin.
İndi, siz ağların zehnini aydınlatmaq və dediklərimizin bilavasitə alimlərinizin fikirlərinə söykəndiyini göstərmək üçün bu hadisənin, sadəcə bəzi sənədlərinə işarə etməyə çalışacağam:
1. Məhəmməd ibn İsmail Buxari, «Səhih», «Maidə» surəsindəki şərab ayəsinin təfsiri»; 2. Müslim ibn Həccac, «Səhih», bab: «Kitabul-əşribə», «Təhrimul-xəmr»; 3. İmam Əhməd Hənbəl, «Müsnəd», c. 3, səh. 181 və 227; 4. İbn Kəsir «Təfsir», c. 2, səh. 93-94; 5. Cəlaləddin Süyuti, «Durrul-mənsur», c. 2, səh. 321; 6. Təbəri, «Təfsir», c. 7, səh. 24; 7. İbn Həcər Əsqəlani, «İsabə», c. 4, səh. 22 və «Fəthül-Bari», c. 10, səh. 30; 8. Bədruddun Hənəfi, «Umdətul-Qari», c. 10, səh. 84; 9. Beyhəqi, «Sünən» səh. 286, 290 və s...».
Şeyx: «Bəlkə də, bu hadisə şərab haram edildikdən əvvəl olmuşdur».
Dəvətçi: «Tarix və təfsir kitablarındakı məlumatlara əsasən, şərab haram edildikdən sonra belə bəzi müsəlmanlar və səhabələr şərab içmişlər.
Bu səbəbdən Məhəmməd ibn Cərir Təbəri «Təfsiri-kəbir» kitabının 2-ci cildinin 203-cü səhifəsində Əbulqəmus Zeyd ibn Əlidən belə rəvayət edir: «Allah-taala şərab ayəsini üç dəfə nazil etdi. İlk əvvəl bu ayə nazil oldu: «Səndən şərab və qumar haqqında sual soruşarlar, de: hər ikisində də böyük bir günah və insanlar üçün bir qrup faydalar vardır; ancaq hər ikisinin də günahı faydasından dana böyükdür». (“Bəqərə” surəsi, ayə 219)
Amma məlum olduğu kimi, müsəlmanlar oyanmadılar və şərab içməyə davam etdilər. Hətta iki nəfər şərab içərək namaz qıldı, namazda mənasız sözlər söylədi. Bundan sonra bu ayə nazil oldu: «Ey iman gətirənlər! Sərxoş ikən namaza yaxınlaşmayın; ta ki, nə söyləmiş olduğunuzu biləsiniz...». (“Nisa” surəsi, ayə 43)
Səhabə yenə də şərab içməyə davam etdi. Amma sərxoş ikən namaz qılmırdılar. Lakin bir gün bir nəfər (Bəzzar, İbn Həcər və İbn Mərdəveyhin rəvayət etdiyinə görə bu, Əbu Bəkr idi.) şərab içib. Bədr döyüşündə öldürülənlər haqqında mərsiyə və şeirlər oxudu. Bunu eşidən Peyğəmbəri-əkrəm (s) qəzəbli halda gələrək, əlindəki şeylə onu vurmaq istədi. O sərxoş adam: «Allah-taalanın və Peyğəmbərinin (s) qəzəbindən Allaha sığınıram: Allaha and olsun bir daha içməyəcəyəm» – dedi. Bundan sonra da bu ayə nazil oldu: «Ey İman gətirənlər! Şərab, qumar, büt və fal oxları Şeytan əməlindən olan murdar bir şeydir: bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız». (“Maidə” surəsi, ayə 90)
Xüsusilə bilməyiniz zəruridir ki, səhabə də digər müsəlmanlar kimi yaxşı və pis yönlərə sahibdir. Allah-taalanın və Peyğəmbəri-əkrəmin əmrinə ciddi olaraq tabe olanlar böyük səadətlərə yetişmişlər. Hər kim də nəfsinə tabe olub Şeytana uymuşsa, ziyana və fəsada uğramışdır.
O halda səhabəni tənqid edənlərin də məntiqli dəlilləri vardır. Əshabın pis sifətləri, bilavasitə öz kitablarınız yer aldığı kimi, Quranda bir çox ayələrdə də şiddətli şəkildə qınanmışdır. Şiələr də bu baxımdan onları tənqid edirlər. Amma bilindiyi kimi, əgər məntiqli bir tənqid qarşısında məntiqli bir cavab varsa, onu da qəbul etmək lazımdır.
Qınanmış sifətlərdən biri insanın lüzumsuz yerə sevməsi və ya nifrət etməsidir. Yəni insanın fərd və ya camaata qarşı maraq və sevgisinə görə onların bütün söz və davranışlarını görməməzliyə vurması və heç bir pisliyin olmadığını söyləməsidir».
Hafiz: «Çox yaxşı, əshabın nə kimi pis sifət və işləri var idi? Əgər dəlil və bürhana söykənirsə, buyurun, biz də qəbul edək!»

SƏHABƏNİN ƏHDİ POZMASI
Dəvətçi: «Qəribədir, xülasə də olsa, saydığım bu qədər pis sifətlərinə baxmayaraq, yenə də «onların nə kimi pis sifətləri vardır?» deyirsiniz. Amma bilindiyi kimi, sözlərimin təsdiqi üçün şiə və sünni alimlərinin kitablarında yer alan səhabənin pis əməllərinin birinə işarə edirəm. Məsələn: əhd və beyətlərini pozmaları.
Allah-taala Quranda əhdlərini pozanlara məzəmmət və onlara lənət edir: «Əhd-peyman bağladığınız zaman Allahın əhdinə vəfa edin! Və andlarınızı bərkitdikdən sonra pozmayın! Bir halda ki, Allahı özünüzə şahid tutubsunuz. Həqiqətən, Allah sizin nə etdiyinizi bilir». (“Nəhl” surəsi, ayə 91)
Yenə onlar haqqında belə buyurmuşdur: «Allahla əhd bağladıqdan sonra əhdlərini pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar və yer üzündə fitnə-fəsad törədənlər lənətə düçar olacaqlar və onları pis aqibət gözləyir». (“Rəd” surəsi, ayə 25)
O halda, Quran ayələri və iki tərəfin də kitablarında yer alan rəvayətlərə görə, əhdi pozmaq böyük bir günahdır. Xüsusilə də, Allah-taalaya və Rəsuluna (s) verilən sözü yerinə yetirməmək əshab və o həzrətin yaxınları üçün çirkinlərin ən çirkini olan bir şeydir!»
Hafiz: «Əshab Allah-taalanın əmri və Peyğəmbəri-əkrəmin (s) də təbliğ etmiş olduğu hansı əhd və beyəti pozmuşdur ki, bu ayənin nümunəsi, misdaqı olsun? Diqqət etsəniz, bunların şiənin avam xalqının uydurması olduğunu təsdiq edərsiniz! Peyğəmbərin əshabı bu kimi şeylərdən pakdır!»

MÜHƏMMƏD (S) VƏ ƏLİ (Ə) QURANDAKI SADİQLƏRDİR
Dəvətçi: «Dəfələrlə ərz etdiyim kimi, şiələr sadiq imamlara (ə) tabe olmaq məcburiyyətindədirlər. Əks təqdirdə, şiə sayılmazlar. Daha doğrusu, onlar hədis uydurmaz, iftira və yalana söykənməzlər! Bu səbəbdən onların imamları da, sözün əsl mənasında, sadiq idilər. Quran da onların doğruluğunu təsdiq edir. İmam Sələbi və Cəlaləddin Süyuti öz «Təfsir»lərinda, Hafiz Əbu Nəim İsfahani «Ma nəzələ minəl-Qurani fi Əliyyin»də, Xətib Xarəzmi «Mənaqib»də, Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə»nin 39-cu babında, Xarəzmi Hafiz Əbu Naim İsfahani və Həmuyinidən, Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayəut-talib» kitabının 62-ci babında istinad edərək və həmçinin tarixə görə Şamın hədis söyləyənlərinin hamısı nəql etmişlər ki, aşağıda zikr edilən ayədəki «sadiqin»dən (doğrulardan) məqsəd, Mühəmməd (s) və Əlidir (ə): «Ey İman gətirənlər! Allahdan qorxun və doğrularla bərabər olun». (“Tövbə” surəsi, ayə 119)
Bəzi rəvayətlərə görə isə «doğrular»dan məqsəd Peyğəmbəri-əkrəm (s) və Əhli-beyt (ə) imamlarıdır.
O böyük ailəyə tabe olan arif və avamdan heç kim hədis uydurmaz, iftira və yalan söyləməz! Çünki haqq olduğuna dair hər hansı bir dəlili olmayan kimsələr ancaq iftira və yalan söyləyərlər!
Şiə müsəlmanlarının söylədikləri şeylər, böyük alim və tarixçilərinizin yazdığı şeylərdir. Əgər tənqid edirsinizsə, onda əvvəl elə bunları yazan öz alimlərinizi tənqid etməlisiniz!
Əgər böyük və dəyərli alimləriniz mötəbər kitablarında səhabənin əhdlərini pozduqlarını yazmasaydılar, mən də belə bir məclisdə bunu bəyan etməzdim!»
Hafiz: «Hansı alimimiz, harada səhabənin əhdini pozduğunu yazmışdır? Onların pozduğu əhd nə idi? Bu, sadəcə iddia ilə olmaz!»
Dəvətçi: «Bu, bir iddia deyildir! Bürhan, məntiq və həqiqətdir. Səhabə bir çox yerdə sözünün üstündə durmamış və Peyğəmbəri-əkrəmin (s) əmr etdiyi beyəti pozmuşdur. Bunların ən əhəmiyyətlisi Qədir-Xumdakı əhd və beyətləridir.

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!