29-CU MÜNAZİRƏ - I hissə

:

«ƏSHABA TABE OLMAQ...» HƏDİSİ SƏHİH DEYİL (1 şaban, cümə, 1345-ci il).
Dəvətçi: «Əvvəla, rica edirəm sözləri təkrarlamayın! İndi də bu hədisi şahid göstərməyə başladınız. Cavab olaraq söylədim ki, əshab da digər  insanlar kimi xəta edə bilər. Daha doğrusu, dəlil üzrə onlardan bəzisinin nəfsinə uyduğunu söyləməyimdə təəccüb ediləcək bir şey yoxdur!

İkincisi, zehninizin aydınlanması və yenə bu hədisi şahid göstərməmək üçün təkrar cavab vermək məcburiyyətindəyəm. Sözünüzü təkrar etdiyiniz üçün mən də cavabımı təkrarlamaq istəyirəm.
Bilavasitə böyük tədqiqatçı alimlərinizin nəzərində «Əshaba tabe olmaq...» hədisi səhih deyildir! Əvvəl də söylədiyim kimi, Qazi Əyyaz Maliki bu hədisin ravilərindən olan Haris ibn Quzeynin (ya Qəzzin) tərcümeyi-halı məlum deyil, Həmzə ibn Əbu Həmzə Nəsibinin isə iftira və yalançılıqda ittiham edildiyini və daha doğrusu, bu hədisin rəvayət edilmək üçün dəyəri olmadığını açıq-aydın şəkildə bəyan etmişdir.
Ayrıca bilməyiniz zəruridir ki, Qazi Əyyaz «Şərhi-Şifa» və Beyhəqi də öz kitabında bu hədisin uydurma, sənədinin də zəif və rədd olunmuş olduğunu açıq şəkildə bəyan etmişlər.

ƏSHABDAN BƏZİSİ NƏFSİNƏ TABE OLARAQ HAQDAN UZAQLAŞDI
Üçüncü olaraq, əsla, ədəb və nəzakətdən ayrılmadım, sadəcə öz alimlərinizin söyləmiş olduğunu söyləyirəm!
Zəhmət olmasa, Fazil Təftazaninin «Şərhi-məqasid» kitabına müraciət edin. Orada aydın şəkildə belə deyir: «Səhabə öz arasında müxalifət edir və savaşırdı. Bundan da anlaşılır ki, onlardan bəzisi haqq yoldan azmış, nəfsinə uymuş və hətta zalım və fasiq olmuşdur».
O halda, Rəsulullahı (s) görən hər kəsi ehtiram və etimadla qəbul etmək mümkün deyildir. Ehtiram və etimad onların əməl və davranışlarına bağlıdır. Əgər nifaq əhli olmaz və Rəsulullahın əmrinə itaət edərlərsə, o zaman onlara ehtiram göstərər, etibar edərik. Bizim üçün ayaq tozları belə göz nurumuz olar.
Möhtərəm ağalar, ya Peyğəmbəri-əkrəmin (s) «Əli ilə savaşan mənimlə savaşmışdır» hədisi kimi həzrət Əliyə qarşı edilən savaşlarla əlaqəli buyurduğu və böyük alimlərinizin də səhih sənədlərlə nəql etdikləri bir çox hədislərin yalan olduqlarını söyləyəcək və ya əshabdan Müaviyə, Əmr ibn As, Əbu Hüreyrə, Səmurə ibn Cündəb, Təlhə və Zübeyr kimilərinin fasiq, zalım və batil əhli olduğunu qəbul edəcəksiniz! Çünki əshabdan bir çoxu həzrət Əli ilə döyüşərək haqq yolundan azmış və zikr olunmuş hədisə görə Rəsulullah ilə döyüşmüşdür.
O halda, əgər əshabdan bəzilərinin nəfslərinə uyduqlarını söyləsək, yersiz bir söz söyləmiş olmarıq. Əksinə, bürhan və dəlil üzrə danışarıq. Ayrıca bilmək lazımdır ki, əshabdan bəzisini fasiq, zalım, haqdan üz çevirən və münafiq olduğunu yalnız biz söyləmirik; böyük alimləriniz də bu mövzuda bizimlə ittifaq etmişlər.

QƏZZALİDƏN ƏSHABIN ƏHDİ POZMASINA DAİR DƏLİLLƏR
Höccətül-İslam Əbu Həmid Məhəmməd ibn Məhəmməd Qəzzali Tusinin «Sirrul-aləmin» kitabını araşdırsanız, əsla, bizi qınamazsınız. Haqqı isbat etmək üçün bu kitabın 4-cü məqaləsindən, sadəcə bəzi bölümləri ərz etmək məcburiyyətindəyəm: «Müsəlmanların müxtəlif firqələri Qədir-Xum hadisəsini və o gün Peyğəmbəri-əkrəmin (s) oxuduğu xütbəni şəksiz-şübhəsiz doğru bilmişdir. Daha doğrusu, hər cür etiraz batildir. Bu səbəbdən Rəsulullah xütbəsini bitirər-bitirməz Ömər həmin an Əlini (ə) təbrik etmişdi. Şübhəsiz, bu təbrik yeni bir əmrə təslim olmaq və Əlinin (ə) xilafətinə razılıq üçün həqiqiləşmişdi. Təssüflər olsun ki, böyük bir sevinclə təbrik etdikləri halda, nəfsi-əmmarə onlara qalib gəldi və vəzifə sevgisi onların insani xüsusiyyətlərini və hisslərini yox etdi. Şəhvətlərinə uyaraq güc bayraqlarını dalğalandırdılar və ordulara hökm edərək ölkələri fəth etməyə yönəldilər. Beləcə, tarix səhifələrinə adlarını qeyd etmək istədilər. Nəfsani arzu badələrindən şərab içdilər, Quranı arxalarına atdılar, Peyğəmbəri-əkrəmin sünnəsinə etinasızlıq göstərdilər, dinlərini dünyalarına satdılar və Allah-taala ilə çox çirkin müamilə etdilər.
Haqqı gizlətdikləri üçün axirətdə ziyana uğrayacaqlar. Əgər belə olmasaydı, Peyğəmbəri-əkrəm yatağında xəstə yatarkən qələm, kağız istədikdə ona «Şübhəsiz, sayıqlayır» demədilərmi? O halda, Əbu Bəkrin xilafəti batildir. Əgər xilafəti qurtarmaq üçün icma silahına sarılsanız, bu da, əsla, doğru deyildir. Çünki Abbas, oğulları, Əli (ə) və həyat yoldaşı, uşaqları  – heç biri bu icmaya qoşulmadı. Hətta Səqifədə olanlardan bəzisi də bu icmaya müxalifət etmiş və oradan ayrılmışdı. Ənsar da açıq şəkildə müxalifət etmişdi».
Bu halda gördüyünüz kimi, şiələr böyük və insaflı alimlərinizin söylədiklərindən başqa bir şey söyləmirlər. Bizə pis gözlə baxdığınız üçün doğru sözlərimizi də qəbul etmirsiniz. Amma bunları yazan alimlərinizə bir şey demir, görməməzliyə vurursunuz. Halbuki, məlum olduğu kimi, onlar elm və insaf üzrə həqiqətləri açıqlamış və tarixdə qeyd etmişlər».
Şeyx: «Sirrül-aləmin» kitabı imam Qəzzalinin kitabı deyildir! O, belə bir kitabı yazmaqdan uzaqdır! Böyük alimlər bu kitabın Qəzzaliyə aid olduğunu qəbul etmirlər!»

«SİRRÜL-ALƏMİN» QƏZZALİNİN KİTABIDIR
Dəvətçi: «Öz alimlərinizdən bir qrupu bu kitabın imam Qəzzaliyə aid olduğunu söyləmişlər. Bu anda hafizəmdə olanı deyə bilərəm ki, mövzuları şərh etməkdə olduqca diqqətli, ehtiyatla yazan və hədsiz təəssübkeş olan Yusif Sibt ibn Cuzi «Təzkirətul-xəvassil-ümmət» kitabının 36-cı səhifəsində bu mövzuda imam Qəzzalinin «Sirrul-aləmin» kitabından şahid göstərir və az əvvəl ifadə etdiyim sözləri rəvayət edir. Bundan da başa düşüldüyü kimi, bu kitabın Qəzzalinin olduğunu qəbul edir. Məclisin vaxtını nəzərə alaraq deyim ki, nəql etdiyimdən daha çoxunu nəql edərək onunla eyni fikirdə olduğunu vurğulayır. Əks təqdirdə, bir sənəd kimi Qəzzalinin «Sirrül-aləmin» kitabına müraciət etməz, bu mövzuda tədqiqat aparardı.
Amma bilindiyi kimi, təəssüb əsiri olan alimləriniz bu cür həqiqətlər və böyük alimlərin bəyanları qarşısında məntiqli cavab verməkdə aciz qaldıqda ya bu kitabın Qəzzaliyə aid olmadığını söyləyir, ya da onun şiə olduğunu ifadə edirlər.
Gücləri yetərsə, hətta onları kafir sayır və yox etməyə çalışırlar. Daha doğrusu, bu alimlərin tək günahı insaflı olmaları və həqiqətləri aşkara çıxartmalarıdır.

İBN UQDƏNİN AQİBƏTİ
Tarixin də göstərdiyi kimi, bir çox aliminiz həqiqətləri söyləyib yazdıqları üçün böyük bəlalara duçar olmuşlar, kitablarının oxunması haram edilib, sonda da öldürülüblər.
Böyük alimlərimizdən Hafiz ibn Uqdə Əbülabbas Əhməd ibn Məhəmməd ibn Səid Həmədani, (ö/t: 333 h.q.) buna bir örnəkdir. Rical alimlərinizdən Zəhəbi, Yafe və İbn Uqdənin etibarlı olduğunu bəyan etmiş və tərcümeyi-halında 300 min hədisi sənədləri ilə əzbərlədiyini yazmışlar.
Amma hicri 3-cü ildə Kufə və Bağdadda Əbu Bəkr və Ömərin xətalarını söylədiyi üçün rafizi şiə elan edilmiş, rəvayətlərinin nəqli qadağan olunmuşdur. Bu səbəbdən İbn Kəsir, Zəhəbi və Yafe onun haqqında belə yazmışlar: «Bu şeyx İbn Uqdə, Bərasa (Bərasa, indi Bağdadla Kazimeyn arasında məşhur məscid adıdır.) məscidində oturub xalqa Əbu Bəkr və Ömərin eyiblərini söyləyirdi. Bu səbəbdən onun rəvayətlərini tərk etdik. Yoxsa onun doğruluğu və etibarlılığında heç bir şəkk-şübhə yoxdur».
Xətib Bağdadi də «Tarix» kitabında onu təriflədikdən sonra belə deyir: «İbn Uqdə Əbu Bəkr və Ömərin qüsur və eyiblərini açıb söylədiyi üçün şiə olmuşdur».
Ağalar, sadəcə şiə müsəlmanların həqiqətləri bəyan etdiyini zənn etməyin; imam Qəzzali, İbn Uqdə və bənzərləri də böyük səhabələrin qüsur və eyiblərini nəql etmişlər.

TƏBƏRİNİN ÖLÜMÜ
Tarixdə bu kimi insanlar olduqca çoxdur. Həqiqətləri söylədikləri və ya yazdıqları üçün pərişan olmuş, rədd edilmiş və öldürülmüşlər. Məsələn, hicri 3-cü ildə böyük alim, tarixçi və müfəssir Məhəmməd ibn Cərir Təbəri 310-cu ildə 86 yaşında ikən vəfat etdi. Cənazəsinin gündüz qaldırılıb dəfn edilməsinə mane olunduğuna və təhlükəyə görə onu evinin içində basdırdılar.

NƏSAİNİN ÖLDÜRÜLMƏSİ
Bundan da qəribəsi imam Əbu Əbdürrəhman Əhməd ibn Əli Nəsainin öldürülməsidir. Nəsai hicri 3-cü ilin sonlarında yaşayan və «Kutubi-sittə»nin də müəlliflərindən olan əhli-sünnənin böyük alimlərindən biridir. O, hicri 303-cü ildə Dəməşqə getmişdi. Orada Əməvilərin təbliğləri nəticəsində hər namazdan sonra və hətta cümə xütbələrində həzrət Əliyə (ə) lənət deyildiyini gördükdə çox narahat oldu. Elə o an sənədləri ilə birlikdə Peyğəmbəri-əkrəmdən (s) rəvayət edilən həzrət Əlinin fəzilətləriylə əlaqəli hafizəsində olan hədisləri qələmə aldı. «Xəsaisul-Ələvi» kitabını da həzrət Əlinin fəzilət və uca məqamını isbat etmək üçün yazdı. Minbərdə o kitabda qeyd edilən hədisləri oxuyaraq həzrət Əlinin fəzilət və üstünlüklərini yaymağa çalışırdı.
Günlərin bir günü minbərdə Əlinin fəzilətlərini izah etdiyi halda cahil xalqın hücumuna məruz qaldı. Əvvəl onu minbərdən aşağı çəkdilər, şiddətli şəkildə döydülər, xayalarını əzdilər və cinsiyyət orqanından tutaraq onu bayıra sürüklədilər. Aldığı bu ağır zərbələr nəticəsində vəfat etdi, vəsiyyətinə görə cənazəsini aparıb, Məkkədə toprağa tapşırdılar.
Bax, bu inadkar, sadə camaat və axmaq təəssübkeşlər öz böyük alimlərini haqqı söylədiyinə görə rüsvay edərək öldürmüşlər. Təkcə günahları da həqiqətləri açıqlamaq idi. Halbuki, həqiqətlər günəş kimidir, bir gün mütləq doğacaqdır!
Mövzudan uzaqlaşdığım üçün üzr diləyirəm. Məqsəd budur ki, təkcə şiə müsəlmanlar deyil, böyük alimləriniz də həzrət Əlinin (ə) vilayət məqamını yazıb, nəql etmişlər. Böyük alimlərinizin yazdığı kimi Peyğəmbəri-əkrəm (s) 70 və ya 120 min insanın hüzurunda həzrət Əlinin (ə) əlindən tutaraq, onu xalqın imamı və mövlası olduğunu elan etmişdir».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!