28-Cİ MÜNAZİRƏ - I hissə

:

SƏHABƏ BARƏSİNDƏ GENİŞ BƏHS (1 şaban, cümə, 1345-ci il).
Hafiz: «Həqiqət buyurduğunuz kimidir; mən insafsız və haqqı qəbul etməyənlərdən deyiləm. Sizin də əhəmiyyətlə vurğuladığınız kimi, bir çox haqsızlıqlar olunduğunu qəbul edirəm; bütün ixlasımla sizdən olduqca istifadə etdiyimi və aydınlandığımı bildirmək istəyirəm.

İzn versəniz, həm sizdən şikayət etmək, həm də əhli-sünnəni müdafiə etmək üçün bir neçə şey söyləmək istəyirəm. Siz şiə alimləri nə üçün savadsız xalqınızı küfrə aparan bir qrup söz və davranışlardan çəkindirmirsiniz? Əlbəttə, onların bu söz və davranışları başqalarının da kafir deməsinə bəhanə yaradır.
İnsan yersiz bir söz və ya davranışı ilə hücuma məruz qalır; əbəs yerə əhli-sünnəni günahlandırmayın! Əksinə başqalarına söylədiyi sözlərlə qəlblərində nifrət yaradan və kafir deyilmələrinə səbəb olan siz şiələrsiniz».
Dəvətçi: «Küfr ilə nəticələnən söz və hərəkətlər nələrdir deyə bilərsinizmi? Təmənna edirəm, izah edin, mən də cavab verməyə çalışaram.

NƏ ÜÇÜN ŞİƏ, SƏHABƏLƏRƏ VƏ PEYĞƏMBƏRİN (S) XANIMLARINA TƏNƏ EDİR?
Hafiz: «Şiələr Xatəmül-ənbiyanın (s) xüsusi səhabələrinə və bəzi pakizə həyat yoldaşlarına böhtan ataraq, onları təhqir edirlər; bu isa açıq-aydın küfrdür! Çünki onlar illər boyu Rəsulullahın yanında tövhid kəlməsini ucaltmaq üçün kafirlərə qarşı döyüşmüşlər. Onların xidmətləri hər cür nöqsandan uzaqdır. Heç şübhəsiz, onlar Cənnəti əldə etmişlər; xüsusilə «Fəth» surəsinin 18-ci ayəsində qəsd edilən səhabələr «(Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı olmuşdur» ayəsinin hökmünə əsasən, Allah-taalanın razılığını qazanmışlar. Şübhəsiz, Rəsulullah da söz və əməlləri ilə onları ucaltmışdır. Daha doğrusu, onların üstünlüyünü inkar edən azğınlığa düşmüşdür və «Nəcm» surəsinin «O, nəfsani istəklər üzündən danışmaz. O, şübhəsiz, ona nazil olan vəhydir» ayəsinə əsasən, Peyğəmbəri-əkrəmi və Quranı rədd etmiş olur! Qurani-kərim və Rəsulullahı rədd edən isə kafir olur»!
Dəvətçi: «Belə açıq məclislərdə bu kimi mövzuları açmağınızı və onların müzakirəsini istəmirəm. Çünki məcburən verəcəyim cavablar cahil insanların əlinə bəhanə verər və əksinə hökm edə bilərlər. Daha doğrusu, öz aramızda gizlicə danışası olsaq, mən də lazım olan doğru cavabı verərəm. İndi bu ricamı qəbul edin və mövzunu açıq müzakirə etməkdən imtina edin. Özüm bir gün sübh yanınıza gələr, bu məsələni ikilikdə öz aramızda həll etməyə çalışaram».
Hafiz: «Bu mövzuda mən təqsirsizəm; çünki neçə gecədir bəziləri bu mövzunu müzakirə etməyimizi istəyirlər. Mən də onların istəyinə əsasən tələb etdim; nitqdə mətanətli olduğunuz üçün zərər verəcəyini zənn etmirəm; qonaqlara qane edən bir cavab verin və ya haqlı olduğumuzu təsdiq edin».
Nəvvab: «Doğrudur, hamımız bu mövzunun həll edilməsini istəyirik».
Dəvətçi: «Madam belə əmr edirsiniz, mən də itaət edirəm. Ancaq sizdən – əvvəlki gecələr etdiyim o qədər açıqlamaya baxmayaraq – yenə də şiə müsəlmanlarına kafir deməyinizi, doğrusu, gözləmirdim.
Əvvəlki gecədə şiənin Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin (ə) davamçısı olduğu üçün, əsla, kafir olmadığını açıq şəkildə bəyan etmişdim.
Müxtəlif cümlələrinizi bir-birindən ayıraraq, hamısına ayrı-ayrı cavab verməyə çalışacağam. Beləcə, həm burada olanlar, həm də olmayanlar insaf üzrə hökm versinlər, qəlblərinə atılan şübhələrdən qurtulsunlar və şiə müsəlmanların, əsla, kafir sayılmadığını və küfr yollarının möhtərəm ağanın düşündüyü kimi olmadığını açıq-aydın anlasınlar.

SƏHABƏNİ TƏNQİD ETMƏK VƏ ONLARA TƏNƏ VURMAQ KÜFR DEYİLDİR!
Əvvəla, şiə müsəlmanların səhabə və Peyğəmbərin (s) bəzi xanımlarını tənqid etdikləri və onları qınadıqları üçün kafir olduqlarını söylədiniz. Bunu hansı dəlilə əsasənə bəyan etdiyinizi başa düşə bilmirəm. Edilən tənqid və tənələr dəlil və bürhan üzrədirsə, küfr bir tərəfə dursun, müzakirəsi belə edilə bilməz, qınanılmaz! Əgər dəlil və bürhan üzrə deyildirsə və iftiradırsa, yenə də küfr sayıla bilməz! Hətta, səhabə də olsa, yersiz olaraq bir mömini tənqid və ya lənət edən kafir olmaz! Zina edən və ya şərab içən biri kimi, sadəcə fasiq sayılır. Bilindiyi kimi, hər fisq (Əxlaqsızlıq, mənəvi pozğunluq) və asilik əfv edilə və görməməzliyə vurula bilər.
Bu səbəbdən hicri-qəməri 456-ci  ildə anadan olan İbn Həzm Zahiri Əndülusi «Əl-fəslü fil-miləli vən-nihəl» kitabının 3-cü cüzünün 227-ci səhifəsində belə deyir: «Cəhalət və elmsizliyindən səhabəyə tənə vurub nalayiq sözlər deyən üzürlü hesab olunur. Bilərəkdən nalayiq sözlər deyən isə, zina və ya oğurluq edənlər kimi sadəcə fasiq sayılır. Amma məlum olduğu kimi, yalnız Rəsulullahın səhabəsi olduğuna tənə vurub nalayiq sözlər deyərsə, Allah-taalaya və Peyğəmbərə düşmənçilik etmək və nalayiq sözlər demək mənasına gələcəyi üçün, əlbəttə, küfr sayılır. Yoxsa, sadəcə səhabəni tənqid etmək, söymək küfrə gətirib çıxartmaz. Bu səbəbdən Ömərin Peyğəmbərin böyük səhabə, mühacir və Bədr əshabından olan Xətib üçün «İzn ver, bu münafiqin boynunu vurum!» deməsinə baxmayaraq, bu təhqiri və onu nifaqda ittiham etməsi Ömərin küfrünə səbəb olmamışdır».
Bu hal, doğru olsa belə, şiə müsəlmanları «Bəzi səhabəni təhqir etdilər» deyərək onları küfrlə ittiham etmək necə mümkündür?! Məlum olduğu kimi, böyük və dəyərli alimləriniz mötəbər kitablarında nəzərinizin tam əksini iddia edərək, haqq və həqiqəti müdafiə etmişlər. Məsələn, imam Məhəmməd Qəzzali açıq-aydın belə deyir: «Səhabəni söymək, əsla, küfrə səbəb olmaz; hətta ilk iki xəlifəni söymək belə insanı küfrə salmaz».
Molla Səd Təftazani isə «Şərhi əqaidi-Nəsəfi» kitabında yazır: «Bəzi təəssüb əhlinin səhabəni söyənləri küfrlə ittiham etməsi, əsla, doğru deyildir. Bəzi alimlər səhabələrə qarşı olan hüsnü-zənləri səbəbiylə onların pis əməllərini görməzliyə vurmuş və tutarsız təvillərlə Rəsulullahın (s) əshabının azğınlıq və fisqdən məsum olduğunu söyləmişlər. Halbuki bilindiyi kimi, bu, əsla, doğru deyildir! Tarix, aralarında etdikləri savaşlarda onların bəzisinin fisq və üsyana düşdüyünü göstərir. Həsəd və məqam düşgünlüyü səbəbi ilə çirkin işlərə bulaşmış, azmışlar. Çünki Rəsulullahı görən hər səhabə məsum və günahsız deyildir!»
Bundan əlavə, bilmək lazımdır ki, «Camiul-üsul» kitabının sahibi İbn Əsir Cəzri də şiə müsəlmanları islami firqələrdən biri saymışdır. O halda, siz onları küfrlə necə ittiham edirsiniz?!
Bəzi əməlləri səbəbi ilə səhabələri söyənlərin kafir sayılmadığına dair bir dəlil də, bilavasitə xəlifələr ərəfəsində bəzilərinin səhabəyə ağır söyüşlər verdiyi olduğu halda, xəlifələrin onları küfrlə ittihamlandırmaması və öldürülmələrinə əmr verməməsidir.
Bu səbəbdən Hakim Nişaburi «Müstədrək»in 4-cü cüzünün 335-ci və 354-cü səhifələrində, imam Əhməd ibn Hənbəl «Müsnəd»in 1-ci cüzünün 9-cu səhifəsində, Zəhəbi «Təlxisi-müstədrək»də, Qazi Əyyaz «Şifa»nın 4-cü cüzünün ilk babında və imam Qəzzali «İhyaul-ülum» kitabının 2-ci cildində belə rəvayət edir: «Əbu Bəkrin xilafəti zamanında bir nəfər xəlifənin yanına gələrək, onu söydü. Orada olanlar bu vəziyyətə görə çox narahat oldular. Əbu Bərzə Əsləmi: «İzn verin, onu öldürüm; çünki o, kafir oldu!» – dedikdə, Əbu Bəkr belə dedi: «Xeyr, elə deyildir; Peyğəmbərdən başqa heç kim belə bir hökmü verə bilməz!».
Həqiqətən, siz əhli-sünnə qardaşlar hökmdardan daha hökmlüsünüz; xəlifə özünü söyəni küfrdə günahlandırıb öldürməyə çalışmır, amma siz qardaşlar şiə müsəlmanları səhabəni söymək bəhanəsi ilə öz xəyallarınızla küfrdə ittiham edir, qanlarını halal sayırsınız!
Əgər səhabəni söymək küfrdürsə, nə üçün səhabənin ən üstünü olan həzrət Əlini (ə) söyən və lənət edən Müaviyə və tərəftarlarını küfrdə ittiham etmirsiniz?! O halda məqsədiniz başqadır: siz, Əhli-beyt (ə) və tərəftarları ilə savaşmaq istəyirsiniz!
Əgər səhabəni, xüsusilə də raşidi xəlifələri söymək küfrdürsə, siz ağalar nə üçün Ümmül-möminin Ayişəni küfrlə ittiham etmirsiniz?! Çünki o bütün alim və tarixçilərinizin yazdığı kimi,  ardıcıl olaraq Osmanı söyür, təhqir edirdi. Osman üçün belə deyirdi: «Bu axmaq qocanı (qoca tülkünü) öldürün! O, şübhəsiz, kafir olmuşdur».
Amma əgər bir şiə «Yaxşı oldu Osmanı öldürdülər; çünki o kafir idi!» – deyərsə, siz ağalar o dəqiqə onu küfrdə ittiham edər, ölüm hökmünü verirsiniz! Ayişə isə bilavasitə Osmanın hüzurunda ona kafir, qoca tülkü demişdi. Amma bilindiyi kimi, nə xəlifə, nə də səhabə ona toxunmadı. Bu səbəbdən siz də onu qınamırsınız».
Əgər səhabəyə pis söz söyləmək küfrə səbəb olursa, nə üçün Əbu Bəkr səhabənin və bütün müsəlmanların hüzurunda minbərə çıxaraq səhabənin ən üstünü olan həzrət Əlini (ə) söydü?! Amma siz buna heç təəssüflənmir və hətta Əbu Bəkri tərifləyirsiniz. Halbuki, qınamağınız lazımdır!».
Hafiz: «Niyə iftira atırsınız? Əbu Bəkr harada Əlini söymüşdür?»
Dəvətçi: «Biz iftira əhli deyilik! Bir şey haqqında elm sahibi olmasaq, rəvayət etmərik! Zəhmət olmasa, «Nəhcül-bəlağənin şərhi» adlı kitabın 4-cü cildinin 80-cı səhifəsinə müraciət edin. Orada görəcəksiniz ki, Əbu Bəkr məsciddə minbərə çıxaraq həzrət Əli (ə) haqqında belə demişdir: «Şübhəsiz, Əli quyruğu olan tülküdür. Əli macəraçı və fitnəçidir; böyük fitnələri kiçik göstərərək, xalqı fitnə və fəsada təşviq edir və yaxınlarıyla zina etmək istəyən Ümmü-Təhhal (cahiliyyət dövründə yaşayan fahişə bir qadın) kimi zəiflərdən və qadınlardan yardım diləyir!»
Bəli ağalar, xəlifə Əbu Bəkrin həzrət Əliyə (ə) söylədiyi bu ağır sözləri, şiə müsəlmanların onlar haqqındakı tənqid və qınamaları ilə müqayisə edin!
Əgər əshabdan birini söymək küfrdürsə, Əbu Bəkr, qızı Ayişə, Müaviyə və tərəfdarları kafir sayılır: əgər küfr deyilsə, o halda şiə müsəlmanlarına kafir deyə bilməzsiniz!
Əhməd ibn Hənbəl «Müsnəd»in 2-ci cildinin 236-cı səhifəsində, Hələbinin «Sirətül-Hələbiyyə»nin 2-ci cildinin 107-ci səhifəsində, «Səhihi-Buxari»nin 2-ci cildinin 74-cü səhifəsində, «Səhihi-Müslim»in «Cihad» kitabında, «Əsbabun-nuzuli-vahidi»nin 118-ci səhifəsində və s... bir çox alimlərinizin mötəbər kitablarında yer aldığı kimi, bilavasitə Peyğəmbəri-əkrəmin (s) hüzurunda Əbu Bəkr və bir çox səhabə bir-birini söyür və hətta bir birini döyürdülər. Peyğəmbəri-əkrəm onları belə gördükdə kafir saymır, əksinə, islah etməyə çalışırdı. (Qeyd: Əshabın Rəsulullahın (s) hüzurunda söyüşmə və dalaşmalarına aid xəbərlər şiə alimlərinin deyil, sünni alimlərinin kitablarında yer almışdır.)
İlk iradınızın cavabını bu qısa bəyanla verdim: səhabədən birini söymək, əsla, küfrə səbəb olmaz! Əgər sübut olmadan söyüş və lənət deyərlərsə, kafir deyil, fasiq olurlar. Hər fəsad isə əfv edilə bilər.

SƏHABƏNİN PİS VƏ YAXŞI ƏMƏLLƏRİ RƏSULİ-ƏKRƏMİN (S) DİQQƏTİNDƏ İDİ
İkincisi, Xatəmül-ənbiyanın (s) səhabəyə ehtiram göstərdiyini söylədiniz. Doğrudur, mən də qəbul edirəm. Bütün elm əhli Rəsulullahın hər hansı bir insanın yaxşı və gözəl əməllərinə diqqət etməsi xüsusunda fikir birliyi içindədir. Peyğəmbəri-əkrəm hər kəsin yaxşı əməllərini tərifləyirdi. Bu səbəbdən Ənuşirəvanın ədalətini və HatəmTainin də comərdliyini tərifləmişdir.
Bu da məlumdur ki, Rəsulullah bir fərd və ya camaatı tərifləmişsə, buna səbəb onların yaxşı əməlləri olmuşdur. Şübhəsiz, bir şəxs və ya camaatı, onlardan səhv bir əməl görmədən xüsusi bir əmələ görə tərifləmək, onların haqlı və sonlarının yaxşı olmasına dəlalət etməz. Səhvləri, xətaları qəti olsa belə, həyata keçirməyənə qədər onları cəzalandırmaq caiz deyildir. Bu səbəbdən həzrət Əli (ə) Əbdürrəhman ibn Mülcəm Muradi tərəfindən öldürüləcəyini bilib bunu dəfələrlə dilə gətirərək bir yerdə açıq şəkildə belə buyurmuşdur:
Mən onun həyatını istəyirəm, o isə mənim qətlimi.
Bu dost qılıqlı hiyləgər Murad qəbiləsindəndir. (İbn Həcər Məkki “Səvaiq” kitabının 9-cu babının 72-ci səhifəsində bunu rəvayət etmişdir.)
Buna baxmayaraq, həzrət Əli (ə) onu cəzalandırmağa cəhd göstərmədi. O halda, xüsusi bir əməli öyən, tərifləyən rəvayətlər, bütün əməlləri və ümumiyyəti ifadə etməz.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!