KƏRBƏLA FACİƏSİNİN BAŞ VERMƏSİNDƏ DİNİ AZĞINLIQLARIN ROLU

:

İslam Peyğəmbərinin (s) vəfatından Kərbəla faciəsinə qədərki fasilədə İslam cəmiyyətində bir çox mədəni dəyişikliklər və azğınlıqlar yaranmışdı. Bu azğınlıqlar tədrici olaraq genişlənsə də bir çox alimlərin nəzərincə, onun təməlləri Peyğəmbərin (s) vəfatından sonrakı ilk illərdə qurulmuşdu. Azğınlıqlar dedikdə məqsədimiz sultanların və hakim dairələrin camaata zor tətbiq etmələri və öz zülm və haqsızlıqlarını örtmək məqsədilə hakimiyyətdən istifadə etmələrini göstərməkdir. Bu azğınlıqların yaranması və yayılmasında Əməvilər sülaləsinin rolu böyük idi. Onlar İslama zidd rəftarlarını gizləmək üçün özlərinəməxsus siyasət və hiyləgərliklə malik olduqları güc və hakimiyyətdən faydalanır və onların şəxsiyyətləri cahiliyyət xüsusiyyətləri ilə yoğrulduğundan özlərini İslamla uyğunlaşdıra bilmirdilər. Yezidin hakimiyyətə gəlməsi məsələsi tarixi bir hadisə kimi Əməvilərin İslama əsla dəyər vermədiklərini açıq-aşkar göstərir və çirkin çöhrələrini gizləmək və öz hakimiyyətlərini islami hakimiyyət kimi yozaraq xalqa qəbul etdirmək üçün İslamı əllərində alət vasitəsinə çevirmişdilər.

İmam Hüseyn (ə) Əməviləri belə vəsf edir: “Onlar (Əməvilər) şeytana itaəti qəbul etmiş, Allaha itaəti tərk etmiş, yer üzündə fəsadı yaymış, ilahi hökmlərin icrasına mane olmuş və “beytül-mal”a təcavüz etmişlər.”1

Onlar şeytani və fəsad doğuran planlarını icra etmək üçün zəngin islami dəyərləri təhrif edərək onlardan qeyri-qanuni yerlərdə istifadə edirdilər. Biz burada onların azğınlıqlarından doğaraq yaranan və Kərbəla faciəsinin meydana gəlməsində mühüm rol oynayan həmin amillərdən bəzi nümunələrini tarixi şahidlərinə əsasən araşdıracağıq.

CƏBRƏ İNAM

İslam tarixində, xüsusilə, Kərbəla faciəsində təhrif olunan məsələlərdən biri cəbrə inam idi. Əbu Hilal Əsgərinin dediyinə görə, “cəbr” inancını icad edən Muaviyə olmuşdur.2 Müaviyə Yezidə beyət almaq barəsində deyirdi: “Yezidə beyət və onun hakimiyyəti ilahi qəza və təqdirlərdən biridir və bu məsələdə heç kim ixtiyar sahibi deyildir (seçki haqqı yoxdur).”3 Übeydullah ibn Ziyad İmam Səccada (ə) dedi: “Əlini (ə) Allah öldürmədimi?” İmam buyurdu: “Əli (Əli Əkbər) adlı böyük qardaşımı camaat öldürdü.”4 Ömər ibn Səd İmam Hüseynin (ə) qətlində şirkət etməsi haqda tənqid atəşinə tutulduqda, dedi: “Bu Allah tərəfindən bir təqdir idi.”[5]

Özünü müsəlman kimi göstərən yəhudi Kəbül-Əhbar Əməvi soltanlarına yaltaqlıq etmək məqsədilə, guya, qeybdən xəbər verib deyirdi: “Hakimiyyət əsla Haşimilərə çatmayacaq.” Baxmayaraq ki, sonralar hər ikisi Haşimilərdən olan Abbasilər və Ələvilər hakimiyyətə keçdilər. Abdullah ibn Ömərdən bu haqda belə nəql edilmişdir: “Bir Haşiminin hakimiyyətə keçdiyini görsən, bil ki, dünyanın sonudur.”[6]

Bəzi əhli-sünnə tarixçi və tədqiqatçıları bu azğınlıqlara uyaraq İmam Hüseynin (ə) qiyamını fəsada qarşı qiyam yox, əksinə onun qanundan kənar bir yürüş olduğu kimi qələmə verirdilər.

Kitabın adı: İmamların fikri-siyasi tarixi
Müəllif: Doktor Rəsul Cəfəryan

Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.net saytı üçün


1 “Ənsabul-əşraf”, Bəlazuri, təhqiq: Məhəmməd Baqir Məhmudi, c. 2, s. 171; “Əl-Futuh”, c. 5, s. 144-145; “Təbəri” tarixi, c. 4, s. 304.
2 “Əl-Əvail”, c. 2, s. 125.
3 “Əl-İmamətu vəs-siyasət”, c. 1, s. 183 və 187.
4 “Turasuna”, İbn Səd, nömrə:10, s. 188.
5 “Ət-Təbəqatul-kubra”, İbn Ənbə, c. 5, s. 148, Beyrut çapı.
6 “Tarixi-Dəməşq (İmam Huseynin (ə) həyatı)”, İbn Əsakir, s. 193

 

Tags: İMAM HÜSEYN (ə), MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!