CABİR İBN ABDULLAH ƏNSARİNİN AŞİQANƏ ZİYARƏTİ

:

Cabir ibn Abdullah Ənsari, Rəsulullahın (s) səhabələrindən, Əhli-beytin (ə) vəfalı dostlarından olmuşdur. Atası Abdullah ibn Əmr ibn Həram Ənsari, Peyğəmbəri (s) Mədinəyə köçməyə dəvət edən öncüllərdəndir. Abdullah ibn Əmr “Əqəbə” beyətində (Məkkədə) iştirak etmişdi. Bədr və Ühüd döyüşlərində də Peyğəmbərin (s) kənarında döyüşmüşdü. Ühüd döyüşündə də şəhadətə çatır1.

Cabir özü də “İkinci Əqəbə” beyətində – kiçik yaşlarında olduğu vaxt – atası ilə bərabər iştirak etmişdi. O, Allah Rəsulunun (s) tanınmış səhabələrindən idi və on səkkiz qəzvədə2 Peyğəmbərlə (s) birgə olmuşdu. Siffeyn döyüşündə də Həzrət Əliyə (ə) qoşulmuşdu. Ömrünün sonlarında gözləri tutulan Cabir hicrətin 74 yaxud 77-ci ili, 94 yaşında vəfat etmişdir3.
Ətiyyə Ovfi4 deyir: “Cabir ibn Abdullah Ənsari ilə birgə İmam Hüseynin (ə) məzarını ziyarət məqsədilə yola düşdük. Kərbəlaya çatdıqda Cabir, Fərat çayına girib (ziyarət) qüslü aldı. Sonra bir parçanı fitə kimi belinə bağlayıb digərini də çiyninə atdı (ehram libası kimi), özünü ətirləyib İmam Hüseynin (ə) qəbrinə doğru addımladı. Qəbrə yaxınlaşanadək yol boyu zikr deyirdi.
Sonra mənə dedi: Əllərimi qəbrin üzərinə qoy. Əllərini qəbrin üzərinə qoyduğumda Cabir özündən gedib qəbrin üstünə yıxıldı.
Cabirin üz-gözünə su səpib onu ayıltdım. Sonra üç dəfə səslədi: “Ya Hüseyn!”5.
Davamında dedi:
حَبيبٌ لا يُجيبُ حَبيبَهُ
“Dost, dostuna cavab verməzmi?!”.
Sonra öz-özünə dedi: (Hüseyn (ə)) qanına qəltan olduğu və başı bədənindən ayrı düşdüyü halda necə cavab versin?
Daha sonra əlavə etdi:
“Şəhadət verirəm ki, sən peyğəmbərlərin ən üstününün övladı, möminlər sərvərinin və təqva köməyinin, hidayət sülaləsinin oğlusan. Sən “Kisa” əshabının beşincisi, rəhbərlər ağasının və xanımlar xanımı Fatimənin (ə) oğlusan. Niyə də belə olmasın! (bütün şərafət və üstünlüyə malik olduğun halda). Halbuki, peyğəmbərlərin sərvəri öz əli ilə sənə yemək verib, təqvalıların qucağında boy atmısan, iman döşündən süd içmisən və İslama etiqadla süddən kəsilmisən. Sən pak yaşadın, pak da dünyadan getdin. Fəqət, möminlərin qəlbi ayrılığından asudə deyil, halbuki sənin üçün ali məqamın olduğuna şübhə etmirlər. Allahın salamı və rizvanı sənin üzərinə olsun və (mən) şəhadət verirəm ki, (haqqın müdafiəsi yolunda şəhid olan) qardaşın Yəhya ibn Zəkəriyyanın yolu ilə getdin”.
Sonra gözlərini (gözləri görən adam kimi) qəbrin ətrafında gəzdirdi və (digər şəhidlərə müraciətlə) dedi:
“أَلسَّلامُ عَلَيْكُمْ أَيُّهَا الاْرْواحُ الَّتي حَلَّتْ بِفِناءِ الْحُسَيْنِ، وَأَناخَتْ بِرَحْلِهِ، أَشْهَدُ أَنَّكُمْ أَقَمْتُمُ الصَّلاةَ، وَآتَيْتُمُ الزَّكاةَ، وَأَمَرْتُمْ بِالْمَعْرُوفِ، وَنَهَيْتُمْ عَنِ الْمُنْكَرِ، وَجاهَدْتُمُ الْمُلْحِدينَ، وَعَبَدْتُمُ اللهَ حَتّى أَتاكُمُ الْيَقينُ”
“Salam olsun, Hüseynin hüzuruna enən və kənarında rahatlaşan ruhlara! Şəhadət verirəm ki, sizlər namazı dirçəltdiniz və zəkatı ödədiniz, yaxşılığa dəvət edib pislikdən çəkindirdiniz. Allahsız və dinsizlərlə döyüşdünüz və son nəfəsinizədək Allaha ibadət etdiniz!”.
Ardınca bunları dedi: “Muhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz, siz şəhidlərin daxil olduğu yolda şərikik”.
Bunu eşidən Ətiyyə təəccüblə soruşdu: “Biz necə onlarla (döyüş və şəhidlikdə) şərikik, biz (Hüseynə (ə) yardım üçün) nə eniş-yoxuş keçdik və nə də qılınc çaldıq, halbuki bunların başları bədənlərindən ayrılıb (və şəhadətə çatıblar) və övladları yetim, qadınları ərsiz qalıb"?!
Cabir cavabında dedi: “Ey Ətiyyə! Dostum Rəsulullahdan (s) eşitmişəm ki, buyurub: “Hər kim bir dəstəni sevsə, Qiyamət günü onlarla məhşur olacaq və hər kəs bir dəstənin əməlini sevsə, onların əməlində şərikdir”. Muhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, (əgər mən zəiflik və çarəsizlikdən İmam Hüseynin (ə) kənarında olmadımsa da,) mən və dostlarımın niyyət və istəyi, İmam Hüseyn (ə) və dostlarının getdiyi yoldur”.6
Peyğəmbərin (s) böyük səhabəsi Cabirin “Ərbəin”də (İmam Hüseynin (ə) qırxı günü) İmamın (ə) və digər şəhidlərin pak qəbirlərini ziyarət üçün Kərbəlaya gəlişi, əslində o boğucu abü-havanı aradan qaldırmaq və hüseynçi zəvvarlar üçün yolu açmaq məqsədi güdürdü. Bununla da öz əzəmətli ziyarətləri ilə Aşura bayrağını Kərbəlada dalğalandırmış, şəhidlərin xatirəsini əbədi yaşatmış və bu yolla düşmən əleyhinə geniş miqyaslı mübarizəni başlamış olsunlar.
Bundan əlavə bu böyük səhabənin ziyarəti, İslam təlimlərinin həqiqətini yanlış dərk edərək Allah dostlarının ziyarətini haram bilən nadanlara bir cavabdır, bir dərsdir. Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi, Höccətül-İslam Səid Davudi və Höccətül-İslam Mehdi Rüstəmnejad
Hazırlayan: Seyid Azər Əhmədoğlu


1. “Əl-İsabə”, c. 4, səh. 162 (Abdullah ibn Əmr ibn Həramın tərcümeyi-halı)
2. Həzrət Məhəmmədin (s) şəxsən iştirak etdiyi döyüşlərə “Qəzvə” deyilir.
3. “İstiab”, c. 1, səh. 219; “Dairətul-məarifiş-şiiyyətul-ammə”, c. 7, səh. 70; “Möcəmu ricalil-hədis”, c. 4, səh. 11; “Əyanuş-şiə”, c. 4, səh. 47
4. Şeyx Tusi öz “Rical” kitabında Ətiyyə Ovfini Əmirəl-möminin Əlinin (ə) səhabələrindən hesab edir. O, Həmdan qəbiləsindən olmuş və təfsir mövzusunda bir kitabın müəllifidir. O özü deyir: “Mən Quranı təfsiri ilə yanaşı üç dəfə İbn Abbasa təqdim etdim, Quran qiraətini isə on yeddi dəfə yanında oxumuşam”. Müraciət üçün: “Səfinətul-bihar”, (Ətiyyənin tərcümeyi-halı)
5. Başqa bir nəqlə əsasən, ilk öncə o, üç təkbir dedi, sonra ziyarətnamə oxudu. (Müraciət üçün: “Biharul-ənvar”, c. 98, səh. 329)
6. “Biharul-ənvar”, c. 65, səh. 130, hədis 62.

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!