İCTİMAİ HƏYATIN BƏLALARINDAN QORUNMA YOLLARI

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
A) QƏZƏBDƏN QORUNMA
Həzrəti Əli (ə) öz vəsiyyətnaməsinin davamında ictimai bəlalardan qorunma yollarını göstərir: “Bəyənilmiş əxlaqla özünü dünyadan (insanlardan) qoru.” Bəli, ictimai həyatın bəlalarından qorunmaq üçün insan öz əxlaqını islah etməli, xoşrəftarlı olmalı, qəzəbini udmalıdır.

Şübhəsiz ki, ətrafdakılarla xoş rəftar əxlaqi bir qaydadır. Təkcə xoşrəftarlı insanlarla mülayim rəftar etmək tapşırılmışdır. Əksinə uyğun tövsiyə pisrəftarlı insanlarla münasibətdə daha işləkdir. Bu tövsiyə əvvəlki “ona cəza arzulama” tövsiyəsinə oxşayır. Əlbəttə ki, başqalarının pis rəftarı insanda qəzəb doğurur. Qarşı tərəfin kobud münasibəti insanın əhvalına soğan doğrayır. Bu qəbil rəftarlar müqabilində səbirli olmaq çətindir. Əgər qəzəbi udmaq çətindirsə, demək, pis rəftara mülayim cavab vermək ondan da çətindir.
Qəzəbi udmaq olduqca müşkül məsələdir. Amma bu iş çətin olduğu qədər də faydalıdır. Əgər insan ictimai zərər və təhlükələrdən amanda qalmaq istəyirsə, öz qəzəbini udmağa çalışmalı, bu işə vərdiş etməlidir. Yalnız bu yolla başqalarının pis rəftarına cavab verilsə, bir çox faydalar əldə olunar. Həzrət (ə) buyurur: “Qəzəbini az-az ud, mən axırı bundan şirin bir qurtum içmədim və ondan dadlı bir sonluq görmədim.” Həzrət (ə) qəzəbin udulmasını şərbət içilməsinə oxşadır.
Sözsüz ki, içilən şeylərin hamısı eyni dadda olmur. Bəzi şeylər şərbət kimi şirin, bəziləri isə dərman kimi acıdır. Amma Əli (ə) məktəbinin davamçıları unutmamalıdırlar ki, bu məktəbin ən şirin şərbəti qəzəbin udulmasıdır.
Əliyə (ə) ardıcıl olmaq istəyənlər öz mövlalarının öyüdünü aram-aram təcrübədən keçirməlidirlər. Əli (ə) davamçısı hökmən özünü bu xislətlə bəzəməlidir. Əgər başqalarının yersiz hərəkətləri qarşısında qəzəbimizi uda bilsək, nəsibimiz elə bir şadlıq və ləzzət olacaq ki, əgər bizi qəzəbləndirən şəxsə ən sərt şəkildə cavab versəydik, belə bir şadlıq və ləzzət duymazdıq.
Digər bir tərəfdən pis rəftarla cavab verməyin də öz bəlaları var. Hər pis rəftara pis cavab versəniz, bir çox problemlərlə üzləşə bilərsiniz. Qəzəbi udmaq zahirən çox çətin olsa da, onun böyük ləzzətləri vardır. Pisliyə qəzəblə cavab verməyin nəticəsini səbirlə cavab verməyin nəticəsi ilə müqayisə etməyə dəyməz. Bu iki fərqli əməlin olduqca fərqli nəticələri vardır. Qəzəbini uda bilən insan misilsiz bir ləzzət duyur. Hansı ki, qəzəbə qəzəblə cavab verməyin sonluğu olduqca acı ola bilər. Həzrət (ə) nəzərimizə çatdırır ki, buyurduğu öyüdlər sadəcə əxlaqi bir nəsihət deyil. Bu münasibətlərin şəxsən təcrübədən keçirildiyi nəzərimizə çatdırılır. Həzrət (ə) “bundan şirin bir qurtum içmədim” deməklə, öz şəxsi təcrübəsinə istinad edir. Belə bir üsulda müraciət insanı həvəsləndirir ki, sən də bunu təcrübədən keçir və ləzzətini duy.

B) DOSTLUQ ƏLAQƏLƏRİNİN QORUNMASI
İctimai həyatda şübhələrin yaranması adi bir haldır. İnsan öz ətrafındakılarda, hətta dostlarında şübhəli rəftarlar müşahidə edirsə, bu şübhələr ictimai həyatın bir növ zərurətlərindəndir. Şübhəli rəftarları müşahidə edən hər bir insan qarşı tərəf haqqında pis fikrə düşüb bədbin olarsa və bu şübhələr əsasında hərəkət edərsə, cəmiyyətdəki bütün dostluq əlaqələri qırılar. Şübhələr əsasında hərəkət edilsə, dost və yoldaş tapmaq problemə çevrilər. Çünki insan daim şübhəli hallarla üzbəüzdür və belə şübhələrin yaranması üçün daim şərait vardır. Hansı ki, ictimai rabitələrdə, ətrafdakılarla ünsiyyətdə qarşı tərəfin düzgün və xoş niyyətlə hərəkət etdiyi əsas götürülməlidir. Hətta qarşı tərəfdən şübhəli hərəkətlər müşahidə etdikdə, bu hərəkətləri düzgün saymalı, yaxşılığa yozmalıyıq. İnsan imkan daxilində cəmiyyətin bütün üzvlərinin hərəkətlərini müsbət qəbul etməlidir. Şübhəyə düşdükdə dostluq əlaqəsini kəsməyin, bədbin olmayın, əksinə vəziyyəti diqqətlə araşıdırıb, həqiqəti tapmağa çalışın. Hətta məlum olsa ki, qarşı tərəf səhvə yol verib və məqsədi pislik olub, yenə də ona pisliklə cavab verməyin. Qarşı tərəfin səhvini düzəltməyə çalışın.
Dostdan bircə dəfə şübhəli hərəkət müşahidə etməklə belə bir qərara gəlməyin ki, o sizinlə əlaqəni kəsmək fikrindədir və ya sizə xəyanət etmək məqsədi var. Şübhələrə əsaslanaraq dostluq rabitələrini qırmaq olmaz. Hətta əmin olduqda ki, qarşı tərəf dostluğu pozmaq fikrindədir və bu fikirlər sizə xəyanət etmişdir, yenə də qəti qərar çıxarmağa tələsməyin. Əksinə elə bir şərait yaratmağa çalışın ki, o öz qərarını dəyişsin. Dostunuza səhvini başa salmağa çalışın. Söhbət, nəsihət, istənilən münasib bir üsulla onu səmimi dostluğun davamına çağırın. Sizin belə rəftarınız, ehtimal ki, onu peşman edər və o öz səhvlərini aradan qaldırmağa çalışar. Yox, əgər bütün bu tədbirlər fayda verməsə, o, inadkarlıqla düşmənçiliyi davam etdirsə, artıq bu dostdan uzaqlaşmaq vaxtı çatmışdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!