İFTİRA və BÖHTAN

:

İFTİRA VƏ BÖHTANIN MƏNASI
Bir nəfərin etmədiyi pis bir işin ona nisbət verilməsinə böhtan, yaxud iftira deyilir. Böhtan ən böyük günahlardan biri hesab olunur. Böhtanın böyük günah olmasına həm Qurani-kərimdə, həm də Peyğəmbər (s) və imamlardan yetişən hədislərdə sübutlar vardır.

Allah-taala “Nəhl” surəsinin 105-ci ayəsində buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdılar”. Həmçinin, “Hucurat” surəsinin 12-ci ayəsində buyurur: “...Bir-birinizin qeybətini etməyin”.
Bu ayələrdən və bir çox hədislərdən məlum olur ki, həm yalan, həm də qeybət böyük günahlardandır. Böhtan və iftirada həm yalan, həm də qeybət vardır. Başqa sözlə desək, böhtan və iftiranın tərkibi yalan ilə qeybətdən ibarətdir. Böhtan deyən adətən, haqqında danışdığı şəxsin yoxluğunda danışır ki, bu da qeybətdir. Əlavə olaraq, olmayan hadisənin onun ünvanına dediyi üçün yalan danışmış olur. Deməli, böhtan ikiqat günahdır. Qurani-ərimin “Nur” surəsinin 3-cü ayəsindən 21-ci ayəsinə qədər iftira və böhtan şiddətlə pislənmişdir.

BÖHTAN HAQQINDA HƏDİSLƏR
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Kim mömin kişi və ya qadın haqqında böhtan desə və o mömində olmayan bir hərəkəti onun haqqında söyləsə, Allah onu Qiyamət günü bir od yığımının üzərində saxlayar, o vaxta qədər ki, dediyinin öhdəsindən gəlsin”.
İmam Sadiq (ə) buyurur: “Kim mömin qardaşına iftira yaxsa, duz suda həll olduğu kimi, iman da onun qəlbində əriyib yox olar”.

BÖHTAN VƏ İFTİRANIN NÖVLƏRİ
1. Böhtan və iftiranın ən pis növü, Allaha iftira yaxmaqdır. Quranın “Səff” surəsinin 7-ci ayəsində belə buyurulur: “İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun Peyğmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər? Allah zalim qövmü doğru yola yönəltməz”.
2. Peyğəmbər və imamlara böhtan demək. Böhtanın bu növü də Allaha deyilən böhtan kimidir. Çünki “Əhzab” surəsində Peyğəmbərin Əhli-beyti pak hesab olunur və “Nəcm” surəsində Peyğəmbərin (s) bütün dediklərinin sırf vəhy olduğu bildirilir. Deməli, hər hansı peyğəmbər və ya imama böhtan demək, elə Allaha böhtan deməkdir.
3. Müsəlmanlara böhtan demək. Böhtanın bu növü üç hissəyə ayrılır:
a) Böhtançı, ünvanına böhtan dediyi şəxsin həmin işi etməsini dəqiq bilmir və güman edir ki, o kəs bu işi edib.
b) Böhtançı bilir ki, ünvanına böhtan dediyi şəxs o işi görməmişdir və qərəzli şəkildə böhtan deyir.
c) Böhtançı cinayəti özü törədib, lakin onu kiminsə boynuna ataraq, ona iftira yaxır. Bu növ, böhtanın ən çirkin növlərindəndir. “Nisa” surəsinin 112-ci ayəsində buyurur: “Kim bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar. (Günah üstündən günah qazanar)”.
Böhtan danışarkən bir məsələni də xatırlatmaq lazımdır ki, hətta kafirə belə böhtan demək haramdır. Kafir də insandır. Onu da Allah yaratmışdır. Onun kafirliyi öz yerində, lakin kimsə öz günahını həyasızcasına bir kafirin boynuna ataraq ona böhtan desə, təbii ki, haram iş tutmuş olar. Bu məqamda artıq müsəlman-kafir mövzusu yox, insanın şəxsi keyfiyyətləri nəzərə alınır. Neçə növ haram vardır ki, yüksək insani keyfiyyətlər nəzərə alınaraq haram hesab olunur. Məsələn, əmanətə xəyanət, haqsızlıq və o cümlədən, böhtan.
Qeyd etməliyik ki, böhtan çox zaman bədgümanlıqdan və eyb axtarmaqdan əmələ gəlir. Kiminsə haqqında bir söz eşidib düzgün olub-olmadığının fərqinə varmadan o şəxsi ittiham etmək çox böyük haqsızlıqdır. Böhtan öz-özlüyündə nifrətə layiq əməldir. Deməli, böhtan deyilib başa çatana qədər aşağıdakı günahların da baş verməsi üçün şərait yaranır:
1. Müsəlmana bədgüman olmaq.
2.Yalan.
3. Zülm.
4. Qeybət.
Yeri gəlmişkən, böhtan Allahın haqqı olan günahlardan deyil ki, onu Allah bağışlasın. Bir az ətraflı desək, günah iki növdür, biri bilavasitə Allaha qarşı edilən günah, məsələn, namaz qılmamaq, digəri isə insanlara aid olan günah. Yəni, burada günah Allaha qarşı deyil, hansısa bir şəxsə qarşı olunur. Məsələn, bir nəfərin başqa bir şəxsə böhtan deməsi. Birinci növ bilavasitə Allahın Özünə aid olduğundan onun bağışlanılması da Allahın Öz işidir. İkinci növdə isə, haqqında günah olunmuş şəxs günah edəni bağışlamayınca, Allah da bağışlamaz. Böhtan və iftira da insanların haqqındadır. Ünvanına böhtan deyilən kəs bağışlamasa, Allah da bağışlamaz. İslam yolunda şəhid olan döyüşçünün qanının ilk damlası yerə düşən kimi, onun bütün günahları Allah tərəfindən bağışlanır. Lakin hədislərdə deyildiyi kimi, insanların haqqı bağışlanmır. Çünki bu haqq, Allahdan əvvəl bəndələrin haqqıdır. Ona görə də son dərəcə ehtiyatlı olmaq lazımdır. Xüsusilə, qadın və qızlar haqqında deyilən böhtan böyük fəlakətə səbəb ola bilər. Bu zaman bir qız ömrünün sonuna qədər ailədən məhrum ola bilər. Yaxud bir ailə dağıla bilər. Hədirlərdə deyilir ki, bir boşanma baş verdikdə, Allahın ərşi titrəyir. Bir böhtan deməklə, bir insan ömürlük xalqın gözündən düşərək ləkələnə bilər. Odur ki, müqəddəs İslam dinimiz bu məsələyə həddindən artıq diqqətlə yanaşmışdır. Qurani-kərimdə deyilir ki, kimsə hər hansı cinayətə ittiham olunursa, iddiaçı dörd ədalətli və xalq arasında doğruluqda tanınan müsəlmanı şahid gətirməlidir. Əks təqdirdə, iddiaçı-böhtançı şəxs kimi cəzalandırılmalıdır.

MÖMİN KƏBƏDƏN QİYMƏTLİDİR
Böhtan deyən şəxs bilməlidir ki, möminin dəyər və qiyməti müqəddəs Allah evi və müsəlmanların qibləsi olan Kəbədən daha artıqdır. Peyğəmbərin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsari deyir: “Peyğəmbər (s) bir dəfə Kəbəyə nəzər salıb buyurdu: Afərin sənə. Nə qədər əzəmətli və hörmətəlayiq evsən! (Lakin) and olsun Allaha ki, Onun dərgahında möminin hörməti, sənin hörmətindən daha çoxdur. Çünki sən yalnız bir xüsusiyyətə görə möhtərəmsən. (Ətrafında qan tökməyin haram olduğuna görə). Mömin isə üç xüsusiyyətə əsasən möhtərəmdir.
1. Möminin qanını tökmək haramdır.
2. Onun mülkünə təcavüz etmək haramdır.
3. Ona bədgüman olmaq haramdır.
Əgər mömin haqqında pis fikrə düşmək haramdırsa, gör onda möminə qara yaxmağın və böhtan deməyin günahı nə qədər böyükdür?!

BÖHTANDAN UZAQLAŞMAĞIN YOLLARI
Böhtandan və kiməsə iftira yaxmaq kimi çirkin mənəvi xəstəlikdən xilas olmaq təbii ki, ilk növbədə Allahın köməyi və insan iradəsinə bağlıdır. Lakin iradəni möhkəmlətmək üçün hər bir mömin bəzi məsələləri nəzərə almalıdır. Əgər müsəlman bir kişi və ya qadın bu dünyaya nə üçün gəldiyini, vəzifəsinin nədən ibarət olduğunu həmişə diqqət mərkəzində saxlasa, nəinki böhtan deməz, ümumiyyətlə heç kim haqqında pis fkirləşməz. Həzrət Peyğəmbərin (s) Əliyə (ə) buyurduğu nəsihətlərində bu cümləni oxuyuruq: “Ya Əli! Hamı başqalarının eybilə məşğul olduğu zaman, sən öz eybinlə məşğul ol”...
Əgər kim belə düşüncələrlə öz həyatını tənzimləsə, insanlar nəinki, böhtan və digər günahları etməz, hətta kamilliyin ən yüksək pilləsinə qədər yüksələrlər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Üç xislət vardır ki, onlardan biri kimdə olsa, o Allahın sayəsindən başqa heç bir pənah yeri olmayan Qiyamət günündə ilahi rəhmətin sayəsində daldalanacaq:
1. Başqalarından özünə qarşı gözlədiyi rəftar ilə başqaları ilə münasibətdə olan adam.
2. Bütün əməllərində Allahın razılığını və qəzəbini əsas götürən adam.
3. Öz eyibini islah etməyincə, başqasında eyib aramayan şəxs. Çünki şübhəsiz, insan özünün bir eyibini düzəldən kimi, digər bir eyibi üzə çıxır. Beləliklə, insan daim özü ilə məşğul olur. Başı özünə və öz əxlaqına qarışan insan təbii ki, başqalarının eyibi barəsində fikirləşməyə macal tapmaz”.
Nəticədə, böhtana şərait yaradan bədgümanlıq və eyib aramaq kimi günahlar əmələ gəlməz.
Böhtan deyən şəxs öz nüfuzunu cəmiyyətədə puç edir. Bütün bunlar barəsində düşünməyi bacaran şəxs rahatcasına böhtan demək kimi mənfur xislətdən yaxa qurtara bilər.
Allah-taala müsəlmanları böhtançılardan və böhtançılıqdan uzaq etsin!

İstifadə olunmuş ədəbiyyat:
1. Quranı Kərimin tərcüməsi Professor V. Məmmədəliyev, akademik Z. Bünyadov.
2. Biharul-ənvar.
3. Üsuli-Kafi.
4. Xisal.
5. Böyük günahlar (Müəllif: Ayətullah Şəhid Dəstiğeyb)

Hazırlayan: Təkamül Tərcümə Mərkəzi

 

Tags: QURAN, HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!