DOSTLUĞUN SƏRHƏDDİ VƏ SƏMİMİYYƏT ÖLÇÜSÜ

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
Bu nəsihətlərin məqsədlərindən biri də bizi qəflət yuxusundan oyatmaqdır. Çünki bir çox hallarda biz bu işlərdən qəflətdə qalırıq. Amma çoxları bu məsələlərdən xəbərdardır.

Bu nəsihətlərin əksəriyyətinin qayəsi düzgün təsəvvür olunsa, hər kəs anlayar ki, məsələ Əmirəlmömininin (ə) buyurduğu kimidir və heç bir dəlilə ehtiyac qalmaz. İnsanlar gözəl bilirlər ki, əmanətə xəyanət etmək olmaz. Əmanətə xəyanət çirkin bir işdir və bu həqiqəti hamı başa düşür. Demək, bu nəsihətlərdə əsas məqsəd bizim bu məsələlərə çox vaxt diqqətsiz olmağımız və ya onlara münasibətdə ifrata və təfritə varmağımızdır. Məsələn, Həzrət (ə) buyurur ki, dostun varlığı insan üçün bir zərurətdir. İnsan özünə dostlar seçməli və onlarda həm dünyəvi, həm də dini işlərində istifadə etməlidir. Bu dostlarla səmimi olmaq lazımdır. Bəziləri bu məsələyə münasibətdə ifrata düçar olurlar, bəziləri isə təfrit yolunu gedir, dostluq məsələlərinə bir o qədər də ciddi yanaşmırlar. Bəziləri dostluqda sərhəd tanımır, bütün sirlərini açır. Onların dostluq rabitələri bir o qədər də möhkəm olmadığından daim qorxu hiss edirlər.
Çox vaxt hansısa hadisələr ucbatından bu dostluqlar puça çıxıb gedir. Dostluğun düşmənçiliyə çevrildiyi hallar da olur. Belə hallarda dosta açılmış sirlər onun əlində vasitəyə çevrilir. Demək, sirrini açan şəxs uyğun dostluğun möhkəmliyini və səmimiliyini düzgün qiymətləndirməmişdir, ağlına gəlməmişdir ki, bir gün bu dostluq düşmənçiliyə çevrilə bilər.
Bəli, dostluq düşmənçiliyə çevrilən vaxt tərəflər bir-birlərinin sirrindən silah kimi istifadə edə bilərlər. Ona görə də, dost seçimində diqqətli olmaq tapşırılır, hətta buyrulur ki, bəzi sirlərinizi dosta da açmayın. İnsan ehtiyatlı olmalı, sirlərini hər adama etibar etməməlidir. Uzun müddət dostluqdan, dosta inandıqdan, onun vəfadarlığına əmin olduqdan sonra yalnız bəzi sirləri ona açmaq olar. Hansı ki, çoxları dostluğun başlanğıcında hələ qarşı tərəfin səmimiyyətinə əmin olmamış öz sirlərini açır. Bu məsələ olduqca incə bir nöqtədir.
Təəssüf ki, çox vaxt bu məsələdən qəflətdə qalırıq. Yalnız onun mənfi nəticələri ilə qarşılaşdıqdan sonra peşmançılıq çəkirik. Bir şəxslə dost olan zaman bu dostluğun şirinliyinə görə bütün sirləri faş etmək yanlış addımdır. Elə bilməyin ki, sirlərin açılması dostluğun şərtlərindəndir. Belə bir təsəvvür əqlə ziddir. Uzaqgörən insan heç vaxt belə bir hərəkətə yol verə bilməz. Eləcə də, dostluğu bildirmək üçün düzgün meyar seçmək lazımdır. Məhəbbət və dostluq həmin meyarlara görə qiymətləndirilməlidir. Hətta məhəbbəti bildirməyin də həddi, ölçüsü var. Əgər məhəbbəti ölçü-biçisiz açıqlamaq düzgün deyilsə, demək, sirlərin açılması kökündən yanlışdır və bu addım insanın həyatını puça çıxara bilər.
Aydındır ki, bu qaydalara riayət olunması düşmənçilik zamanı da zəruridir. Düşmənçiliyi bildirərkən insan qəlbindəki bütün kin-küdurəti açıqlamamalı, hansısa bir hədd gözləməlidir. Çünki bu halda qarşı tərəfin düşmənçiliyi elə güclənə bilər ki, təkrar dostluq üçün zərrəcə imkan qalmaz.
Bir sözlə, heç vaxt dosta məhəbbəti və düşmənə nifrəti ölçü-biçisiz açıqlamamalıyıq. İnsan həmişə öz məhəbbətinin və nifrətinin bir hissəsini qəlbində saxlamalıdır ki, gözlənilməz vəziyyət, peşmanlıq yarandıqda, tutduğu mövqedən geri çəkilə bilsin. İstənilən bir dəlillə düşmənçiliyə başladığınız vaxt ifrata varmayın ki, təkrar dostluğa yer qalsın. Bütün hallarda ehtiyatlı olmaq lazımdır. Dostla elə rəftar etməyin ki, bir gün bu münasibətlər pozulsa, o sizin sirlərinizdən istifadə edib, zərər vura bilsin.
Demək, istər dostluğa, istər düşmənçiliyə münasibətdə hədd gözlənilməli və münasibətlər dəyişəcəyi təqdirdə, yeni mərəhələyə keçmək üçün hazırlıqlı olmalıyıq.
Əmirəlmöminin (ə) buyurur: “Qardaşından qırılmaq, uzaqlaşmaq istəyəndə geriyə dönməyə yer qoy ki, bir gün həqiqət aşkar olsa, dostluğa qayıtmaq mümkün olsun.”
Təsəvvür edin ki, bir şəxslə uzun müddətdir dostsunuz. Amma elə bir məqam gəlib çatıb ki, onun təqvasız olduğu üzə çıxıb, artıq bu şəxslə dostluğu davam etdirmək fikrində deyilsiniz. Beləcə, qəlbinizdən dostluq hisslərini çıxarır və dostluq rabitələrini qırırsınız. Bəzən də iki nəfərin dostluğu yalnız dünya işləri üzərində qurulur. Ona görə də, onlar maddi zərər qorxusu olduqda, bu dostluğu dərhal pozurlar. Həzrət Əli (ə) buyurur ki, dostunuzdan ayrılmaq istədiyiniz vaxt elə rəftar etməyin ki, yenidən dostlaşmaq mümkünsüz olsun. Geriyə dönüb dostluğu bərpa etmək üçün yol qoymaq lazımdır. Dostdan ayrılarkən dostluq körpülərini uçurmayın. Olsun ki, bir gün bu körpülərlə əvvəlki dostluğa qayıtmaq istəyəsiniz. Az olmur ki, insan pozulmuş dostluğu bərpa etmək istəyir. Ona görə də, bütün dostluq və məhəbbət yollarını birdəfəlik bağlamayın.

İTTİHAM MÖVQEYİNDƏN ÇƏKİNMƏK
İctimai həyatda mühüm məsələlərdən, ünsiyyət qaydalarından biri də ittihamçılıqdan çəkinməkdir. İnsan ictimai həyatda və başqaları ilə münasibətdə pis fikir doğura biləcək şəkildə rəftar etməməlidir. Ölçü-biçisiz hərəkətlər çox vaxt ətrafdakıların ittihamına səbəb olur. İnsan yalnız Allahın razılığını düşünməklə yanaşı, başqalarında şübhə yaradacaq hərəkətlərə də yol verməməlidir. Diqqətli olmalıyıq ki, “xalqın mühakiməsi” ilə “xalqın razılığı” məfhumları arasındakı fərqi görə bilək. Pis fikir, bədbinlik, sui-zənn xalqın mühakiməsi nümunələridir. İnsan başqalarının yersiz mühakimə yürütməsinə şərait yaratmamalıdır. Bununla yanaşı, başqalarının razılığı üçün çalışmamalıyıq. Yalnız Allahın razılığını qazanmaq istəyənlər düzgün yoldadırlar. Bəzən insanların istəyi Allahın istəyindən fərqlənir. İnsanlar bəzən yersiz mühakimələr yürüdür, nahaq tərif və nahaq ittihama cəhd edirlər.
Demək, insan öz əməlləri ilə xalqın diqqətini cəlb etməyə çalışmamalı, eyni zamanda, ehtiyatlı olmalıdır ki, xalq ona münasibətdə bədbin olmasın. Yəni xalqın razılığı üçün çalışmamaq ayrı bir məsələdir, bədbinliyə şərait yaratmamaq isə başqa bir məsələ. Allahın razılığını qazanmaq bütün hallarda zəruridir. İnsan daim düşünməlidir ki, onun hərəkətləri Allahın razılığına uyğundur, yoxsa yox? Bu mövzunu açıqlayan rəvayətlər çoxdur. Olsun ki, bu rəvayətlərin arasında diqqəti ən çox cəlb edən imam Baqirin (ə) Cabir ibn Yəzid Cöfiyə buyruğudur. Bu rəvayəti əvvəlki söhbətlərimizdə xatırlamışdıq. Əməl və rəftarlarımızı dəyərləndirmə ölçüsü xalqın münasibət yox, Allah-taalanın mühakiməsidir. Xalqın rəyi dəyər ölçüsü olmamalıdır. İnsan öncə Allah-taalanın, sonra isə Peyğəmbər (s) və Əhli-beytin (ə) buyruqlarını rəhbər tutmalı və bu göstərişlər əsasında öz əməllərini qiymətləndirməlidir.
Xalqın razılığı ardınca qaçmağa dəyməz. Əslində belə bir əməl bir növ şirkdir. Şirk Allaha şərik qoşulmasıdır. Bizə tapşırılan isə xalqın sözünü əsas götürmək yox, xalqın yersiz ittihamları üçün şərait yaratmamaqdır. İnsan öz həmnövlərinin tərif və təşəkkürünü qazanmaq fikrində olmamalıdır. Mömin və müvəhhid şəxs hər zaman öz işlərində Allahın razılığı intizarında olmalıdır. Əgər bir şəxs Allahın razılığını qazana bilsə, insanların qəlbini ondan razı salmaq Allah üçün çətin deyil. Qurani-Kərimdə oxuyuruq: “Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Allah-taala qəlblərdə bir sevgi yaradacaqdır.” (“Məryəm” surəsi, ayə: 96)
Mömin insan öz işlərində xalqın razılığını gözləməməli, daim Allahın razılığı intizarında olmalıdır. Allah-taala qəlblərə hakimdir və lazım bildiyi vaxt bir bəndəsinin məhəbbətini başqalarının qəlbində yerləşdirir. Eləcə də, mömin öz ölçü-biçisiz rəftarları ilə özünə qarşı bədbinlik yaratmamalıdır. İttihamlar, sui-zənnlər, bədbinliklər üçün şərait yaradılmaması xalqın razılığını düşünmək deyil.
Həzrətin (ə) bu kəlamının dərinliyindən, eləcə də, əlaqədar ayələrin əsil mahiyyətindən xəbərsiz olanlarda yanlış təsəvvür yaranır. Onların nəzərincə, nəfslə mübarizə başqalarının qınacağına səbəb olan bir işdir. “Məlamətiyyə” adlı bu sünni qrup güman edir ki, nəfs ilə mübarizə yolu xalq tərəfindən bəyənilməmək və pis tanınmaqdır. Onların fikrincə, belə bir iş Allaha yaxınlaşma səbəbidir. Nəfsin bu sayaq islah yolunu ilahi yol saymaq olmaz. Allah-taala öz mömin bəndəsinin cəmiyyət tərəfindən ittiham olunmasını istəməmişdir. İnsanların bir-birlərinə qarşı xoş münasibətdə olması ictimai həyatın zərurətlərindən və müsəlmanlıq ləyaqətlərindəndir. İlahi təlimlər və səmavi bildirişlər mömin şəxsə icazə vermir ki, özü öz əli ilə şəxsiyyətini alçaltsın, başqalarının bədbinliyinə səbəb olsun.

Kitabın adı: Əbədi öyüd

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!