DOSTLUQ və ÜNSİYYƏT ÜSULLARI

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
FAYDALI ÜNSİYYƏT ÖLÇÜSÜ
Aydın oldu ki, yalnız etidalı, orta həddi gözləməklə səadətə çatmaq olmaz. Sübut üçün qeyd etmək kifayətdir ki, yanlış yol tutmuş insan orta həddi gözləməklə həqiqi məqsədə çata bilməz. Yalnız hədəf düzgün seçildiyi vaxt etidal səmərə verir. Həyat yolunu düzgün seçmiş insan orta həddi gözlədikdə, müvəffəq olur. Əks-təqdirdə, xoşbəxtlikdən danışmağa dəyməz.

Doğru məqsədə tərəf hərəkət üslübu, yəni həmin etadal müəyyənləşdikdən sonra həyat məqsədini araşdırmaq vaxtı çatır.
İnsan və onun həyat məqsədinə münasibətdə ən azı iki baxış üzərində dayanmaq lazım gəlir. Birinci baxışa görə, insan çeşidli işlərin məcmusu, çoxməqsədli bir varlıqdır. Onun müxtəlif yönləri var. O, yeməli, geyməli, ailə-övlad ilə ünsiyyətdə olmalı, oxumalı, qazanmalı, dincəlməlidir. Guya, bu işlərin hər biri insan üçün məqsəd sayılmalıdır. Belə çıxır ki, insan bir yox, bir neçə mövcuddur və ya bir neçə mövcudun sintezidir. Hər halda, sadalanan işlər fərqlidir və bu işlərin hər birində orta hədd gözlənilməlidir.
Digər bir baxışa görə, insan vahid bir məqsəd üçün yaradılmış varlıqdır və yuxarıda sadalananlar həmin məqsədə çatmaq üçün bir vasitədir. İnsanın eyni vaxtda bir neçə məqsədə doğru hərəkəti məqbul sayılmır.
Bu iki baxışı daha yaxşı başa düşmək üçün nəzərinizdə çoxsimli bir məftil canlandırın. Məftildəki ayrı-ayrı simlərin biri elektrik lampasını, digəri ventilyatoru, bir digəri isə ütünü enerji ilə təmin edir. Məftilə baxan insan düşünə bilər ki, bu məftil bir iş görür. Əslində isə o eyni zamanda bir neçə işlədicini qidalandırır. Doğrudanmı, insan da bu məftil kimi çoxməqsədlidir? Yoxsa onun bütün meyilləri eyni bir məqsədə xidmət edir?
Ayə və rəvayətlərə əsasən, insan cisim qəlibinə üfürülmüş ruhdur. Bu cisim ruhun tərəqqisi, onun müəyyən edilmiş hədəfə çatıb, maddi və mənəvi nemətlərdən qidalanması üçün bir vasitədir.
Bəs, bu hədəf nədir və haradadır? Həmin həddə çatanadək onun mahiyyətini bilmək olmur. Çünki o görünmədən bilinən məfhum deyil. Uyğun hədəfə çatmadan hətta ona ad da qoymaq mümkün olmur. Sadəcə, bilirik ki, həmin yer Allaha yaxındır və onu şərti olaraq, “qürbi-ilahi”, yəni “Allahın yaxınlığı” adlandırırıq. Hədəf “qürbi-ilahi”dirsə, söhbətimiz əbədi həyatı həqiqi sayan İslam baxışı əsasında davam edəcək, İslam mətnlərində “Allahın yaxınlığı” adlı bir ünvandan danışılır. Allah-taala Fironun arvadı Asyanın duasını belə nəql edir: “Ey Rəbbim! Behiştdə öz yanında mənim üçün bir ev tik...” (“Təhrim” surəsi, ayə: 11) Digər ayələrdə də oxşar ifadələr vardır: “(Müttəqilər) “Qadir hakim hüzurunda olacaqlar.” (“Qəmər” surəsi, ayə: 55); “Onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər.” (“Ali-İmran” surəsi, ayə: 169); “Onları öz Rəbbinin yanında əmin-amanlıq yurdu gözləyir.” (“Ənam” surəsi, ayə: 127) “Allahın hüzurunda”, “Rəbbinin yanında” təbirləri irfani təbirlərdir. Bu təbirlərdə işarə də vardır. Ali bir məqsədi başqa hansı təbirlə çatdırmaq olar? Yuxarıdakı ifadələr bizim dərk edə bilmədiyimiz ilahi məqama işarədir. Yalnız həmin məqama çatdıqdan sonra bu məfhumu dərk edəsiyik, inşallah!
Sonsuz ilahi nemətlərdən istifadə edən insan uyğun müqəddəs hədəfə üz tutmalı, hərəkətini həmin məqsədə doğru istiqamətləndirməlidir. İnsan öz daxilindəki meyillərdən düzgün istifadə edərək, onu məqsədə yaxınlaşdıran əməlləri müəyyənləşdirməlidir.
Düzgün üsulun seçimində meyar həmin üsulun təsir dərəcəsidir. Təkcə etidal – orta yol meyarı kifayət etmir. Biz nemətlərə, meyillərə münasibətdə etidal həddini bilmirik. Əgər orta həddin hansı hədd olduğunu dəqiq bilsəydik, onu əsas götürə bilərdik.

DOST SEÇİMİNDƏ ÖLÇÜ
Ünsiyyətdən başqa yol yoxdursa, ideal həyata aparan yol ictimai münasibətlərdən keçirsə, həyat yolunun cəhətini təyin etmək üçün vasitə tapmalıyıq. Əldə etdiyimiz qütbnüma – kompasla əvvəlcədən tanış olmaq lazım gəlir. Yalnız bu tanışlıqdan sonra onun vasitəsi ilə “Allaha yaxın məqam” cəhətini təyin edə bilərik. Məlum oldu ki, həyat məqsədi Allaha pərəstiş yoludur. Qurani-Kərimdə buyurulur: “Mənə ibadət edin, bu doğru yoldur.” (“Yasin” surəsi, ayə: 61)
Bəli, doğru yol Allahı hədəf seçmək, Ona doğru hərəkət etmək, Onun bəndəlik buxovunu taxıb, başqalarına pərəstişdən çəkinməkdir. Doğru yol budur və bütün başqa yollar onda sonuclanmalıdır. Başqaları ilə ünsiyyət də həmin yollardan biridir. Deyilən şərtlər daxilində yaradılan ünsiyyətlər insan üçün əsas, ideal məqsədə çatmaqda vasitə olur.
Deyilənlərdən aydın oldu ki, nə üçün yaxşı insanlarla ünsiyyət tövsiyə olunur. Çünki belə insanlarla yaxınlıq insana Allahı xatırladır, onu öz Rəbbinə yaxınlaşdırır. Yaxşı yoldaş həqiqət yolunda köməkçidir. Allahı unutduran, insanı həqiqətdən uzaqlaşdıran adamlarla ünsiyyət çox pisdir. Dost seçimində ən əsas ölçü məhz budur. Həzrət İsa (ə) öz həvarilərinə deyir: “O şəxslə yoldaş ol ki, onda üç sifət, xasiyyət var: onu görəndə Allah yadına düşür, danışığı elmini artırır, əməlləri səni axirətə həvəsləndirir.” (“Kafi”, c.2, səh. 39)
Həyat məqsədi, kamillik Allahla yaxınlıqdadırsa, demək, bütün işlərimizdə, istəklərimizdə həmin məqsədi əsas götürməliyik. Yuxarıdakı üç şərt bizə dost seçimində yol göstərir. İslam məktəbində həqiqi dostun ilk xüsusiyyəti onunla ünsiyyətin Allah zikrinə yaradıcı olmasıdır. Təqvalı insanın bütün söz və hərəkətləri Allahı xatırladır. Dostun ikinci xüsusiyyəti onun elm və agahlığı, boş söhbətlərdən çəkinməsidir. O, sizin məlumatınızı artırır, qaranlıq məsələləri işıqlandırır.
Dostdan öyrənilən insanı ilahi hədəfə yaxınlaşdırmalıdır. Beləcə, ideal dost o şəxsdir ki, onun siması Allahı xatırladır, danışığı elminizi artırır.
Hər bir şəxs başqaları ilə üç yolla əlaqə qurur: danışıq yolu ilə, üzbəüz dayanmaq və rəftarla. Həzrət Əli (ə) rəftarın təsiri haqqında buyurur: “Yaxşı dostun rəftarı sizi axirətə həvəsləndirir...” Daim axirət haqqında düşünən insan öz rəftarını həmin məqsədə istiqamətləndirir. Onun əqidəsi əməllərində əks olunur və sizdə müsbət təsir göstərir. Həmin rəftar insanda axirət səadətinə rəğbət oyadır. Qiyafəsindən günah və şər tökülən insandan dost olmaz. Belə insanlarla ünsiyyət yalnız şeytanı xatırlada bilər. Onlar yalnız ümidsizlik yaradır, qeybət edir, başqalarının nöqsanlarından danışırlar. Belələrinin ən yaxşı sözü dolanışıqdan, bahalıqdan, qıtlıqdan şikayətdir. Onlar dünya ləzzətləri ardınca qaçır, halal-haram bilmir. Hər vasitə ilə varlanmağa çalışan şəxsdən nə ibrət götürmək olar?! Onun düşüncələri əməllərində əks olunur. Bəli, o insanla dostluq, yoldaşlıq etmək olar ki, sənə ilahi hədəfə çatmaqda yardımçı olsun.
Bu ifadələrin oxşarını Əmirəlmöminin (ə) başqa bir tərzdə ifadə etmişdir. Həzrət (ə) yaxşı yoldaş haqqında tövsiyəsindən sonra buyurur: “İnsanın həyatda ən üstün faydalarından biri yaxşı dosta malik olmasıdır...”
Eyni məzmunda rəvayətlərdən birində həzrət Peyğəmbər (s) buyurur: “Əgər Allah-taala bir bəndəsinin yaxşılığını istəsə, ona saleh yoldaş nəsib edir ki, Allahı unutduğu vaxt həmin yoldaş Allahı ona xatırlatsın.” (“Biharül-ənvar”, c. 77, səh. 164)
Bu deyilənlər insanı yaxşı yoldaş tapmağa həvəsləndirir. Yaxşı yoldaşın qədrini bilib, onu qorumaq lazımdır. Yaxşı dost nadir incidir. Bir yaxşı dost tapmaq üçün uzun müddət axtarış aparmaq lazım gəlir. İdeal yoldaş böyük nemətdir və bu həqiqəti inkar etməyə dəyməz.
İnsanlardan kənarlaşıb, tənha yaşamaq fikri İslam dininə yaddır. Belə bir fikir insanın təbiəti, fitrəti ilə də uyuşmur. Allah-taala insanı insan üçün nemət yaratmışdır. Bizlər isə bəzən neməti əzaba çeviririk. İnsanlar öz axirət səfərlərində bir-birlərindən faydalanmalıdırlar. Ünsiyyət, yoldaşlıq bu yolda Allahın insanlara bəxş etdiyi böyük nemətdir. Həyatda yaxşı yoldaş qədər təsirli ikinci bir amil yoxdur. Gənclər, dostlar və ətrafdakıların təsiri altına daha tez düşürlər. Başqa təsirli amillər də mövcuddur. Alimlər dostun təsirini ağıza qoyulmuş loğmaya oxşadırlar. İnsan ağzındakı tikəni ləzzətlə çeynəyib, özündən xəbərsiz udduğu kimi, pis yoldaş da insanın yaxşı xüsusiyyətlərini ondan xəbərsiz asta-asta kamına çəkir. Əksinə yaxşı dost maddi və mənəvi sərmayələri insanın kamına axıdır. O, çətinlik çəkmədən öz yoldaşındakı çirkinlikləri aradan qaldırır. İnsan öz eyiblərini çətinliklə tanıya bilir. Bundan ötəri oxumaq, öyrənmək, diqqətli olmaq, xeyli düşünmək lazım gəlir. Amma yaxşı dostun gözəl sifətləri insana tədricən və maneəsiz sirayət edir. İnsanın yaxşı dost seçib, onunla ünsiyyətdə olması eyibləri aradan qaldırır, onu islah edir. Xasiyyət və ruhiyyədə zühur edən bu müsbət təsir olduqca əhatəlidir. Pis yoldaşın rəftarı da eyni dərəcədə sürətlə sirayət edir. Bütün bu səbəblərə görə, imamlar bizi pis insanlarla ünsiyyətdən çəkindirirlər. Bir rəvayətdə həzrət Əli (ə) buyurur: “Pis dostla yoldaşlıqdan həzər qıl. O, öz rəfiqini həlak və xar edər.” (“Mizanül-hikmə” c. 5, səh. 299)
Bir sözlə, heç bir nemət yaxşı dost mislində deyil. Yaxşı dost həm şirindir, həm insana müsbət təsir edir, yaxşı sifətlər yaradır, nöqsanları aradan qaldırır, həyat yolunda yardımçı olur, axirətə doğru hərəkətdə şövqə gətirir. İnsana nəsib olan ən üstün nemətlərdən biri saleh yoldaşdır. İnsan tanıdığı yaxşı insanlarla ünsiyyətə, yoldaşlığa can atmalıdır. Yaxşılardan olmaq istəyirsinizsə, onlara yaxınlaşın pislərdən olmaq istəmirsinizsə, pislərdən uzaqlaşın. Yaxşılarla ünsiyyət sizi yaxşılığa yaxınlaşdırası, pislərlə ünsiyyət sizi pisliyə sövq edəsidir!

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan
Ardı var ...

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!