QEYBƏT VƏ ONUN TƏRİFİ

:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

يا اَيُّهَا الَّذينَ امَنُوا... لا يَغْتَبْ بَعْضُكُمْ بَعْضآ اَيُحِبُّ اَحَدُكُمْ اَنْ يَأكُلَ لَحْمَ اَخيه مَيْتآ

“Ey iman gətirən şəxslər!... Bir-birinizin qeybətini etməyin. Siz ölmüş qardaşınızın ətini yemək istərdinizmi?” (“Hücurat” surəsi, ayə 12)

Hər zaman insanlar bir-birilə istər zəruri, istərsə də qeyri-zəruri olaraq ünsiyyət yaradır, fikirlərini bölüşürlər. Məlumdur ki, ünsiyyət prosesi dil vasitəsilə reallaşır. Məhz bu səbəbdəndir ki, insanlar özləri belə bilmədən qeybət, yalan, töhmət və digər bu kimi günahlara mübtəla olurlar. Buna görə də, insanların, mənşəyində dilin durduğu bütün günahları tanımaları, onlar haqda məlumatlı olmaları vacibdir.
Bu məqalədə dilin səbəb olduğu ən böyük günah hesab olunan qeybətlə bağlı ətraflı məlumat verilmiş, insanların, hətta özləri belə xəbərdar olmadan düçar olduqları bu ağır xəstəlikdən yaxa qurtarma yolları təqdim olunmuşdur. Onu da xatırladaq ki, söhbətə başlamazdan əvvəl insanların iki aspektdən – fiqhi və əxlaqi – araşdırılması daha zəruridir. Fiqhi baxımdan insanların zahiri rəftarları və bu rəftarlar üzərində cərəyan edən fiqhi qanunlar və hökmlər təhlil olunmuşdur. Qeyd olunan cərəyanlar insanın hər bir bədən üzvünə şamil oluna bilər. Necə ki, qeybət etmək və yalan danışmaq insanın dilinə aid olan haram işlərdəndir.
Etika aspektindən yanaşdıqda isə insanların rəftarları və daxili xüsusiyyətləri ilə qaynaqlanan hərəkətlərə əsaslanmışdır.

QEYBƏTİN TƏRİFİ
Din alimləri və fəqihlərin qeydlərində qeybətin mənası aşağıdakı şəkildə göstərilir:
“Bir şəxsin iştirakı olmadan onun nöqsan və eyiblərinin başqaları yanında dilə gətirilməsi qeybət adlanır.” Başqa sözlə, bir şəxsin xoşlamadığı sözləri onun olmadığı bir yerdə, həm də başqalarının qarşısında işlədilməsi “qeybət” adlanır.1

QEYBƏTİN BÖHTANLA FƏRQİ
Bir şəxsin layiq olmadığı nöqsanı istər öz yanında, istərsə də özü iştirak etmədiyi başqa bir yerdə və digər insanların yanında səsləndirilməsinə böhtan deyilir. Qeybət və böhtanla bağlı qeyd olunmuş şərhlər belə bir fikri ifadə etməyə əsas verir ki, bir şəxsin malik olduğu eybi onun arxasınca kiməsə danışmaq “qeybət”, bir insana aid olmayan nöqsanı ona şamil etmək isə “böhtan” hesab olunur. Xatırladaq ki, əgər bir insan başqa bir insana, həmin insanda olmayan qüsuru şamil edərsə, həm qeybət, həm də böhtan etmişdir. Bu zaman qeybət edən şəxs mütləq tövbə etməli və haqqında qeybət etdiyi şəxsdən halallıq almalıdır.
Əbuzər Qifari Peyğəmbəri-Əkrəmdən (s) qeybətin nə olduğu haqda soruşarkən, o həzrət (s) belə cavab vermişdir:

ذِكْرُكَ اَخاكَ بِما يَكْرَهُ. قُلْتُ: يا رَسُولَ اللهِ! فَاِنْ كانَ فيهِ الَّذى يُذْكَرُ بِهِ. قالَ: اِعْلَمْ اَنَّكَ اِذا ذَكَرْتَهُ بِما هُوَ فيهِ فَقَدِ اغْتَبْتَهُ وَ اِذا ذَكَرْتَهُ بِما لَيْسَ فيهِ فَقَدْ بَهَتَّهُ

“Qeybət – qardaşının xoşlamadığı sözü onun haqqında danışmaqdır. Dedim: “Ey Rəsulullah (s), əgər bu nöqsan şəxsin özündə varsa, onda necə?” Buyurdu: ”Əgər o nöqsan şəxsin özündə varsa və sən onu dilə gətirib başqalarının yanında deyirsənsə, qeybət etmiş, əgər o qüsur həmin adamda olmazsa, sən o şəxsə böhtan demiş olursan.”2
Bu haqda imam Sadiqdən (ə) belə bir dəyərli fikir mövcuddur:

اِنَّ مِنَ الغِيبَةِ اَنْ تَقُولَ فى اَخيكَ ما سَتَرَهُ اللهُ عَلَيْهِ و اِنَّ مِنَالْبُهتانِ اَنْ تَقُولَ فى اَخيك ما لَيْسَ فيه

“Həqiqətən də, Allah-Taalanın gizlətdiyi müsəlman qardaşımızın hansısa bir nöqsanını açıb kiməsə söyləmək “qeybət”, nöqsansız şəxsin qüsurlu olduğunu demək isə “böhtan” adlanır.”3

QEYBƏTLƏ TÖHMƏTİN FƏRQİ
Nəticə etibarı ilə xoşa gəlməyən və pis qarşılanan hər hansısa bir nöqsanı – eybi kiməsə ünvanlamaq “töhmət” adlanır. Bu tip mənfi yüklü düşüncə – töhmət bir şəxsin rəftarına və ya xarakterinə də aid oluna bilər. Qeybət isə hansısa bir şəxsin real zəmində malik olduğu eyib və nöqsanlarını onun arxasınca söyləməkdən ibarətdir.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. "Əl-Muhəccətul-bəyza”, Feyz Kaşani, 5-ci cild, səh. 255.
2. “Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 280, 16308-ci hədis.
3. Yenə orada, 12-ci cild, səh. 282, 16313-cü hədis.

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!