QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Qəlbini ədəblə pak və işıqlı et, necə ki, alovu odunla şölələndirirlər. Gecə odunçusu, sel üstə çör-çöp kimi olma! Nemətə qarşı nankorluq, naşükürlük alçaqlıqdır və cahillə yoldaşlıq bədbəxtlikdir.” (“Nəhcül-bəlağə”)

SAF QƏLB
Qəlbin qəmginlik, şadlıq, iztirab, əminlik kimi halları hər şeydən öncə insanın əməl və rəftarına təsir göstərir. Belə ki, rəftarı dəyişmək və onu islah etmək üçün ən yaxşı və ən yaxın yol qəlbi islah etmək sayılmışdır. Buna görə də, nəinki əxlaq alimləri, hətta hikmət sahibləri də qəlbə məxsus səciyyələrin təhsilini israr etmiş və onu ilahi maarifə yiyələnmək üçün müqəddimə, yol bilmişlər. Bu sətirlərdə də imam Əli (ə) kamal və tərəqqi mərhələlərini keçmək üçün şərt olan qəlb paklığını tövsiyə edir.
Həzrət Əli (ə) ilahi vəsiyyətin bu hissəsində buyurur: “Qəlbini ədəblə pak və işıqlı et, necə ki, alovu odunla şölələndirirlər.” Bu kəlamda insan qəlbi elə bir alova bənzədilir ki, ona baxan olmasa, sönəsidir. Əgər ona odun atılarsa, şölələnər. Necə ki, alovda olan işığın davam etməsi üçün oduna ehtiyac var. İnsan qəlbi isə ədəb vasitəsi ilə işıqlanır, güclənir. Alov odunla, qəlb isə ədəblə şölələnir. Bu yerdə, anoloji olaraq, qəlbin güclənməsi, öz əsərini büruzə verməsi üçün ona veriləsi şey “ədəb” kimi təbir olunur. Əlbəttə, ədəbin müxtəlif məna və işlənmə məqamları var. Onlardan bəzilərinə nəzər salacağıq.
“Ədəb” dedikdə, insanın gözəl rəftarına səbəb olan işlər nəzərdə tutulur. Yəni insana gözəl rəftarı öyrədən iş ədəb hesab olunur. “Təəddüb” kələməsi də “ədəb” əsasındadır. Demək, qəlbimizin şölələnmiş alov tək işıqlanmasını istəyiriksə, onu gözəl yolla və həkimanə rəftarla qidalandırmalıyıq. Əks-təqdirdə, qəlb öz fəallığını və işığını itirəsidir.

QƏLBİN QİDALANMA MƏNBƏSİ
Quran və rəvayət anlamında qəlb (ürək), adətən, sinənin sol hissəsində yerləşən orqan deyil. Qəlb dedikdə, dərk edən qüvvə, hiss və meyillərin mərkəzi nəzərdə tutulur. Əgər qəlbin təyinatını Qurani-Kərimdə araşdırsaq, onun ən azı iki xüsusiyyətini əldə edərik: birincisi, həqiqətləri dərk edir, nələrisə anlayır, görür; ikincisi, hissləri və meyilləri vardır, mərhəmət, bərklik, mehribanlıq, qəzəb kimi hallar ona aid edilir.
“Qəlb” sözünü fars dilində “del” sözü ifadə edir. Bu kəlmə nəsrdə, nəzmdə geniş şəkildə işlədilmişdir. Məsələn, “qəlbini pakla”, “qəlbin nurani olsun”, “qəlb mərifət xəzinəsi, məhəbbət evidir” dedikdə, sinədəki ürək orqanı yox, yuxarıda qeyd olunmuş xüsusiyyətlərə malik mərkəz başa düşülür.
Həzrətin (ə) uyğun kəlamına əsasən, qəlb insanın batinində şölələnməyə, işıqlanmaya, isinməyə, işıq saçmağa hazır olan bir qüvvədir. Amma bu fəaliyyətlər öz-özünə baş vermir. Enerji və qidalanma tələb olunur. Necə ki, insan orqanizmi, xüsusilə, uşaqlıq və gənclik dövründə inkişaf etmə qabiliyyətinə malik olsa da, öz-özünə inkişaf etmir, qidalanmaya ehtiyac duyur. Qəlb də, həqiqətləri dərk etmək, hissləri büruzə vermək hazırlığına malikdir, amma qidalandırılmalıdır, sağlam qida almalıdır. İnsan qəlbi işıq vermək üçün yanacağa ehtiyaclı çıraq kimidir. Elektrik lampasını işıqlandıran onun hansısa enerji mənbəyinə qoşulmasıdır. Həqiqətlərin dərkinə, hisslərin bəyanına hazırlığı olan insan qəlbi də yalnız sağlam qidalanma sayəsində fəallaşır. Qəlb zəruri enerji ilə təmin olunmalıdır ki, öz iki əsas işini görə bilsin. Enerji mənbəyi olmazsa, qəlb lampa kimi sönəsidir.
Həzrət Əlinin (ə) bu nurani kəlamından faydalandığımız digər bir nöqtə budur ki, qəlb atəşimizi həmişə işıqlı, həqiqətlərin qəbuluna hazır görmək istəyiriksə, qəlbimizi enerji verəcək işlərlə təmin etməliyik. Su və kül alovu artıra bilmədiyi kimi, qəlb enerjisini də hər iş təmin edə bilmir. Qəlbi onun odunu söndürən şeylərlə qidalandırıb, onun fəaliyyətinin artmasını gözləyə bilmərik. Qəlbə daxil olan hər şey, hər məlumat onun hisslərini gücləndirib, kamala çatdırmır. Nə çox zəhərli qidalar ki, qəlbdə fəsad və onun məhvinə səbəb olur, onun fəaliyyətini yavaşıdır.
Demək, qəlb onun kamilliyi və ilahiliyinə uyğun qidalarla təmin olunmalıdır. Bu qidalar onu inkişaf etdirməlidir. Buna görə də, qəlb üçün enerjili qidaları yaxşı tanımalıyıq. Qəlbə daxil olmaqla onun tərəqqisinə səbəb olan qidalar seçilməlidir. Bu qida Həzrətin (ə) “ədəb” adlandırdığı həqiqətdir. Ədəb dedikdə, insanın gözəl rəftarına, davranışına səbəb olan biliklər nəzərdə tutulur. İnsanın əldə etdiyi, qəlbində yer verdiyi biliklər onun gözəl rəftarına səbəb olmalı, yaxşı işlərin icrasında və pis işlərin tərkində ona kömək etməlidir. Əgər qəlb daim belə qidalarla təmin olunsa, ümid etmək olar ki, günü-gündən daha artıq şölələnəcək və öz kamilliyinə daha da yaxınlaşacaq. Amma qəlbi başlı-başına buraxıb, hər nə ilə gəldi qidalandırsaq, hissləri hansı vasitə ilə oldu həyəcanlandırsaq, təkamül ümidi boş bir düşüncə olacaq, qəlbin süqut amilləri get-gedə artacaq.
Demək, qəlbə ədəb təlimində ehtiyatlı olmalı, ona düzgün, faydalı, ibrətamiz məsələləri təqdim etməliyik. Hiss və meyillərə münasibətdə də ilahiliyi nəzərdə saxlamalı, şeytani istəklərin baş qaldırmasına yol verməməliyik.
Həzrət Əlinin (ə) vəsiyyətinin bu hissəsində faydalandığımız digər bir nöqtə idrak və hiss mərkəzi olan qəlbin daimi qidalanmaya ehtiyaclı olmasıdır. Bəzən güman edirik ki, əgər bir məsələni möhkəm dəlillər, nəqletmə, şahidlik yolu ilə bilmişiksə, artıq görüləsi iş qalmayıb. Məsələn, güman edirik ki, əgər bircə dəfə Allahın varlığın bilib, “əşhədu əlla ilahə illəllah” deməklə imanla gətiririksə, iş sona çatır. Əslində isə belə deyil. İşıqlanma üçün yanacaq və enerji təchizatına ehtiyac olduğu kimi, daimi işıqlanma üçün daimi yanacaq və daimi enerji təchizatına ehtiyac duyulur. İnsan qəlbi də eyni ilə bu cür daimi enerjiyə möhtacdır. Bir dəfə bilmək, sübuta yetirməklə iş başa çatmır. Bir məsələyə diqqət yalnız bir müddət az-çox təsirli ola bilər. Əlbəttə, mövzunun təsir müddəti onun nüfuz gücündən, insanı təsir altına alan müsbət və mənfi xarici amillərdən asılıdır.
Hər halda, insanın öyrəndiyi həqiqətin onun rəftarına təsiri məhduddur. Uyğun təsir qorunmasa, inkişaf etdirilməsə, qidalandırılmasa, sönüb yox olasıdır. Bir dəfə öyrənib, bir dəfə inanmaq ömrünün sonunadək kifayət etmir. İnsan öz əqidə və imanını qidalandırmalı, dəlillərini götür-qoy etməli, daimi özünə təlqin etməli, əqidəsini diri saxlayacaq işlər görməlidir.

QƏLBİN HALLARI
Həzrət oğlu Həsənə buyurur: “Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.” (“Nəhcül-bəlağə”)
Vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. Çünki insanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən ibarətdir. Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!