QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 5

:

QƏLB RAHATLIĞI
Həzrət (ə) buyurur: “(Ey oğlum, öz qəlbini) ölümü xatırlamaqla zəlil et, fənalığı etiraf etdir, Allah xofu ilə aram et, ona səbir libası geyindir, dünya faciələrini göstər, dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır.” (“Nəhcül-bəlağə”)

Qeyd olunduğu kimi, qəlbin iki mühüm vəzifəsi vardır: dərk və hərəkət mənşəyi olan meyillər. Əlbəttə ki, meyillər də öz növbəsində iki qismə bölünür. Meyillərin bir qismi Allaha, digər qismi şeytana istiqamətlənmişdir. Yəni qəlbdə həm ilahi, həm də heyvani meyillər ola bilər.
İnsanı hərəkətə gətirən onun qəlbindəki meyillərdir. Çünki bütün ixtiyari hərəkətlər səbəbə ehtiyaclıdır. Hərəkəti doğuran səbəb olmalıdır. Bəzən hərəkətə gəlmiş meyillər insanı müəyyən bir istiqamətə yönəldir. Beləcə, heyvani istəklər qələbə çaldıqda, qəlb coşur, heç vəchlə cilovlanmır. O, tüğyan qopararaq, təlim görməmiş at kimi öz sahibini yerə çırpır. Bəli, insan qəlbi bəzən vəhşi at kimi islah olmur. Heyvani istəklər, məqampərəstlik, cinsi ehtiras elə tüğyan qopara bilər ki, onları cilovlamaq mümkünsüz olar. Vəhşi ata süvar olmaq necə çətindirsə, coşmuş qəlblə də sağlam həyat tərzi yaşamaq müşküldür. Bəs, bu at necə cilovlanmalıdır? Tüğyan qoparmış qəlbi necə ram etmək olar?
Əgər nəfs və ya qəlb heyvani meyillər hesabına tüğyan qopararsa, onu ram etmək çətin olar. İnsanı özbaşına nəfsin bəlasından yalnız ölüm haqqında düşüncələr xilas edə bilər. Qəlbini ölüm haqqında düşüncələrlə sığallayan insan onu sakitləşdirər, ram edər. İnsan ölümü xatırlamalı, ömrün sona yetəcəyi barədə düşünməli, bugünkü gücünə uymamalıdır. Hər hansı yolla diqqətini ölümə yönəldən insan qəlb rahatlığı əldə edə bilər.
Bu sahədə nümunələr çoxdur. Hər birimiz təcrübədə belə nümunələrlə qarşılaşırıq. Məsələn, diqqətimiz bir işə cəlb olunduğu vaxt hansısa bir amil diqqətimizi həmin işdən ayıra bilir. Nəfs gözlənilmədən ram olur. Belə bir hal dünyəvi işlərdə də baş verir. Qəlbin ram olunmağı üçün isə ən yaxşı vasitə ölümü xatırlamaqdır. İnsan tezliklə dünyadan köçəcəyi barədə daim düşünməlidir. Ölüm fikri insanı üsyankar halətdən uzaqlaşdırır, qəlb aramlıq tapır. Bütün deyilənlər Həzrətin (ə) “qəlbini ölümü xatırlamaqla zəlil et” buyruğunun mahiyyətini açıqlayır.
“Zəlil” kəlməsi (“zəlul” – “ram”) “harın” kəlməsinin antonimidir. İstər “ram”, istərsə də “harın” kəlmələri atın sifətləridir. Əgər qəlb harınlıq edərsə, onu ölüm fikri vasitəsi ilə ram etmək olar.
Qəlbdə ölüm fikrini gücləndirmək üçün ona əbədi yaşamayacağını, bir gün öləcəyini, fəna olacağını daim xatırlatmaq lazımdır. Ona görə də, Həzrət (ə) sözünün davamında “ona fəna olacağını etiraf etdir” – deyə buyurur. Bəli, ömrün məhdudluğuna, dünyanın faniliyinə diqqət nəfsi ram edir.

ARXAYIN (“MÜTMƏİN”) QƏLB
Yaxşı bilirik ki, hətta ram olmuş at da bəzən süvarini narahat edir. Yəni cilovu süvarinin əlində olsa da, arabir şıltaqlıq edir. Demək, onu ram etdikdən sonra da iş qalır. Bu iş atı sakitləşdirmək, bir növ arxayınlaşdırmaqdan ibarətdir. İnsan da öz nəfsini ram etdikdən sonra onu sakitləşdirməlidir. Ona görə də, Həzrət (ə) sözünə belə davam edir: “Qəlbini Allah xofu ilə arxayınlaşdır.” Ram olmuş at arabir süvarini narahat etdiyi kimi, ram olmuş nəfs də insanı narahat edə bilər.
Demək, ram etməkdən əlavə sakitləşdirmək də lazımdır. Qəlbə ölümü xatırlatmaqla onu cilovlamaq, sonra isə Allah xofu ilə sakitləşdirmək lazımdır. Yalnız bu işlərdən sonra arxayınlıq əldə edilir. Qəlbdə Allah xofu nə qədər çox olarsa, o, bir o qədər arxayın, sabit qalar.
“Ölüm fikri ilə qəlbini ram et, sonra isə Allah xofu vasitəsi ilə onu sakitləşdir.”

SƏBİR VƏ DÖZÜM
Qəlb qeyd olunan sifətlərə nail olduqdan sonra onun halını qorumaq lazım gəlir. Həzrət (ə) öz vəsiyyətinin davamında qəlbi qorumaq yolunu göstərir: “Ona səbir libası geyindir.” Ərəbcə alt geyimi “işar”, üst geyimi isə “disar” adlanır. Üst-üstə libas geyinənə “muddəssir” deyilir. Həzrət (ə) “və əşirhu bis-səbri” buyurur. Alt geyimi bədənə yapışdığından Həzrət “əşirhu” kəlməsini işlədir. Yəni qəlbə yapışası bir geyim. Bu geyim səbirdir.
Amma uyğun kəlmə “agahlıq”, “şüar” mənasını da ifadə edə bilər. Belə olsa, Həzrətin “və əşirhu bis-səbri” buyruğu “səbri qəlbinə şüar qərar ver” kimi tərcümə olunar. Müharibə vaxtı deyilən şüarlar insanları məlumatlandırır, onlara agahlıq verir. Vəsiyyətnamədə uyğun ifadə səbri qəlb üçün şüara çevirməklə dözümlü olmaq mənasını daşıya bilər. Amma birinci məna mövzuya daha münasibdir. Çünki həmin mənaya görə səbirsiz qəlb çılpaqdır və onun libasa ehtiyacı var. Üst geyim bədənə boş oturduğundan, Həzrət (ə) alt geyimi nəzərdə tutur. Alt geyim bədənə yaxın olduğu kimi, səbir də qəlbə yaxın olmalıdır.
İnsan istəyinə çatmadıqda, bəlaya düçar olduqda, xəstələndikdə, kasıblıqda, pis qonşudan əziyyət çəkdikdə iki cür reaksiya verə bilər: ya təngə gəlib şikayətlənər, ya da səbir edib çarə axtarar. Bu zaman ən mühüm məsələ düzgün qərara gəlmək, düzgün münasibət göstərməkdir. Çünki hər iki münasibət insanın özündən asılıdır. Özünü düzgün tərbiyə etmiş insan çətinliklər qarşısında səbirli olur. Amma yanlış tərbiyəli adam bir anda özünü itirib, şikayətlənməyə başlayır.
Qeyd etməliyik ki, səbirlə dözüm arasında fərq vardır. Bəzən zahirən sakit görünən insan daxildə iztirab çəkir. Bu iztirab ona gündəlik işlərin yerinə yetirilməsində mane olur. Həmin şəxs rahat görünsə də, zəif insanlar kimi daxildə narahat olur. Əslində isə insan daxilən rahat, aram olmalıdır. Daxilən səbrli adam qarşısında duran vəzifələri müvəffəqiyətlə yerinə yetirir. Zahirdə özünü dözümlü göstərib, daxildə iztirab keçirən insan müvəffəqiyyət qazana bilmir. Belə insan ömür-gününü havayı yerə xərcləyir, inkişaf edə bilmir. Yalnız daxilən aram olan adamlar öz imkanlarından düzgün istifadə etmək gücündədir. Heç vaxt rahat yaşayış intizarında olmamalıyıq. Dünya həyatı problemsiz ötüşmür. İnsan yaranış baxımından çətinliklərə məhkumdur. Qurani-Kərimdə buyurulur: “Biz insanı çətinlikdə yaratdıq.” (“Bələd” surəsi, ayə: 4) İnsanların üzləşdiyi problemlər fərqli olsa da, kimsə problemsiz deyil. Əgər özümüzü çətinliklər qarşısında səbirli olmağa hazırlasaq, işlərimizdə müvəffəq olarıq. İlahi təlim də bunu öyrədir. Amma rahatlığa vərdiş vermiş insan çətinliklərlə rastlaşan kimi özünü itirir. Çətinliklər qarşısında səbirli olmaq müvəffəqiyyət rəmzidir. Bu səbir üst paltar kimi (“disar”) zahiri olmamalı, alt paltar (“işar”) kimi cana yapışmalıdır. Dözümsüzlük pis hal olduğu kimi, zahiri dözüm də xoşagəlməzdir. İnsan daxilən səbirli olmalıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!