QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 10

:

QƏLBİN CİLOVU-2
Bu sayaq əməlləri aydınlaşdırmaq üçün deməliyik: əməllərin yaxşı və ya pisliyi daha ümumi meyarlarla ölçülür. Məsələn, doğru və yalan danışmağın yaxşı-pisliyi onların fayda və zərərlərindən asılıdır. Belə deyil ki, hər vaxt, hər yerdə mütləq şəkildə “doğru danışmaq” vacib və bəyənilmiş, “yalan danışmaq” isə haram və pis olsun.

Müəyyən şərtlər və qeydlər mövcuddur və həmin bu şərtlər və qeydlər əsasında bir şey yaxşı, digər bir şey isə pis sayılır. Bu fikirdə olan bəzi əxlaq filosofları güman etmişlər ki, bir şey yaxşı adlandırılırsa, demək, heç bir istisna ola bilməz. Məsələn, dostluq, müdara, mülayimlik yaxşıdır deyiriksə, çoxsaylı rəvayətlərdə müdara və mülayimlik mədh olunursa, belə bir təsəvvür yaranır ki, bu məsələdə heç bir istisna yoxdur və insan daim, bütün hallarda mülayim olmalı, heç bir sərtliyə yol verməməlidir. Helm və dözüm yaxşı təqdim olunduqda, çoxlu ayə və rəvayətlərdə rəğbətlə xatırladıldıqda təsəvvür edirlər ki, qəzəblənmək qəti surətdə səhvdir və heç kim, heç vaxt qəzəblənməməlidir. Hansı ki, bu qaydalar üçün istisna hallar var. Düzdür, istisna hallar xeyli məhduddur. Amma unutmaq olmaz ki, qaydalara zidd belə hallar az da olsa, mövcuddur. Məsələn, Əmirəlmömininin (ə) əməli rəftarlarında və ya valilərə, hökumət məsullarına yazdığı məktublarda müxaliflər haqqında xeyli tünd və sərt ifadələr işlədildiyini, səhvə yol vermiş və azmış məsulların ciddi məzəmmət olunduğunu müşahidə edirik. Bəs, bu yerdə Əlinin (ə) helmi, mülayimliyi nə üçün görünmür? Nə üçün Həzrət (ə) yumşaq və aram tərzdə demir ki, övladlarım, oğlanlarım, əzizlərim, bu işi görməyin, xahiş edirəm, “beytül-mal”ı, xalqın və zəiflərin haqqını qoruyun?! Diqqətli olmaq lazımdır ki, müxtəlif vəziyyətlərdə rəftar da fərqli olur. Hansı ki, başqaları ilə ünsiyyətdə mülayim rəftar olunmalıdır. Amma bəzi fərdlərlə sərt və qəti rəftar daha yaxşıdır. Bir şəxslə mülayim rəftar olunduqda, əslində ona düşünmək üçün, ağıla uyğun hərəkət etmək üçün, səhvini anlaması üçün, öz əməlini müdafiədə əqli dəlillər gətirmək üçün fürsət verilir. Amma bir şəxsə sərt, qaba tərzdə deyiləndə ki “sən pis iş görmüsən, dərk etməmisən”, bu həm ədəb və əxlaqa zidd olur, həm də həmin şəxs düzgün düşünüb, düzgün hərəkət etmək imkanından məhrum edilir. Belə bir vəziyyətin yaranması üçün, cəmiyyət fərdlərarası düşüncəli münasibətin bərqərar olunması üçün mülayim danışmaq lazımdır. Belə rəftar edilməsi hər yerdə düzgün sayılmır. Məsələ ictimai xarakter daşıdıqda, bir şəxs İslam cəmiyyəti və “beytül-mal”a xəyanət etdikdə, müsəlmanların var-dövlətinə zərər vurduqda, artıq mülayim və aram danışmaq olmaz. Belə vəziyyətlərdə mülayimlik göstərilməsi həmin şəxsi cürətləndirər və daha həvəslə işinə davam edər. Xalqın xəzinəsindən, “beytül-mal”dan milyardlar mənimsəmiş bir şəxslə yumşaq rəftar etsək, onu tövbəyə dəvət edib desək ki, “əzizim, axırı pis olar, bu işləri görmə”, o da cavab verər ki, “baş üstə”. Amma elə ki, azad oldu, özünü gözdən uzaq bilib, həmin işləri davam etdirər, hətta daha böyük və ağır cinayətlərə əl atar. Şübhəsiz ki, belə bir yumşaqlıq, mehribançılıq, mərhəmət yersizdir. Çünki bəzi azğın şəxslərlə bu sayaq mülayim və mehriban ünsiyyətin heç bir nəticəsi yoxdur. Yeganə nəticə həmin şəxsin daha çirkin işlərə həvəslənməsidir. Demək, bəzi hallarda sərtlik göstərilməlidir.
Əmirəlmöminin Əli (ə) bu yerdə buyurur: “Müdara sərtlik hesab olunan yerdə, sərtlik müdaradır.”
Bəzi vaxtlar sərtlik və tündlük müdara və mülayimlik təsiri göstərir. Yəni mülayimlikdən gözlənilən nəticə onun ziddi, yəni sərtliklə əldə olunur. Belə yerdə tərsinə çevrilmiş üsulla hərəkət etmək lazımdır. Çünki tündlük həmin mülayimliyin işini görür. Yəni mülayimlik və müdara ünvanı ilə görülən iş, əksinə həmin sərtlik olur. Demək, elə təsəvvür olunmamalıdır ki, bir bu qədər tərif edilən yumşaqlıq, mülayimlik, təvazö və başqalarının sözünə dözməyin istisna halı yoxdur. Əksinə, bəzən məqsədə çatmaq üçün qəzəb və tündlük göstərilməlidir.
Bu bəyanın digər bir nümunəsi Rəsuləllahdan (s) nəql olunmuş bir rəvayətdir. Həzrət (s) buyurur: “Günah (münkər) əhli ilə tünd və sərt sifətlə rəftar edin və bu vasitə ilə Allaha yaxınlıq axtarın.” (“Kənzül-əmmal”, rəv.. 5518, 5586)
Digər bir rəvayətdə Əli (ə) buyurur: “Mən tərəkə inkarəl-munkəri biqəlbihi və yədihi və lisanihi fəhuvə məyyitun, bəynəl-əhya.” (“Təhzib” 6-cı cild, səh. 181) Əməli yolla pis işin qarşısını ala bilməyən insanın davranışı, üzünün rəngi, rəftarı elə olsun ki, qarşı tərəfə öz narazılığını, onun çirkin iş gördüyünü öz görünüşü (qiyafəsi) ilə anlatsın. Ümumi şəkildə hamı ilə sülh və mülayimliklə rəftar etmək olmaz. Həm dost, həm də düşmənlə, həm müti, həm də asi ilə yumşaq, mehriban, təvazökar rəftar edilməməlidir. Əksinə, bəzən sərtlik də etmək lazımdır.
Bu sözlər öz tünd əxlaqına don geydirmək istəyənlərin əlində bəhanəyə çevrilməməlidir. Yalnız bəzi məqamlarda tündlük göstərilməlidir. Amma belə məqamlar tam diqqət, sevgi və kindən uzaq rahat düşüncə yolu ilə müəyyənləşdirilməlidir. Sadəcə, bilməliyik ki, həyatda qəzəbə də yer var. İnsan həyatında sərtlik və qəzəbin tamamilə yersiz olması düzgün baxış deyil.
Deyilənlərdən bəzi Quran ayələrinin, rəvayətlərin, Əmirəlmöminin Əlinin (ə) bəzi rəftarlarının, onun və digər imamların buyruqlarının mövqeyi açıqlanır. Bir yerdə mülayim rəftarın, digər bir yerdə günahkarın qamçılanmasının göstəriş verilməsi səbəbi aydın olur. Aydın olur ki, nə üçün bəzən “anan matəmində otursun, vay olsun sənə” kimi sərt sözlər buyurulur. İşlərin incəliyindən xəbərdar olan aqil şəxs harada mülayimlik, harada sərtlik etmək lazım olduğunu bilir. Ona görə də, müdrik şəxslərin bəzən tünd və sərt rəftar etməsini yersiz və əxlaqa zidd saymamalıyıq. Çünki mülayimlik mənfi nəticə verdikdə, siz də əksinə rəftar etməli, mülayimliyi bir kənara qoyub, sərtlik göstərməlisiniz. “Nə çox ki, dərman dərd ola, dərd dərman.” Çox dərdlər var ki, özü bir dərmandır. Əksinə, bəzən dərman kimi istifadə olunan şey insanın xəstəliyinə səbəb olur. Məsələn, bədən üçün faydalı olan qidaların daimi istifadəsi xəstəliyə səbəb olur. İnsanın rəftarında da bu qaydalar işləkdir. Hər şeyin öz yeri var və yerində işlənməyən şey əks nəticə verir.
Həzrətin (ə) xatırladığı digər bir məsələ budur ki, əgər bir şəxsi xeyirxah tanımırsınızsa, bilmirsinizsə ki, sizə xeyir istəyir, ya zərər, hətta onun sizə qarşı kinli olduğunu bilirsinizsə, məbada, onun bütün sözlərini özünüzə zərərli hesab edəsiniz. Sizə qarşı xeyirxah olmayan bir şəxsin hansısa nəsihəti sizin xeyrinizə ola bilər. Ona görə də, hər bir şəxsin sözlərinin düzgün olub-olmamasına ciddi diqqət göstərin. Yaxşı və düzgün sözü deyən düşməniniz də olsa, həmin sözü qəbul edin. Digər bir tərəfdən, insan kimlərəsə ifrat etimad göstərir. Həmin şəxslər məsum olmadıqlarından, bəzən nəfs istəyi ilə danışa bilərlər.
Belə sözlərə itaət sizi yolunuzdan azdıra bilər. Əgər bir şəxsə etimad göstərib, onu öz xeyirxahınız sayırsınızsa, onun bütün sözlərini həqiqət kimi qəbul edib, əməl etməyiniz düzgün deyil. Bundan əlavə, həmin şəxs xoş niyyətinə baxmayaraq, səhvə yol verə bilər.
Demək, insanlara qarşı o qədər bədbin olmamalıyıq ki, onların heç bir sözünü düzgün saymayaq. Çünki düşmənimiz də bəzən doğru söz deyə bilər və bu söz bizə faydalı olar. Digər bir tərəfdən, insanlara o qədər etimad göstərmək olmaz ki, onların bütün sözlərini doğru və faydalı sayaq. Xülasə, həm düşmənin düzlüyünü və xeyirxahlığını istisna etməməli, həm də dostu səhv və xəyanətdən uzaq saymamalıyıq.
“Nə çox nəsihət gözlənilməyən kəs nəsihət versin və nəsihət istənilən şəxs xəyanət etsin.” Çox olsun ki, nəsihətçimiz olmayan bir şəxs bizə elə xeyirxah nəsihət versin ki, heç qəlbiyanan nəsihətçilərimiz belə nəsihət vermir. Digər bir tərəfdən, çox olsun ki, xeyirxah və canıyanan bir dostun nəsihətlərində bizi aldatmaq niyyəti olsun. Çünki o məsum deyil və nəfsinin əmrinə tabe ola bilər. Məbada, bədgümanlıq ucbatından nəsihətlərdən və xeyirxahlıqlardan məhrum olaq! Məbada, xoşgümanlıq nəticəsində insanların bədxahlıqlarına düçar olaq!

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!