QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 6

:

Ardını buradan oxuyun

EŞİTMƏK GÖRMƏK KİMİ OLARMI?
Qeyd etdik ki, qəlbi ram etmək üçün ölümü xatırlamaq lazımdır. Bəs, ölümü necə xatırlamaq? İnsanlar bu məsələyə münasibətdə də fərqlidirlər. Bəziləri ölüm haqqında düşünməklə qəlblərində bu fikrə daimi yer verirsə, digərləri yalnız ölümlə bağlı səhnələri müşahidə edərkən bu barədə düşünə bilirlər.

Şübhəsiz ki, görmək eşitməkdən daha təsirlidir. İnsanlar bir çox həqiqətlər haqqında məlumatlı olsalar da, gözlə müşahidə etmədiklərindən həmin həqiqətlərə diqqətsizlik göstərirlər. Həzrət Musanın (ə) dastanını xatırlayaq. Musa (ə) Tur dağında olarkən Allah-taala ona qövmünün inəyə sitayiş etdiyini buyurur. Bu xəbəri eşidən Musa (ə) ona qəlbən inansa da, bir o qədər də narahat olmur. Amma qövmünün yanına qayıdıb, onların inəyə (buzova) sitayiş etdiyini gördükdə çox qəzəblənib, dərin iztirab çəkir. Qurani-Kərimdə buyurulur: “Musa qəzəbindən lövhəni yerə atdı, qardaşının başına qışqırdı...” (“Əraf” surəsi, ayə: 150) Bu qəzəbi doğuran Musanın öz gözü ilə gördüyü səhnələr oldu. Hansı ki, nə baş verdiyini əvvəlcədən bilirdi. Bəli, görmək eşitməkdən daha təsirlidir.
İnsan ölümü, dünyanın faniliyini dərindən hiss etmək üçün yer üzündə baş verən faciələri, sarayların viran qalmasını yaxından görməlidir. Tarixi mütaliə etmək, öyrənmək faydalı olsa da, gözlə görmək kimi təsirli deyil. Bəlkə də, Allah-taala bəzən bu məqsədlə insanı seyr etməyə çağırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görünş” (“Rum” surəsi, ayə: 42) “Yer üzündə gəzib görün ki, peyğəmbərləri yalançlı hesab edənlərin axırı necə oldu.” (“Nəhl” surəsi, ayə: 36)
Ayələrdə insan görməyə dəvət olunur. Biz müxtəlif məntəqələrdə baş verən zəlzələlər haqqında tez-tez eşitsək də, yalnız evimiz zəlzələdən titrədikdə, onu daha dərindən hiss edirik.
Həzrət Əlinin (ə) bəyanından da məlum olur ki, çətinlikləri, vəfasızlıqları, bəlaları yaxından seyr etməklə qəlbimizi təsirləndirə bilərik. Dünya təmtəraqlarını, bərbəzəklərini gözü ilə görən insan dünyaya rəğbətlənir. Qəlbdə tarazlıq yaratmaq üçün dünyanın ağrılı tərəflərini də gözlə görmək lazımdır. Əks-təqdirdə, insan dünyaya baş qatmaqla axirəti unudasıdır. Ona görə də, Həzrət buyurur: “Qəlbinə dünya faciələrini göstər.” (“Bəssirhu faciəd-dünya.”)
Ola bilər ki, “bəssirhu” “bəsirət” mənasında işlənmişdir. Yəni insan aldanmamaq üçün dünyada baş verənlərə bəsirət (iç) gözü ilə baxmalıdır. Həzrət (ə) buyurmur ki, qəlbə xatırladın. Məqsəd daha böyükdür. Çalışmaq lazımdır ki, qəlb dünya faciələrini görsün.

İBRƏT GÖTÜRƏN QƏLB ...
Vəsiyyətnamənin davamında həzrət Əli (ə) dünya keşməkeşlərindən ibrət götürməyə çağırır: “Həzzirhu səvlətəd-dəhri və fuhşə təqəllubihi və təqəllübəl-ləyali vəl-əyyami.” (“Qəlbinə dövranın hücumlarından, gecə və gündüzün təhlükələrindən həzər qıldır.”)
Dövran insanı məğlub etmək məqsədindədir. İnsan qəlbi sonsuz istəklərə malikdir və heç vaxt qane olmur. Bir çox qüdrətli insanlar dövrün hadisələri qarşısında məğlub oldu, arzularına çata bilmədi. Ona görə də, insan bu hücumlardan həzər qılmalıdır.
Dünyanın hücumları çox təhlükəlidir. Bəzi insanlar ehtiyatsızlıq səbəbindən zirvədən uçuruma yuvarlanır, zəlil olurlar. Bu gün qüdrət zirvəsində xumarlanan, sabah miskin bir varlığa çevrilər. Bu tənəzzül yalnız maddi işlərə yox, mənəvi yönlərə də aiddir. Elmdə, təqvada, mənəviyyatda, irfanda çox ali mərtəbəyə ucalmış bir çox şəxsiyyətlər qısa bir müddət ərzində ağlasığmaz bədbəxtliyə düçar olmuş, bütün qazanclarını əldən vermişlər.
Qısa ömür ərzində başımıza elə hadisələr gəlir ki, əvvəlcədən bu hadisələri təsəvvür edə bilməzdik. İnanmaq olmur ki, böyük insanlıq məqamına yüksəlmiş bir şəxsiyyət qısa bir zamanda ən alçaq heyvan səviyyəsinə enir. Amma bütün bunlar aşkar həqiqətlərdir. Bəli, hər an bu hadisələri gözləməliyik. Bu hadisələr bizi qəfil yaxaladıqda, bütün varlığımız təhlükə altına düşür. Hər birimizin yolu üstə dayanmış bu hadisələrdən həzər qılmalıyıq. Onlardan ibrət götürmək, arxayınlaşmamaq lazımdır. Pusquda durmuş bəlalara diqqətsizlik həyatımızı puça çıxara bilər.

İBRƏTDƏN QƏFLƏTƏDƏK
Həzrət Əli (ə) oğlu Həsənə buyurur: “Qədimdəkilərin xəbərlərini qəlbinə ərz et, onlardan qabaqkıların başına gələnləri ona xatırlat, diyarlarını seyr et, nişanələrindən ibrət götür, gör nə ediblər, haradan qalxıb, hara düşüblər, nədən ayrılıb, nədən qəlb döndəriblər. Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər. Sanki sən də tezliklə onlardan olacaqsan. Yerini islah və abad et, axirətini dünyana satma.” (“Nəhcül-bəlağə”)
Sözsüz ki, keçmişdəkilərin başına gələnlər gələcəkdəkilər üçün bir işıqdır. Yalnız tarixi bilməklə, tarixdən ibrət götürməklə bu işıqdan faydalanmaq olar. Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) keçmişdə baş verənləri düşünməyi tövsiyə edir. Bir çox şərafətli insanlar nəhayətdə süquta uğramış, pisliyə düçar olmuşlar. Eyni zamanda ilahi hədləri gözləyib, yüksək kamal mərtəbəsinə çatanlar da, Allah dərgahına üz tutub, Ona yaxın məqamda yerləşənlər də vardır. İnsan keçmişdəkilərin həyatına nəzər salmaqla müvəffəqiyyətin sirrini aşkarlamalıdır. İnsanın xar olma səbəbləri kəşf olunmalıdır. Hansı işlər səadətə, hansı işlər bədbəxtliyə aparır? Bir sözlə, keçmişdən ibrət götürmək lazımdır. Qurani-Kərim təkrar-təkrar tapşırır: “Yer üzünü gəzin və əvvəlkilərin aqibətinin necəliyini görün.” (“Rum” surəsi, ayə: 42)

HƏYATIN ENİŞ-YOXUŞU
“İnsan bütün ömrünü çətinlikdə keçirir” desək, düz olmaz. Hər bir insanın taleyində həm şirin, həm də acılı günlər olur. İnsan həyatın nə qədər enişli-yoxuşlu olduğu barədə düşünməli, özünü çətinliklərlə mübarizəyə hazırlamalıdır. Yaxşı araşdırma aparan insan iki nöqtəni daim nəzərdə saxlayır: 1. Dünyanın şirinlikləri müvəqqətidir, arxayınlaşmaq olmaz; 2. Dünyanın acılıqları da müvəqqətidir, məyus olmaq olmaz.
Buna görə də, dünyanın şirinliklərinə, müvəffəqiyyətlərinə uymamalıyıq. Qədimdəkilər arasında dünya nemətlərinə kim bağlanmışsa, bir gün ondan ayrılmaq məcburiyyətində qalmışdır. Biz də əlimizdəki nemətlərə bel bağlamamalıyıq. Bütün bu nemətlər müvəqqətidir. Bu məsələlərdən qəflətdə qalan insan həyatın eniş-yoxuşlarında özünü itirib, süquta uğrayır. Amma həqiqəti tapmağa müvəffəq olanlar dünya nemətlərindən məhrum olduqda belə nigaran olmurlar. Onlar əmindirlər ki, bu çətinliklər müvəqqətidir və tezliklə başa çatacaqdır. Allah-taala buyurur : “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir.” (“İnşirah” surəsi, ayə: 5) Beləcə nə nemətlərə uymağa, nə də çətinliklərdən məyus olmağa dəyər. Çünki həyatın eniş-yoxuşları çox olsa da, müvəqqətidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!