SUİ-ZƏNN VƏ BƏDGÜMANLIQ (3)

:

BƏDGÜMANLIQ (SUİ-ZƏNN) VƏ XOŞGÜMANLIĞIN (HÜSNİ-ZƏNN) SƏRHƏDDİ
Sui-zənn haqqında əvvəlki sual və qeydlərdən əlavə də mühüm nöqtələr mövcuddur. Əgər bir şəxs şübhələrini boğub, başqalarının hərəkətlərini yaxşılığa yozsa və belə bir münasibət əsasında əlaqə qursa, şəxsi və ictimai işlərdə zərər görəsidir.

Məsələn, bir şəxsin oruc-namaz əhli olduğunu nəzərə alıb, onunla dostluq edən, ona etimad göstərən insan bir müddət sonra yanıldığını anlasa, özünü qınamalıdır. Bu aldanışın səbəbi bədgümanlığı tam kənara qoyub, yersiz inanmaq olmuşdur.
Hər hansı məqam, vəzifə sahibi tabeliyində olan insanlara tam inanıb etibar etsə, şübhəsiz ki, zərərə düşəcəkdir. Axı, əksər işçilər özlərini müdiriyyətə sağlam tanıtdırmağa çalışırlar. Sınaqdan keçirmədən kimsəni vəzifəyə təyin etmək müvəffəqiyyətsizliklə nəticələnir. Məgər belə bir mənfi nəticənin səbəbi yersiz xoşgümanlıq deyil?!
Demək, hamı haqqında müsbət fikirdə olub, həmin baxış əsasında hərəkət etmək cəmiyyətə xəyanətə səbəb olur. Çünki belə düşünən insan elə adamı vəzifəyə qoyur ki, həmin adam xalqın malını çapıb-talayır. Sözsüz ki, bu adamın günahlarına onu vəzifəyə qoyan şəxs cavabdehdir. Belə çıxır ki, insanlar haqqında xoşgümanlıq zərər gətirirsə, ondan çəkinmək lazımdır? Bəs, necə olur ki, dinimiz “hüsni-zənn”ə, başqaları haqqında müsbət rəydə olmağa çağırır?
Hələ xalqın düşüncəsində belə suallar yaranmamış məsum imamlar (ə) həmin qaranlıq nöqtələri işıqlandırmışlar. Məsələn, Həzrət Əli (ə) buyurur: “İnsanların əksəriyyətinin saleh olduğu bir dövrdə, cəmiyyətdə xeyir üstün gəldikdə, əksər adamlar xeyirxah olduqda insanın başqaları haqqında bədgüman olmağa haqqı yoxdur. Bir iki nəfər və ya kiçik bir qrup günahkara görə əksəriyyət haqqında mənfi rəy yolverilməzdir. Bu vaxt yalnız sırf fəsad yerlərindən çəkinmək lazımdır. Çünki zamana xeyir və yaxşılıq hakimdir. Amma xalqın əksəriyyəti günahkar olduqda və ya dövr qatışıq olduqda xoşgümanlığa – hüsni-zənnə yer yoxdur. Belə bir şəraitdə hüsni-zənn edən insan aldanmışdır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar: 114)
Demək, müxtəlif əxlaqi rəvayətlərə əsaslanaraq, yalnız xeyir və yaxşılığın hakim olduğu cəmiyyətdə insanlar haqqında müsbət fikirdə olmalı, hüsni-zənn etməliyik. Yəni hüsni-zənn əksəriyyətin saleh olduğu mühitlərə aiddir. Əksəriyyətin günahkar olduğu cəmiyyətlərdə isə sui-zənn hüsni-zənndən irəlidir. Bir sözlə, Həzrət (ə) öz bəyanı ilə bir çox sualları cavablandırmışdır.
Bəzi alimlər uyğun suallara cavab olaraq buyururlar: “Xoşgüman olmaq, hüsni-zənn etmək dedikdə insanların öz vəzifəsinin icrasına münasibətdə müsbət fikirdə olmaq nəzərdə tutulur. Yəni bir insanın rəftarını müşahidə etdikdə ehtimal etmək lazımdır ki, o öz vəzifəsinə əməl edir. Çünki başqalarının əməllərinə münasibətdə yürüdülən mühakimələr ən azı iki yöndən formalaşır:
1. Şəri və əxlaqi baxımdan qarşı tərəfin əməlinə nəzər salıb, onun düzgün olduğunu qəbul edək. Onun rəftarını araşdırsaq, deyək ki, şəri cəhətdən xətaya yol verməyib. Səhv etmiş olsa, bimədən səhv etdiyini ehtimal verək. Hər halda imkan qədərincə onun əməllərini yaxşılığa yozaq. Hətta görülən işin səhv olduğunu düşündükdə, öz düşüncəmizi qınayaq. Səhvi həmin şəxsdə yox, öz düşüncəmizdə görək. Ya da qarşı tərəfin bilmədən səhv etdiyini qəbul edək.
Bu mövzuda məsum imamlardan bir çox rəvayətlər nəql olunmuşdur. Məsələn, “Vəsailüş-şiə” kimi mötəbər hədis kitabında nəql olunmuş bir rəvayətdə bildirilir ki, müsəlman qardaşın gördüyü iş ən yaxşı şəkildə yozulmalıdır. Hətta tövsiyə olunur ki, bir şəxsin günahına 50 nəfər şahid durduğu halda, həmin şəxs günah etmədiyini iddia edirsə, onun iddiasını qəbul edək. Maraqlıdır ki, həmin 50 şahidi inkar etmək günah deyilmi? Məgər bir bu qədər şahidi inkar etmək olarmı? Rəvayətdə tapşırılmır ki, 50 şahidi yalançı sayın. Söhbət insanın zehnindəki münasibətdən gedir. Sadəcə, həmin bir nəfərdən bədgüman olmamaq tövsiyə edilir. Həmin bir nəfərin şəxsiyyətini qoruyan İslam başqa 50 nəfərin şəxsiyyətini alçaldarmı? Əlbəttə ki, həmin şəxslərin şəhadətini də inkar etmək olmaz.
Demək, uyğun rəvayətdə tapşırılır ki, özümüzü həmin bir nəfəri təsdiq, qalanlarını inkar etmiş kimi göstərin. Həmin 50 şəxsi yalançı adlandırmaq şərən günahdır və əxlaqi cəhətdən yolverilməzdir. Demək, sadəcə, özümüzü elə göstərməliyik ki, həmin şəxs bu işi görməmişdir. Yəni hüsni-zənn zehnimizdə qərar tutmalıdır.
Qeyd olunan yanaşma “Əl-mizan”dakı yanaşmaya uyğundur.
Əllamə Təbatəbai (r) buyurur: “Sui-zənnə əməl etməkdən çəkinin. Zehnimizdəki ehtimalları dəyişmək isə bizdən asılı deyil. Zehni ehtimallar müxtəlifdir və onlardan biri də zənndir. Bu isə ixtiyarımızda olmadığından məsuliyyətimiz yoxdur.”
2. İkinci növ mühakimədə insan öz zehnindəki hüsni-zənnə əsasən davranır, müamilə edir.
Bu fərziyyə haqqında deyə bilərik ki, uyğun mühakimə ağıla müvafiq deyil. Bir qrup şahidi inkar edib, günahkar şəxslə həmkarlıq etmək olmaz. Birinci halda hüsni-zənn əmələ çevrilmişdirsə, artıq ikinci halda əməli olur. Yəni günahkarın sözünü əsas götürərək onu pak sayıb, iş tapşırmaq xalqa xəyanətdir. Şahidlərə məhəl qoymayıb, günahkarla həmkarlıq edənlər özlərini aldadırlar. Hətta belə bir iş görməyə məcbur olsaq da, həmin şəxsə etimad göstərməməliyik. Həmin şəxs haqqında müsbət fikirdə olsaq belə, həmkarlıq etməməliyik. Bir qrup şahidin günahkar saydığı şəxsə heç vəchlə xalqın taleyini tapşırmaq olmaz. Belə şəxsə iş tapşıran onun günahlarına şərik olur. Onun salehliyinə əmin olmadan addım atmaq olmaz. Qəlbdə kiminsə haqqında müsbət fikirdə olmaq çox yaxşıdır. Amma işdə ciddi araşdırmalara ehtiyac var.
Demək, bir şəxsə vəzifə verərkən onun haqqındakı xoş gümanlarla kifayətlənmək olmaz. Müsəlmanları xəyanətdən qorumaq üçün həmin şəxsin haqqında araşdırmalara ehtiyac var. Əməldə hamıya qarşı xoş fikirdə olmaq vəzifə deyil. İnsanın öz sözlərini əsas götürərək onun təmizliyinə şahid durmaq olmaz. İnsanın düzlüyünə şəhadət vermək üçün onu bütün prizmalardan yoxlamaq lazımdır. Şəxsin öz dedikləri əsas götürülə bilməz. Belə bir insana nə isə tapşırmaq ağıl və məntiqə sığmır. Demək, xoş güman o zaman gerçəkləşə bilər ki, dövrün əksər insanları xeyir əhli olsunlar.
Sui-zənn və hüsni-zənn haqqında müxtəlif dini bilgiləri nəzərdən keçirdik. Amma yenə də aydınlaşdırılması zəruri olan nöqtələr qaldı.
Doğrudanmı, əməli hüsni-zənn dedikdə, günahkarlığına şəhadət verilən bir insanla adi qaydada davranmaq nəzərdə tutulur? Doğrudanmı, 50 nəfərin şahidliyini rədd edib, özünü təmiz sayan insanla əməli olaraq, onun sözlərinə uyğun rəftar etməliyik? Doğrudanmı, belə bir adama məsuliyyətli iş tapşırmaq olar? Bir çoxlarının günahkar saydığı insana yalnız onun öz sözlərini əsas götürərək etimad göstərmək düzgündürmü? Əməli təsdiq odurmu ki, xalqın taleyini, var-dövlətini belə adama həvalə etmək olar? Bəli, bütün bu sualları cavablandırmaq zəruridir.
Qeyd olunduğu kimi, nəzərdən keçirilən rəvayətlərdə insanlar haqqında müsbət rəydə olmaq tövsiyə edilir. Xüsusi ilə, bir qrup şəxs bir insanın günahkarlığına şəhadət verdikdə, həmin şəxsə qarşı bədgüman olmamalıyıq. Ümid etməliyik ki, deyilən sözlərdə yanlışlıq var. Əlbəttə, bu mövqedə möhkəm dayanmaq üçün həmin şəxsin əvvəllər saleh olduğunu bilməliyik. Əgər tanımadığımız şəxsə qarşı şahidlik edilirsə, bu şəhadətə qarşı çıxmaq olmaz. Xüsusi ilə, şahidlik edənlər ədalətli insanlardırlarsa, müqavimət üçün heç bir əsas yoxdur.
Mühakimənin bir növü öz zehnimizdə həmin şəxsin günaha yol vermək ehtimalını həll etməkdir. Müəyyənləşdirməliyik ki, həmin şəxs bilərəkdən günah edib, yoxsa bilməyərəkdən? Bu vaxt özümüzə təlqin edə bilərik ki, başqalarının dedikləri əsassızdır. Ya da həmin günahın bilməyərəkdən baş verdiyini ehtimal etməliyik. Bir sözlə, həmin şəxsin günahını çox yerə yozmaq olar. Amma unutmayın ki, söhbət əməli etimaddan getmir və rəvayətlərdən belə bir nəticə çıxarmaq olmaz. Xalqın mövqeyini inkar edib, tanımadığımız bir şəxsi iş başına keçirsək, acı nəticələrə görə özümüzü danlamalıyıq.
Çoxsaylı rəvayətlər bizə icazə vermir ki, bir şəxsi günahkar sayıb, ondan bədgüman olaq. Amma insana qarşı hər hansı xoşgüman ona vəzifə tapşırmağa əsas vermir. İnsan vəzifəyə təyin olunarkən onun əxlaqı, elmi ictimai və fərdi keyfiyyətləri nəzərdən keçrilməlidir. Zehni hüsni-zənn əməli hüsni-zənn deyil və bu iki məfhumu bir-birindən fərqləndirmək lazımdır. Zehni hüsni-zənn əməli hüsni-zənn, yəni bir adama işdə etimad göstərilməsi üçün əsas ola bilməz.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: HƏDİS, SUALLARA CAVAB, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!