TARİXDƏN İBRƏT - 1

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfrdür. Üzrü qəbul edən ol.” (Nəhcül-bəlağə)

KEÇMİŞ GƏLƏCƏYİN YOLUNDA İŞIQDIR
Əmirəlmöminin Əli (ə) imam Həsənə (ə) belə buyurur: “Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar.” Yəni keçmişdə baş vermiş hadisələri gələcək üçün işıq bil. Sonra isə buyurulur: “Çünki işlər bir-birlərinin oxşarıdır.” Həzrətin (ə) bu cümləsi elmi və fəlsəfi yox, moizə və nəsihət xarakterli bir cümlədir. Həzrət (ə) aşkar bir həqiqətə istinad edərək, qafil insanları moizə edir, qəflət yuxusundan oyatmaq istəyir. İnsan tarixdə baş vermiş hadisələri araşdırdığı zaman şahid olur ki, keçmişdə çox ibrətamiz hadisələr baş vermişdir. Bəşəriyyət çox böyük bir tarixi yol keçmiş və bu yol hələ ki başa çatmamışdır. Ən ümumi gerçəkliklərdən biri budur ki, bu dünyaya qədəm qoymuş bütün insanlar bir gün var-dövlətlərini qoyub, dünyadan köçmüşlər.
Bu həqiqətə nəzər salaraq, anlamalıyıq ki, bir gün biz də bu dünyadan köçəsi, var-dövlətimizi kimlərəsə tapşırasıyıq. Belə bir ayrılıq labüddürsə, dünya malı üçün tər axıtmağa dəyərmi?! Əldən çıxıb fani olası şeylərə görə halal-haram hədlərini pozub, başqalarının haqqına təcavüz etmək nə dərəcədə ağlabatandır?!
Təəssüf ki, dünya var-dövlətinə və övladlarımıza o qədər bağlanırıq ki, hətta ilahi vəzifələrimiz də yaddan çıxır. Kamillik axtaran insan dünya malından ötrü ən kiçik vəzifələrini də tərk etməz. Dünyaya könül verməyin ən kiçik zərərlərindən biri insanın mənəvi dəyərlərə biganə qalmasıdır. Hansı ki, insanın düşüncəsi daim kamillik məsələsinə məşğul olmalıdır. Aydındır ki, diqqətsiz, “hüzuri-qəlb”siz ibadətlər insanın qəlbini daha da daşlaşdırır. Necə ki, diqqətsiz mütaliə insanın düşüncəsini azaldır. Demək, dünyaya, ailə-övlada ifrat bağlılıq aqilanə bir iş deyil. Haram yolla olmayan bağlılıq da insanın təkamülünü ləngidir və insan labüd çətinliklərlə üzləşir.
Bundan əlavə, qiyamət günü hətta halal var-dövlətin hesabını vermək insanı məhşərdə yubandırır. Bütün bunlar insanı dünyaya bağlılıqdan çəkindirməlidir. Həzrət Əli (ə) bu həqiqəti bəyan edərək buyurur: “Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar.” Yəni keçmişdən ibrət götür, bil ki, bu dünya kimsəyə vəfa qılmamışdır. Dünyaya ifrat bağlananların, ona qul olanların aqibəti çox ağrılı olur. Yaxşı aqibət isə Allaha təvəkkül edənlərin qismətidir. Bəli, bütün rəftar və əməllərimizdə keçmişlərdən ibrət götürək və bilək ki, gələcək taleyimiz keçmişdəkilərin taleyinə oxşar olasıdır.

İBRƏT GÖTÜRÜLMƏSİNİN MƏNTİQİ
Nəzərə almalıyıq ki, insanın tarixdən və keçmişin hadisələrindən ibrət götürülməsinin ölçüləri müxtəlifdir. Bəziləri səthi məlumatla kifayətlənir və ibrət götürəcək səviyyədə maraqlanmırlar. Belələri, adətən, nəfs istəklərinə tabe olur və bu istəklərə doğru can atırlar. Onlar bu istəklərin haradan yaranması ilə maraqlanmırlar. Acdıqda, susadıqda, ehtirasları alovlandıqda bu meyilləri doyurmağa çalışırlar. Onları işin nə ilə nəticələnəcəyi də maraqlandırmır. Bu sayaq düşüncəsiz hərəkət edənlərin şüursuz canlılara aid edilməsi təsadüfi deyil. Həzrət (ə) buyurur: “Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!” (“Hicr” surəsi, ayə: 3)
İnsanların bu hissəsi isə tarixdə baş verən hadisələrdən ibrət götürmək istəyirlər. Onlar üçün keçmişin hadisələri gələcək üçün işıqdır. Təəssüf ki, onlardan bəziləri ifrata varır və istənilən bir hadisəni bu günə tətbiq edirlər. Belə bir yanlış nəticə insana ictimai vəzifələrini də unutdurur. Məsələnin aydınlaşması üçün bir nümunə göstərsək, yaxşı olar.

MƏNTİQSİZ İBRƏT
İnqilabdan əvvəl imam Xomeyni (r) zalımlarla mübarizə apararkən bəziləri deyirdilər: “Bu mübarizənin sonu yoxdur.” Belələrindən dəlil tələb olunduqda bəhanə gətirirdilər ki, bu vaxtadək rejimə qarşı bir çox qiyamlar qaldırılıb və onların hamısı uğursuzluğa düçar olub. Onların fikrincə, əgər əvvəlki qiyamlar məğlub olmuşdursa, demək, növbəti inqilabdan müsbət nəticə gözləməyə dəyməz.
Şübhəsiz ki, bu sayaq dəlillər ifrata varma nəticəsində ortaya çıxır. İnsan tarixi hadisələrə istinad edərək öz dini vəzifələrindən boyun qaçıra bilməz. Məsələn, müsəlmanların mühüm dini vəzifələrindən biri “əmr be məruf”, “nəhy əz münkər”, yəni yaxşılığa əmr və pisliklərin qadağasıdır. Məsələn, elə adamlar var ki, nəsihətləri bir dəfə qəbul olunmadıqda, növbəti dəfə bu işi səmərəsiz sayırlar. Əlbəttə ki, bu sayaq dəlillər məntiqsizdir. Biri nəsihət qəbul etməyib deyə, “əmr be məruf” və “nəhy əz münkər”dən üz çevirmək düzgün deyil. Əslində həyatda qazanılan uğurlar, adətən, bir neçə cəhddən sonra baş tutur.
Məsələn, ictimai vəzifələr haqqında söhbət düşərkən bəziləri “bu işdə ingilisin barmağı var” deyərək, bütün cəhdlərin boşa çıxacağını proqnozlaşdırırlar. Guya, ingilis hakimiyyətinin işlədiyi bir məkanda istənilən azadlıq cəhdi səmərəsizdir. Təəssüf ki, bəzən etiqadlı insanlar da belə dəlillər gətirirlər. Onların nəzərincə, dünyanın zalım qüvvələri istədiyini edəsidir və hər hansı müqavimət yersizdir. Onlar zalımlara qarşı mübarizəni yumruğun qılınca qarşı mübarizəsi kimi qəbul edirlər. Guya düşmən silahlıdır və boş əllə müqavimət əbəsdir. Əslində belə düşüncə tərzi yalnız düşmənin xeyirinə işləyir.
Sual oluna bilər ki, oxşar hadisələrə münasibətdə dəlil göstərmək düzgün deyilsə, nə üçün Əmirəlmöminin (ə) buyurur ki, keçmişdən ibrət götürün? Uyğun buyruğa görə, bugünkü hadisə keçmişdəki hansısa bir hadisəyə oxşardırsa, keçmişin nəticələrinə istinad etmək olar. Belə çıxır ki, zalımlara qarşı qiyam bir dəfə uğursuzluğa düçar olmuşsa, ikinci dəfə cəhd etməyə dəyməz. Bəs, həqiqət haradadır?
Uyğun münasibətin yanlışlığının ən aydın sübutu budur ki, dəfələrlə uğursuz cəhdlərdən sonra müxtəlif xalqlar öz azadlığını əldə edir. Elmi şəkildə desək, bir hadisənin mümkünlüyü dəlili elə onun baş verməsidir. Məlum olur ki, hadisələrin baş vermə şəraiti fərqlidirsə, uyğun kəlamı tətbiq etmək olmaz.

BİR NÜMUNƏ VƏ BİR QEYD
Şəraitin dəyişməsinin sübutu və aydınlaşdırılması üçün bir nümunə göstərək. Şərqin ən dindar şəhərlərindən biri Yəzd şəhəridir. Bu şəhər “Darul-ibadət” adı ilə yad edilir. Yəzddə çoxsaylı dini mədrəsələr fəaliyyət göstərir və bu şəhər əhli dini məsələlərə çox diqqətlidir. Mötəbər mənbələrə əsasən, bir zaman Yəzddə Quranı üzündən oxuya bilənlər çox az olub. Hətta müsəlman müəllimlər bu işdə yardım üçün zərdüşti müəllimlərə müraciət edərmişlər. Bu əfsanə yox, həqiqətdir. Demək, bu gün “Darul-ibadət” adlandırılan Yəzd şəhərində bir zaman müsəlmanlar zərdüştilərdən Quran oxumağı öyrənirmişlər.
Bir vaxt ingilis siyasətçiləri aşkar elan edirdilər ki, nə qədər ki, Quran müsəlmanların əlindədir, onları tabe etmək mümkün olmayacaq. Onlar Quranı müsəlmanların əlindən almaq üçün böyük sərmayələr xərcləmiş, bir çox məkrli planlar həyata keçirmişlər. İş o yerə çatmışdı ki, hətta mədrəsə müəllimləri də Quran oxumaqda çətinlik çəkirdilər. Bu barədə bir lətifə də var. Deyirlər, ingilislərin fəal olduğu dövrlərdə bir müəllimdən “Yasin” kəlməsini oxumasını xahiş edirlər. Müəllim “ya” və “sin” hərflərindən ibarət olan bu kəlməni “yes” kimi oxuyur. Bu lətifə olsa da, acı həqiqətdən danışır.
Bizim dövrümüzdə də Qurana münasibətdə eyni cəhdlər müşahidə olunur. İslam sayəsində əli müsəlman ölkələrindən çıxmış zalımlar nəyin bahasına olursa olsun, İslamı məhv etməklə millətlərə ağalıq etmək istəyirlər.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!