TARİXDƏN İBRƏT - 2

:

TARİXDƏ BİR SƏHİFƏ
Xalqın dini rəhbərlərinə etiqadına balta çalmaq, dini məhv etməkdən daha çətindir. Əsrlər boyu çalışan istismarçılar xalqı Qurandan ayıra bilməmişlər. Kimsədə cürət tapılmayıb ki, “Quran oxumayın” əmrini versin. Amma nə zamansa düşmən hiyləgərliklə öz məqsədinə çatıb. Şükürlər olsun ki, bu gün islami məmələkətimizdə beşyaşlı körpə Quran hafizi zirvəsinə ucala bilir.

Hansı ki, bir vaxt 30-35 yaşlı müəllimlər Quran oxumaqda çətinlik çəkərdilər. Düşmən bir vaxt öz planını asta-asta həyata keçirmiş və dünyəvi dərs proqramını o qədər ağırlaşdırmışdı ki, Quran oxumağa vaxt qalmasın. Amma dini rəhbərlərə inamı aradan qaldırmaq asan iş deyil.
Müsəlman cəmiyyətini “vilayəti-fəqih”, fəqih rəhbərliyindən məhrum etmək üçün iyirmi il plan cızdılar. Qismən də olsa, müvəffəq olmuşlar. Hətta universitetlərdə bu növ mövzuların tədrisinə cürət olundu. “Vilayəti-fəqih üçün dəlil yoxdur”, dedilər. Yalnız konstitusiyada öz əksini tapdığı üçün onu qəbul etmək məcburiyyətində qaldılar. Konstitusiyada belə bir hakimiyyət təsbit olunmazdısa, onu bir kənara qoyardılar. Onların nəzərincə, bu hakimiyyətin qanuniliyi yalnız konstitusiya ilə tənzimlənir.
Onların nəzərincə, konstitusiya göydən enmiş bir vəhy kimidir. Hansı ki, “vilayəti-fəqih” inancı şiə məzhəbinin əsas etiqadlarındandır. Konstitusiyanı isə gündəmə çıxaran vəliyyi-fəqihdir. Əgər o, imza etməsə, nə konstitusiya etibarlıdır, nə də qanunlar. Din yolunda bizi canımızdan və malımızdan keçməyə çağıran “vəliyyi-fəqih”in hökmüdür. Onun göstərişi Allah göstərişidir. Əgər zalım rejim zamanı insanlar küçələrə tökülüb, sinələrini gülləyə verirdilərsə, bunun səbəbi əsrin imamının naibinin fərmanı idi. Bu gün də, İslam “vəliyyi-fəqih”in göstərişlərinə əsasən qorunur. İnsanlarımız “vəliyyi-fəqih”i əsrin imamının naibi kimi qəbul edərək, onun göstərişini Allahın və Allahın Rəsulunun (s) göstərişi kimi vacib sayırlar. Əks-təqdirdə, insan özünü nə üçün təhlükəyə atmalı idi?!
Düşmənlər “vilayəti-fəqih”in mahiyyətini müsəlmanlardan qabaq anladılar və onunla mübarizəyə qalxdılar. Onlar hər vəchlə xalqın etiqadını sındırmağa çalışırlar. Əfsus ki, bəzən müvəffəq də olurlar. Günümüzün tələbi agah olmaq, siyasi və mədəni hücumlara cavab vermək, ilahi əzab üçün şərait yaratmamaq, özümüzü vilayət nemətindən məhrum etməməkdir.
Bu nemətin qədrini daha yaxşı bilmək üçün qonşumuz Əfqanıstana nəzər salın. Müsəlman əfqan xalqı zalımların və təcavüzkarların zülmündən qurtarmaq üçün illər uzunu mübarizə apardı. Onlar bu yolda bizdən az əziyyət çəkməyiblər. Bir sual yaranır: onların azadlıq yolunda verdikləri qanların qazancı nə oldu? İyirmi ildən artıqdır ki, əfqanlar parçalanaraq, vahid bayraq altda birləşə bilmirlər. Çünki bu xalqın yekdil qəbul etdiyi vahid rəhbər yoxdur. Ölkəmizdə isə Əhli-beytin (ə) bərəkəti sayəsində “vilayəti-fəqih” prinsipləri qəbul olundu və bütün problemlər həllini tapdı. Əfqanıstanda isə xalqın əksəriyyəti sünnə əhli olduğundan bu prinsiplər gündəmə gətirilmədi. Onlar bu gerçəkliyi qəbul etsələr də, uyğun məsuliyyəti öhdəsinə götürəsi dini rəhbərdən məhrumdurlar. Allah-taala ölkəmizin şiələrinə onların arasında şəm də şölələnən ilahi rəhbəri nemət vermişdir. Hətta İslama etiqadı olmayanlar da, insafla yanaşsalar, etiraf etməlidirlər ki, bu rəhbərlik Allahın neməti və cəmiyyətin xoşbəxtliyinin zəmanətçisidir. Bu nemətdən məhrum olan hər bir ölkəni Əfqanıstanın taleyi gözləyir. Ölkəmizdə də müxtəlif xalqlar yaşayır və bu xalqlar arasında ədavəti qızışdırmaq mümkünsüz deyil. Məmələkətimizdə Əfqanıstandakından da çox millətlər məskundur. Bu millətləri mövcud ilahi rəhbərlik vahid bayraq altında toplaya bildi. Əgər bu ilahi qüdrət olmasaydı, hansı təşkilat mövcud birliyi yarada bilərdi?!
Bu gün ölkəmizin ziyalıları millətçilik hisslərini qızışdırmağa çalışırlar. Belə hərəkətlər, əlbəttə ki, naşükürlükdür. Ən böyük naşükürlük isə ilahi prinsiplər əvəzində oyuncaq demokratiyanın bərqərar olmasıdır. Bu məsələ ilə bağlı Əmirəlmömininin (ə) buyruğunu xatırlamaq yerinə düşür: “Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən çirkin küfrdür.” İnsan nə qədər naşükür olmalıdır ki, belə bir nemətin qədrini bilməsin. Dünya və axirət səadətinin təminatçısı olan bir nemətdən imtina etmək necə də böyük naşükürlükdür. Bəzi alimlər də bu cahil düşüncəyə münasibət bildirmirlər. İlahi rəhbərliyin məsxərəyə qoyulmasına göz yummaq olarmı?! İlahi hakimiyyətə şübhə yaradılması qarşısında susmağımız nə dərəcədə düzgündür?!

NEMƏTƏ QARŞI KÜFRÜN CƏZASI
Söhbətimizin bu yerində münasib olar ki, Qurana bir qədər nəzər salıb, nemət qarşısında şükr və küfrün nəticələrini araşdıraq.
Allah-taala Qurani-Kərimdə müxtəlif məqamlarda nemətə qarşı küfrü nəzərimizə çatdırır və onun mənfi təsirlərini bəyan edir. Ayələrdən birində buyurulur: “Əgər şükr etsəniz, sizə olan nemətimi artıracağam, yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən şiddətlidir.” (“İbrahim” surəsi, ayə: 7)
Ayədə Allah-taala bu məsələni ciddi şəkildə vurğulayır ki, verilmiş nemətlərin qədrini bilək. Nemət qarşısında nankorluq edəcəyimiz təqdirdə ilahi əzabla üzləşəcəyimiz labüddür. Şükr edənə nemətin artırılması, küfr edəndən nemətin alınması Allahın qəti sünnələrindəndir. Tarixdə insanların naşükürlük səbəbindən nemətlərdən məhrum olması haqqında nümunələr kifayət qədərdir. Bu mövzu olduqca genişdir.

HADİSƏLƏRİN TƏKRARI VƏ YA OXŞARLIĞI
Həzrət Əli (ə) oğluna buyurur: “Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır. Nemət sahibinə naşükür olma. Nemətə qarşı naşükürlük ən alçaq küfrdür. Üzrü qəbul edən ol.” (Nəhcül-bəlağə)
Vəsiyyətnamənin bu hissəsinin daha da aydınlaşması üçün ötən söhbətdə ortaya çıxmış suallara cavab verək. Qeyd etməliyik ki, tarixdə baş vermiş bəzi hadisələrin gələcək üçün dəlil götürülməsi düzgün deyil. Bu barədə misallar da göstərildi. Nümunələrdən biri bu oldu ki, bir ölkədə baş vermiş azadlıq hərəkatlarının dəfələrlə məğlubiyyətə uğraması o demək deyil ki, növbəti hərəkat da səmərəsiz olacaq. Dünya ölkələrində baş verən hadisələr bunun əyani sübutudur. Yəni hərəkat bir dəfə məğlub olmuşsa, imam Əlinin (ə) uyğun tövsiyəsini əsas götürüb, insanları növbəti hərəkatdan çəkindirmək olmaz.
İmam Əli (ə) öz vəsiyyətində buyurur ki, keçmişdə baş vermiş hadisələri gələcək üçün əsas götürün, çünki hadisələr oxşardır. Belə bir sual yaranır ki, uyğun tövsiyəni bütün məqamlarda tətbiq etmək olarmı? Doğrudanmı, hadisələr o qədər oxşardır ki, onların nəticələri də eyni olsun? Şübhəsiz ki, hadisələr dəqiq oxşar deyil. Həzrətin (ə) tövsiyəsi bütün hallara tətbiq edilmək üçün buyurulmayıb. Hadisələr oxşar olmaya da bilər. Bir çox hallarda keçmişdə baş vermiş hadisələrlə bugünkü hadisələr arasında fərqlər nəzərə çarpır. Əgər belədirsə, nə üçün Həzrətin (ə) kəlamı bu sayaq ümumi şəkildə bəyan olunmuşdur? Uyğun suala iki şəkildə cavab vermək olar:
1. Əvvəla, Həzrətin (ə) bu kəlamı “xitabə” formasında bəyan olunmuşdur. Mübahisə zamanı bir neçə növ dəlil gətirilə bilər. Bu dəlillərə nümunə olaraq, “bürhan”, “cədəl”, “xitabə”, “şeir” və “müğalitə”ni göstərə bilərik. Bu beşlik əsaslandırmanın yollarını göstərir. Xitabə dəlilinin xüsusiyyəti budur ki, bu üsulda zənni dəlillərdən istifadə olunur. Xitabə dəlilinin məqsədi müraciət olunan şəxsi əmələ sövq etməkdir. Moizələr də bu qəbildəndir. Nəsihət verən şəxs dəlil gətirmək məqsədində deyil. Onun söhbəti öz dinləyicisini əmələ sövq etməkdir. Ona görə də, belə bəyanlar ümumi olmaya da bilər. Danışanın nəsihətlərindən dinləyicinin istifadə edə bilməsi bu sayaq bəyanda kafi hesab olunur. Dinləyici deyilənləri yadda saxlayır və yeri düşdükcə onlardan istifadə edir. Demək, xitabədə zənni dəlillərə əsaslanılır və o bütün hallara tətbiq olunmur. Məqsəd yalnız və yalnız dinləyicini yaxşılığa sövq etməkdir. Vəsiyyətin bu hissəsində imam Əlinin (ə) məqsədi budur ki, dinləyici bugünkü işlərində keçmişi nəzərə alsın. Dinləyicinin nəzərinə çatdırılan budur ki, dünya əbədi deyil və keçmişdə pisliklə nəticələnmiş hadisələr gələcəkdə də belə nəticələnəsidir. Hər birimiz təcrübədə görmüşük ki, çətinliksiz müvəffəqiyyət olmur. Rahatlığa gedən yol çətinlikdən keçir. Beləcə, nəticə çıxarırıq ki, gələcəkdə də belə olasıdır. Gözləməməliyik ki, bütün işlərimiz çətinliksiz ötüşəcək. Hətta əldə edilən şeylər də əbədi olmur, bir vaxt əldən çıxır. Həzrətin (ə) məqsədi öz dinləyicisini keçmişin hadisələrindən ibrət götürməyə sövq etməkdir. Deyilir ki, keçmişə nəzər sal. Bəli, keçmişlə gələcək həmişə oxşar olmur. Elə Həzrət (ə) də yalnız oxşar hadisələri nəzərdə tutur.
Demək, uyğun sualın cavabında birinci qeydimiz budur ki, Həzrətin (ə) bəyanı bir xitabdır və moizə şəklində bəyan olunur. Qaydaya görə moizə və nəsihətdə əsas məqsəd dinləyicinin işə sövq olunmasıdır. Nəsihətdə bəyan olunan qayda bəzən özünü doğrultmaya da bilər. Yəni nəsihət yolu ilə təqdim olunan qayda üçün istisna hallar da var.
2. Uyğun sualın cavabında ikinci qeydimiz budur ki, Həzrət (ə) “çünki işlər bir-birlərinin oxşarıdır” deyərkən, hadisələr arasında müəyyən həddə oxşarlığın olduğunu nəzərdə tutur. Məqsəd bu deyil ki, bütün hadisələr dəqiq şəkildə oxşardır. Hamıya aydındır ki, min il bundan öncə yaşamış insanlar bir daha bu dünyaya qayıdası deyil. Ona görə də, keçmişin hadisələrini bugünkü hadisələrlə tam eyniləşdirə bilmərik. Sadəcə, bildirmək istəyirik ki, keçmişdəki hadisələrlə bugünkü hadisələr arasındakı oxşarlıqları tapıb, onlardan istifadə edə bilərik.
Demək, dövrün hadisələri arasında oxşarlıqlar mövcuddur. Amma bu oxşarlıqları kəşf etmək lazımdır. Unutmamalıyıq ki, oxşarlıq uyğunluq deyil. Uyğunluq odur ki, hadisələr tam şəkildə həmahəng olsun. Oxşarlıq isə hadisələrin müəyyən cəhətdən uyğun olmasıdır və yalnız bu oxşar nöqtələrə istinad edilə bilər. Məsələn, keçmişdə baş vermiş bütün hadisələr dayanaqlı olmamış, fəna olub getmişdir. Həmin bu davamsızlıq, ötərilik xüsusiyyətini gələcəyin hadisələrinə də tətbiq etmək olar. Yəni keçmişdəki hadisələrin ötəriliyini nəzərə alaraq, qərar çıxarmaq olar ki, bugünkü hadisələr də ötüb keçəsidir. Məhz bu cəhətdən, bütün hadisələr bir-birlərinin oxşarıdır. Qurani-Kərimdə buyurulur: “Sizdə olan tükənər, Allah dərgahında olan isə əbədidir.” (“Nəhl” surəsi, ayə: 96) Bu dünyada olan bütün şeylər fəna olasıdır. Bu cəhətdən bütün işlər oxşardır.
Qurani-Kərimdə bütün cəmiyyətlərdə və məqamlarda təsadüf olunan oxşar cəhətlər sadalanmışdır. Bu səbəbdən də, ötənləri nəzərdən keçirərkən həmin oxşar cəhətlərə əsasən gələcəkdə nələrin baş verəcəyini müəyyənləşdirə bilərik. Məsələn, naşükür insanların hansı aqibətlə üzləşdiyini tarixdən öyrənmək olar. Haqq itirən, nemətə qarşı naşükürlük edən insanların nəhayətdə bədbəxt olduğu göz qabağındadır. Demək, Allah-taala bütün naşükürlük edənlərdən öz nemətini geri alır. Buyurur: “Əgər şükr etsəniz, sizə verdiyim nemətləri artıracağam. Yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən, şiddətlidir”. (“İbrahim” surəsi, ayə: 7)
Bəli, ayədə göstərilənlər aşkar bir həqiqətdir və bütün hallarda özünü doğruldur. Demək, hadisələr arasındakı oxşarlıqları tapa bilsək, bu oxşarlıqlardan öz gələcəyimiz üçün istifadə edə bilərik.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!