QURANİ KƏRİMDƏ NӘSX - XVII hissə

:

MÜHAKİMƏ AYƏSİNİN NƏSXİ
Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!) (5/42).

Ayənin nəsx olunub-olunmaması haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Alimlərin bəziləri, şiə alimləri daxil olmaqla ayənin nəsx olunmadığına istinad edirlər.

Bu səbəbdən də əgər kitab əhli öz şikayətlərini müsəlmanların qazisinə təqdim edərsə, qazi islam mühakimə qanunlarına əsasən onların [müsəlmanlarla kitab əhlinin] arasında hökm çıxara bilər.

Şeyx Tusi mötəbər mənbəyə istinad edərək imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Əgər yəhudi və məsihilər öz şikayətlərini müsəlman qazisinə təqdim edərlərsə, həmin qazi onların arasında hökm çıxarmaq və ya bundan boyun qaçırmaqda tam ixtiyara malikdir. (Vәsailuş-şiә 3-cü cild 406-cu sәh) 

Əhli sünnə və şiə alimləri, o cümlədən İbrahim Nəxəi, Əta və Malik ibni Ənəs də bu fikirdə olmuşlar.

Lakin əhli sünnə alimlərinin bəziləri ayənin növbəti 48-ci ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşlər.

Sən Allahın nazil etdiyi [Quran] ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istəyinə uyma.) (5/8).

Mucahiddən nəql olmuş rəvayətdə bu nəzəriyyənin tam əksinə birinci ayənin ikinci ayəni nəsx etdiyi göstərilir.

Müəllif:

Ayənin nəsx olunduğu müşahidə olunmayır. Çünki ikinci ayədə Allah-taala qaziyə [Peyğəmbərə (s)] ona nazil olan [Quranla] kitab əhli arasında hökm etməyə əmr edir. Lakin birinci ayədə qazinin hökm çıxarıb-çıxarmamaqda tam ixtiyara malik olduğuna işarə olunur. Yəni əgər hökm çıxarmaq istəyərsə öz istəyi ilə deyil, İlahi qanunlar əsasında ədalətlə hökm çıxarmalıdır.

Başqa sözlə desək, hər iki ayə eyni məna daşıyır. Lakin birinci ayə əslində ikinci ayənin verdiyi hökmü bəyan edir və müsəlman qazisi kitab əhli arasında hökm çıxardığı zaman İlahi qanunlara əsaslanaraq ədalətlə hökm çıxarmalıdır.

Bununla yanaşı bu məzmuna dəlalət edəcək digər rəvayətlər də nəql olunmuşdur və bütün bu rəvayətlərdən belə qənaətə gəlmək olur ki, Maidə surəsi bütünlüklə Peyğəmbərə (s) səfər zamanı nazil olmuşdur. Demək, hər iki ayə həmən surəyə aiddir, eyni zamanda nazil olmuşdur və onlardan birinin digərini nəsx etməsi təsəvvür olunası deyildir.

Bu səbəbdən də deməliyik ki, ayələr arasında nəsx müşahidə olunmayır. Mətləbin daha açıqlanması üçün bir neçə rəvayətə işarə edirik:

1) İsa ibni Abdulla atasından, o da öz atasından və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surələrdəndir. Surə Peyğəmbərə (s) səfər zamanı qatırın üzərində olarkən nazil olmuşdur. Belə ki, vəhyin ağırlığından «Şəhbanın» (qatırın) ayaqları yerə batmışdır. (Tәfsir Burhan 1-ci cild 293-cü sәh) 

2) Yəzidin qızı Əsmadan nəql olmuş rəvayətdə deyilir: «Peyğəmbərin (s) dəvəsinin «Ğəzbanın» adlı yüyənini tutmuşdum. Bu zaman Maidə surəsi bütünlüklə ona nazil oldu. Belə ki, az qaldı dəvənin dizləri yerə batsın.» (Ibni Kәsirin tәfsiri) 

3) Əsmadan nəql olmuş başqa bir rəvayətdə deyilir: «Maidə surəsi Peyğəmbərə (s) bütünlüklə nazil oldu və surə nazil olarkən oturduğu dəvənin beli az qaldı sınsın.» (Musnәd Әhmәd ibni Hәnbәl 6-cı cild 458-ci sәh)

4) Cubeyr ibni Nəfir nəql etdiyi rəvayətdə deyir: «Həcc ziyarəti zamanı Aişənin yanına getdim. Aişə məni görcək soruşdu: Cubeyr! Maidə sursini oxuyursanmı?

Dedim: Bəli.

Dedi: Bilin ki, Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surə olmuşdur. Onun halalını halal, haramını da özünüzə haram bilin.

5) Əbu Ubəyd, Zəmrət ibni Həbib və Ətiyyət ibni Qeys nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Maidə, Quranın nazil olmuş son surəsidir. Onun halal etdiyini özünüzə halal, haram etdiyini də haram edin.» (Musnәd 6-cı cild 485-ci sәh)

Digər bir rəvayət də vardır ki, Maidə surəsinin kamil surətdə və sonuncu surə olaraq nazil olduğunu çatdırır.

Əziz oxucular, əlimizdə belə hədislər olduğu halda necə iddia etmək olar ki, bu surənin bir ayəsi digər bir ayəni nəsx edir və bu nəsx də əməl vaxtı çatmamış həyata keçirilir. Belə bir halda nəsx olunmuş ayənin hökmünün qanuniləşdirilməsi faydasız olacaqdır və məhz buna görə də bu iddianı qəbul etmək mümkün deyildir.

Bundan əlavə, həmin hədisdən bizim qeyd etdiyimiz məsələni təsdiq edən digər bir mətləb də başa düşülür. O da bu surənin heç bir ayəsinin nəsx olunmamasıdır.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!