QURANİ KƏRİMDƏ NӘSX - XVIII hissə

:

ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ
(Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən [müsəlman] olmayan iki nəfəri şahid tutun). (5/106).

Şiə alimlərinin fikrincə ayənin verdiyi hökm sabit və nəsx olunmamışdır. Bu səbəbdən də (min ğəyrikum – özünüzdən olmayan) cümləsini nəzərə alaraq deyə bilərik ki, kitab əhlinin səfər zamanı müsəlmanlara vəsiyyət etməsi tamamilə düzgün və etibarlıdır. Abdulla ibni Qeys, İbni Abbas, Şurəyh, Səid ibni Musəyb, Səid ibni Cubəyr, Ubəydə, Məhəmməd ibni Siyrin, Şəbi, Yəhya ibni Yəmar kimi tanınmış əshab və tabeinlər və əhli-sünnə fiqhinin banilərindən olan Süfyan Suri və Əbu Ubeyd kimi görkəmli şəxsiyyətlər bu nəzəriyyəni qəbul etmişlər.

Lakin Zeyd ibni Əsləm, Malik ibni Ənəs, Şafei və Əbu Hənifə ayənin nəsx olunduğunu demişlər. Kafirlərin şəhadət verməsi hansı şəraitdə olursa-olsun etibarlı sayılmır. (Әnnәsx vәl Mәnsux Nәhhas 133-134-cü sәh) 

AYƏNİN NƏSX OLUNMADIĞINI SÜBUTA YETİRƏN DƏLİLLƏR

Ayənin nəsx olunmadığını aşağıdakı dəlillərlə sübuta yetirmək olar.

1. Əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, kitab əhlinin müsəlmanlara verdikləri şəhadət yalnız o zaman qəbul oluna bilər ki, müsəlmanın verdiyi şəhadəti qəbul etmək mümkün olmasın. Belə ki, Koleyni, Hişam ibni Həkəmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan «və axərani min ğəyrikum» – özündən olmayan iki nəfəri şahid tut — ayəsinin anlamını soruşdum. İmam (ə) buyurdu: Əgər bir şəxs qürbətdə [səfərdə] olarsa və vəsiyyət etməyə müsəlman tapmazsa qeyri-müsəlmanın verdiyi şəhadəti etibarlı hesab etmək olar. (Vafi 13-cü cild 8-ci sәh. Vәsiyyәtә şahid olmaг fәsli) Şəbi nəql etdiyi rəvayətdə deyir: Dəquqa adlı məntəqədə müsəlmanlardan biri vəfat edir. Vəsiyyət etməyə müsəlman tapa bilmədiyi üçün kitab əhlindən vəsiyyətinə şəhadət verəcək iki nəfər şahid tutur. Onlar Kufəyə gəlib əhvalatı Əbu Musa Əşəriyə danışdıqdan sonra həmən şəxsin verdiyi əmanətləri ona təhvil verirlər. Əbu Musa onları diqqətlə dinlədikdən sonra dedi: Peyğəmbərdən (s) sonra belə bir əhvalat baş verməmişdir.

Sonra onlara and içdirdi ki, həmən şəxsin pul və var-dövlətinə xəyanət etməmiş və etdiyi vəsiyyətdə dəyişikliklər aparmamışlar. Onlar da əmanətə xəyanət etmədiklərinə və vəsiyyətdə heç bir dəyişikliklər aparmadıqlarına and içidilər. Beləliklə Əbu Musa kitab əhlindən olan iki nəfər şəxsin verdikləri şəhadəti bir müsəlmanın verdiyi şəhadətlə bərabər tutaraq şəhadəti qəbul etdi.

2. Əvvəlki fəsildə Maidə surəsinin nazil olması haqda nəql olmuş rəvayəti ayənin nəsx olunmamasına dair ikinci əsaslı dəlil hesab etmək olar. Çünki rəvayətdən belə nəticəyə gəlmək olur ki, Maidə surəsi, Quranın nazil olmuş son surəsidir və onun ayələri nəsx olunmadan qüvvədə qalmaqdadır.

3. Ayənin nəsx olunmasını sübuta yetirəcək əsaslı dəlillər olmalıdır. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri dəlillər isə bunu sübuta yetirməyə qadir deyildir.

NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR

Qeyd etdiyimiz kimi əhli-sünnə alimlərinin bir qismi ayənin nəsx olunmasına dair müxtəlif fikirlər irəli sürmüşlər və bu barədə bir neçə dəlilə istinad etmişlər. Biz onlardan bir neçəsinə işarə edirik.

1. Deyilir: Allah-taalanın, şəhadət verən şəxslər üçün təyin etdiyi əsas şərt onların adil olmaları və müsəlmanların etimadını qazanmalıdır.

Qurani-kərimdə bu haqda yazılır:

«Razı olduğunuz şahidlərdən» (2/282).

2. «İçərinizdən iki ədalətli şahid tutun» (63/2).

Etimad və ədalətin kafirlərdə olmadığını nəzərə alaraq deyə bilərik ki, onların verdikləri şəhadət etibarsız və qeyri-məqbuldur. Belə olduqda onların vəsiyyət üçün verdikləri şəhadət də etibarsız hesab olunmalıdır. Demək, haqqında söhbət açdığımız ayə də yeni verilən hökm ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.

Cavab:

Gətirilən bu dəlili bir neçə səbəbdən əsassız hesab edə bilərik. Əvvəla ona görə ki, birinci ayənin şahidlik verməyə dəlalət etdiyini fərz etsək də belə, ikinci ayəyə diqqət yetirməklə onun şəhadətə deyil, təlaq hökmünə aid olunduğunun şahidi olarıq. Demək, onların heç biri vəsiyyət üçün verilən şahidlikdə ədalətin əsas şərt olmasına dəlalət etmir. Digər tərəfdən isə hər iki ayənin təlaq hökmünə aid olması və onun bütün hallara şamil olunduğunu fərz etsək, haqqında söhbət açdığımız ayəni talaq hökmünə şamil olan bu iki ayə üçün bir növ əlavə hesab etməli olacağıq. Çünki ümumi xarakter daşıyan bir hökm, başqa bir məhdud hökmü nəsx etməyə qadir deyildir. Belə olduqda adətən məhdud hökm, mütləq və ümumiyyət xarakteri daşıyan hökmlərə əlavə olunur.

2. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri ikinci əsaslı dəlil icmanın irəli sürdüyü nəzəriyyədir. İcma belə bir fikirdədir ki, əməli-saleh olmayan fasiq şəxslərin verdikləri şahidlik [şəhadət] etibarsız sayılır. Kafirlər də fasiq [günahkar] olduqları üçün onların verdikləri şəhadət etibarsız sayılmalıdır.

Alimlərin əksəriyyəti kitab əhlinin verdikləri şəhadəti etibarlı hesab etdikləri üçün icmanın irəli sürdüyü bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Belə ki, alimlərin bir çoxu kitab əhlinin fasiq müsəlmanın vəsiyyət üçün verdiyi şəhadəti etibarlı hesab edir. Demək, fasiq müsəlmanın şəhadət verməsinin etibarsız hesab olunması, öz din və məzhəbində etimad qazanmış qeyri-müsəlman adil bir şəxsin verdiyi şəhadətin etibarsız olmasına dəlalət etmir. Çünki əqli baxımdan bu iki ayə arasında heç bir əlaqə yoxdur.

3. Deyilir: Kafirlərin verdiyi şəhadət yalnız vəsiyyət üçün qəbul oluna bilər. Lakin bu barədə də bəzi ixtilaflar nəzərə çarpır. İxtilaf doğuran məsələlərdə icmaya və şübhə meydana gəldikdə isə qəti və əsaslı hökmə müraciət etmək lazımdır.

Cavab:

Bir o qədər də məntiqli olmayan və insanda təəccüb doğuran belə bir dəlilin əvəzinə yaxşı olardı ki, bunun tam əksinə istinad olunub deyiləydi. Peyğəmbərin (s) zamanında kafirlərin vəsiyyət üçün verdikləri şəhadət hamı tərəfindən qəbul olunardı. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra bu barədə ixtilaf meydana gəldi. İxtilaf doğuran hər bir məsələdə isə icmaya müraciət etmək lazımdır.

Nəticə:

Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr tamamilə batil və əsassızdır və bu nəzəriyyəyə istinad edən varsa, o da son dövrün bəzi fiqh alimləridir.

Məgər Quranın verdiyi qəti bir hökmü kimlərinsə verdikləri fitvalarla əvəz etmək olarmı?

Daha da təəccüb doğuran Həsən Zəhranın irəli sürdüyü nəzəriyyədir. O deyir: «Ov axərani min ğəyrikum» – özünüzdən olmayan iki nəfər şəxsi — cümləsindən məqsəd, heç də kafir və kitab əhlinin şəhadət vermələri deyildir. Buradan məqsəd «öz qövm və qəbilənizdən olmayan» şəxslərdir. Çünki ayədə birbaşa olaraq kitab əhlinin adı çəkilmədiyi üçün biz verilən şəhadətin onlara dəlalət etdiyi haqda bir söz deyə bilmərik. Bu nəzəriyyə ayənin təfsiri haqda nəql olmuş rəvayətlə yanaşı ayənin zahiri mənası ilə də tam ziddiyyət təşkil edir. Çünki ayədə kitab [müraciət] olunan yalnız möminlərdən və «ğəyrəkum» – özünüzdən olmayan — deyildikdə mömin olmayanlar, yəni kafirlər nəzərdə tutulmalıdır.

Diqqət yetirmək lazımdır ki, ayə heç bir şərt olmadan şəhadətin verilməsinə dəlalət edir və verilən şəhadət istər kitab əhlindən olan kafirlər tərəfindən verilsin, istərsə də kitab əhlindən olmayan kafirlər və həmçinin istər möminlərin özləri tərəfindən mümkün olsun, istərsə də qeyri-mümkün.

Lakin bu məzmunda nəql olmuş bir çox rəvayətlərdə şəhadətin möminlər tərəfindən verilməsi mümkün olmadıqda, kitab əhlindən olan kafirlər tərəfindən verilməsinə dəlalət etdiyi göstərilir və bu hökm istisna aradan qaldırılaraq Quranın ümumi xarakter daşıyan hökmünün, Peyğəmbərin (s) buyurduqları ilə sabit olunan hökmlərə daxildir.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!