QURANİ KƏRİMDƏ NӘSX - XXIV hissə

:

ŞƏRABIN HALALLIĞİNA DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

«Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş mövüz, bəhməz, quru xurma, və s.] düzəldirsiniz.» (16/67).

Qütadə, Səid ibni Cubeyr, Şəbi, Mucahid, İbrahim və Əbu Zərrindən nəql olmuş rəvayətdə bu ayənin şərabın haramlığına dair nazil olmuş ayə ilə nəsx olunduğu göstərilir.

Cavab:

Ayənin nəsx olunması iki mühüm mətləbin sübuta yetirilməsindən ibarətdir.

1. Ayədə (səkr) deyildikdə, məstedici şərab nəzərdə tutulsun. Lakin nəsx nəzəriyyəsi tərəfdarları bunu sübuta yetirməyə qadir deyillər. Çünki (səkr) kəlməsinin daşıdığı lüğəvi mənalardan biri də «sirkədir». Tanınmış təfsir alimlərindən olan Əli ibni İbrahim də «Səkr» kəlməsini məhz bu mənada təfsir etmişdir. Belə bir mənaya əsasən (rizqi həsənin – ləziz yeməklər) deyildikdə, xurma və üzümdən hazırlanan şirə və müxtəlif yeyim şeyləri nəzərdə tutulur.

2. Ayə şərabın halallığına dəlalət etmiş olsun. Bir halda ki, nəsx nəzəriyyəsi tərəfdarları bunu da sübuta yetirməyə qadir deyildir. Çünki ayə nəyinsə halal və ya haram olmasını və camaatın adət etdiyi hər-hansısa bir şeyi deyil, müəyyən gerçəkliyi və təbii cərəyanı bəyan edir.

Biz ayənin təbii cərəyanı bəyan etdiyini bəşəriyyətin müxtəlif sənət və istedadlara yiyələndiyini bəyan edən ayələrin arasında olması ilə sübuta yetirə bilərik:

«Allah göydən bir yağış endirər, onunla yer özünü öldükdən [quruduqdan] sonra dirildər. [Öyüd-nəsihətə] qulaq asanlar üçün bunda bir ibrət vardır. [Allah quru torpağa həyat verə bildiyi kimi, insanları da öləndən sonra diriltməyə qadirdir!]

Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. [Qanı və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir tam verər ki, o içiləndə xoş gələr].

Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab [yaxud sirkə] və gözəl ruzi [kişmiş, mövüz, bəhməz, quru xurma və s.] düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağıllı düşünənlər üçün bir ibrət vardır.

Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: «Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik: sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat və asanlıqla get!» O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli [ağ, sarı, qırmızı] bal çıxar. Şübəhsiz ki, bundan da düşünüb dərk edənlər üçün bir ibrət vardır!» (16/65-69).

Allah-taala bu beş ayədə öz qüdrət nişanələrindən, ölmüş torpağın yenidən yağışla dirilməsindən, yaradılmışların heyrətedici xüsusiyyətlərindən, insanların dörd ayaqlı heyvanların qarınlarındakı qanla ifrazat arasında olan təmiz süddən bəhrələnmələrindən və xilqətin digər sirlərinə işarə edir.

Burada həmçinin xurma və üzümün müsbət xüsusiyyətləri, onlardan müxtəlif çeşiddə hazırlanan şirə və yeməklərə, ilham alaraq dağlarda özünə yuva quran bal arılarının heyrətedici xüsusiyyətləri haqda söhbət açılır.

Qeyd etdiklərimizdən belə məlum olur ki, ayələr heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq Allahın birliyinə və Onun qüdrət nişanələrinə işarə olunur. Bunun isə şərabın haram olmasına dair nazil olmuş ayənin, şərabın halal olmasını nəsx etməklə heç bir əlaqəsi yoxdur.

«Səkr» deyildikdə məstedici içkilər nəzərdə tutulduğunu fərz etsək, belə ayə şərabın halallığına deyil, haram olduğuna dəlalət edəcəkdir. Çünki ayədə «şərab», «rizqi həsəni – gözəl ruzi»nin müqabilində işlənmişdir. Bu da bir daha sübut edir ki, şərab pak və halal ruzi deyildir.

Şeyx Səduq öz müəllimi Məhəmməd ibni Əsləmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan şərabın halal olub-olmaması haqda soruşuldu. İmam (ə) sualın cavabında buyurdu: «Peyğəmbər (s) buyurmuşdur: Allahın mənə haram etdiyi ilk şey bütpərəstlik və şərab olmuşdur.»

Şeyx Səduq imam Rza (ə)-dan nəql etdiyi başqa bir rəvayətdə deyir: «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, şərabı ona haram etməmiş olsun.»

Ecaz fəslində qeyd etdik ki, şərab Tövratda da bəşəriyyətə haram olunmuşdur. Lakin bu bir həqiqətdir ki, islam zühur etdiyi ilk illərdə şərab haram olmamış və bir müddət keçdikdən sonra şərabın haramlığına dair qəti hökm verilmişdir.

Belə bir qanunvericilik üsulu tək şərab hökmünə deyil, digər şəriət hökmlərinə də aiddir. Belə ki, bütün hökmlər əvvəlcədən müəyyənləşdirilmiş, zaman keçdikcə tədriclə elan edilmişdir. Sonradan haramlığına dair ayə nazil olmuş şərab hökmü də əvvəlcədən də [yəni ayə nazil olmazdan əvvəl] haram olmuşdur.

ZİNAKAR KİŞİ VƏ QADININ EVLƏNMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu [belə bir evlənmə] möminlərə haram edilmişdir.» (24/3).

Səid ibni Musəyb və alimlərin bir çoxu belə bir fikirdə olmuşlar ki, bu ayə həmən surənin 32-ci ayəsi ilə nəsx olunmuşdur.

Orada deyilir:

«[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin.» (24/32).

Deyilir:

Birinci ayədə müşrik və zinakar istisna olmaqla, zinakar qadınlarla evlənməyin yasaq olduğu, ikinci ayədə isə nikah hökmü əməli saleh olub-olmamasından asılı olmayaraq bütün subay şəxslərə ümumilikdə şamil olunur.

Müəllif:

Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə «nikah» deyildikdə, evlənməyin nəzərdə tutulduğunu sübuta yetirmək lazımdır. Lakin belə mənanı sübuta yetirmək üçün heç bir dəlil yoxdur. Və əgər «nikah» deyildikdə evlənmək nəzərdə tutularsa, müsəlman zinakar kişinin, müşrik [kafir] qadınla, həmçinin müşrik kişinin zinakar müsəlman qadınla evlənməsi də qanuni olacaqdır. Çünki ayədə zinakar kişinin yalnız zinakar və müşrik qadınla nikah edib evlənə biləcəyi göstərilir. Eyni qaydada zinakar qadın da yalnız zinakar və ya müşrik kişi ilə nikah edib evlənə bilər.

Bir halda ki, belə bir evlənmə islam nöqteyi-nəzərindən qeyri-qanuni və müsəlmanların adət-ənənələri ilə müvafiq deyildir.

Bu səbəbdən də deməliyik ki, ayədə «nikah» deyildikdə, istər qanuni olsun, istərsə də qeyri-qanuni, onun lüğəvi mənası, yəni «cinsi yaxınlıq» nəzərdə tutulur.

«La yənkihu – evlənməyin», cümləsi də heç də qanunvericilik xarakteri daşımır. Burada sadəcə olaraq zinanın nə qədər qəbahətli iş olduğuna və insanların ondan çəkinmələrinə işarə olunur. Belə ki, zinakar kişi yalnız zinakar və kafir qadınla və zinakar qadın yalnız zinakar və kafir kişi ilə zina edər. Çünki mömin və əməli-saleh şəxslər zinanı özlərinə haram edər və belə bir qəbahətli işə yol verməzlər.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!