QURANİ KƏRİMDƏ NӘSX - XXV hissə

:

GÜZƏŞT AYƏSİNİN NƏSXİ

«İman gətirən şəxslərə de ki, axirət gününə iman gətirməyənləri bağışlasınlar.» (45/111).

Təfsir alimlərinin bəzilərinin fikrincə bu ayə «Səyf» və cihad hökmü ilə nəsx olunmuşdur. Bu haqda deyilir: Ayə Məkkədə Ömər ibni Xəttab barəsində nazil olmuşdur. Belə ki, müşriklərdən biri Öməri söyərək təhqir edir və Ömər də onu cəzalandırmaq istəyir. Ayə nazil olmaqla Ömər özünə ələ alır və sonra Tövbə surəsinin 5-ci ayəsi ilə nəsx olunur.

«Müşrikləri harda görsəniz öldürün.» (19/5).

Nəsx nəzəriyyəsi tərəfdarları ayənin nəsx olunmasına dair bu cərəyanla yanaşı Əli ibni Əhmədin, Məhəmməd Hişamdan, o da Asim ibni Suleymandan, o da İbni Cubeyrdən, o da Zəhhakdan və o da İbni Abbasdan nəql etdiyi rəvayətə istinad etmişlər.

Müəllif:

Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri bu rəvayət olduqca zəif və əsassızdır. Rəvayətin bütün zəif xüsusiyyətlərinə göz yumsaq da, onun Asim ibni Suleyman tərəfindən nəql olunması rəvayətin əsassız olmasına kifayət edər. Çünki o yalan və iftiralarla dolu olan bir çox hədis və rəvayət nəql etmişdir.

1. İbni Udey onun barəsində deyir: O yalançı və hədis iftiraçısı olmuşdur. Onun nəql etdiyi bütün hədis və rəvayətlər istər sənəd, istərsə də mətn baxımından tamamilə etibarsızdır.

Fəlas deyir: Onun kimi hədis uyduran ikinci bir şəxs görmədim. Onun bu sahədə böyük məharəti var idi.

Əbu Hatəm və Nəsai deyir: Asimin söylədikləri tamamilə etibarsızdır.

Dar Qatəbi deyir: Nəql etdiyi rəvayətlər zəif və əsassızdır.

Əbu Həbban deyir: Onun nəql etdiyi rəvayətləri yalnız hansısa bir şəxsdə təəccüb doğurmaq üçün nəql etmək olar.

Əbu Davud Təyalisi deyir: Yalançı olmuşdur.

Əzdi: Nəql etdiyi rəvayətlər əsassız və etibarsız olardı. (Lisanul Mizan 3-cü cild 218-219-cu sәh) 

Onun nəql etdiyi rəvayətləri bir neçə səbəbdən əsassız hesab edə bilərik:

1. Məlum olduğu kimi müsəlmanlar hicrətdən əvvəl Məkkədə yaşayır və azlıq təşkil etdikləri [eyni zamanda zəif olduqları] üçün müşriklərlə sərt rəftar edə bilməzdilər.

2. Ömər heç də döyüşlərdə şücaət göstərən qabaqcıl mücahidlərdən deyildi. İradəsi zəif olan bu şəxsin elə bir ağır şəraitdə müşriklərə qarşı sərt davranaraq onları cəzalandırması və Ömərin özünü ələ alması üçün belə bir ayənin nazil olması nə dərəcədə düzgün ola bilər.

Bir halda ki, ayədəki «Ğufran – güzəşt etmək, bağışlamaq» kəlməsi qüdrət və intiqam almağa dəlalət edir. Lakin qeyd etdiyimiz kimi hicrətdən əvvəl Ömərin müşriklərdən intiqam alması qeyri-mümkün idi. Çünki əgər Ömər, onu təhqir edən şəxsi cəzalandırmaq istəsəydi, o da müqavimət göstərəcək və artıq güzəşt etməyə fürsət qalmayacaqdır.

Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin verdiyi hökm nəsx olmamışdır və o, təkcə Ömərə deyil, bütün müsəlmanlara ümumilikdə şamil olunur. Belə ki, onlar müşriklərin əzab və əziyyətinə səbr etməli və bacardıqca güzəşt etməyi bacarmalıdırlar. Casiyə surəsinin 14-15-ci ayələri dediklərimizi bir daha sübuta yetirir.

«[Ya Peyğəmbər!] İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını versin deyə – Allahın əzabından [əzab günlərindən] qorxmayanları bağışlasınlar!

Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar.»

Ayənin zahiri mənası bundan ibarətdir ki, günahkarlar istər kafirlərdən olsun, istərs kitab əhlindən, istərsə də müsəlmanlardan, axirət əzab və sorğu-sualına iman gətirməyəcəkləri təqdirdə Allah tərəfindən layiqincə cəzalandırılacaqlar.

Hansı təbəqədən olursa-olsun zülmkarların zülmünün və təcavüzkarların cinayətlərini unutmayan Allah onların cəzalandırılmasını öz üzərinə götürmüşdür.

Belə bir halda Allaha iman gətirmiş bir şəxs intiqam almaq üçün başqlarını qabaqlamağa çalışmamalıdır. Lakin diqqət yetirmək lazımdır ki, bu əxlaqi və ictimai məsələyə aid olan bir hökmdür. Və istər hökmün qanunvericiliyi Səyf ayəsi nazil olmazdan əvvəl verilmiş olsun, istərsə də sonra, islama dəvət və ya cihad hökmü ilə heç bir ziddiyyəti yoxdur.

DÖYÜŞDƏ ƏSİR GÖTÜRÜLƏNLƏR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ

«[Ey möminlər!] Kafirlərlə [döyüş meydanında] qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə [əsir alıb, qaçmasınlar deyə əl-ayaqlarını] kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya [boyunlarına minnət qoyub] məccani və ya fidyə müqabilində azad edin. (47/4).

Müfəssirlərin bəziləri hökmün Səyf ayəsi ilə nəsx olunduğunu qeyd etmişlər. Başqaları isə əksinə olaraq, bu ayənin Səyf ayəsini nəsx etdiyini qeyd etmişlər.

Müəllif:

Bu bir həqiqətdir ki, nə Səyf ayəsi bu ayəni, nə də bu ayə Səyf ayəsini nəsx etmişdir.

Bu barədə daha dəqiq nəzər irəli sürmək üçün müharibə şəraitində müsəlmanların kafirlərlə necə rəftar etmələrinə diqqət yetirməliyik.

DÖYÜŞDƏ İŞTİRAK EDƏN KAFİRLƏRİN HÖKMÜ

Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafəri hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər.

1. Əgər döyüşdə iştirak edən — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra — kafirlər islamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmayır.

2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.

Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.

Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:

Ya kölə kimi istifadə etməli, ya fidyə almaqla onları azad edər və ya məccani olaraq azad edə bilər.

Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.

Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya islamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya məccani olaraq güzəştlə azad etməlidir.

Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüzi ixtilaflar varsa da, əsassız və heç bir etibara malik deyildir.

Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mənası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa «şəddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya məccani azad olunmağa «mənnə və fidaə» dəlalət edir.

Qeyd etdiklərimizdən belə məlum olur ki, «şəddul vəsaq» deyildikdə, əsirlərin məccani və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.

Çünki «şəddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mənanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şəddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir məna daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə «fidən və məna – fidyə və azad etmək» hökmünə aid olmuş olur.

Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.

Bu hökmə dəlalət edəcək bir çox mötəbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Zəiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxmadan ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:

«Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzaba mübtəla olacaqlar.» Sonra imam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»

Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsindən nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yəni müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud məccani olaraq azad etməlidir.

Verilən izahatlardan belə məlum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.

Əhli sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilməyir, dini hakim ya onları kölə kimi saxlmalı, ya fidyə və ya məccani olaraq azad etməlidir. (Qürtәbinin tәfsiri 16-cı cild 227-228-ci sәh)

Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, Səyf ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən Səyf ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.

Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.

Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya məccani olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir. (Tәfsir Tibyan 9-cu cild 291-ci sәh) 

Lakin bu barədə bir rəvayətdə olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə və ya məccani olaraq azad etməlidir. (Mәгsud, Cihad fәsli, kafirlәrin xüsusiyyәtlәri vә onların nеcә гәtlә yеtirilmәlәri) Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.

Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir.

Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O, özünü «Muntəhi və Təzkirə» adlı kitablarında cihad fəslində bu barədə geniş söhbət açmışdır.

AYƏ HAQDA İRƏLİ SÜRÜLMÜŞ DİGƏR NƏZƏRİYYƏLƏR

Şiə alimlərinin və əhli-sünnə alimlərinin bəzilərinin (Zəhhak, Əta və Həsən Bəsri) bu haqda nə fikirdə olduqları ilə tanış oldunuz. Lakin əhli-sünnə alimlərinin bir çoxu bu barədə tam fərqli fikir irəli sürmüşlər.

1. Onlardan bəziləri bu fikirdədirlər ki, ayə yalnız bütün kafirlər barədə deyil, yalnız müşriklər haqda nazil olmuşdur. Belə ki, əsirlər öldürlməməli, fidyə və ya məccani olaraq azad olunmalıdırlar. Cihad hökmünü verən Səyf ayəsi nazil olduqdan sonra isə hökm nəsx olunaraq öz qüvvəsini itirmişdir. Bu nəzəriyyənin Zəhhak, Sudəy, İbni Cərih, İbni Abbas və bir çox Kufə müfəssirləri tərəfindən irəli sürüldüyü göstərilir. Onlar deyirlər: Ayə nəsx olunduğu üçün əsir düşmüş müşriklər qətlə yetirilməlidir və onları fidyə ödəmək və ya məccani olaraq azad etməyi heç də düzgün hesab etmək olmaz. (Qurtәbinin tәfsiri 16-cı cild 217-ci sәh) 

Cavab:

Səyf ayəsi istər müşriklərə, istərsə də qeyri-müşriklərə islam və müsəlmanlarla düşmənçilik edən bütün şəxslərə şamil olunur. Nəsx nəzəriyyəsi tərəfdarları isə ayənin yalnız müşriklərə aid olduğunu hesab edirlər. Ümumi xarakter daşıyan [mütləq] hər hansı bir qanun isə sadir olunduğu zaman baxışından ümumi xarakter daşımayan qanundan istər əvvəl, istərsə də sonra verilmiş olsun, onun məhdudlaşdırılmağa və ya nəsx etməyə qadir deyildir.

Bu səbəbdən də ümumiyyət xarakteri daşıyan Səyf ayəsinin, haqqında söhbət açdığımız ayəni nəsx etməsi qeyri-mümkündür.

2. Bəzilərinin fikrincə ayə bütün kafirlər haqda nazil olmuş, lakin müşriklərə gəldikdə hökm əvəz olunaraq nəsx olunmuşdur. Bu nəzəriyyənin də Qütadə, Mücahid və Həkəm tərəfindən irəli sürüldüyü göstərilir. Əbu Hənifə məzhəbinin tərəfdarları da bu nəzəriyyəyə istinad etmişlər.

Cavab:

Bu nəzəriyyənin də əsassız olduğu göz qabağındadır. Çünki ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən sonra nazil olduğunu sübuta yetirmək lazımdır. Nəsx nəzəriyyəsi tərəfdarları isə əllərində əsaslı dəlil olmadığı üçün bunu sübuta yetirməyə qadir deyillər. İstinad etdikləri mənbə varsa, o da vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərdir. Və biz dəfələrlə qeyd etmişik ki, vahid xəbər halında nəql olmuş hədis və rəvayətlərlə Quran ayələrinin nəsx olunmasını sübuta yetirmək tamamilə əsassız və qeyri-mümkündür.

Ayənin nəsx olunduğu vahid xəbərlə sübuta yetirilsə belə, onun Səyf ayəsi ilə nəsx olunmasına dəlalət edəcək heç bir əsaslı dəlil yoxdur. Sübuta yetiriləcək şey yalnız bundan ibarətdir ki, haqqında söhbət açdığımız ayə Səyf ayəsini məhdudlaşdıracaq xarakteri daşıyır. Çünki hər bir müsəlman ayənin istər müşriklərə, istərsə də qeyri-müşriklərə şamil olunduğunu və ümumiyyət xarakteri daşıdığını hesab edir. Bu səbəbdən də haqqında söhbət açdığımız ayə Səyf ayələrinin nəsx edici deyil, məhdudlaşdırıcı xarakter daşımasına səbəb olur. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi, ümumiyyət [mütləq] xarakteri daşıyan hökm məhdudiyyət [müqəyyəd] xarakteri daşıyan hökmləri nəsx etməyə qadir deyildir. Qeyd etdiklərimizi nəzərə almasaq belə, bir qənaətə gəlməli olacağıq ki, hər iki ayənin verdiyi hökm qüvvədə olaraq qalır və onların arasında heç bir ziddiyyətlik yoxdur. Fərq yalnız bundan ibarətdir ki, Səyf ayəsində əsir alınmış müşriklərin qətlinə, bu ayədə isə əsirlərin ya köləliyə vadar olunmasına, ya fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dair hökm verilir. İki halda ziddiyyətsizlik hər iki ayənin məfhumuna dəlalət edir. Ziddiyyət meydana gəldikdə o ayənin hökmünə əməl olunur ki, başqa bir dəlillə onu sübuta yetirmək mümkün olsun.

3. Əhli-sünnə alimlərinin bir qismi ayənin Səyf ayəsi ilə nəsx olunduğuna deyil, əksinə olaraq Səyf ayəsini nəsx etdiyinə istinad edirlər.

Cavab veririk:

Ayənin nəsx olunduğunu sübuta yetirmək üçün ilk növbədə Səyf ayəsinin bu ayədən nazil olunduğunu sübuta yetirmək lazımdır. Bunun üçün isə onların əlində heç bir əsaslı dəlil yoxdur.

Səyf ayəsinin bu ayədən əvvəl nazil olduğunu sübutu yetirsək belə, bunu ayənin nəsx olunmasına əsaslı dəlil hesab etmək olmaz. Belə ki, ayənin nəsx olunması daha əsaslı dəlillərlə sübuta yetirilməlidir.

4. İrəli sürülmüş sonuncu nəzəriyyədə deyilir: Dini rəhbər istər döyüş zamanı, istərsə də döyüş başa çatdıqdan sonra əsir alınanları ya kölə kimi saxlamalı, ya qətlə yetirməli, ya fidyə alaraq və ya məccani olaraq azad etməlidir.

Bu nəzəriyyə Əbu Təlhə və İbni Abbas tərəfindən nəql olunmuşdur. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan İbni Ömər, Həsən Bəsri, Əta və Malik ibni Ənəs, Şafei, Suri, Əvzam, Əbu Ubəyd kimi məşhur fiqh alimləri bu nəzəriyyəyə dair öz müsbət rəylərini bildirmişlər.

Ayənin ümumi məfhumu irəli sürülmüş bu nəzəriyyə ilə ziddiyyət təşkil etmədiyi üçün hökmün nəsx olunmasına əsaslı dəlil hesab edə bilmərik. Nəhhas bu nəzəriyyəni öz kitabında qeyd edərək deyir: İstər əfv, istərsə də Səyf ayəsinin verdiyi hökm sabit olaraq qaldığı üçün bu nəzəriyyəni əsaslı hesab edə bilərik. Hökmün heç biri digərini nəsx etməyir və bu ən düzgün nəzəriyyədir. Çünki nəsxin sübuta yetirilməsi üçün əsaslı dəlillərə istinad olunmalıdır. Əvvəla nəsx nəzəriyyəsi tərəfdarlarının istinad edəcək belə bir əsaslı dəlilləri yoxdur. Digər tərəfdən isə hər iki ayənin icra olunması mümkün olduğu təqdirdə hər-hansı bir ayənin nəsx olunması heç bir məna və məfhum kəsb etməyir.

Nəhhas sonra deyir: Bu nəzəriyyəni mədinəlilər, Şafei və Əbu Ubeydə də nəql etmişlər.

Cavab:

Bu nəzəriyyəni ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün iki əsaslı səbəbə görə doğru və düzgün hesab edə bilmərik.

1. Ayədə istifadə olunan «mənnə və fidaən – fidyə ödəmək və ya məccani olaraq» ifadəsi müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra bir-başa müşriklərin əsir alınmasına və fidyə ödəmək və ya məccani olaraq azad olunmalarına dəlalət edir. Bu səbəbdən də ayənin verdiyi hökmün döyüş zamanı əsirlərin azad olunması ilə heç bir uyğunluğu yoxdur.

2. «Zərburriqab – boyunlarını vurun». Bu ayədə müsəlmanların zəfər çalanadək ayənin məfhumuna əsasən, kafirlərin döyüş zamanı qətlə yetirilmələri məhdudlaşdırılır. Döyüş başa çatdıqdan sonra isə [əsir alınmış] kafirlərin qətlə yetirilməsi qəti olaraq qadağan olunur. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, müsəlmanların qələbəsi ilə başa çatan döyüşdən sonra əsirlərin qətlə yetirilməsinə dair irəli sürülmüş nəzəriyyə ayənin məna və məfhumu ilə tamamilə ziddiyyət təşkil edir.

Onlar əsirlərin qətlə yetirilməsində Səyf ayəsinə istinad etsələr belə, düzgün nəticə əldə edə bilməyəcəklər. Çünki bir qədər əvvəl qeyd etdiyimiz kimi Səyf ayəsi döyüş zamanı alınan əsirlərə dəlalət edir.

Və əgər bu barədə Peyğəmbərin (s) necə rəftar etdiyinə istinad edərlərsə, yenə də bunu onların dediklərinə əsaslı dəlil hesab etmək olmaz. Çünki Peyğəmbərin (s) zamanında əsir alınmış şəxslər bir neçə hissəyə bölünür və onlara dair müxtəlif tədbirlər görülürdü. Belə ki, döyüş zamanı əsir alınanları qətlə yetirir, döyüş başa çatdıqdan sonra əsir alınanlar üçün isə müvafiq tədbirlər görürdü.

Sonrakı xəlifələrin, yəni Əbu Bəkr və Ömərin əsirlərlə necə rəftar etmələrinə istinad etsələr belə, yenə də qənaətbəxş nəticə əldə edə bilməyəcəklər. Çünki əvvəla bu tarixi cərəyanın nə dərəcədə doğru olduğu haqda çox deyilib və çox danışılmışdır.

Digər tərəfdən də onun doğru və düzgün olduğunu fərz etsək belə, əsaslı olduğunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Quranın zahiri mənasını kənara qoyaraq onların hansı yolu tutduqlarına istinad etmək isə heç də düzgün olmazdı.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!