QURANİ KƏRİMDƏ NӘSX - XXVII hissə

:

NƏCVA AYƏSİNİN NƏSXİ

«Ey iman gətirənlər! Peyğəmbərlə [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin. Bu [əməl] sizin üçün [Allah yanında] daha xeyirli və daha pakdır. Əgər [sədəqə verməyə] bir şey tapmasanız [ürəyinizi sıxmayın]. Çünki Allah bağışlayan və rəhm edəndir. (58/12)

«Məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzumu? Madam ki, siz [bunu] etmədiniz [sədəqə vermədiniz] və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb, zəkat verin. Allah və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!» (58/13).

Bir çox əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdə deyilir: Ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı kimsə ona əməl etmədi. O, bir dinarı xırdalayaraq on dirhəm etdi. Peyğəmbərlə (s) görüşmək istərkən bir dirhəm sədəqə verdi. Görüşlərin və etdikləri söhbətlərin sayı ona çatdıqda «Nəcva» ayəsi nazil oldu. Misal olaraq bir neçə rəvayətə işarə edirik.

1. İbni Babəveyh, Məhkula istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: «Peyğəmbərin (s) səhabələrindən və hədis hafizlərindən elə bir şəxs yoxdur ki, mən onunla şərik olmadan hər hansı bir fəzilətə malik olmuş olsun və mənim fəzilətim onların hamısından daha üstündür. Lakin malik olduğum yetmiş fəzilətdə səhabələrdən heç birinin payı yoxdur. Və bu fəzilətlər yalnız mənə məxsusdur.

Məhkul deyir: Dedim, ya Əmirəl-möminin! Bizi bu fəzilətlərdən agah etməyinizi istərdik. Əli (ə) onların hamısını bir-bir sayıb 24-cüyə çatdıqda buyurdu: (İza nacəy tumur-rəsul – Peyğəmbər [hər hansı bir işə] məxfi danışmağa getməzdən...) ayəsi nazil olduqdan sonra bir dinarı, on dirhəm xırdalayaraq Peyğəmbərlə (s) hər görüşə getməzdən əvvəl bir dirhəm sədəqə verdim. And olsun Allaha! «Əəşfəqtum – məgər siz [Peyğəmbərlə] məxfi danışmazdan əvvəl...» ayəsi nazil olmazdan əvvəl və sonra səhabələrdən heç biri bu işi görməmişdir. (Tәfsir Burhan 2-ci cild, 1099-cu sәh) 

2. İbni Cərir Təbəri, Mücahidə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Əmirəl-möminin Əli (ə) buyurur: Quranda elə bir ayə vardır ki, kimsə məndən əvvəl ona əməl etməmişdir və məndən sonra da əməl etməyəcəkdir. Bir dinar pulu on dirhəmə xırdalayaraq hər dəfə Peyğəmbərin (s) görüşünə gələrkən bir dirhəm Allah yolunda sədəqə verdim. Sonra «İza nacəy tumur-rəsul» ayəsi nazil oldu və həmən ayəni nəsx etdi və bu ayəyə kimsə məndən əvvəl əməl etməmişdir.

3. Şovkani deyir: Əbdürrəzzaq, Əbd ibni Həmid, İbni Munzər, İbni Əbi Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Ayə nəsx oluncaya qədər kimsə məndən başqa ona əməl etmədi [və onun müddəti cəmi bir saat oldu – yəni ayə nazil olduqdan bir saat sonra növbəti ayə ilə nəsx olundu.] Əli (ə) burada Nəzva ayəsini nəzərdə tutur.

4. Səid ibni Mənsur, İbni Rahəviyyə, İbni Əbi Şəybə, Əbd ibni Həmid, İbni Munzər, İbni Əli Hatəm və İbni Mədəviyyə, Əli (ə)-dan nəql edərək deyirlər: Quranda elə bir ayə vardır ki, kimsə nə məndən əvvəl ona əməl etmiş, nə də məndən sonra əməl edəcəkdir. Və bu «İza nacəy tumur-rəsul» ayəsidir.

Sonra buyurur: Ayə nazil olarkən bir dinar pulum var idi. Mən onu on dirhəm xırdalayıb Peyğəmbər (s) görüşünə getməzdən əvvəl bir dirhəmini sədəqə verərdim. «Əəşfəqtum» ayəsi nazil olanadək kimsə bu ayəyə əməl etməmişdir.

Bu hədisi Hakim də öz kitabında nəql etmiş və səhih olduğuna işarə etmişdir.

PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?

Bu ayə üç mühüm mətləbə dəlalət edir:

1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mənən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mənəvi, həm də maddi rifahının inkişafına səbəb olur.

2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi heç də vacib deyildir. Çünki Allah öz bəndələrinə qarşı mehriban və bağışlayandır.

Nəcva ayəsinin verdiyi hökm bundan ibarətdir. Hökmün mahiyyətinə diqqət yetirdikdə, onun nə qədər mənfəətli və müsbət xarakter daşıdığının şahidi oluruq. Çünki bir tərəfdən yoxsul təbəqəyə maddi yardım olunur, digər tərəfdən də səhabənin Peyğəmbərə (s) qarşı olan səmimiyyətləri daha da artır. Və Peyğəmbərə (s) olan yersiz müraciətlərə məhdudiyyət qoymuş olur. Çünki hökm sadir olmaqla günlərini Peyğəmbərlə (s) keçirmək istəyən və özlərinin yersiz sualları ilə onun vaxtını alan şəxslərin müraciətləri müəyyən qədər də olsun azalır. Və Peyğəmbərlə (s) dostluğu və ünsiyyətdə olmağı puldan, var-dövlətdən üstün tutan təqva sahiblərinə onunla daha çox görüşmək və mümkün qədər çox bəhrələnmək imkanını verir.

3. Bütün bunlarla yanaşı ayəni iman gətirmiş şəxslərin insani, əxlaqi və mənəvi dəyərlərini sınamaq üçün ən əlverişli bir vasitə hesab etmək olar. Çünki Allah yolunda Peyğəmbərlə (s) ünsiyyətdə olmaq xatirinə yoxsullara sədəqə vermək, onların ruhi təkamülünə və imanlarının daha da güclənməsinə səbəb ola bilərdi.

Şübhəsiz ki, hökm müəyyən zamana deyil, bütün zamanlara dəlalət edir. Ayənin sınaq xarakteri daşıması ikinci, yəni on üçüncü ayədə özünü daha da bəlli edir. Belə ki, ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı əshab pula, var-dövlətə olduqları sonsuz əlaqəyə görə Peyğəmbərlə (s) görüşmək üçün sədəqə verməkdən imtina etmişlər.

HÖKM NƏ ÜÇÜN NƏSX OLUNMUŞDUR?

Sədəqə mənfəət verməklə yanaşı başqa bir mənfəətin də qarşısını alırdı. Çünki müsəlmanların və səhabənin Peyğəmbərlə (s) ünsiyyətdə olmaları ümumi mənafeyə xələl gətirəcək bir çox şeylərə də səbəb olurdu. Bu səbəbdən ümumi mənafeni, şəxsi mənafedən üstün tutaraq növbəti ayə nazil olmaqla sabiq hökmü nəsx olundu. Beləliklə belə bir sədəqənin vacibliyi namaz, zəkat və Peyğəmbərə (s) tabe olmaq hökmü ilə əvəz olundu. Artıq bizə məlum olur ki, hökmün nəsx olunması zərurət üzündən olmuş və həqiqətən birinci (on ikinci) ayə növbəti (on üçüncü) ayə ilə nəsx olunmuşdur. Lakin diqqət yetirmək lazımdır ki, ayənin nəsx olunması birinci ayənin qüvvədə olma müddəti başa çatmasına dəlalət edir və bir qədər əvvəl qeyd etdik ki, ayələrin bu qayda ilə nəsx olunmaları heç də qeyri-adi hal deyildir.

Ayənin nəsx olunması hökmün qüvvədə olma müddəti başa çatmaqla əlaqəli olsa da, bu heç də o demək deyildir ki, hökmün mənafei dövrə aid olmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, belə bir mənafe Peyğəmbərin (s) həyatının bütün dövrlərində mövcud olmuşdur. Lakin müsəlmanların pula, var-dövlətə olan meyl və əlaqələri hökmün daimi olaraq qüvvədə qalmasına mane oldu və bu da ayənin nəsx olunması ilə nəticələndi.

SUAL VƏ CAVAB

Elmi hər şeyi əhatə edən və hər şeyi əvvəlcədən bilən Allah təbii ki, hökmün davam gətirə bilməyəcəyini və nəticədə nəsx olunacağını da bilirdi. Belə bir halda sədəqənin vacibliyinə dair belə bir hökmün verilməsi məqsəd daşımışdır?

Cavab: Hökmün verilməsi və sonradan nəsx olunması bir neçə faydalı nəticələr vermişdir. Verdiyi ən faydalı nəticələrdən biri də müsəlmanlara olunan xəbərdarlıq və onların oyanması olmuşdur. Belə ki, ayə nəsx olunduqdan sonra hamıya məlum oldu ki, nə səhabə nə də Peyğəmbərin (s) digər tərəfdarları pulu və var-dövləti öz peyğəmbərlərindən üstün tutmuş və Əli (ə)-dan savayı kimsə bu ayəyə əməl etməmişdir. Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan çəkinmək günah olmasa da əshabın bir çoxu pulu və var-dövləti bundan üstün tutmuşlar.

Hökmün qüvvəyə minməsi və sonradan nəsx olunması bir çox həqiqətləri meydana çıxarır. Bunlardan ən başlıcası müsəlmanların Peyğəmbərə (s) olan diqqətsizliyini və Əli (ə)-ın iman və şəxsiyyətinin ucalığını bəyan etməsidir.

Nəcva ayəsində sədəqə hökmünün verilməsi və sonra bu hökmün nəsx olunması həm Quranın zahiri mənasından həm də nəql olmuş bir çox hədis və rəvayətlərdən bəlli olur. Lakin əgər sədəqə İbrahim peyğəmbərin oğlu İsmaili qurban etməsi kimi, sınaq xarakterli bir hökm olsaydı, ayənin nəsxinin həqiqi və istilahi adlandıra bilməzdik. Çünki sınaq və imtahan xarakteri daşıyan bir çox hökmün nəsx olunması istilahi deyil, lüğəvi nəsxə aiddir. Fəxri Razi öz kitabında yazır: Əbu Müslüm hökmün sınaq xarakteri daşıdığına qətiyyətlə istinad edir. Onun fikrincə hökmün verilməsindən əsasən məqsəd möminlərin, münafiqlərdən fərqlənməsi olmuşdur. Bu səbəbdən də ayə həqiqi mənada nəsx olunmamışdır. Fəxri Razi, Əbu Müslümün nəzəriyyəsini qeyd etdikdən sonra deyir: Bu nəzəriyyə tamamilə düzgün və əsaslıdır. (Fәxri Razinin tәfsiri 8-ci cild 167-ci sәh) Şeyx Şərəfüddin deyir: Məhəmməd ibni Abbas öz təfsir kitabında əhli-sünnə və şiə mənbələrindən bu məzmunda yetmiş hədis və rəvayət nəql etmişdir. Bütün bu rəvayətlər də Peyğəmbərlə (s) görüşməzdən əvvəl sədəqə verən yeganə şəxs Əli ibni Əbu Talib (ə) olduğu göstərilir. Sonra Şeyx Tusidən bu hədisi nəql edərək deyir: Termizi özünün «Sünən» adlı kitabında və Sələbi öz təfsirində Əlqəmə Ənmaridən – ravilərin bir neçəsinin adı ixtisara salınmış və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Allah-taala mənə xatir bu ümmətə güzəşt etdi. Çünki onlar Peyğəmbərlə (s) ünsiyyətdə olmaq üçün sədəqə verməklə sınağa çəkildilər. Lakin pul və var-dövlətə olan meyl və əlaqə buna imkan vermədi. Ayəyə əməl edən yegenə şəxs mən oldum. Cəmi bir dinar pulum olduğu halda mən onu on dirhəmə xırdalayıb Peyğəmbərlə (s) görüşə gəlməzdən əvvəl sədəqə verərdim. Bu səbəbdən də Allah-taala mənə xatir onları əfv edib, bağışladı. Əgər ayəyə əməl edən bir şəxs olmasaydı ilahi əmrə olmadıqları üçün bütün insanlar Allahın əzabına düçar olardı. (Biharul-әnvar 9-cu cild 12-ci sәh)

Müəllif:

Bu rəvayət Termizinin «Sünən» adlı kitabının nə köhnə, nə də yeni çapında nəql olunmamışdır. Kitablarının bir çoxunda bu rəvayəti nəql edən Sələbi də öz təfsirində buna heç bir işarə etməmişdir.

(Kitabı tərcümə edərkən Ayətullah üzma Nəcəfinin şəxsi kitabxasında [Qum şəhərində] 908 nömrəli Sələbinin qədim və nəfis xətlə yazılmış təfsirini tapdıq. Təfsirə müraciət etdikdən sonra bizə belə məlum oldu ki, Əlqəmə Ənmari yalnız əvvəl hissəsini Əli (ə)-dan nəql etmişdir. Hədisin digər hissələri isə Sələbinin nəql etdiyi digər rəvayətlərdən əldə olunmuşdur.

Sələbinin nəql etdiyi bir neçə rəvayətə işarə edirik:

1. Mücahid deyir: «Sədəqə vermədən» Peyğəmbərlə (s) görüşmək bizə qadağan olundu. Sədəqə verən yalnız Əli (ə) [Allah ondan razı olsun] oldu. O bir dinarı xırdalayıb sədəqə verdi və sonra növbəti ayə nazil olmaqla Peyğəmbərlə (s) görüşməyə bizlərə icazə verildi.

Əli ibni Əbu Talib [Allah ondan razı olsun] deyir: Allahın kitabında [Quranda] elə bir ayə vardır ki, nə məndən əvvəl, nə də məndən sonra kimsə ona əməl etməmişdir. O — «Ey iman gətirənlər Peyğəmbərlə (s) [hər-hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin» — ayəsi idi. Belə ki, ayə əvvəl vacib sonra isə nəsx olundu.

Abdulla ibni Hamid, Əli ibni Əlqəmə Ənmari, Əli ibni Əbu Talib (ə)-dan nəql edərək deyir: Nəcva ayəsi nazil olarkən Peyğəmbər (s) mənə dua edib sonra buyurdu:

Əli deyir. Allah-taala ümmətə [müsəlmanlara] güzəşt etdi və nə ayə nazil olmazdan əvvəl, nə də sonra kimsə bu hökmə əməl etmədi.

Bir sözlə hökm istər həqiqi olsun, istərsə də sınaq məqsədi ilə verildikdən çox az sonra nəsx olunaraq öz qüvvəsini itirməmişdir və Əli ibni Əbu Talibdən savayı hökm qüvvədə olduğu müddət ərzində kimsə tərəfindən əməl olunmamışdır. Bu da Əli (ə)-ın ən bariz fəzilətlərindən biri hesab olunur.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!