QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 1

:

QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-İSTİFADƏLƏR
Quranın yığılması “təhrif nəzəriyyəsi” tərəfdarlarının daim diqqət mərkəzində olmuş və ondan sui-istifadə etmək istəmişlər.
İstinad etdikləri dəlillərin birində deyilir: Quranın yığılması adətən təhrifə yol verilməklə həyata keçmişdir.

Bu səbəbdən də biz, Quranın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.

CAVAB
Onlar belə güman edirlər ki, Quran Əbu Bəkrin fərmanı ilə yığılmışdır. Belə ki, “Bir Məunə” döyüşündə Quran hafizlərinin yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak olması Əbu Bəkri təşvişə saldı. O, qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə, hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Quran aradan gedəcəkdir. Bu səbəbdən də Quranın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibn Sabitə pərakəndə olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir. Demək nəticədə, ya Quran təhrif olunmuş və ya heç olmasa təhrif olunuduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə şairin pərakəndə olaraq yayılmış şerlərini vahid şer toplusu halına salmaq istəyiriksə, unutqanlıq, çatışmamazlıq və ya müxtəlif səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil edə bilməyəcəyimizə ehtimal verməliyik.
Belə bir əsassız dəlilə istinad edərək, Quranın təhrif olunduğunu qəbul edirlər. Bu səbəbdən də cavab olaraq, Quranın yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlərə istinad edərək bu nəzəriyyənin əsassız olduğunu, Quran elmləri məcmuəsində yeni fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql olunmuş rəvayətlərə diqqət yetirin.
1. Zeyd ibn Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə Ömər ibn Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi: Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Quran hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Quran hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Quran ayələrinin bir çoxunun unudularaq aradan getməsinə gətirib çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə Quran ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.
[Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir işi məndən tələb edirsən?!
Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş varsa, o da budur. O, özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət, Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.
Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və Quranla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür.
Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim üçün Quranı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi: And olsun Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də Quranın yığılmasını təkidlə mənə əmr edir və mümkün qədər bu işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım. Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi “[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki...” onu da Kəzimə Ənsaridən əldə edə bildim.
Böyük zəhmətlə yığılan Quran nüsxəsini, Əbu Bəkr xəlifə olduğu müddət ərzində özündə saxlayırdı. Sonra onu Ömər və ondan sonra qızı Həfsə saxlayırdı. (“Səhihi-Buxari. 6-cı cild, səh. 98)
2. İbn Şəhab, Ənəs ibn Malikdən nəql edərək deyir: Osman, Huzeyfə İraq və Şam camaatını Azərbaycan və Ermənistanın fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən onların qiraətində müşahidə etdiyi ixtilaflardan bərk narahat olur. Bunun qarşısını almaq məqsədilə Osmana belə bir məktub yazır: Ya Əmirəl-möminin! Yəhudi və nəsranilər islamı qəbul edib qiraətdə ixtilafa düçar olmazdan əvvəl, islamı qəbul etmiş müsəlmanların dadına çat!
Osman, yığılmış Quran nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə məktub yazıb, ondan həmin Quranın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibn Sabitə, Abdulla ibn Zubeyrə, Səid ibn Asa, Abdurrəhman ibn Hərs ibn Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.
Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə Zeyd ibn Sabit arasında Quranın yazılış və oxunuşunda ixtilaf meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə müraciət edin. Çünki, Quran onların ləhcəsində və istifadə etdiyi ifadələrlə nazil olmuşdur.
Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə köçürüb ona təqdim edir. Xəlifə əsl nüsxəni Həfsəyə qaytarır və yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud olan nüsxələri yandırıb məhv olunmasını əmr edir.
İbn Şəhab hədisi nəql etdikdən sonra deyir: Zeyd ibn Sabitin oğlu Xaricə nəql edir ki, atam deyərdi: Nüsxənin üzərindən köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab surəsinin ayələrindən birini itirmişdik. Nəhayət onu Xüzeymət ibn Sabit Ənsaridən əldə edə bildik və onu nüsxələrə əlavə etdik. Həmən ayə bundan ibarət idi:
“Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.”
3. İbn Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin savabı hamıdan daha çoxdur. Çünki o, Quranı bir yerə yığan ilk şəxs olmuşdur.
4. İbn Şəhab, Salim ibn Abdulla və Xaricədən nəql edərək deyir: Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığıb, Zeyd ibn Sabitədən ona nəzər salmasını istədi. Lakin Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını bildirdi.
Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini istədi. Lakin Həfsə Quranı Osmana verməkdən imtina etdi. Osman bir daha öz adamlarını göndərib, Quranın yenidən ona qaytarılacağını söz verir. Həfsə bu dəfə Quranı onlara verməyə razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl nüsxəni yenidən Həfsəyə qaytarır.
5. Hişam ibn Urvə atasından nəql edərək deyir: Yəmamə döyüşündə iştirak edən Quran qariləri həlak olduqdan sonra, Əbu Bəkr, Ömər ibn Xəttaba və Zeyd ibn Sabitə məscidə gələn mötəbər qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mötəbər şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin (s) səhabələrindən və Quran hafizlərindən bir çoxunun bu döyüşdə həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca bunu yerinə yetirdi.
6. Məhəmməd ibn Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər ibn Xəttab öldürüldüyü zaman hələ Quran bir yerə yığılmamışdı.
7. Həsən rəvayət edir ki, Ömər, Quran ayələrinin biri haqda sual verdi. Cavabında ona deyilir: Bu ayə Yəmamə döyüşündə həlak olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Quranın zaman keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq “Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq” ayəsini oxudu və sonra tez bir zamanda Quranın bir yerə yığılmasını əmr etdi. Beləliklə deyə bilərik ki, Ömər, Quranı vahid nüsxə halına salan ilk şəxs olmuşdur.
8. Yəhya ibn Əbdürrəhman ibn Xəttab nəql etdiyi rəvayətdə deyir: Ömər ibn Xəttab, Quranın bir yerə yığılması qərarına gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə, yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu xəlifəyə təhvil verdi. Lakin Ömər o yazıları qəbul edirdi ki, iki nəfər mötəbər şəxs onun Quran ayələri olduğuna şəhadət vermiş olsun. Xəlifə, Quranın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra xilafətə Osman təyin olundu. O da Ömərin başladığı işi davam etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər mötəbər, adil şəxs yazılının həqiqətən Quran olduğuna şəhadət vermiş olsun.
Xəzimə ibn Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qurana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:
“[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır...” Xəzimə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Quranın hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul olundu.

Əl-bəyan kitabından

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!