QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 5

:

QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR
Quranın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qurana verdiyi əhəmiyyət, qiraət və yazılışı haqda nəql etdiyi hədislər, Quranın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir.

Bir sözlə Quranın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Quranın kamil yazılı nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.
Çünki, Quran özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə bilmişdir. Qurana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də az yaşlı uşaqlarda böyük təsir qoymuşdur.
İndi isə sizi Quranın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bəziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Quranın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.

1. QURANIN BƏLAĞƏTİ
Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şer, xütbələr əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şersevər ərəblərin Quranın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O Quran ki, bəlağətli şerləri ilə şöhrət tapmış şer ustalarını mübarizə meydanına dəvət edir və onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.
Bəli, ərəblər (istər mömin olsun, istərsə də kafir) Qurana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin onların hər birinin öz arzu və hədəfi var idi. Möminlər, Qurana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Quranla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.

2. PEYĞƏMBƏR
Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Quranın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə təkid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin yaratdı.

3. QURANIN ƏZBƏRLƏNMƏSİ
Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.

4. SAVAB
Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Quranın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Quranın əzbərlənməsini var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.
Belə ki, evdar qadınların bir çoxu Quran səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.
İbn Məsud özünün”Təbəqat” adlı kitabında yzır: Fəzl ibn Dəkkin deyir: Vəlid ibn Abdulla ibn Cəmi nənəsindən nəql edərək deyir: Abdulla ibn Harisin qızı Ümmi Vərəqə Quranın bütün ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (“İtqan”, 1-ci cild, səh.125)
Demək, əgər qadınlar Quranın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qurana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran hafizləri haqda məlumat əldə etmək istəyənlər, mötəbər tarix kitablarına müraciət edə bilərlər.
Qurtəbi deyir: Yəmamə döyüşündə Quran hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş “Bir məunə” döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.
Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.
Quran hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Quranın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Quran, Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə təkid edərdi.
Zeyd ibn Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığırdıq.
Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mötəbər hesab etmiş, lakin onu öz kitablarında nəql etməmişdir. Amma necə olursa-olsun, biz bunu Quranın Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (“Mustədrək”, 2-ci cild, səh.611)
Quranın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.
İbadət ibn Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı olmadıqda Quran öyrətmək üçün bizim yanımıza göndərərdi.
Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən ucalan Quran səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (“Kənzul-ummal”, 2-ci cild, səh.185)
İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf məntəqələrdən Quran öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən Quran sədaları ucalardı. Lakin sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə, Quranı yavaş və aram-aram oxumalarını əmr etdi. (“Kənzul-ummal”, 2-ci cild, səh.185)
Bəli, Quranın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bəzən Quranın təlimini özlərinə mehriyyə təyin edərdilər.
Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Quranın Əbu Bəkrin xilafəti dövrünədək təxirə düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri təyin etməsini iddia etmək olarmı? Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qurana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.

Əl-Bəyan kitabından
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!