QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 6

:

BEŞİNCİ VƏ ALTINCI CAVAB:
MÜSƏLMAN İCMASININ QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI
Quranın, Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı səbəblər üzündən əsassız olduqları barədə bəzi izahatlar verdik.

Bu fəsldə də biz, həmən rəvayətlərin beş və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri aradan qaldırmağa çalışacağıq.
Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə ixtilaflarını kənara qoya bilməmişdir.
1. Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;
2. Quranda təhrifə yol verilməməsinin qəbul olunması.
Lakin bir qədər əvvəl Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər, bu iki məsələ ilə tamamilə ziddiyyət təşkil edir. Müsəlman icmasının Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı nüsxələrin həqiqətən Quran ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Quran mütəvatir rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunduğu bir halda, görəsən bəzilərinin vahid xəbər formasına istinad etmələrinə hansı amillər səbəb olmuşdur?
Təəccüb doğuran burasıdır ki, İbn Həcər və onun kimi bəzi mühəddislər, rəvayətlərdə qeyd olunan “şəhadət” kəlməsini “yazmaq” və “qorumaq” kimi mənalandırmışlar.
Lakin rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1. Belə bir təfsirin Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti “qorumaq” və ya “yazmaq” kimi mənalandıra bilmərik.
2. Bu o deməkdir ki, Quranı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qurana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Quran ayələri olduğu mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən bəzi ayələr Quranın əsl nüsxəsinə daxil edilmişdir.
3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Quran ayəsi olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmən ayələr Qurana əlavə olunmayacaqdır. Demək, Quranın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç bir əhəmiyyəti olmayacaqdır.

NƏTİCƏ
Müsəlman icmasının Quranın mütəvatirliyinə olan etiqadlarını, Quranın öz ayələrini və nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Quranın yığılmasına dair nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mötəbərliyinə istinad etməməliyik.

MÜSƏLMAN İCMASI QURANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİRLƏR
Əgər Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətləri mötəbər hesab edəriksə, belə ki, (təhrif nəzəriyyəsinin tərəfdarları bunu iddia edirlər) Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə lazımı şərait yaratmış olarıq. Belə olduqda təhrif istər nöqsan və ya ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun, bunun heç bir fərqi olmayacaqdır.
Əgər Peyğəmbər (s) Quranın yığılmasına şəxsən nəzarət etməsəydi, sonrakı dövrlərdə təbii ki, oraya bəzi əlavələr və ya ixtisarlar olunardı. Bu isə Quranın əzəmətinə xələl gətirə bilərdi. Bir halda ki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və yalnız Quranın toxunulmamazlığına istinad edir. Belə bir tərz-təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi üçün bunu, rəvayətlərin növbəti zəif xüsusiyyətlərindən biri kimi qəbul etməliyik.

İRAD
Bəziləri deyə bilər ki, Quran qeyri-adi xüsusiyyətlərə (bu xüsusiyyətlərdən biri də orada istifadə olunan ifadələrdir) malik olduğu üçün, oraya Quran ayələrindən savayı hər hansı bir ifadə və ya kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi ayələrdən fərqlənər. Bu xüsusiyyətlərinə görə Quranın təhrif olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin olmayacaqdır.
Başqa sözlə desək, Quranın, əsas meyar hesab etdiyimiz möcüzəvi xüsusiyyətləri (ecazı) bütün biganə ifadələrin Qurana əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara gəldikdə isə, biz bu xüsusiyyətləri əsas meyar hesab edə bilmərik. Çünki, əldə olunmayan bir şeyi hər hansı bir meyar ilə müqayisə və ya tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif nəzəriyyəsinin tərəfdarları Qurana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, nöqsan və çatışmamazlığa yol verildiyini qəbul edirlər.

CAVAB
Quran özünün ecaz və bəlağəti ilə, oraya hər hansı bir surənin əlavə olunmasının qarşısını ala bilibsə də, bir və ya iki cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının qarşısını ala bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir ehtiyac duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün qeyri-adi xüsusiyyətləri ilə digər ifadələrdən fərqlənərdi.
Belə bir qənaətə gəlirik ki, Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasını qəbul edənlər təbii ki, təhrif nəzəriyyəsinə istinad edəcəklər və bizə məlumdur ki, təhrif deyildikdə Qurana edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi müsəlman icmasının etiqad və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.

NƏTİCƏ: QURANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ
Qeyd etdiklərimizdən belə məlum olur ki, Quran Peyğəmbərin (s) zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər isə, əsassız olmaqla yanaşı Quran, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir. Belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları qeyd olunan qeyri-mötəbər rəvayətlərlə irəli sürdükləri əsassız iddiaları isbat edə bilməzlər.
Quranın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də belə, bu məzmunda nəql olunmuş rəvayətlərin nəql olunma səbkisi öz mötəbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki, Quran ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar arasında sənəd baxımından mötəbər olaraq qəbul edilmişdir. Bunun nəticəsində müsəlmanlar Quranla daha çox ünsiyyətdə ola bilmiş və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına salınmasında böyük rol oynamışlar.
Bəli, Osmanın xilafəti dövründə Quranın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin bu heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına salmışdır. Osman yalnız Quranın müxtəlif səbkilərdə oxunmasının qarşısını almış və fərqli səbkilərdə yazılmış Quran nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm “tövhidul məsahif” adlandırıldı.
Əhli sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: Camaat belə güman edir ki, Quran Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.
Müəllif: Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq (yeddi qiraət səbkisi barəsində nəql olunmuş rəvayətlər daxil olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir.
Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tərifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.
Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən oxunuşunda fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan bəziləri ona öz etirazlarını bildirsələr də, heç bir nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra olundu.
Bu səbəbdən də onu “hərracul məsahif”, səhifələri yandıran adlandırdılar.

NƏTİCƏ
Qeyd etdiklərimizdən belə məlum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla, özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar.

Əl-Bəyan kitabından
Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!