QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 2

:

Xəzimə ibn Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qurana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:
“[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır...”

Xəzimə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Quranın hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul olundu.
9. Ubeydə ibn Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan heç bir yazılını Qurana əlavə etmirdi. Ənsardan biri “sizə özünüzdən bir peyğəmbər gəldi...” ayəsini Ömərə təqdim etdi. Ömər dedi: Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu üçün, səndən şahid istəmirəm. (“Kənzul-ummal”, 2-ci cild, səh.361)
10. Süleyman ibn Ərqəm Həsəndən, İbn Seyrəyndən və İbn Şəhab Zəhradan nəql edərək deyir: Yəmamə döyüşündə qarilərin böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibn Sabit, Ömərlə görüşdükdə ona deyir: Qanun olaraq Allah tərəfindən təyin olunmuş şəri məsələlər bütünlüklə Quranda bəyan edilmişdir. Quran aradan getməklə bu hökmlər də unudulub zehnlərdən silinəcəkdir. Belə bir qərara gəlmişəm ki, ayələri bir yerə yığıb, Quranı kitab halına salım. Ömər dedi: Bir qədər səbr et! Bu barədə Əbu Bəkr ilə məşvərət etməliyəm!
Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət edirlər. Əbu Bəkr onları dinlədikdən sonra deyir: Bir qədər səbr edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib hamının qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir nəfər kimi bu işi bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün yazılı nüsxələrin xilafətə təhvil verilməsini elan etdi və Quran bir yerə yığılaraq kitab halına salındı...
11. Xüzeymət ibn Sabit nəql etdiyi rəvayətdə deyir: “Sizə özünüzdən bir peyğəmbər gəldi...” ayəsini Ömər və Zeyd ibn Sabitə təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən Quran ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And olsun Allaha ki, bilmirəm. Ömər dedi: Mən bunların Quran ayələri olduğuna şəhadət verirəm.
12. Əbu İshaq, səhabələrdən bəzilərindən nəql edərək deyir: Ömər ibn Xəttab Quranı bir yerə yığmaq istəyirdi. Camaatı məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının (kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibn As. Sonra bir daha soruşdu: Ən gözəl xəttə malik olan kimdir? Dedilər: Zeyd ibn Sabit. Ömər deyir: Belə isə Səid imla etməli, Zeyd isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür. Ömər onlardan birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə Şama göndərir.
13. Abdulla ibn Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər Quranın əsl nüsxədən köçürülməsi qərarına gəldikdə, öz səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə təkidlə onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf meydana gələrsə, Muzər qəbiləsinin tələffüzünə müraciət edin. Çünki, Quran Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)] nazil olmuşdur.
14. Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Quran qarilərindən bir neçəsinə yerli əhaliyə Quranı təlim etməyi əmr etdi. Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Quranın qiraət üsullarını onlara təlim verirdilər. Cavan və yeniyetmələr arasında Quran oxuya bilənlərin sayı birə-on artsa da, onların qiraətində nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu. Müəllimlər şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox ağır rəftar edir, hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər Osmana çatdıqda xütbələrinin birində deyir: Mərkəzi xilafətə yaxın olmaqla yanaşı, əgər sizlərin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz ətraf məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların qiraətində ixtilaf daha çox olmalıdır. Belə isə Quranı bir yerə yazıb kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də başqalarının ixtilaflarına son qoya bilərik.
Əbu Qulabə, Malik ibn Ənəsdən nəql edərək deyir: Mən Quranı imla edənlərdən biri idim. Bəzən ayələrin bəzilərində ixtilaf meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin (s) özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bəzən onların özlərini tapmaq çətin olurdu. Osman onların ardınca ya adam göndərir ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə saxlayırdı. Bu müddət ərzində həmən ayələrin yerlərini boş qoyur, ondan əvvəlki və sonrakı ayələri yazırdıq. Nəhayət nüsxələrin köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu məzmunda bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb, digər nüsxələri yandırdım. Siz də göndərdiyim nüsxədən başqa bütün nüsxələri yığıb yandırın.
15. Məsəb ibn Səd nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ömər, xütbələrinin birində belə bir mətləbə toxundu: Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə Quranın oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin qiraəti belə, Abdullanın qiraəti isə tam başqa bir tərzdədir. Biriniz digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç cür razılığa gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara qoyub, evlərinizdə pərakəndə saxladığınız yazıları gətirin ki, onları bir yerə yığıb kitab halına salaq.
Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə yazılmış yüzlərlə Quran ayələri xəlifəyə təhvil verildi. Xəlifə onları bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s) özündən eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin həqiqətən Quran ayələri olduqlarına and içir və Osmanın verdiyi suallara “bəli” – deyərək cavab verirdilər.
Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu: Hansınız gözəl xəttə maliksiniz? Dedilər: Zeyd ibn Sabit. O, Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi olmuşdur. Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına necə, ən bilikli şəxs kimdir? Dedilər: Səid ibn As. Osman Səidə imla etməyi, Zeydə isə ondan eşitdiklərini kağız üzərinə köçürməyi əmr etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.
Məsəb ibn Səd əlavə edərək deyir: Səhabələrdən bir çoxu xəlifənin həyata keçirdiyi bu işi bəyənib, ona öz razılıqlarını bildirdilər.
16. Abdul Əla ibn Abdulla ibn Amir Qərşi nəql etdiyi rəvayətdə deyir: Quranın yazılması başa çatdıqdan sonra, Osmana təhvil verildi. O, Qurana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman keçdikcə ərəb milləti qiraət etməklə özü onları düzəldəcək.
17. Əbu Məlih deyir: Osman ibn Ofvan Quranın yazılması qərarına gəldikdə dedi: Ayələri Huzəyl qəbiləsi imla etməli, Səqif qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.
18. Əkrəmə deyir: Quran yazıldıqdan sonra Osmana təqdim olundu. Xəlifə orada bir neçə səhv gördükdə deyir. Əgər Quranı Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi onu kağız üzərinə köçürsəydi, bu səhvlərə yol verilməzdi.
19. Əta deyir: Osman Quranın pərakəndə ayələrini aradan aparmaq istədiyi zaman, Ubey ibn Kəbi yanına çağırıb lazımı göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız üzərinə köçürürdü. Səid ibn As da yazdıqlarına nəzarət edir, buraxdıqları səhvləri düzəldirdi. Beləliklə yeni nüsxə Ubey və Zeydin vasitəsi ilə yazıldı.
20. Mucahid nəql edərək deyir: Osman Quranı bir yerə yığmaq istədiyi zaman, Ubeyə imla, Zeydə yazmağı, Səid ibn Asa isə buraxılan səhvləri düzəltməyi əmr etdi.
21. Zeyd ibn Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman, Peyğəmbərdən (s) eşitdiyim ayələrdən birini nüsxələrdən heç birində tapa bilmədim. Nəhayət mən onu Xüzeymət ibn Sabit adlı şəxsdən əldə edə bildim. Həmən ayə bu idi: “Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.” Peyğəmbər (s) ona “Zuşşəhadəteyn” [yəni, iki nəfərin verdiyi şəhadət] ləqəbini verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qurana əlavə etdim.
22. İbn Əştə Leys ibn Səiddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs, Zeyd ibn Sabit olmuşdur. Camaat pərakəndə nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə köçürülürdü. Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mötəbər şəxs şəhadət verdikdən sonra kağız üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin sonuncu ayələrindən başqa, bütün ayələr kağız üzərinə köçürüldü. Nəhayət bu ayələri Xüzeymət ibn Sabit, Zeydə təhvil verdi, amma onun özündən başqa onların həqiqətən Quran ayələri olduqlarına şəhadət verə biləcək ikinci bir şəxs yox idi. Bütün bunlara baxmayaraq, Xəzimətin gətirdiyi ayələr Qurana əlavə olundu. Çünki, Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm ayəsini gətirdi. Lakin heç bir şahidi olmadığı üçün həmin ayə Qurana əlavə olunmadı. (“İtqan”, 1-ci cild, səh.101)
Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan ibarət idi. Bu rəvayətlər vahid xəbər formasında nəql olunmaqla yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir.

Əl-Bəyan kitabından
Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!