QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 4

:

İKİNCİ CAVAB
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR
Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə etibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.

Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:
1. İbn Əbi Şəybə, Əhməd ibn Hənbəl, Termizi, Nəsai, İbn Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbn Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:
Günlərin bir günündə Osmandan soruşdum: “Ənfal” “Məsani”,* “Tövbə” surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında “Bismillah” olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi “Tival”* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bəzi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə “Ənfal”, son surə isə “Tövbə” surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, “Ənfal” və “Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni “Tival” surəsindən sonra aralarında “Bismillah” olmadan yerləşdirdik.
2. Təbərani və İbn Əsakir, Şəbidən nəql edərək deyir: Quran, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaz ibn Cəbəl, Əbu Dərda, Səd ibn Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə ibn Cariyə də iki və ya üç surə istisna olmaqla Quranı bir yerə yığa bilmişdir.
3. Qətadə deyir: Malik ibn Ənəsdən, Peyğəmbərin (s) zamanında Quranın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibn Kəb, Muaz ibn Cəbəl, Zeyd ibn Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.
4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibn Ömər, Abdulla ibn Məsud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s) bizlərə Quranı ondan, Salim Muazdan və Ubey ibn Kəbdən öyrənməyimizi tövsiyə etmişdir.
5. Nəsai, mötəbər mənbələrdən birində Abdulla ibn Ömərdən nəql edərək deyir: Quranı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Quranı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...
Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə məlum olur ki, Quran, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.

İRAD VƏ CAVAB
Deyə bilərik ki, Quranın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Quranın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Quran hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Quranın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Quran hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibn Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.
Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Quranı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu təkid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Quran hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Quranı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.

NƏTİCƏ
Quranın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?
Bir anlıq fərz edək ki, elə doğrudan da Quran Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Quranın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Quranın tədrisinə təyin olunan Abdulla ibn Məsuda, Muasa, Ubey ibn Kəbə və Salimə deyil, məhz Zeyd ibn Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Quranın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş və Quranla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tərifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mötəbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Quran Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.

ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB
ƏQL VƏ QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Quranın bir çox ayələri ilə də düz gəlmir.
Əvvəla bunu qeyd etmək lazımdır ki, Quran nazil olduğu ilk gündən onun bəzi surələri kitab əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), islamla mübarizə aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Quran kimi ikinci bir kitab, buna qadir olmadıqları təqdirdə Quran surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Quran nüsxələri nəinki əhli kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.
Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Quranın “kitab” adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Quran pərakəndə olaraq kağız, dəri və sümük parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə halına salınmış yazı toplusuna deyilir.

Əl-Bəyan kitabından
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!