QURANI KƏRİMİN KİTAB HALINA SALINMASI - 3

:

QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ VERİLƏN CAVABLAR
BİRİNCİ CAVAB
Öncə Quranın yığılmasına dair nəql olunmuş rəvayətləri nəzərdən keçirdik. Belə ki, bəzən bu rəvayətlərdən şəxsi məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç birinin mötəbər olduğu nəzərə çarpmır.

Bəzən “təhrif nəzəriyyəsi”nin tərəfdarları da bu rəvayətlərə istinad edərək, Quranın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər. Mötəbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz demək tamamilə əsassız olacaqdır. Biz burada rəvayətlərin zəif xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların mötəbər olmadıqlarını sübuta yetirəcəyik.

Birinci xüsusiyyət: Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və ziddiyyətlər.

BİRİNCİ SUAL: QURAN NƏ VAXT BİR YERƏ YIĞILMIŞDIR?
Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci rəvayətdən belə məlum olur ki, Quran Osmanın xilafəti dövründə kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü rəvayətlərdə bunun Əbu Bəkrin xilafti dövründə həyata keçirildiyinin şahidi oluruq. Yeddinci və on ikinci rəvayətlərdə isə Quranın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil, Ömərin xilafəti dövründə göstərilir.

İKİNCİ SUAL: ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ QURANIN YIĞILMASINI KİM ÖZ ÖHDƏSİNƏ GÖTÜRMÜŞDÜR?
Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibn Sabitə həvalə olunduğu göstərilir. Dördüncü rəvayətdə isə deyilir: Bu işi Əbu Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibn Sabit isə onun göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı düzəlişlər aparırdı. Beşinci rəvayətdə isə belə məlum olur ki, bu iş Ömər və Zeyd ibn Sabitə həvalə olunmuşdur.

ÜÇÜNCÜ SUAL: QURANIN YIĞILMASI ZEYD İBNİ SABİTƏ HƏVALƏ OLUNMUŞDURMU?
Birinci rəvayətdən belə məlum olur ki, Əbu Bəkr Quranın yığılmasını Zeyd ibn Sabitə həvalə etmişdir. Orada deyilir: Əbu Bəkr Zeydə deyir: “Sən cavanlığından öz əql və dərrakənlə hamıdan fərqlənir və sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Quranla yaxından ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür.” Buradan belə məlum olur ki, Quranın yığılması Zeyd ibn Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə isə bu işə başqalarının cəlb olunduğu göstərilir.

DÖRDÜNCÜ SUAL: QURANIN BƏZİ AYƏLƏRİ OSMANIN XİLAFƏTİ DÖVRÜNƏDƏK YAZILMIŞDIRMI?
Rəvayətlərin bir çoxundan bizə məlum olur ki, Quranın bütün ayələri pərakəndə olasa da, (hələ Peyğəmbərin (s) zamanında) dəri və kağız üzərinə yazılmışdır. Lakin ikinci rəvayətdə hələ Osmanın xilafəti dövründə ayələrdən bəzilərinin kağız üzərinə köçürülmədiyi və onun hafizələrdə saxlanıldığı göstərilir.

BEŞİNCİ SUAL: OSMAN ÖZÜNÜN XİLAFƏTİ DÖVRÜNDƏ YAZILMIŞ AYƏLƏRDƏN BƏZİLƏRİNİ İXTİSARA SALIBMI?
Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək ayələrdən heç birinin ixtisara salınmadığı göstərilir. Lakin dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan nüsxələri məhv etməsi və bunun ətraf məntəqələrdə yaşayan müsəlmanlara da əmr olunması göstərilir.

ALTINCI SUAL: OSMAN ÖZ NÜSXƏSİNİ HANSI MƏNBƏDƏN YIĞA BİLMİŞDİR
İkinci və dördüncü rəvayətlərdən belə məlum olur ki, Osman Əbu Bəkrin yığdığı nüsxələrə istinad etmiş və özünün nüsxəsini onun əsasında yığdırmışdır. Altıncı, on dördüncü və on beşinci rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki nəfər mötəbər şəxsin şəhadət verməsi ilə yığdırdığı göstərilir.

YEDDİNCİ SUAL: QURANIN YIĞILMASINI ƏBU BƏKRDƏN KİM İSTƏMİŞDİR?
Birinci rəvayətdə deyilir: Quranın yığılaraq kitab halına salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən istəmişdir. Lakin Əbu Bəkr bundan imtina edir və yalnız Ömərin dəfələrlə israr etməsindən sonra buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibn Sabiti yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona da bildirir. Zeyd də bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir. Lakin onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə, Ömər və Zeyd tərəfindən edildiyi və Əbu Bəkrin əshabla məşvərət etdikdən sonra onlara müsbət cavab verdiyi göstərilir.

SƏKKİZİNCİ SUAL: QURANIN ƏSL NÜSXƏSİ HANSI XƏLİFƏ TƏRƏFİNDƏN YIĞILMIŞDIR VƏ BU NÜSXƏDƏN KÖÇÜRÜLDÜKDƏN SONRA HANSI ŞƏHƏRLƏRƏ GÖNDƏRİLMİŞDİR?
İkinci rəvayətdən, Quranın əsl nüsxəsinin Osman tərəfindən yığıldığı göstərilir. Lakin on ikinci rəvayətdə bunun Ömər tərəfindən həyata keçirildiyinə işarə olunur.

DOQQUZUNCU SUAL: TÖVBƏ SURƏSİNİN SON İKİ AYƏSİ HANSI XƏLİFƏNİN DÖVRÜNDƏ QURANA ƏLAVƏ EDİLMİŞDİR?
Birinci, on ikinci və iyirmi ikinci rəvayətdən belə məlum olur ki, bu iki ayənin Qurana Əbu Bəkrin xilafəti dövründə əlavə olunduğu göstərilir. Lakin səkkizinci və digər rəvayətlərdə bu ayələrin Ömərin xilafəti dövründə Qurana əlavə olunduğu qeyd olunur.

ONUNCU SUAL: BU AYƏLƏRİ QURAN KATİBLƏRİNƏ KİM TƏHVİL VERMİŞDİR?
Birinci və iyirmi ikinci rəvayətlərdə biz, Əbu Xəzimətin adı ilə rastlaşırıq. Lakin səkkizinci və on birinci rəvayətlərdə bu ayələrin Xüzeymət ibn Sabit tərəfindən xəlifəyə təhvil verildiyi göstərilir. İbn Əbdül Bərr bu haqda deyir: Əbu Xəzimə və Xüzeymət ibn Sabit iki müxtəlif şəxs olmuşdur və onların arasında heç bir qohumluq rabitəsi olmamışdır.

ON BİRİNCİ SUAL: BU İKİ AYƏNİn HƏQİQƏTƏN QURAN AYƏSİ OLDUĞU HANSI YOLLA İSBAT OLUNUR?
Bu barədə rəvayətlər üç qismə bölünür:
1. Yalnız bir nəfərin şəhadəti ilə sabit olunur;
2. Doqquzuncu və iyirmi üçüncü rəvayətlərdə isə buraya Osmanın da əlavə olunduğu göstərilir;
3. On birinci rəvayətdə isə şəhadət verən kəslərin arasında Ömərin adının birinci çəkildiyinin şahidi oluruq.

ON İKİNCİ SUAL: OSMAN QURANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR
İkinci rəvayətdə Osmanın, Quranın imla olunmasını və yazılmasını İbn Zubeyr, Səid ibn Asa və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin köçürülməsinə, Səid ibn Asın isə ayələri imla etməyə təyin olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə ayələri imla etməyə təyin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun şahidi oluruq. Yəni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə təyin olunduğu göstərilir.
Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubey ibn Kəbə, yazılmasının Zeyd ibn Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibn Asın təyin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda nəql olunmuşdur. Lakin orada nüsxələrə nəzarət olunması işi Əbdürrəhman ibn Hərsə həvalə olunduğu göstərilir.

Əl-Bəyan kitabından
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!