YEDDİ QİRAƏT ÜSULU (7)

:

İKİNCİ NƏZƏR
Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir.

Bu nəzəriyyənin tərəfdarları Yunus ibn Məsuddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Quran isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Quranın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.
Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.
1. Rəvayətlərin zahiri mənasından məlum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;
2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbn Məsud rəvayəti nəql edərək deyir: Allah-taala Quranı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;
3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki zəcr və haram sözləri eyni məna daşıyır. Demək, Qurandakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Quranda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, məad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mənaları aşkar olduğu üçün bütün mövzular “möhkəm” ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Quranı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki Qurani-Kərimdə bəyan olunan mövzular məna baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).

ÜÇÜNCÜ NƏZƏR
Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Quran ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibn Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Quran yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.

DÖRDÜNCÜ NƏZƏR – FƏSAHƏTLİ İBARƏTLƏR
Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Quran o dövrün tanınmış yeddi böyük qəbilənin istifadə etdikləri ifadələrlə nazil olmuşdur.
Yeddi qəbilə aşağıdakılardan ibarətdir:
“Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif” Əbhəri və Beyhəqi kimi alimlər bu nəzəriyyəyə əsaslanmışlar.
Cavab: Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.
1. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir məna nəzərdə tutulurdu.
2. Yeddi qiraət səbkini yeddi ləhcə kimi mənalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə zidd bir fikirdir. O, deyir: Quran yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbn Məsudun “hətta himnə” kəlməsini “ətta himnə” kimi oxumasına etiraz edir. Ona yazdığı məktublardan birində deyir: Quran Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da məhz bu səbkini öyrətməlisən.
3. Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibn Sabitin qiraəti ilə ixtilafınız olsa, Qüreyş qiraətini əsas tutun. Çünki Quran Qüreyş ləhcəsində nazil olmuşdur.
4. Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri qiraət etmək qərarına gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər ikisinin düzgünlüyünü təsdiq edib buyurur: “Quran yeddi səbkidə nazil olmuşdur, onların hansı biri ilə qiraət etsəniz düzdür.”
Hişam və Əmrin Qüreyş qəbiləsindən olması məlum olduğu halda, qiraət baxımından onların arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi mənalandırmaq olmaz.
5. Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki Qüreyş ləhcəsi ərəb qəbilələrinin mötəbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz, Qüreyş ləhcəsi ilə müqayisə edirdilər.
Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki Qurani-Kərimdə Qüreyş ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.

BEŞİNCİ NƏZƏR – MUZƏR LƏHCƏSİ
Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-Muzər qəbiləsinə mənsub olan yeddi (Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr nəzərdə tutulur.
Cavab: Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.

ALTINCI NƏZƏR – QİRAƏTLƏRDƏKİ İXTİLAFLAR
Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan sonra belə bir nəticəyə gəldik ki, Quran məhz yeddi qiraət üsulunda nazil olmuşdur.
1. Bəzən, yalnız kəlmənin məna və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn, “Hunnə əthəru ləkum” cümləsindəki zəmmə ilə (u) oxunan “əthəru” “əthərə” oxunur.
2. Bəzən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mənasında da dəyişiklik baş verir. Məsələn, “Rəbbəna baid əsfarina – Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et!” (“Səba”, surəsi, ayə: 19)
3. Bəzən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, məna isə tamamilə əvəz olunur. Məsələn, “nunşizuha – nunşiruha” kəlməsi həm (z), həm də (r) hərfi ilə tələffüz olunur. Belə ki, “nəşərə” (yaymaq), “nəşəzə” isə (uzaq etmək) mənasını verir.
4. Bəzən kəlmənin yazılış forması dəyişilsə də, mənası olduğu kimi qalır. Məsələn, “kəl ihni mənfuş” (dağlar isə didilmiş yun kimi olacaqdır) ayəsi, “Kəssovfil mənfuş” oxunmuşdur. Çünki “ihn” və “sovf” eyni mənanı (didilmiş yun) daşıyır.
5. Bəzən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mənasının əvəz olunmasına səbəb olur. Məsələn, “və təlhin mənzud” (salxım-salxım sallanmış banan ağacları altında) ayəsi “və təlin mənzud” kimi oxunmuşdur.
6. Bəzən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yəni yerləri dəyişilərək) tələffüz olunur. Məsələn, “və caət səkrətul movti bil həqqi” (ölüm məstliyi həqiqətən gəlir) ayəsi “Və caət səkrətul həqqi bilmovti” oxunmuşdur.
7. Bəzən də ayəyə əlavə və əskiltmələr etməklə məna baxımından nöqsanlar yaradılır. Məsələn, “Tisə və tisunə nəcətən unsa” (Onun doxsan doqquz dişi qoyunu var).
“Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu muminin” (Oğlana gəldikdə isə, onun ata-anası mömin kimsələr idi). “Fə innəllahə min bədi ikrahihinnə ləhunnə ğəfərun rəhim” (Kim cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).
Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] “unsa – dişi”, ikinci ayəyə “kafirən – kafir” və “kanə – oldu, idi”, üçüncü ayəyə isə “ləhunnə – həqiqət o cariyələrə, qadınlara” ifadələri əlavə olunmuşdur.
Cavab: beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.
1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mənalandırmağın heç bir məna və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla məlumatları olmamışdır.
2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mənalarının dəyişilib-dəyişilməməsidir. Bir haldakı biz, bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki dəyişilən yalnız kəlmənin zahiri formasıdır – istər məna dəyişilsin, istərsə də dəyişilməsin – belə olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki qiraətin əvəz olunmasına səbəb məna deyil, kəlmələrin yazılış formasıdır.
Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı göstərilməlidir.
3. ”Təlhin” kəlməsinin “təlin” və “nənşizu” sözünün “nənşuru” kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə “ha” hərfinin “ayn” hərfilə, “təlhin” sözünün “təlinlə”, “za” hərfinin “ra” hərfilə və “nunşizuha” kəlməsinin “nunşiruha” ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab etməməliyik. Çünki daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.
4. Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir səbkidə nazil olmuşdur. Lakin sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?
5. Qurani-Kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş “Quran yeddi səbkidə nazil olmuşdur” hədisindən əsla agah deyillər. (“Tibyan”, səh.59)

Kitаbın аdı: Əl-bəyan
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!