ZUHA SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 4

:

MÜHÜM MƏTLƏBLƏR
1. Çətinliklərdən yaranan məsələlər üzərində müdiriyyət
Yuxarıdakı ayələrdə Allah-taala Peyğəmbərə (s) verilən ilahi nemətlər barəsində bəhs edir və sonra o həzrətin uşaqlığının əvvəllərində yetim olmasına, maddi baxımdan ehtiyac içərisində və çətin şəraitdə yaşamasına toxunur.

Allah-taala bildirir ki, belə bir şəraitdə böyüyüb boya-başa çatan şəxs sənin kimi olmalıdır. Yəni, ilahi rəhbər həyatın müxtəlif mərhələlərini keçməli, onun ağrı-acıları və çətinliyini şəxsən dadmalıdır ki, məhrum təbəqənin vəziyyətini yaxşı və düzgün dəyərləndirə bilsin. Kiçik yaşda öz atasını əldən verməlidir ki, yetimlərin halından xəbərdar olsun. Gecələr özü ac olmalıdır ki, ac olanların vəziyyətini dərk etsin.
Peyğəmbər (s) hansısa bir yetim uşağı görsəydi, gözləri yaşla dolar, onu qucağına alar və əzizləyərək ona nəvaziş göstərərdi.
Qeyd edilənləri nəzərə alaraq, Allahın Rəsulu (s) ictimai fəqirliyin nədən ibarət olduğunu bilməli idi ki, ondan elm öyrənmək istəyənləri mehribanlıqla qəbul edə və qarşılaya bilsin.
Çətinlik və sıxıntılar içərisində yaşamaq bütün peyğəmbərlərə şamil olan məsələlərdəndir. Zəngin həyat tərzi keçirən və saraylarda yaşayan şəxslər yetim və məhrum olanların yaşadığı evi necə təsəvvür edə və onların halına acıya bilər?!
İmam Sadiq (ə) buyurur: “Allah hər bir peyğəmbərə çobanlıq etməyi bildirmiş və beləliklə, onlara insanları necə idarə etmək lazım gəldiyini təlim vermişdir.” (“Biharul-ənvar”, c. 11, səh. 64, hədis 7.)
Allah-taala onlara çobanlıq sayəsində şüursuz heyvanlar üzərində səbir və dözümlü olmaq təcrübəsini, həmçinin tövhid və irfani məsələləri öyrətmişdir.
Həzrət Musa (ə) Allahdan bu məqama hansı səbəbdən təyin edildiyini soruşur. Allah bildirir ki, yadındadırmı sən qoyunları otardığın zaman, quzulardan biri qaçmağa başladı və sən onun dalınca qaçıb onu tutduqda belə dedin: “Ey Allahın heyvanı, həm özünü, həm də məni yordun!” Sən bununla öz mənəvi qüdrətini və səbrini göstərdin. Həmin səbəbdən səni peyğəmbərliyə seçdim.

2. Yetimlərə nəvaziş və qayğı
Öz atalarını uşaqlıq yaşında əldən vermiş yetimlərin olması hər bir cəmiyyətdə qaçılmaz məsələlərdəndir. Belə uşaqlara müxtəlif cəhətlərdən qayğı və məhəbbət göstərilməlidir. Əgər onların məhəbbət və qayğıya olan ehtiyacı təmin olunmazsa, belə uşaqlar sonradan cəmiyyətdə qeyri-sağlam, cani və sair kimi yetişəcəklər. Beləliklə, cəmiyyətin bütün fərdləri yetimlərə yardım və qayğı göstərməli və düşünməlidir ki, bir gün onların da övladları yetim qala bilər. Yetimlər bəzən maddi imkan və sərvətə sahib olurlar və bu baxımdan onların malının qorunmasına diqqət yetirilməlidir. Bəzən də onlar fəqirdirlər və onlara qayğı göstərərək tənhalıq və sıxıntı qübarını onların simasından silmək lazımdır.
Nəticədə, Quran ayələrində bu məsələyə həddən artıq yer verilmişdir. Eyni zamanda, onun ictimai, humanist və əxlaqi yönləri də vardır. Peyğəmbər (s) buyurur: “Yetim ağlayan zaman, Allahın ərşi lərzəyə gələr və Allah buyurar ki, ey mənim mələklərim, kim mənim yetim bəndəmi ağlatmışdır? Mələklər deyər ki, Sən daha agahsan. Allah-taala belə buyurar: “Onu sakitləşdirən və qəlbinin aram olmasına səbəb olanı qiyamətdə razı salacağıma sizi şahid tuturam.” (“Məcməul-bəyan”, c. 10, səh. 506.)
Bu məsələnin əhəmiyyəti o qədər böyükdür ki, Əmirəl-möminin Əli (ə) öz vəsiyyətnaməsində Quran və namazla yanaşı, yetimlərə də diqqət yetirməyi tövsiyə etmiş və belə buyurmuşdur: “Sizi Allaha and verirəm, yetimləri bir gün ac və bir gün tox saxlamayın və onların tələf olmasına şərait yaratmayın!”
Bir uşaq Peyğəmbərin (s) yanına gələrək deyir ki, mən yetiməm və mənim bir bacım və dul anam var. Allahın sizə veriyindən bizə də verin ki, Allah sizdən razı olsun. Peyğəmbər (s) buyurdu: “Necə də gözəl söylədin!” Sonra Bilala evdən bir şey gətirməsini söylədi. Bilal gedib iyirmi bir ədəd xurma gətirdi. Peyğəmbər (s) buyurdu ki, onun yeddisi sənin, yeddisi bacının və yeddisi də ananındır.
Məaz ibn Cəbəl əlini yetim bir uşağın başına çəkərək onun başını tumarladı və belə dedi: “Allah sənin yetimliyini cübran edərək səni atanın canişini eləsin (həmin uşaq mühacirlərdən idi).” Peyğəmbər (s) ondan soruşdu ki, sənin bu əməldə məqsədin nə idi? Məaz cavab verdi: “Məhəbbət göstərmək və rəhm eləmək idi.” Peyğəmbər (s) buyurdu: “Sizlərdən hansısa biri yetimi himayə etməyi öz öhdəsinə götürərək onun haqqına riayət eləsə və onun başını sığallasa, Allah onun saçlarının tükü qədər həmin şəxsə həsənə (yaxşılıq) bəxş edər, həmin miqdarda onun günahlarını bağışlayar və ona dərəcə və məqamlar verər.” (“Məcməul-bəyan”, c. 10, səh. 506.)
Əlbəttə, hazırkı cəmiyyətdə bu məsələyə fərdi şəkildə deyil, ictimai və ümumi şəkildə riayət etmək lazımdır və İslam da buna göstəriş vermişdir.

3. Nemətlər barədə söhbət açmaq:
Allah bu məsələyə göstəriş vermiş və nemətlər barədə danışmağı Peyğəmbərə (s) tapşırmışdır. Əlbəttə, fəxarət səbəbi ilə deyil, nemətlərin şükrünü yerinə yetirmək baxımından həmin məsələ əhəmiyyət daşıyır və bunun özü də insanın ruhiyyəsində müsbət təsirlər qoyaraq ona aramlıq bəxş edir. Bu arada ictimai təsirləri də nəzərdən qaçırmaq olmaz. İlahi nemətlərin xatırlanması insanın öz çatışmazlıqlarını az hiss etməsi, xəstəliklərdən şikayətlənməməsi və digər bədən üzvlərinin sağlam olmasına görə şükür etməsinə səbəb olur. Belə xüsusiyyətlərə sahib olan kəslər aram qəlbə malikdirlər və onların çətinliklərlə mübarizə aparmaq qüvvəsi də həddən artıq çoxdur.
İlahi, Sənin nemətlərin saymaqla qurtarmayacaq qədərdir! Onları bizdən alma və öz mərhəmətinə xatir onları bizim üçün daha da artır! İlahi, bizə daim məhrum olanları himayə etmək və yetimlərə dayaq olmaqda müvəffəqiyyət nəsib elə!

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!