AYƏLƏRİN ZAHİRİ MƏNALARININ DƏLİL OLMASI - 2

:

QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMADIĞINI İSBAT EDƏN DƏLİLLƏR
Bir qədər əvvəl Quranın zahiri mənalarının höccət olduğuna dəlalət edən dəlil və sübutlara işarə etdik. Lakin hədis alimlərinin bir qismi bunun tam əksinə olaraq yeni bir nəzəriyyə irəli sürərək, Quranın zahiri mənalarının höccət olmadığını iddia edirlər.

Onların fikrincə Quranın zahiri mənalarında, həmişə heç də nəzərdə tutulan şeyləri dərk etmək olmur. Onlar da öz nəzəriyyələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad edirlər.

1. QURANIN DƏRK OLUNMASI MÜƏYYƏN İXTİSASMI TƏLƏB EDİR?
Quranın zahiri mənalarının höccət olmadığını iddia edənlər deyirlər: Quranın həqiqi mənalarını dərk etmək heç də hamıya müyəssər deyildir. Onu yalnız Quran elmləri ilə yaxından tanış olan bəzi mütəxəssislər dərk edə bilər. Və dediklərini sübuta yetirmək üçün bu məzmunda nəql olunmuş bir neçə rəvayətə istinad edirlər.
1. Şueyb ibn Ənəs, imam Sadiq (ə)-dan nəql etdiyi mursəl* rəvayətdə deyir: İmam Sadiq (ə), Əbu Hənifəyə deyir: İran camaatının fiqhi suallarına sənmi cavab verirsən?
Dedi: Bəli.
Buyurdu: Nəyə istinad edərək fitva verirsən?
Dedi: Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə.
Buyurdu: Əbu Hənifə! Allahın kitabını lazımınca dərk edə bilirsənmi? Nasix və Mənsux ayələrini tanıyırsanmı?
Dedi: Bəli.
Buyurdu: Belə bir böyük elmə yiyələndiyini iddia etdiyin üçün vay halına! Məgər bilməyirsənmi ki, bu elmlərə yalnız Peyğəmbərin (s) Əhli-beyti və müəyyən şəxslər yiyələnirlər?! Ey Əbu Hənifə! Bil ki, Allah-taala Quranda sənin biləcəyin bir şey nazil etməmişdir və orada sənə bir hərf də olsun irs qoymamışdır.
2. Zeyd nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Qütadədən soruşur: Bəsrənin fəqihliyini öz üzərinə sənmi götürmüsən?
Dedi: Belə təsəvvür edirlər.
İmam Sadiq (ə) buyurdu: Düzdürmü ki, Quranı təfsir edirsən?
Dedi: Bəli.
İmam (ə) buyurdu: Ey Qütadə! Əgər Quranı öz rəyinlə təfsir edirsənsə bil ki, həm özünü, həm də başqalarını uçruma yönəltmiş olursan. Yox əgər başqalarının rəyi ilə təfsir etmiş olsan, yenə də həm özünü, həm də başqalarını uçruma yönəltmiş olarsan. Bil ki, Quranı yalnız o kəslər təfsir və dərk edə bilər ki, onların haqqında Quranda xitab və ya söhbət açılmış olsun.
CAVAB
Nəql olunmuş birinci rəvayətdə yalnız Quranın zahiri mənaları deyil, həm də batini mənaları (“nasix” və “mənsux” ayələri) ilə tanışlıq və həmçinin bu kimi məsələlər nəzərdə tutulur. Belə ki İmam (ə), Əbu Hənifədən “nasix” və “mənsux” barəsində soruşur. Bu isə bir şəxsin Quranın batini mənalarına yiyələnib-yiyələnməməsinə dəlalət edir. Bütün bunları nəzərə alaraq, imam Sadiq (ə) belə bir məsuliyyətli vəzifəyə təyin olunmuş bir şəxsi — Əbu Hənifəni, Quran elmlərinə daxil olan bu kimi məsələlərə agah olmadığı üçün danlamaq qərarına gəlir.
İkinci rəvayətdə isə biz, imam Sadiq (ə)-ın Qütadədən təfsir etməsi haqda soruşduğunun şahidi oluruq. Quran təfsir olunduqda isə bir çoxlarına məlum olmayan dərin məna və məfhumlar üzə çıxarılır. Bu isə olduqca mühüm və məsuliyyət tələb edən bir işdir. Belə bir dərin elmə yiyələnmək isə heç də hamıya müyəssər olmayır. Demək, rəvayətlərdən məqsəd Quranın zahiri mənalarının dərk olunması deyil, onun dərin [batini] mənalarına yol tapmasıdır.
Öncə nəql olunan mötəbər rəvayətlər, dediklərimizi bir daha təsdiq edir. Belə ki, bu rəvayətlərdən bizə məlum olur ki, Quranın zahiri mənalarının dərk olunması heç də təsadüfü şəxslərə aid deyildir.
Birinci rəvayətdə, imam Sadiq (ə)-ın Əbu Hənifəyə “Orada [Quranda] sənə bir hərf də olsun irs qoyulmamışdır” deməsi, bir daha bu mətləbi sübuta yetirir ki, Allah-taala yalnız öz peyğəmbərlərini Quranın varisləri qərar vermişdir. “Fatir” surəsinin 32-ci ayəsində bu haqda deyilir:
“Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq.”
Bu səbəbdən də Quran ayələrini tam şəkildə dərk edib, kimsəyə açıqlamaq, sirlərinə agah olmaq Peyğəmbər, övliya və onların sadiq davamçılarından savayı kimsəyə nəsib olmayıb. Bütün bunları nəzərə alaraq, imam Sadiq (ə)-ın Əbu Hənifəyə etdiyi xəbərdarlığı heç də belə qəbul etmək olmaz ki, o hətta “Qul hu vəllahu əhəd” (De ki, O Allah birdir) kimi sadə ayələri belə başa düşməmişdir.

2. QURAN ŞƏXSİ RƏY ƏSASINDA TƏFSİR OLUNMAMALIDIR
Quranın zahiri mənalarının höccət olmadığını iddia edən şəxslər deyirlər: Quranın zahiri mənasına istinad edərək ayələri təfsir etmək, şəxsi rəy və nəzər əsasında təfsir etmək deməkdir. Bir halda ki, bir çox mütəvatir rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir edilməsi qətiyyətlə qadağan olunmuşdur.
CAVAB
Bir qədər əvvəl qeyd etdik ki, təfsir dedikdə biz, ayələrin həqiqi mənalarının üzə çıxarılmasını və ayələrin anlamında mövcud olan çətin ifadə və müəmmaların hamısının başa düşüləcək bir tərzdə izah olunması nəzərdə tutulur. Çünki ayələrin zahiri mənalarında heç bir anlaşılmazlıq nəzərə çarpmır.
Ayələrin zahiri mənası təfsir adlandırılsa belə, biz onu şəxsi rəy və nəzər əsasında yazılmış təfsir kimi qəbul etməməliyik. Belə bir təfsir və onun məfhumu, ümumi kütlənin anlayacağı və dərk edə biləcəyi təfsirdir.
Məsələn, əgər “Nəhcül-bəlağə”də Əli (ə)-ın oxuduğu dərin mənalı xütbələrdən birini çox sadə ifadələrlə tərcümə edəriksə, biz onu ümumi kütlənin başa düşə biləcəyi tərzdə bəyan etmiş oluruq. Və belə bir təfsiri biz, şəxsi rəy əsasında olunmuş təfsir adlandırmamalıyıq. Bu səbəbdən də imam Sadiq (ə) həmin mətləbə toxunaraq buyurur: Camaat mütəşabih ayələrin batini və həqiqi mənalarını dərk edə bilməyib, özlərini böyük çətinliyə düçar etmişlər. Onlar ayələrin batini mənalarına yol tapmadıqda, onu istədikləri kimi təfsir etmiş və özlərini ilahi övliyalardan ehtiyacsız güman etmişlər. Buna görə də, ayələrin həqiqi mənalarını soruşmağı belə özlərinə rəva bilməmişlər.
Quranın şəxsi rəy və nəzər əsasında təfsir olunmasının imam Sadiq (ə)-ın nöqteyi-nəzərindən haram buyrulduğu, nəql olunmuş rəvayətlərdən bir daha bizə bəlli oldu. Quranın təfsirini öz öhdəsinə götürmüş şəxs, ilk növbədə Peyğəmbərin (s) tövsiyələrinə əməl edərək Əhli-beytə (ə) müraciət etməli və onların buyurduqlarından ilham almalıdır. Onlar bəşəriyyətin ilham və hidayət mənbəyi olduqları bir halda, kimsə Quranın zahiri mənaları ilə qənaətlənərək şəxsi rəy və nəzər əsasında ilahi qanunlara dair hökm və fitva sadir etməməlidir.
Əgər hər hansı bir müfti (fiqh alimi, dini rəhbər) və ya müfəssir, imamların Quran ayələrinə verdikləri izahatları, əlavə və istisna qanunları nəzərə almadan ayələrin zahiri mənalarına və ümumi qanunlara istinad edərsə, Quranı özünün şəxsi rəyi əsasında təfsir etmiş olur. Bir halda ki, nəql olunmuş bir çox rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir olunması qətiyyətlə pislənmiş və belə üsulun ilahi qanunlara zidd olduğu bildirilmişdir.
Qeyd etdiklərimizdən belə məlum olur ki, Əhli-beytin (ə) Quranın təfsirinə dair verdikləri izahatları nəzərə alaraq, yenidən onun zahiri mənalarına istinad etmək, onu nəinki şəxsi rəy əsasında olunmuş təfsir, hətta adi bir təfsir adlandırmaq belə olmaz.
Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Quranın zahiri mənasına istinad olunmasının düzgünlüyünə dəlalət edəcək bir çox rəvayət nəql olunmuşdur.
Bu iki qrup rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Quranın şəxsi rəy ilə təfsir olunması, onun kəlmələrinin zahiri mənalarına əməl etmək deyil; onlardan birincisi (şəxsi rəylə təfsir) haram, ikincisi isə düzgün və təqdirə layiqdir.

3. QURANIN DƏRİN MƏNA DAŞIYAN AYƏLƏRİ
Quranın höccət olmadığını iddia edənlərin bir qismi istinad etdikləri üçüncü dəlildə deyirlər: Quranın geniş mətləbi əhatə edən bir çox ayələri dərin mənalar daşıdıqları üçün hamı onu heç də asanlıqla başa düşmür.
Qədim dövrlərdə təlif olunmuş bir çox alimlərin əsərlərini nəzərdən keçirdikdə, belə mətləbin böyük kütlə tərəfindən dərk olunmadığının şahidi oluruq. Onları dərk edə biləcək şəxslər yalnız bu sahədə təcrübəsi olan mütəxəssis və təhqiqatçılardır. Bəşər tərəfindən yazılmış bu kitablar asanlıqla dərk olunmayandan sonra, ilahi kəlam olan, keçmiş və gələcəkdən xəbər verən vəhy məcmuəsini dərk etmək təbii ki, asan olmayacaqdır.
CAVAB
Quran, keçmiş və gələcəyin dərin, batini elmlərini əhatə edib [bəzi ayələri] yalnız Əhli-beyt tərəfindən dərk olunsa da, orada mövcud olan digər ayələrin zahiri mənaları ərəb dili ilə tanışlığı olan hər bir şəxs tərəfindən dərk olunur. Və beləliklə, nəqli dəlilləri nəzərə almaqla ilahi hökm və göstərişlər lazımı qaydada icra olunur.

4. QURANIN ZAHİRİ MƏNALARI NƏZƏRDƏ TUTULMURMU?
Deyirlər: Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən xarakteri daşıyan Quranın bütün zahiri mənaları nəzərdə tutulmur. Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar. Eyni zamanda, zahiri mənalarda Quranın bəzi ifadələrinin nəzərdə tutulmaması haqda ümumi məlumat əldə etdik. Lakin bu kimi ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər mənalar hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mənalar tam şəkildə müəyyənləşdirilməmişdir və bəlkə də Quranın digər ayələri ilə qarışaraq onları bir-birinə oxşatmışlar. Biz, Quranda istifadə olunan bu kimi ifadələr barəsində də ümumi məlumat əldə etdik, bu səbəbdən də Quranın bütün ifadə və ayələrinin zahiri mənalarına müraciət etməkdən çəkinməli və onlara istinad etməməliyik. Çünki onlar da nəzərdə tutulmayan cümlə və ifadələrdən ola bilər.
CAVAB
İcmali elm yalnız o zaman Quran ayələrinin zahiri mənalarına əməl etməyə mane ola bilər ki, onun ayələrində heç bir araşdırma və təhqiqat aparılmamış olsun. Lakin bir qədər yaxından diqqət yetirdikdə və zahiri mənaları nəzərdə tutulmayan bəzi ayələri araşdırdıqda məlum olur ki, elm və əql baxımından digər ayələrə də istinad və əməl olunmasına heç bir maneə yoxdur. Çünki belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Quranda istifadə olunan və zahiri mənası nəzərdə tutulmayan ifadələrə aid olacaqdır. Bəzi ayələr araşdırılaraq onlarda bu xüsusiyyətlərin olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal verilməmişdir və belə olduqda onların zahiri mənalarına istinad və əməl etmək düzgün olacaqdır.
Belə bir elmi təhlil “İcmali elmin təcziyə və təhlili” adlanır və biz onun vasitəsi ilə bütün hallarda əməl və istinad edəcəyimiz şeylərin düzgünlüyünü asanlıqla ayırd edəcəyik.
Hər yerdə olduğu kimi, nəql olunmuş rəvayətlərin mötəbər olub-olmamadığını müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən) istifadə edir və beləliklə yetkin nəticəyə gəlirik.
Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla da həmin şeyə əməl etmək mümkün olmasaydı, onda təkcə Quranın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların zahiri mənalarına istinadən də əməl edə bilməzdik. Çünki hədis və rəvayətlərin də ümumi və xüsusi mənaları vardır ki, onların zahiri mənalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Quranın zahirinin höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və rəvayətlərdə də vardır və onların da zahirini qüvvədən salır.
Əgər “icmali elmin təhlil” olunması bu xüsusiyyətə malik olmasa, terminalogiyada “əsli bəraət” adlanan, insanın üzərinə düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki üzərinə şəri vəzifə düşən hər bir insan nəyin ona vacib və nəyin haram olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bəzi məsələlərə diqqət yetirdikdən sonra nə qədər məlumat əldə etmişsə, bir o qədər yetkin nəticəyə gələ bilər. Digər məsələlərdə isə halallıq hökmü verilir və buna terminalogiyada “əsli bəraət” deyilir.
Alimlərdən bir qismi bəzi məsələlərdə “ehtiyata” üstünlük verirlər. Lakin onların verdikləri bu kimi hökmlər “icmali elmə” və “əsli bəraət” deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər “Əcvədul-təqrirat” adlı kitaba müraciət edə bilərlər.

5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR
Deyirlər: Mütəşabih adlanan bəzi ayələrin zahiri mənalarına əməl etmək, Quranın özündə də yasaq edilmişdir. Belə ki, “Ali-İmran” surəsinin 7-ci ayəsində Quranın zahiri mənalarına əməl edənlər haqda buyurulur:
“Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm [mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabih [mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində əyrilik [şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar [tabe olarlar].”
Burada Allah-taalanın zahiri və ya başqa bir məna nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə bilmərik. Bu səbəbdən də ayələrin zahiri mənaları mütəşabih adlanır. Onlara istinad və əməl etmək isə düzgün deyildir.
CAVAB
“Təşabuh” – o ifadələrə deyilir ki, iki və ya daha çox məna daşımış olsun və eyni zamanda daşıdığı bütün mənalar həmin ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz olunduğu zaman daşıdığı mənalar dinləyicinin zehnində fikir ayrılığına səbəb olmamalıdır. Oxucu və ya dinləyici bu kimi ifadələrlə qarşılaşdığı zaman mənalardan hər hansı birini qəbul etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi diqqətlə araşdırmalı və yalnız onun nəyi nəzərdə tutduğunu müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul etməlidir. Deməli, ifadələrin zahiri mənalarını biz heç də mütəşabih kimi qəbul etməməliyik. Çünki ifadələrin zahiri mənaları hamıya məlum və bəllidir.
Əgər mütəşabih kəlməsinin bir neçə mənada işləndiyini və bu mənaların heç birinin asanlıqla başa düşülmədiyini, habelə zahiri ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə, yenə də bizi cümlənin zahiri mənasına əməl etməyimizə mane ola bilməz. Çünki istər əql və düşüncəyə, istsərsə də ümumi kütlənin adət-ənənəsindən qaynaqlanan bu üsuldan hər zaman və hər yerdə istifadə olunur. Quranın zahiri mənalarına gəldikdə, biz yenə də həmin üsuldan istifadə etməliyik. Əldə olunan qəti dəlillər və sübutlar bizi ayənin zahiri mənasından başqa bir mənaya istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mənanı qəbul etməməliyik.

6. TƏHRİFİN, QURANIN ZAHİRİ MƏNASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ TƏSİR
Gətirdikləri son altıncı dəlildə deyilir: Quranın təhrif olunması, kəlmələrin zahiri mənalarının mütəşabih və mücməl olmasına (izah olunmalı) və bunun nəticəsində də öz etibarını itirməsinə səbəb olmuşdur.
CAVAB
Bir qədər əvvəl Quranın təhrif olunmadığı, müxtəlif dəlil və sübutlarla isbat olundu. Onun təhrif olunduğunu fərz etsək belə, bu heç də onun öz etibarını itirməsinə səbəb olmur. Çünki nəql olunmuş bir çox rəvayətlərdən belə məlum olur ki, hər bir müsəlman bütün işlərini Quranla tətbiq etməli və onu ən başlıca meyar kimi qəbul etməlidir. Quran hər bir müsəlmanın istinad və mənəvi qida aldığı ilham mənbəyidir.
Demək, Quran (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona müraciət olunmalıdır. Bir halda ki, onun ayələrində təhrifə yol verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.

NƏTİCƏ
Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Quranın zahiri mənaları ən mötəbər istinad mənbəyidir. Çünki Quran islam dininin təməli, haqq və batilin, maddi və mənəvi dəyərlərin meyar və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və hədislər öz etibarını itirərək istinad olunmadan kənara qoyulmalıdır.

Kitаbın аdı: Əl-bəyan

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!