BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 6

:

15. “Qohumluq əlaqəsi olan bir yetimə.” يَتِيمًا ذَا مَقْرَبَةٍ
Bu ayədə işlədilən “məqrəbəh” sözü “qohumlar” mənasındadır və məqsəd yetim olan qohumlardır. Onlar digər yaxınlara nisbətdə üstünlüyə malikdirlər və onlara yardım etmək daha yaxşıdır.

Ayədən qohumların belə şəxslərə nisbətdəki məsuliyyətinin ağır olduğu nəzərə çarpır.

16. “Yaxud (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!” أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
“Mətrəbə” sözü “torpaq” mənasını verən “turab” kökündəndir və bu sözdə məqsəd aclığından torpağın üzərində oturub qalmış şəxslərdir. Onlara yardım etmək digərlərinə nisbətdə daha yaxşıdır.
İmam Rza (ə) üçün yemək gətirilən zaman böyük bir sini gətirilməsinə göstəriş verər və süfrədəki yeməklərin ən yaxşısından ona yığaraq ehtiyacı olanlara verilməsini buyurardı. Sonra bu ayəni (فَلَا اقْتَحَمَ الْعَقَبَةَ) “Beləliklə o, “Əqəbə”ni (aşırım və çətin yolu) aşa bilmədi.” oxuyar və buyurardı ki, Allah hamının qul azad edə bilməyəcəyini bildiyi üçün cənnətə aparan digər vasitələr müəyyən etmişdir.” (“ƏI-Mizan” təfsiri, c.20, səh.442)

“Əqəbə”nin təfsirinin davamında belə buyurulur:

17. “Bunlardan əlavə, iman gətirən və bir–birinə səbir, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.” ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
Yəni belə çətin aşırımlardan bu xüsusiyyətlərə malik olanlar keçə biləcəklər.
Ayədəki “summə” sözü təfsirçilərin nəzərincə, iman, səbrə dəvət və mərhəmətin üstünlüyünü çatdırmaqla yanaşı, saleh əməl və yaxşılıqların doğru etiqad və imandan qaynaqlandığını bildirir.
Bəzi təfsirçilər həmin sözün zaman baxımından təxir mənasını bildirdiyini də qeyd etmişlər. Belə ki, yaxşı əməllər imanın qaynağına çevrilir və əxlaqi keyfiyyətlərin möhkəmlənməsində də təsirlidir. Yəni insanın əxlaqı əvvəlcə fel, sonra halət, daha sonra adət və nəticədə mələkə formasında özünü büruzə verir.
Ayədə səbrə tövsiyə edilməsi həmin məsələnin fərdi deyil, ümumi bir formada həyata keçirilməsinin zəruriliyinə işarədir. Bu da, insanların bir-birinə mərhəmət və mehribanlığına, nəfslə mübarizəsi və Allaha itaətinə yardım edir.

Surənin sonunda bu xüsusiyyətlərə sahib olanların “sağ tərəf” əshabı olduğu bəyan edilir:

18. “Onlar sağ tərəf (bərəkət və səadət) əshabıdır.” أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ
Yəni həm özləri bərəkət sahibidirlər, həm də cəmiyyət üçün xeyir-bərəkət hesab edilirlər.
Sonra isə keçilməsi çətin aşırımlarda sıxıntı ilə üzləşənlərin xüsusiyyətlərinə işarə edilir:

19. “Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).” وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ
“Məşəməh” sözü sol tərəfə yönələnləri bildirir və əməl dəftəri sol əlinə verilənlər bu cür adlanır ki, onlar cəhənnəm əhlidirlər.

Son ayədə isə cəhənnəm əhlinə veriləcək əzaba işarə edilir.

20. “Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır).” عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ
İnsan hər tərəfi bağlı olan isti bir otaqda olduğu zaman pəncərə və ya qapını açsa, içəriyə sərin hava daxil olaraq havanın temperaturunu tənzimləyər. Amma cəhənnəmdə belə bir fürsət yoxdur və cəhənnəm əhlinin halı necə də pis olacaq!
İlahi, bizi cəhənnəmin atəşindən amanda saxla və qarşıdakı çətin keçilən aşırımları ötüb keçməkdə bizə yardımçı ol! Bizi sağ tərəf əshabından olanlardan elə!

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!