FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 1

:

"FƏLƏQ" SURƏSİNİN MÖHTƏVA VƏ MƏZMUNU
"Fələq" surəsi Məkkədə nazil olmuş və beş ayədən ibarətdir. Təfsirçilərin bir qrupu "Fələq" surəsini Məkki, digər qrupu isə Mədəni hesab edir. Bu surənin möhtəvası Allahın İslam peyğəmbərinə (s) xüsusi, digər insanlara isə ümumi şəkildə bütün şər məxluqların şərindən ona sığınaraq amanda qalmaları ilə bağlı verilən təlimlərdən ibarətdir.

"FƏLƏQ" SURƏSİNİN NAZİLOLMA SƏBƏBİ
Bir sıra təfsir kitablarında uyğun surənin nazilolma səbəbi barədə belə yazılmışdır:
“Peyğəmbərə (s) bir qrup yəhudi tərəfindən sehr edilməsi nəticəsində o həzrət xəstələnir. Cəbrail (ə) nazil olaraq sehr alətinin quyuda gizlədildiyini bildirir. Sonra həmin şeyi quyudan çıxarıb ona bu surəni oxuduqdan sonra Peyğəmbərin (s) vəziyyəti yaxşılaşır.”
Mərhum Təbərsi və bəzi tədqiqatçılar sənədi yalnız iki nəfərə – İbn Abbas və Ayişəyə çatan belə rəvayətləri sual altına aparmışlar. Belə ki:
Birincisi, “Fələq” surəsi məşhur nəzərə əsasən, Məkki surələrdəndir və onun ifadə tərzi də Məkki surələrə bənzəyir. Halbuki, Peyğəmbərin (s) yəhudilərlə qarşıdurması Mədinədə baş vermişdir və bu məsələ həmin rəvayətin həqiqiliyini (doğruluğunu) rədd edir.
Digər tərəfdən, əgər İslam peyğəmbəri (s) belə asanlıqla sehr və caduya məruz qalaraq xəstəlik yatağına düşərsə, düşmənlər onu böyük hədəf və məqsədlərdən kənarlaşdıra bilərlər. Aydın məsələdir ki, o həzrəti belə böyük risalət və vəzifələr üçün seçən Allah sehrbazların nüfuz və təsir etməsindən qoruyacaq ki, uca nübüvvət məqamı digərlərinin məsxərə və oyun-oyuncaq obyektinə çevrilməsin.
Eyni zamanda, sehrin Peyğəmbərin (s) cisminə təsir etdiyini qəbul etsək, bu məsələ camaatın düşüncəsində də mənfi iz qoya bilər, belə ki, onlar o həzrətin ruhuna da sehrin təsir etdiyini və sehrbazların təsiri altına düşdüyünü düşünə bilərlər. Həqiqətdə, bu, ümumi camaatın nəzərində Peyğəmbərə (s) “etimad” və “etibar” edilməsini sarsıda bilər.
Ona görə də, Quran Peyğəmbərin (s) sehrlənmiş olmasını inkar edərək, buyurur:

وَ قالَ الظَّالِمُونَ إِنْ تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُوراً انْظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثالَ فَضَلُّوا فَلا يَسْتَطِيعُونَ سَبِيلًا

“Zalımlar dedilər ki, siz yalnız sehrlənmiş bir insana tabe olursunuz. Gör sənin barəndə necə misallar çəkdilər və elə azğınlardan oldular ki, bir daha yolu tapa bilməzlər!” (“Furqan” surəsi, ayə 8-9)
Yuxarıdakı ayədə işlədilən "məshur" (sehrlənmiş) sözü istər əqli baxımdan sehrlənmiş bir şəxs mənasında olsun, istərsə də, cismi baxımdan, hər iki halda bizim bəyan etdiyimiz məqsədi bildirir və onu təsdiqləyir.
Nəticədə, müqəddəs nübüvvət məqamını belə şübhəli rəvayətlərlə sual altına aparmaq və onlara istinad etmək olmaz.

"FƏLƏQ" SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ
Peyğəmbərin (s) sözügedən surənin fəziləti barədə belə buyurduğu nəql edilmişdir:
“Mənə elə ayələr nazil oldu ki, onlar kimisi nazil olmamışdır və onlar "Fələq" və "Nas" adlı iki surədir." (“Nurus-Səqələyn” təfsiri, c.5, səh. 716; “Məcməul-bəyan” təfsiri, c.10, səh. 567.)
İmam Baqirdən (s) nəql edilən digər bir hədisdə belə oxuyuruq:
“Kim vətr namazında "Fələq", "Nas" və “Qul huvəllahu əhəd (İxlas)” surələrini oxusa, ona deyilər: Ey Allahın bəndəsi, sənə müjdə olsun, sənin vətr namazın qəbul oldu!"
(“Nurus-Səqələyn” təfsiri, c.5, səh. 716; “Məcməul-bəyan” təfsiri, c.10, səh. 567.)
Peyğəmbərdən (s) nəql edilir ki, o həzrət səhabələrindən birinə belə buyurdu: "İstəyirsənmi sənə iki surə öyrədim ki, Quranın ən üstün surələridir?"
Səhabə dedi: "Bəli, ey Allahın rəsulu (s)!"
Peyğəmbər (s) "Fələq" və "Nas" surələrini ona öyrətdi və sübh namazında onu oxudu. Sonra ona buyurdu: "Yatmaq istədikdə və oyandığın zamanlarda bu surələri oxu!"
(“Nurus-Səqələyn” təfsiri, c.5, səh. 716; “Məcməul-bəyan” təfsiri, c.10, səh. 567.)
Aydın məsələdir ki, bütün bu savab və fəzilətlər, öz cism və ruhlarını, əqidə və əməllərini onun möhtəvası ilə uyğunlaşdırmaq istəyən kəslər üçündür.

Kitabın adı: “Nümunə” təfsiri
Tərcümə edən: Seyyid Azər Əhmədoğlu

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!