FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 2

:

FƏLƏQ SURƏSİNİN TƏRCÜMƏSİ
Bağışlayan və mehriban Allahın adı ilə. (Ey, Peyğəmbər!) De: “Pənah aparıram gecənin zülmətini yaran sübhün Rəbbinə!(1) Bütün yaratdıqlarının şərindən,(2) Gecənin zülmətində daxil olan hər hansı bir şər mövcudun şərindən, (3) Düyünlərə üfürənlərin (cadu edənlərin) şərindən,(4) Həsəd etdiyi zaman hər bir paxılın şərindən.” (5)

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ(1) مِن شَرِّ مَا خَلَقَ (2) وَمن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5) صدق الله العلی العظیم

FƏLƏQ SURƏSİNİN TƏFSİRİ

PƏNAH APARIRAM SÜBHÜN RƏBBİNƏ!

Birinci ayədə Allah-taala nümunə və rəhbər olan Peyğəmbərin (s) özünə belə bir göstəriş verir:

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ - مِنْ شَرِّ ما خَلَقَ

“De: “Pənah aparıram gecənin zülmətini yaran sübhün Rəbbinə!”
“Bütün yaratdıqlarının şərindən.”
Yəni bütün şər varlıqların, şər insanlar, cinlər, heyvanlar, hadisələrin və “nəfsi əmmarənin” (pisliklərə sövq edən nəfsin) şərindən Sənə sığınıram!
“Fələq” sözü, “fəlq” kökündən alınmışdır və əslində bu sözün mənası “bir şeyi yarmaq”, “bir şeyi digər bir şeydən ayırmaq” mənasındadır. Gecənin zülmət pərdəsini yardığı üçün “fələq” kəlməsi, “səhərin açılması” mənasında işləndiyi kimi, “fəcr” kəlməsi də “sübhün açılması” mənasında işlədilir.
Bəziləri bu kəlməni bütün yaradılmışlar – istər insan olsun, istərsə heyvan, yaxud da, bitki – mənasında götürərək, ümumilikdə onu bütün canlı varlıqlara şamil etmişlər. Bu varlıqların yaradılışı toxumun yarılması və parçalanması kimi prosesə bənzər şəkildə baş verdiyi üçün onların varlığının ən təəccüblü mərhələsi hesab edilir. Həqiqətdə, onlar doğulduğu zaman böyük bir dəyişiklik və təkamül baş verir və bir aləmdən başqa bir aləmə ayaq qoyurlar.
“Ənam” surəsinin 95-ci ayəsində oxuyuruq:

إِنَّ اللَّهَ فالِقُ الْحَبِّ وَ النَّوى‏ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَ مُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ

“Həqiqətən, Allah toxum və çəyirdəyi yarandır. O, ölüdən diri və diridən ölü çıxarandır.”
Bəziləri isə “fələq” mənasını bundan da geniş mənada götürərək onu hər növ xilqət və yaradılışa aid etmişlər, çünki hər bir məxluqun yaradılışı ilə “yoxluq pərdəsi” yarılır və vücudun nuru aşkar və zahir olur.
Bu üç mənanın hər biri (sübhün doğuşu, canlı varlıqların doğuluşu, hər bir varlığın yaradılışı) çox qəribə bir hadisədir və onun Pərvərdigar, Yaradan və işləri idarə edəninin əzəmətini sübut edir. Allahı bu xüsusiyyətlərlə vəsf etmək dərin məfhum və məzmunlara malikdir.
Bəzi hədislərdə qeyd edilmişdir ki, “Fələq” Cəhənnəmdə olan bir quyu, yaxud bir zindandır və Cəhənnəmin dərinliklərində olan bir uçurum və yarıq kimi özünü nişan verir.
Bu hədis “fələq” sözünün geniş mənasını məhdudlaşdırmır, əksinə, onun misdaq və nümunələrindən birinə işarə edir.

مِنْ شَرِّ ما خَلَقَ

“Bütün yaratdıqlarının şərindən” ifadəsinin mənası Allahın yaratdığı məxluqların zatında şərin olması deyil, çünki yaradılış bir şeyi icad etmək və ona varlıq bəxş etməkdir. Varlıq və icad isə mütləq xeyirdir. Quran bu barədə buyurur:

الَّذِي أَحْسَنَ كُلَّ شَيْ‏ءٍ خَلَقَهُ

“O, yaratdığı hər şeyi gözəl yaratmışdır.”
(“Səcdə” surəsi, ayə 7.)
Əslində, məxluqat onun üçün təyin olunmuş yaradılış qanunlarından kənara çıxdıqda şər meydana gəlir. Misal üçün, heyvanların kəsici dişləri həqiqətdə, onlar üçün düşmənlərinin müqabilində istifadə etdikləri müdafiə silahıdır. Eynilə bizim düşmənlərimiz müqabilində istifadə etdiyimiz silah kimi. Əgər bu silah yerində istifadə olunarsa xeyirdir, amma yersiz və dostun müqabilində istifadə olunarsa şərdir.
Bundan əlavə, bir çox işlər vardır ki, zahirdə biz onu şər hesab edirik, amma əslində (batində) xeyirdir. Məsələn, insanı qəflət yuxusundan oyadan bəla və hadisələr həqiqətdə şər deyildir.

İncəlik:
AYƏLƏRİN BİR-BİRİNƏ OLAN NİSBƏTİ (əlaqəsi)
Diqqət olunası məsələ budur ki, bu surənin birinci ayəsində Allah Peyğəmbərə (s) əmr edir ki, bütün şər varlıqların şərindən “fələq”in Pərvərdigarına pənah aparsın. Ola bilsin ki, “Fələqin Allahı” kəlməsini seçməkdə məqsəd, şər varlıqların həmişə nurun, aydınlığın, salamatlığın, hidayətin qarşısını alması, lakin fələqin Rəbbinin isə zülmət və qaranlıqları yaran və parçalayan olmasıdır.

Sonra Allah-taala bu mətləbin izahında belə əlavə edir:

وَ مِنْ شَرِّ غاسِقٍ إِذا وَقَبَ

“Gecənin zülmətində daxil olan hər hansı bir şər mövcudun şərindən.”
“Ğasiq” kəlməsinin kökü “ğəsəq”dir və Rağib İsfahaninin “Müfrədat” adlı lüğət kitabında qeyd etdiyinə əsasən, gecə yarısı yaranan şiddətli zülmətdir. Məhz buna görə də, Qurani-kərimdə məğrib namazının son vaxtına işarə edərkən buyurulur: “إِلى‏ غَسَقِ اللَّيْلِ” yəni gecənin qaranlığına (zülmətinə) qədər.
Bəzi lüğət kitablarında “ğəsəq” kəlməsi "gecənin başlanğıcındakı qaranlıq" mənasında işlənməsinə baxmayaraq, bu, zəif ehtimaldır, xüsusən, bu sözün kökünün “imtila`” (dolmaq) və "aşıb-daşmaq" mənasında olması nəzərə alındıqda. Təbii ki, gecənin zülməti gecə yarısı olduğu vaxt daha da çoxalacaq. Bu mənanı ifadə edən məfhumlardan biri də "hücum və həmlə etmək"dir. Həmin söz bu mənada da istifadə olunmuşdur.
Buna görə də, haqqında söhbət etdiyimiz ayədə “ğasiq” sözü “təcavüzkar şəxs” mənasında işlədilir, yaxud gecənin qaranlığından istifadə edən hər bir “şər məxluq” a da deyilir. Belə ki, təkcə yırtıcı və sancan heyvanlar hücum etmək üçün gecənin qaranlığında yuvasından çıxıb ziyan vurmurlar, əksinə şər və çirkin insanlar da, adətən, gecənin qaranlığından öz pis məqsədləri üçün istifadə edirlər.
“Vəqəb” kəlməsinin kökü “vəqb” olmaqla, " boşluq və çuxur" mənasında işlədilir. Sonra bu sözün feli "çuxura düşmək" mənasında da işlənib. Elə bil ki, şər və ziyanverici məxluqlar gecənin qaranlığından istifadə edərək ziyanverici çuxurlar yaratmaqla özlərinin çirkin məqsədlərini həyata keçirirlər. Yaxud da, bu ifadə “nüfuz etmək” mənasına işarədir.

Kitabın adı: “Nümunə” təfsiri
Tərcümə edən: Seyyid Azər Əhmədoğlu

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!