İNŞİRAH SURƏSİNİN TƏRCÜMƏ VƏ TƏFSİRİ - 2

:

Sual - “Sənin adını sənin (əzəmətin) üçün ucaltdıq.”

Bu ayə Məkkədə nazil olmuş, amma İslamın genişlənməsi, Peyğəmbərin (s) risaləti ilə bağlı çətinliklərin həlli və o həzrətin çiynindən ağır risalət yükünün qaldırılması, eyni zamanda, adının ucalması Mədinədə baş vermişdi?


Cavab:

1. Həmin məsələ barədə Peyğəmbərə (s) əvvəlcədən müjdə verilmişdi.

2. Bəziləri ayədə keçmiş zamana aid olan felin gələcəyə dəlalət etdiyini qeyd etmişlər.

3. Həqiqət budur ki, bu ayənin bir hissəsi Məkkədə, xüsusən, o həzrətin on üç illik təbliğinin sonlarında nazil olmuşdu. Burada Peyğəmbərin (s) dəvəti çoxlarına təsir qoymuş və Həzrət elə Məkkədə də tanınmağa başlamış və gələcəkdəki böyük zəfərlər üçün zəminələr yaranmışdı.

Maraqlı burasındadır ki, Peyğəmbərin (s) şairi Həssan ibn Sabit o həzrətin mədhində gözəl bir şeir yazmışdır və onun məzmunu belədir:

Allah-taala Peyğəmbərin (s) adını öz adına əlavə etmişdir və müəzzin beş dəfə azan dediyi zamanlarda “əşhədu ənla ilahə illəllah” və “əşhədu ənnə Muhəmmədən rəsulullah” deyir.

Eyni zamanda, öz adından ona ehtiram əlaməti olaraq bir ad seçmişdir. Beləliklə ərşin sahibi olan Allah “Məhmud”dur və o həzrət isə “Mühəmməd”dir.”

Allah-taala sonrakı ayədə Peyğəmbərə (s) ən mühüm bəşarəti verərək onun qəlbinə ümid nuru saçır və buyurur:

فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

5. “(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.”

إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

6. “Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!”

İzah: Qəm yemə, düşmənlərin maneələr törətməsi, iqtisadi və maddi çətinliklər və müsəlmanların fəqir halda yaşaması uzun müddət davam etməyəcək və bu şəkildə həmişəlik olaraq qalmayacaqdır.

Bu yolda maneələrə səbir edənlər tezliklə onun şirin nəticəsini dadacaqlar. Bir müddət sonra düşmənlərin hiylələri boşa çıxacaq, çətinliklər aradan qalxacaq, haqq yolunda addımlamaq, inkişaf və təkamülə nail olmaq məsələsi asanlaşacaqdır.

Bəzi təfsirçilər bu ayəni İslamın zühurunun əvvəllərində müsəlmanların maddi baxımdan ümumi fəqirliyinə işarə olduğunu söyləməsinə baxmayaraq, ayədə asanlıq məfhumu bütün məsələlərə şamil olur. Bundan əlavə, uyğun məsələ həmin zaman və şəxsən, Peyğəmbərə (s) şamil olaraq bəyan edilməmişdir, əksinə ayədə ümumi bir qayda barəsində danışılır və o, əvvəlki bir çox məsələlərin səbəbini bəyan edir. Nəticədə, aydın olur ki, bütün ixlaslı möminlər və çalışqan insanlar üçün çətinliklərin kənarında asanlıq vardır. Hətta ayədə “bəd” (sonra) kəslməsi deyil, “məə” (birlikdə və yanaşı) ifadəsi işlədilmişdir və bunun özü də asanlığın çətinliklə yanaşı və birlikdə olmasına bir dəlildir. Yəni bu iki məsələ (çətinlik və asanlıq) həmişə birlikdə olmuş və olacaqdır.

Bu ümid ilahi vədədir və insanı zəfər və qələbəyə ümidləndirərək onun qəlbindən bütün ümidsizliyi silib aparır.

Peyğəmbərdən (s) nəql edilən bir hədisdə o həzrət buyurur: “Həqiqətən, çətinliklə yanaşı asanlıq, səbirlə yanaşı zəfər və ağlamaq və göz yaşları ilə yanaşı sevinc və şadlıq vardır.” (“Nurus-Səqələyn” təfsiri, səh. 604, hədis: 11)

Daha sonra isə Allah-taala buyurur:

فَإِذَا فَرَغْتَ فَانْصَبْ

7. “(Ey Peyğəmbər) Elə ki, (risaləti təbliğ etməkdən) azad oldun, çalış!”

Heç zaman boş-bekar dayanma, təlaş və çalışqanlıqdan əl çəkmə və daim fəaliyyət göstərməyə çalış və hər bir mühüm işin sonunu yeni bir mühüm işin başlanğıcı hesab et.

Qeyd edilənlərə uyğun olaraq ayənin geniş məfhumu vardır və mühüm bir işi bitirdikdən sonra, digər mühüm bir işə başlamağa şamil olur, eyni zamanda, Allaha doğru bütövlükdə təlaş göstərməyi tövsiyə edir.

Amma əksər təfsirçilər ayə barədə müəyyən mənaları qeyd etmişlər ki, onu ayənin misdaq və nümunəsi hesab etmək olar:

Bəzi təfsirçilər söyləmişlər ki, ayədəki məqsəd vacib namazı bitirdikdən sonra dua etməkdir və Allah sənə bütün hacətlərini verəcək.

Yaxud, fərizələri bitirdikdən sonra gecə namazına dur.

Dünyəvi işlərdən ayrıldıqdan sonra, axirətlə bağlı işlərə başla, dua et və namaz qıl.

Vacibatları bitirdikdən sonra, Allahın sənə buyurduğu müstəhəb işlərlə məşğul ol.

Düşmənlərlə cihaddan ayrıldıqdan sonra, namaz qıl.

Yaxud da, düşmənlərlə cihadı bitirdikdən sonra nəfsinlə mübarizə apar.

Risalət işlərini yerinə yetirdikdən sonra, Allahdan şəfaət dilə.

Əhli-sünnə alimlərindən Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında qeyd edilənlərə əsasən, imam Sadiqdən (ə) belə nəql edilir: “Boş vaxt tapdıqda, Əlini (ə) vilayət məqamına təyin et.” (“Şəvahidut-tənzil, c.2, səh. 349)

Qurtubi də öz təfsirində həmin məsələni özü qəbul etməməsinə baxmayaraq, digərlərindən belə qeyd edir: “Boş vaxtında canişinin olacaq imamı təyin et.” (“Qurtubi təfsiri”,c. 10, səh. 7199)

Ayədə “fərağət”in, – yəni boş vaxt və ya bir işdən azad olmaq mövzusunun nədən ibarət olması bildirilməmişdir. Amma “fənsəb” sözü “zəhmət” mənasını ifadə edir və ayədəki məqsədi Peyğəmbərin (s) nümunə və örnək ünvanında mühüm bir işi bitirdikdən sonra ona istirahət etməməyi tövsiyə etmək, eyni zamanda, davamlı təlaş göstərməyə səsləməkdir.

Bu məsələyə diqqət yetirməklə, yuxarıdakı bütün təfsirlərin doğru və öz növbəsində, həmin mənanın ümumi bir misdaqı olduğu anlaşılır.

Ayədən təlaş və mütəmadi fəaliyyətin qələbəyə səbəb olduğu kimi, bekarçılığın adətən, tənbəllik, süstlük, şadlığın aradan qalxması və hətta bəzi hallarda fəsad və günahlara səbəb olması nəticəsi əldə edilir.

Statistik məlumatlar təlim müəssələrində tətillərin yaranması ilə fəsadın yeddi dəfəyə qədər artdığını göstərir. Beləliklə, ayədə Allah tərəfindən Peyğəmbərə (s) risaləti yolundakı çətinliklər müqabilində təsəlli və yardım vədəsi verilir. Eyni zamanda, bu məsələ haqq yolunda addımlayan bütün insanlar üçün də ümidvericidir.

Bütün bu xüsusiyyətlərlə yanaşı, Allaha istinad et və ona diqqət yetir. Sonra Allah o həzrətə buyurur:

وَإِلَىٰ رَبِّكَ فَارْغَبْ

8. “Və öz Rəbbinə rəğbət göstər! ”

Allahın razılığını qazanmağa və ona yaxın olmağa çalış.

Mühüm mətləblər:

1. İşarə etdiyimiz kimi, bir sıra rəvayətlərə əsasən, ““(Ey Peyğəmbər) Elə ki, (risaləti təbliğ etməkdən) azad oldun, çalış!” ayəsindəki məqsədin Əmirəl-mömininin (ə) canişin olaraq təyin edilməsi ilə bağlı olduğu bildirilmişdir.

Alusi “Ruhul-məani” kitabında imamiyyənin bəzilərindən belə nəql edir: “Onlar  فَانْصَبْsözündəki sad hərfini kəsrə ilə, yəni “fənsib” oxuyurlar və bunun doğru olduğunu fərz etsək, həmin məsələnin həzrət Əlinin (ə) canişinliyə təyin edilməsinə dəlil olduğunu söyləyə bilmərik.”

Daha sonra Zəməxşərinin “Kəşşaf” təfsirindən belə nəql edir: “Əgər bu məsələnin mümkünlüyünü fərz etsək, onda nasibilər (həzrət Əliyə (ə) nalayiq sözlər deyənlər) üçün də belə bir məsələ qarşıya çıxır və onlar “fənsəb” (sad hərfinin fəthə ilə oxunması ilə) o həzrətə nalayiq sözlər söyləmək və nifrət etməyi əllərində əsas tutub ayəni bu cür təfsir edə bilərlər.” (“Ruhul-məani”, c. 30, səh. 172; “Kəşşaf” təfsiri, c. 4, səh. 772)

Nəticədə, “fənsəb” (sad hərfinin fəthə ilə oxunması) “özünü zəhmətə salaraq ciddi şəkildə təlaş göstərmək” mənasında və “fənsib” (sad hərfini kəsrə ilə oxunması) isə “təyin etmək, bərpa etmək və yüksəltmək” mənasında qeyd edilmişdir.

Bu təfsirçilər elə güman etmişlər ki, şiələr ayələrin qiraət və oxunuşunda dəyişikliyə yol verirlər ki, bununla da ona istinad edə bilsinlər. Əslində belə bir şeyə ümumiyyətlə, ehtiyac yoxdur və ayənin məşhur oxunuşu söylədiklərimizə dəlil olmaqda kifayətdir.

Belə ki, Peyğəmbərin (s) risalətdən sonra imamət kimi mühüm bir məsələ barəsində daim və yorulmadan çalışması məlumdur və o həzrət “Qədir Xum” kimi və digər saysız hədislərində bu məsələyə toxunmuş və bütün İslam alimləri də həmin məsələdə fikir birliyinə malikdirlər. Həzrət Əlini (ə) dördüncü xəlifə ünvanında qəbul edən Zəməxşəri kimi bir alimdən “Kəşşaf” təfsirində nasibilərin həzrət Əliyə (ə) nalayiq sözlər demək və nifrət etmək məsələsini bu ayədən əldə etməsi fərziyyəsini irəli sürməsi nə qədər də ağır və üzücüdür. Eyni zamanda, belə bir təfsirçidən bu gözlənilməzdir və təəssübkeşlik insanı nə qədər də çirkin işlərə sövq etdirir!

2. Məşhur mötəzilə alimi İbn Əbil-Hədid “Nəhc-ül-bəlağənin şərhi”ndə Zübeyr ibn Bukkardan – o, şiə deyildi və Əmirəl-möminindən (ə) ayrılmış və onun müxaliflərinə qoşulmuşdu, eyni zamanda, Müaviyənin tərəfdarlarından idi – o da Müğeyrə ibn Şöbənin oğlundan onun belə dediyini nəql edir: “Atam Müğeyrə Müaviyənin dərrakə və ağlını həmişə tərifləyər və ona heyran idi. Bir gecə onun yanından gəldiyində, həddən artıq narahat və qəmgin olduğunu gördüm. Başa düşdüm ki, nəsə mühüm bir hadisə baş verib. Nə baş verdiyini soruşduqda, Müaviyənin arxasınca danışmağa başladı və dedi: “Bu gecə Müaviyə ilə təklikdə söhbət etdiyim zaman ona dedim: “Sən istədiyin şeyləri əldə etmisən və yaşın da ötüb. Bəni-Haşim sənin üçün heç bir maneə törədən deyil. Ədalət və yaxşılıqla davran ki, yaxşı ad qazanasan.”

O, cavabında dedi: “Mənim nə adım qalacaq ki! Birinci və ikinci xəlifə əllərindən gələni etdilər, amma onların adı qaldımı? Amma sən Əbi Kəbşənin oğlunu (Mühəmmədin (s) adını) görürsənmi? Hər gün azanda beş dəfə “Əşhədu ənnə Muhəmmədən rəsulullah.” deyilərək adı çəkilir. Ey bicarə! Bu ad aradan qalxmayınca, dəfn olunmayınca bizim xanədan üçün heç bir ad-san qalmayacaq!” (“Nəhcül-bəlağənin şərhi”, c. 5, səh. 129)

Sənin adını sənin (əzəmətin) üçün ucaltdıq.” – ayəsinə nəzər saldıqda, Allah-taalanın bu adın dünyanın hər bir yerində və onu kiminsə bəyənib-bəyənməməsindən asılı olmayaraq səslənməsini iradə etdiyi anlaşılır.

İlahi, bizim qəlbimizi eqoistlikdən təmizlə və öz məhəbbətinlə doldur! İlahi, sən buyurmusan ki, hər bir çətinliklə yanaşı bir asanlıq vardır. Bütün müsəlmanları düşmənlərin yaratdığı çətinliklərdən xilas elə!

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh!

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!