NƏHC-ül-BƏLAĞƏ - 153-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.

Ağıllı insanın işinin sonunu (ölümü və qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir və şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri və şəri, səadət və bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) və (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad və pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)
İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş1 və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bid’ətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq.2 Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.3
Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir
Qur’anın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir.4(Buna görə də) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz.5 Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir.6 Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar nə qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb iş görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)
Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən də zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram və günahından) acığı gələr və (bəzən də) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.7

ومن خطبة له عليه السلام 

يذکر فيها فضائل أهل البيت 

وَنَاظِرُ قَلْبِ اللَّبِيبِ بِهِ يُبْصِرُ أَمَدَهُ، وَيَعْرِفُ غَوْرَهُ وَنَجْدَهُ. دَاعٍ دَعَا، وَرَاعٍ رَعَي، فَاسْتَجِيبُوا لِلدَّاعِي، وَاتَّبِعُوا الرَّاعِيَ. قَدْ خَاضُوا بِحَارَ الْفِتَنِ، وَأَخَذُوا بِالْبِدَعِ دُونَ السُّنَنِ، وَأَرَزَ الْمُؤْمِنُونَ، وَنَطَقَ الضَّالُّونَ الْمُکَذِّبُونَ. نَحْنُ الشِّعَارُ وَالْأَصْحَابُ، وَالْخَزَنَةُ وَالْأَبْوَابُ، وَلاَ تُؤْتَي الْبُيُوتُ إِلاَّ مِنْ أَبْوَابِهَا، فَمَنْ أَتَاهَا مِنْ غَيْرِ أَبْوَابِهَا سُمِّيَ سَارِقاً. 

منها: فِيهِمْ کَرَائِمُ الْقُرْآنِ، وَهُمْ کُنُوزُ الرَّحْمنِ، إِنْ نَطَقُوا صَدَقُوا، وَإِنْ صَمَتُوا لَمْ يُسْبَقُوا. فَلْيَصْدُقْ رَائِدٌ أَهْلَهُ، وَلْيُحْضِرْ عَقْلَهُ، وَلْيَکُنْ مِنْ أَبْنَاءِ الْآخِرَةِ، فَإِنَّهُ مِنْهَا قَدِمَ، وَإِلَيْهَا يَنْقَلِبُ. وَالنّاظِرُ بِالْقَلْبِ، الْعَامِلُ بِالْبَصَرِ، يَکُونُ مُبْتَدَأُ عَمَلِهِ أَنْ يَعْلَمَ: أَعَمَلُهُ عَلَيْهِ أَمْ لَهُ! فَإِنْ کَانَ لَهُ مَضَي فِيهِ، وَإِنْ کَانَ عَليْهِ وَقَفَ عِنْدَهُ. فَإِنَّ الْعَامِلَ بَغَيْرِ عِلْمٍ کَالسَّائِرِ عَلَي غيْرِ طَرِيقٍ، فَلاَ يَزِيدُهُ بُعْدُهُ عَنِ الطَّرِيقِ الْوَاضِحِ إِلاَّ بُعْداً مِنْ حَاجَتِهِ، وَالْعَامِلُ بالْعِلْمِ کَالسَّائِرِ عَلَي الطَّرِيقِ الْوَاضِحِ، فَلْيَنْظُرْ نَاظِرٌ: أَسَائِرٌ هُوَ أَمْ رَاجِعٌ! وَاعْلَمْ أَنِّ لِکُلِّ ظَاهِرٍ بَاطِناً عَلي مِثَالِهِ، فَمَا طَابَ ظَاهِرُهُ طَابَ بَاطِنُهُ. وَمَا خَبُثَ ظَاهِرُهُ خَبُثَ بَاطِنُهُ، وَقَدْ قَالَ الرَّسُولُ الصَّادِق _صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ_: «إِنَّ اللهَ يُحِبُّ الْعَبْدَ وَيُبْغِضُ عَمَلَهُ، وَيُحِبُّ الْعَمَلَ وَيُبْغِضُ بَدَنَهُ». وَاعْلَمْ أَنَّ کُلَّ عَمَلٍ نَبَاتٌ، وَکُلَّ نَبَاتٍ لاَ غِنَي بِهِ عَنِ الْمَاءِ، وَالْمِيَاهُ مُخْتَلِفَةٌ، فَمَا طَابَ سَقْيُهُ, طَابَ غَرْسُهُ وَحَلَتْ ثَمَرَتُهُ، وَمَا خَبُثَ سَقْيُهُ خَبُثَ غَرْسُهُ وَأَمَرَّتْ ثَمَرَتُهُ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

154-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Azğınlıq yolunu tutaraq başqalarını da azdırmış və nahaq qanların axıdılmasına zəmin yaratmışlar.
2. Bununla belə bizdən əllərini üzmüşlər. Biz Qur’ani-Kərimin tə’vil və təfsiri ilə tanışıq və ilahi hökmləri bilməklə camaata doğru yolu göstəririk. Buna görə də Həzrət Peyğəmbər, bütün müsəlmanların da öz hədis və rəvayətlərində göstərdiyi kimi, buyurmuşdur. أَنا مَدِيَنةُ الْعِلْمِ وَ عَلِىٌ بابُها فَمَنْ أَرَادَ الْمَدِينَةَ فَلْيَاتِ الْبابَ Mən elm, bilik şəhəri, Əli isə onun qapısıdır. Kim bu şəhərə daxil olmaq istəyirsə, qapıdan içəri keçməlidir.
3. Bizim yolumuzdan qeyri yolla Allah və peyğəmbərlə tanış olmaq istəyən hər kəs dindən fayda götürməyərək axirətdə əzaba düçar olacaq.
4. Allah-təala bütün bahalı gövhərləri - yəni, elm, helm, səxavət, şücaət, fəsahət, bəlağət, ismət, təmizlik və bu kimi bütün bəyənilmiş sifətləri onlarda cəmləşdirib.
5. Çünki sükutları hikmət və məsləhətə görədir. Acizliyə və gücsüzlüyə görə deyil ki, başqası onlardan qabağa keçib söz danışsın.
6. Bu cümlənin şərhi 106-cı xütbədə verilmişdir. İmam əleyhis-salamın bu misalı çəkməkdə məqsədi budur ki, burada olanlar olmayanlara öyüd-nəsihət vermək və yol göstərməklə doğrunu deməli, onları azğınlıq və nadanlıqdan xilas etməlidir.
7. İmam əleyhis-salamın bu cümlədə və Peyğəmbər əleyhis-salamın buyuruğundan sonra əməli bitkiyə bənzətməkdə məqsədi budur ki, əməl ağacı onun sahibinin əqidə və daxilindən su içir. Əqidə düz, batin yaxşı olsa, layiqli əməldən və bəyənilmiş işdən fayda götürər. Əqidə səhv, daxil isə natəmiz olarsa, yaxşı iş Allah onu bəyənsə də, işi görənə xeyir verməz. Yəni, onun nəticəsində əbədi səadətə nail olmaz.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!