NƏHC-ül-BƏLAĞƏ - 25-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın xütbələrindəndir. Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfindən Yəməndə vali və hakim olan Übeydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər. 1

Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi və sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu: “İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şeirini oxudu:

 لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى        عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ

–Ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq yemək qalığına və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.)
Ondan sonra buyurdu: Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olacaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda imam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların beyəti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir).(Beləliklə, sizi o qədər xəyanətkar sanıram ki,) əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun (dəvənin palanından asdıqları) tutacağını aparasınız. Pərvərdigara, mən onlardan (Kufə əhlindən) bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini (əzab və qorxudan) duz suda əriyən kimi ərit. (Ey Kufə əhli,) agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Firas ibn Ğənm övladlarından min süvarinin olmasını istərdim. (Burada Firas ibn Ğənmin övladlarını tərif etmək üçün şairin bu şeirini oxuyur:)

 هُنالِكَ لَوْ دَعَوْتِ أَتاكِ مِنْهُمْ        فَوارِسُ مِثْلُ أَرْمِيَةِ الْحَمِيمِ

–Ummu-Zənba (Ummu-Zənba bir qadının ləqəbidir) kömək və zəfər üçün əgər onları (Bəni-Təymi) çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər.
Bundan sonra Həzrət minbərdən endi.
(Seyid Rəzi buyurur:) Deyirəm: أَرْمِيَة (ərmiyə) kəlməsi رَمِيّ (rəmiyy) kəlməsinin cəmidir və mənası bulud deməkdir. حَمِيم (həmim) isə burada yay fəsli mənasında işlənmişdir. Şair də yay buludlarına ona görə təşbih işlətmişdir ki, yay buludlarında su olmadığından iti sürətlə hərəkət edirlər. Bulud su ilə dolu olduqda, adətən yavaş hərəkət edir və onlara qışda rast gəlinir. Şair də həmin camaatın, kömək və zəfər üçün çağırdıqda, dəvəti dərhal qəbul edib köməyə tələsdiklərini buna bənzətmişdir. Buna sübut şairin bu şerdə dediyi sözləridir.

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

 و قد تواترت عليه الأخبار باستيلاء أصحاب معاوية على البلاد و قدم عليه عاملاه على اليمن، و هما عبيد اللَّه بن عباس و سعيد بن نَمْرَان لما غلب عليهما بُسْرُ بن أبي أرْطَاة فقام عليه السلام على المنبر ضجرا بتثاقل أصحابه عن الجهاد، و مخالفتهم له في الرأي، فقال:
 مَا هِيَ إِلاَّ الْكُوفَةُ، أَقْبِضُهَا وَ أَبْسُطُهَا، إِنْ لَمْ تَكُوني إِلاَّ أَنْتِ، تَهُبُّ أَعَاصِيرُكِ فَقَبَّحَكِ اللَّهُ!
 و تمثل بقول الشاعر
 لَعَمْرُ أَبِيكَ اَلْخَيْرِ يَا عَمْرُو إِنَّني
عَلَى وَضَرٍ - مِنْ ذا الْإِنَاءِ - قَلِيلِ
 ثم قال عليه السلام:
 أُنْبِئْتُ بُسْراً قَدِ اطَّلَعَ الَْيمَنَ، وَ إِنِّي وَ اللَّهِ لَأَظُنُّ أَنَّ هؤُلاءِ الْقَوْمَ سَيُدَالوُنَ مِنْكُمْ بِاجْتَِماعِهِمْ عَلَى بَاطِلِهِمْ، وَ تَفَرُّقِكُمْ عَنْ حَقِّكُمْ، وَ بِمَعْصِيَتِكُمْ إِمَامَكُمْ فِي الْحَقِّ، وَ طَاعَتِهِمْ إِمَامَهُمْ في الْبَاطِلِ، وَ بِأَدَائِهِمُ الْأَمَانَةَ إِلَى صَاحِبِهِمْ وَ خِيَانَتِكُمْ، وَ بِصَلاحِهِمْ فِي بِلادِهِمْ وَ فَسَادِكُمْ. فَلَوِ ائْتَمَنْتُ أَحَدَكُمْ عَلَى قَعْبٍ لَخَشِيتُ أَنْ يَذْهَبَ بِعِلاقَتِهِ! اللَّهُمَّ إِنِّي قَدْ مَلِلْتُهُمْ وَ مَلُّونِي وَ سَئِمْتُهُمْ وَ سَئِمُونِي، فَأَبْدِلْني بِهِمْ خَيْراً مِنْهُمْ، وَ أَبْدِلْهُمْ بِي شرًّا مِنِّي، اللَّهُمَّ مِثْ قُلُوبَهُمْ كَمَا يُماثُ الْمِلْحُ فِي الْمَاءِ، أَمَا وَ اللَّهِ لَوَدِدْتُ أَنَّ لي بِكُمْ أَلْفَ فَارِسٍ مِنْ بَني فِرَاسِ بْنِ غَنْمٍ.
 هُنَالكَ، لَوْ دَعَوْتَ، أَتَاكَ مِنْهُمْ
فَوَارِس مِثْلُ أَرْمِيَةِ الْحَمِىِّ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

26-CI XÜTBƏNİ BURADAN OXUYUN


1.    Onların Yəməndən çıxma səbəbi belə idi ki, Yəmənin şəhərlərindən biri olan Sənada Osmanın dostlarından bir dəstəsi yaşayırdı və onlar məsləhət əsasında Həzrət Əmirə beyət etmişdilər. İraq əhalisi o Həzrətə qarşı çıxdıqda, Misirdə Məhəmməd ibn Əbu Bəkr öldürüldükdə, Şam əhalisinin həddini aşmağı və zülmkarlığı çoxaldıqda onlar fürsət ələ keçirib Osmanın qanını almaq adı ilə Übeydullah ibn Abbas və Səid ibn Nəmrana qarşı çıxdılar. Bu xəbər o Həzrətə çatdıqda bir məktub yazaraq onları hədələdi. Onlar da cavabında yazdılar ki, bizim itaət etməmiz üçün Übeydullah və Səidi bu şəhərdən kənarlaşdırmalısan. Sonra İmamın məktubunu Müaviyəyə göndərərək onu bu hadisədən xəbərdar etdilər. Müaviyə fitnəkar və qaniçən bir şəxs olan Bosr ibn Əbi Ərtatı onlara tərəf yolladı. O, Sənaya daxil olduqda Übeydullah və Səid Abdullah Səqəfini öz yerlərinə qoyub oradan qaçaraq Kufəyə gəldilər. Bosr Abdullah Səqəfini qətlə yetirdi. Bu iki nəfər Kufədə İmamın hüzuruna gəldikdə Bosr ibn Əbi Ərtatla döyüşmədikləri üçün o Həzrət onları qınadı və məzəmmət etdi. Onlar döyüşməyə gücləri olmamasını üzr kimi göstərdilər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!