NƏHC-ül-BƏLAĞƏ - 29-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (düşmənlərlə döyüşə səhlənkar və etinasız yanaşmalarına görə öz səhabələrini pislədiyi) xütbələrindəndir.
Ey bədənləri bir, fikir və arzuları müxtəlif olan insanlar! Sizin (boş və mənasız) sözləriniz sərt daşları yumşaldır, sizin işiniz isə (öz evinizdə oturub, düşmənlə döyüşə hazırlaşmamanız) düşmənlərdə (malik olduğunuz hər şeyi ələ keçirib sizə sahib olmaq üçün) tamah yaradır

. (Bir yerə yığışdığınız) məclislərdə özünüzdən çox danışır (boş və mənasız sözlərdən çox danışıb, igidlik və mərdlikdən dəm vurursunuz), düşmənlə döyüş vaxtı çatanda isə حِيدِى حَيادِ yəni, «ey müharibə, bizlərdən uzaq ol» deyirsiniz (حيدى حياد cümləsi ərəblərin düşməndən qaçarkən işlətdikləri misaldır). Sizi (zəfərə və özünə köməyə) dəvət edənin dəvəti qəbul olunmadı (çünki ona köməklik etmədiniz). Sizin uğrunuzda sizlərə zəhmət və əziyyət çəkənin ürəyi rahatlıq tapmadı. (Cihada getməmək və düşmənlə döyüşməmək üçün gətirdiyiniz) üzr və bəhanələr (doğru deyil), borclu şəxsin öz borcunu (üzrsüz yerə) gecikdirməsi kimi azğınlıqdır.1 Zəlil və qorxaq (ona edilən) zülmə mane ola bilməz. Zəhmət və səy olmadan haqq (və asayiş heç bir qövm üçün) əldə edilə bilməz. (Düşməni əzib məğlub etmək üçün evdə oturub, cihada getməməklə asayiş və rahatlıq istəməniz xətadır.) Hansı evi (diyarı) öz evinizdən sonra (düşmənin işğal və dağıtmasından) saxlayarsınız? (Sizi evinizdən bayıra atdıqda) məndən sonra hansı əmir və imamla (düşməni özünüzdən uzaqlaşdırmaq üçün) cihada gedəcəksiniz? Allaha and olsun, sizin aldatdığınız şəxs doğrudan da aldanıb.2 Allaha and olsun, sizin kömək və yoldaşlığınızla nicat tapan (düşməninə qalib gələn) kimsə, (qumarla oynanılan ox atıcılığında qumar üçün təyin olunan bütün oxlardan) daha uğursuz (çox ziyanlı) oxla nicat tapandır. Sizin köməyinizlə (düşmənə tərəf) ox atan (onun zülm və özbaşınalığının qarşısını almaq istəyən) kimsə başı sınmış, ucluğu olmayan ox atmışdır (belə bir ox hədəfə dəysə belə təsiri olmaz. Siz də düşmənlə qarşılaşsanız belə, qorxduğunuza görə onların irəliləməsinə mane ola bilməzsiniz). Allaha and olsun, sizin sözlərinizə (əhd-peymanınıza) inanmadan, sizin yoldaşlığınıza tamarzılanmadan səhəri açdım və düşməni (Müaviyə və qoşununu) sizlərin köməyi ilə qorxutmuram (çünki sizin vəfasızlığınız, yalançılığınız mənə və düşmənə aydın olmuşdur). (Hər nə qədər sizləri düşmənlə döyüşə həvəsləndirsəm də, səhlənkarlıq edən), sizlərin halı nədir, sizin dərdinizin dərmanı nədir (ki, hazırlayım), nə ilə əlac olunursunuz (ki, əlac edim)? Düşmənlər də sizin kimi insanlardır. (Niyə siz də onlar kimi deyilsiniz və onların qorxusu ürəyinizə oturub?) Bilmədiyiniz və inanmadığınız sözləri danışırsınız? (Cihada getmək üçün bir-birinizə «onu edəcəyik, bunu edəcəyik» deyirsiniz. Həqiqətdə isə düşmənlə döyüşməyə əsla iradəniz yoxdur.) Günahlardan uzaqlarda qəflətdəsiniz? (Elə isə oyanın) Haqdan qeyrisinə tamah salırsnız?3

وَ مِنْ خُطبَةٍ لهُ علیه السلام

( بعد غارة الضحاك بن قيس صاحب معاوية على الحاج بعد قصة الحكمين و فيها يستنهض أصحابه لما حدث في الأطراف)
 أَيُّهَا النَّاس، الْمجْتَمِعَةُ أَبْدَانُهُمْ، والْمخْتَلِفَةُ أَهْوَاؤُهُمْ، كَلامُكُمْ يُوهِي الصُّمَّ الصِّلابَ؛ وَ فِعْلُكُمْ يُطْمِعُ فِيكُمُ الْأَعْدَاءَ؟ تَقُولُونَ فِي الْمجَالِس: كَيْتَ وَ كَيْتَ، فَإِذَا جَاءَ الْقِتَالُ قُلْتُمْ: حِيدِي حَيَادِ! مَا عَزَّتْ دَعْوَةُ مَنْ دَعَاكُمْ، وَ لاَ اسْتَرَاحَ قَلْبُ مَنْ قَاسَاكُمْ أَعَالِيلُ بِأَضَاليِلَ، وَ سَأَلْتمُوني التَّطْويلَ دِفَاعَ ذِي الدَّيْنِ الْمَطُولِ لاَ يَمْنَعُ الضَّيْمَ الذَّلِيلُ. وَ لاَ يُدْرَكُ الْحَقُّ إِلاَّ بِالْجَدِّ. أَيَّ دَارٍ بَعْدَ دَارِكُمْ تَمْنَعُونَ، وَ مَعَ أَيَّ إِمَامٍ بَعْدِي تُقَاتِلُونَ؟ الْمَغْرُورُ وَ اللَّهِ مَنْ غَرَرْتُمُوهُ، وَ مَنْ فَازَبِكُمْ فَقَدْ فَازَ - وَ اللَّهِ - بِالسَّخْمِ الْأَخْيَبِ، وَ مَنْ رَمَى بِكُمْ فَقَدْ رَمَى بِأَفوَقَ نَاصِلٍ. أَصْبَحْتُ وَ اللَّهِ لا أُصَدِّقُ قَوْلَكُمْ، وَ لاَ أَطْمَعُ فِي نَصْرِكُمْ، وَ لاَ أُوعِدُ الْعَدُوَّ بِكُمْ. مَا بالُكُمْ؟ مَا دَوَاؤُكُمْ؟ مَا طِبُّكُمْ؟ القَوْمُ رِجَالٌ أَمْثَالُكُمْ. أَقَوْلاً بِغَيْرِ عِلْمٍ! وَغَفْلَةً مِنْ غَيْرِ وَرَعٍ، وَ طَمَعاً فِي غَيْرِ حَقِّ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

30-CU XÜTBƏNİ BURADAN OXUYUN


1 Çünki o, borcunu vermək istəmədiyinə görə bəhanə gətirib bu gün-sabaha saxladığı kimi, siz də cihada getmək istəmədiyinizə görə yalan bəhanələr gətirib işi bu gün-sabaha saxlayırsınız. Bu səhlənkarlığın nəticəsində özünüzü xar və zəlil edirsiniz.
2 Çünki siz öz əmirinizə köməklik vəd edir, düşmənlə üzləşdikdə isə ona arxa çevirib döyüşməmək üçün bəhanə gətirirsiniz.
3 Allaha, Peyğəmbərə və haqq olan imama itaətsizlikdə, batil yolla xeyir təsəvvür edirsiniz? Belə deyil, batil yolla xeyir əldə etməyə tamah salmaq günahlardan qəflət, bilmədən və inanmadan danışmaq dünya və axirətdə bədbəxtliyə, biçarəliyə səbəb olar.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!