NƏHC-ül-BƏLAĞƏ - 35-Cİ XÜTBƏ

:

İki hakimin rəy verməsindən sonra İmam Əli əleyhis-salamın buyurduğu xütbələrindəndir:1

Ruzigar böyük bəlalar və ağır hadisələr yaratsa belə, sitayiş Allaha məxsusdur.2  Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa Allah və ondan başqa məbud yoxdur, Mühəmməd onun bəndəsi və elçisidir. Ona və ailəsinə Allahın salamı olsun! (Hər şeyi) Bilən və təcrübəli olan mehriban nəsihətvericiyə itaətsizliyin nəticəsi həsrət və kədərdir.

Bunun arxasınca isə təəssüf və peşmançılıq durur. Mən bu hakimlik barədə (onun zərərini bildiyim üçün) öz fikrimi və nəzərdə tutduğumu qısaca sizə bəyan etdim. (Siz sözümə əməl etmədiniz. Peşmançılığa düçar oldunuz ki, bunun da heç bir faydası yoxdur.) «لَوْ كَانَ يُطاعُ لِقَصيرٍ أَمْرٌ» Ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı.3  Nəsihət verən (sizin itaətsizlik və müxaliflikdə şüarınız nəticəsində) nəsihət verməkdə tərəddüd edənə, alov verən alov verməkdən imtina edənə qədər4  zülmkar müxaliflər, itaətdən çıxan əhd pozanlar kimi mənə tabe olmayıb imtina etdiniz. Mənimlə sizin hekayətimiz Həvazənin qardaşının (Durəyd ibn Simə) dediyi kimidir.5  

فَلَمْ تَسْتَبِينُوا النُّصْحَ إِلّاضُحَى الْغَدِ      أَمَرْتُكُمْ أَمْرِى بِمُنْعَرِجِ اللِّوى 

Yəni: “Munəricul-livada” öz fikrimi sizə dedim. Mənim nəsihətimin faydasını sabahkı gün səhər günəş çıxana qədər bilmədiniz.6

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

(بعد التحكيم و ما بلغه من أمر الحكمين و فيها حمد اللَّه على بلائه ثم بيان سبب البلوى)

 اَلْحَمْدُ لِلَّهِ وَ إِنْ أتَى الدَّهْرُ بِالْخَطْبِ الْفَادِحِ وَ الْحدَثِ اَلْجَليلِ. وَ أَشْهَدُ أَنْ لاَ إلهَ إِلا اللَّهُ لاَ شَرِيكَ لَهُ، لَيْسَ مَعَهُ إِلهٌ غَيْرُهُ، وَ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ، صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ.

 أَمَّا بَعْدُ؛ فَإِنَّ مَعْصِيَةَ النَّاصِحِ الشَّفِيقِ الْعَالِمِ الُْمجَرَّبِ تُورِثُ الْحَسرَةَ، وَ تُعْقِبُ النَّدَامَةَ. وَ قَدْ كُنْتُ أَمَرْتُكُمْ فِي هذِهِ الْحُكُومَةِ أَمْرِي، وَ نَخَلْتُ لَكُمْ مَخْزُونَ رَأْيِي لَوْ كَانَ يُطَاعُ لِقَصِيرٍ أمْرٌ! فَأَبَيْتُمْ عَلَيَّ إِباءَ الُْمخَالِفيِنَ الْجُفَاةِ، وَ الْمُنَابِذِين الْعُصَاةِ حَتَّى ارْتابَ النَّاصِحُ بِنُصْحِهِ، وَ ضَنَّ الزَّنْدُ بِقَدْحِهِ، فَكُنْتُ أَنَا وَ إِيَّاكُمْ كَمَا قَالَ أَخُو هَوَازِنَ:

أَمَرْتُكُمُ أَمْرِي بِمُنْعَرَجِ اللِّوَى          فَلَمْ تَسْتَبينُوا النُّصْحَ إِلاَّ ضُحَى الْغَدِ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

36-CI XÜTBƏNİ BURADAN OXUYUN

_______________________________________________________________________

1. Əmr ibn As və Əbu Musanın Şamla Mədinə arasında və Şama daha yaxın olan, Şamla İraq sərhəddində yerləşən «Doumətul-Cəndəl» qalasında iki hakim təyin olunma müqaviləsinə əsasən görüşdükləri və xəlifəlik məsələsi haqda bir-birilə danışdıqları vaxt, Həzrət Kufəyə təşrif gətirib onların hökmlərinin nəticəsini gözləyirdi. Son nəticədə Əmr ibn As Əbu Musa Əşərini aldatdı və qərara gəldilər ki, hər biri minbərə çıxıb, öz əmirlərini kənarlaşdırsın və xəlifəlik məsələsini “Şuraya” həvalə etsinlər. Əmr As Əbu Musanı özündən qabağa saldı və o, minbərə çıxaraq həzrət Əlini xəlifəlikdən kənarlaşdırdı. Sonra Əmr minbərə qalxaraq Müaviyəni xəlifə təyin etdi. Bu xəbər Kufədə Həzrətə çatdıqda o bu xütbəni camaata oxudu.

2. Həzrətin məqsədi budur ki, hər zaman - istər xoş, istərsə də ağır günlərdə - Allaha ibadət etmək lazımdır.

3. Bu məşhur ərəb atalar sözüdür. Nəsihət verənin nəsihətinə qulaq asmayaraq peşmançılığa düçar olanlar barədə işlədilir. Atalar sözünün tarixçəsi belədir ki, Həyrənin padşahı Cuzeymə Əbrəş Cəzirə padşahı Əmr ibn Zərblə müharibə edərək onu öldürür. Əmrdən sonra qızı Zəbba atasının yerinə keçərək onun intiqamını almaq niyyətinə düşür və Cuzeymə ilə döyüşmək istəyir. Bacısı Zubeybə isə bunu ona qadağan edir. Sonra Zəbba məkr və hiylə ilə atasının intiqamını almaq fikrinə düşür. Cuzeyməyə məktubunda yazır ki, mən qadınam və qadınlar padşahlığa layiq deyillər və mən ərə getməyə məcburam. Səndən başqa heç kimi özümə ər kimi bəyənmirəm. Əgər camaatın məzəmmətinin qorxusu olmasaydı özüm sizin yanınıza gələrdim. Əgər zəhmət çəkib gəlsəniz, mənim məmləkətim sizinki olacaq. Məktub Cuzeyməyə çatdıqda o, yaxınları, böyükləri ilə məsləhətləşdi. Kənizinin oğlu çox düşüncəli və tədbirli olan, heç vaxt ehtiyatı əldən verməyən Qəsir ibn Səiddən başqa hamı onu bu səfərə həvəsləndirdi. Qəsir fərasətli olduğuna görə bu dəvətin hiylə olduğunu ehtimal etdi. Cuzeymənin yaxınlarının firkinə qarşı çıxaraq onu bu səfərdən çəkindirdi. Lakin Cuzeymə onun sözünə əhəmiyyət vermədi və min süvari ilə hərəkət etdi. Cəzirəyə yaxınlaşdıqda Zəbbanın qoşunu onu qarşılasa da, böyük hörmət görmədi. Qəsir isə bu işdə məkr və hiylə gördüyünü, geri qayıtmasını və Zəbbanın yanına getməməsini işarə ilə ona başa saldı. Cuzeymə yenə də onun sözünə əhəmiyyət vermədi. Cəzirəyə daxil olduqda onu öldürdülər. Bu zaman Qəsir «ey kaş Qəsirin göstərişinə və sözünə əməl olunaydı» sözünü işlətdi və bu söz ərəblər arasında zərbül-məsələ (atalar sözünə) çevrildi. Həzrətin məqsədi də bu idi ki, ey kaş Əmr ibn As və Əbu Musanın hakimliyini qəbul etməmək barədə sözümə qulaq asaydınız və indi peşman olmazdınız. Mən sizə dediyimi dedim.

4. Təcrübəli nəsihətverən heç vaxt tərəddüdə düşməsə də, öyüd verməkdən imtina etməsə də, sizin itaətsizlikdə və müxaliflikdə fikir birliyiniz onu öz sözlərində tərəddüdə düşən və nəsihət verməkdən imtina edən birinə çevirib. Bu cümlədə olan وَ ضَنَّ الزَّنْدُ بِقَدْحِهِ ifadəsi camaat onun faydalı nəsihətlərinə qulaq asmayıb, qəbul etmədiyinə görə öyüd verməyi əsirgəyən, onların işinin xeyir və ziyanını deməyən şəxs barədə işlədilir.

5. Həzrətin Durəydi Həvazinin qardaşı adlandırımasının səbəbi budur ki, o əsil-nəsəb baxımdan Həvazə qəbiləsinə gedib çıxır. Çünki o, Bəni-Xəşim ibn Müaviyə ibn Bəkr ibn Həvazinlərdəndir. Böyük Allah Qurani-Kərimin Əhqaf surəsinin 21-ci ayəsində buyurur: وَ اذْكُرْ أَخا عادٍ Yəni, «Adın qardaşını yad et» Burada Ad qəbiləsindən olan Hud peyğəmbər nəzərdə tutulur. Durəydin hekayəti budur ki, o qardaşı Abdullah ilə Bəni-Bəkr ibn Həvazəyə qarşı müharibə etdi və çoxlu qənimət ələ gətirdi. O, qayıdarkən qardaşı Abdullah «Munəricul-liva” adlanan yerdə bir gecəliyə qalmağı xahiş etdi. Durəyd isə nəsihət üçün ona dedi: Burada qalmaq ehtiyatsızlıqdır. Bəni-Həvazinə adam və kömək gələ bilər və onlar qəflətən bizə hücum edə bilərlər. Abdullah qürurlu olduğuna görə onun nəsihətinə qulaq asmadı və həmin gecəni orada keçirdi. Səhər tezdən günəş çıxdıqdan sonra Bəni- Həvazindən çoxlu adam onların başının üstünü aldı. Abdullahı öldürdülər. Durəyd isə çoxsaylı yara almaqla canını onların əlindən qurtardı. O, sonra qəsidə demişdir və Həzrətin misal gətirdiyi bu hissə qəsidədəndir.

6. Bu hekayət mənim Müaviyə və tərəfdarlarının müharibədə vəziyyətinin ağırlaşdığını, buna görə də məkr və hiylə niyyətilə Quranları nizələrə keçirdiklərini və «Hakim təyin etmək» məclisi yaratmaq istədiklərini dostcasına sizlərə deməyimin hekəyəsinə bənzəyir. Siz mənim sözlərimə əməl etməyib onların əməl və sözlərinə aldandınız. İki hakimin mühakiməsinə razılaşaraq israr etdiniz və mən də razılıq verdim. İndi mənim əleyhimə çıxmağınızın ziyanı sizə aydın olub.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!