NƏHC-ül-BƏLAĞƏ-64-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Allahın sifətləri barədə) xütbələrindəndir.
Həmd və şükr heç bir sifəti başqa sifətindən önə keçməyən Allaha məxsusdur. Deməli, son olmamışdan qabaq, əvvəldir.

Gizli olmazdan əvvəl isə aşkardır.1 Ondan qeyri hər nə vahid və tək adlandırılsa (çoxun müqabilində) azdır.2 Ondan qeyri hər əziz zəlil və xardır, (çünki nəticədir. Nəticə isə səbəbin zəlilidir) Ondan başqa hər bir güclü gücsüzdür.3 Ondan qeyri sahib və mülkiyyətçi (Onun iradə və istəyi müqabilində zəlildir), Onun quludur. (Çünki Allah Təaladan başqa hər nə varsa vücudu mümkün olanlardandır və mümkün isə nəticədən doğmadır, nəticə səbəbdən aslıdır və deməli, həqiqi sahib Odur.) Ondan başqa hər bir bilikli isə öyrənəndir.4 Ondan qeyri hər bir güclü və qadir (bəzi işlərdə) güclü və (digər işlərdə) acizdir.5 Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar, yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər.6 Ondan qeyri bütün görənlər (qaranlıqda rənglər tək) gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur.7 Ondan başqa, hər bir aşkar olan gizli, gizlin isə aşkar deyil.8 (O, elə Allahdır ki,) yaratdıqlarını nə hakimiyyət və padşahlığını gücləndirməyə, nə ruzigarın hadisələrindən qorxduğuna görə (bir gün möhtac qalmasın deyə), nə Onunla çəkişən tayına qarşı (onu dəf etmək üçün) kömək almağa, nə də öz şərikinin və Ona qarşı olanın qələbə, öyünmə və iftixarının qarşısını almaq üçün yaratdı. (Yaranmışlar Onun nemətləri ilə) bəslənmiş məxluqat və (Onun hökm və iradəsi qarşısında) zəlil, xar bədənlərdir. O, nələrdəsə hülul etmədi ki, «onlardadır» deyilsin. (Çünki əşyaya hülul etmək cismilik və imkan tələbatlarındandır) və heç nədən uzaqlaşmadı ki, «ondan uzaqdır» deyilsin. (Çünki bütün əşyaları əhatə edir.) Məxluqatı yaratmaq və onların vəziyyətini düzəltmək Onu yorub əldən salmadı, əşyanı yaratmaqda aciz olmadı. Hökm verdiyi və müəyyən etdiyi şeylər barədə şübhəsi yaranmadı. Onun hökmü qəti, elmi möhkəm, işləri dönməzdir. Bəndələr Onun qəzəb və cəzalarına rəğmən Ona ümidvardırlar. (Çünki Ondan başqa pənahları yoxdur) və nemətləri, bəxşişləri olsa da Ondan qorxurlar (ki, olmaya əzaba düçar olacaqları bir iş görsünlər).

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
(و فيها مباحث لطيفة من العلم الالهى)
 اَلْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ تَسْبِقْ لَهُ حَالٌ حَالاً، فَيَكُونَ أَوَّلاً قَبْلَ أَنْ يَكُونَ آخِراً، وَ يَكُونَ ظَاهِراً قَبْلَ أَنْ يَكُونَ بَاطِناً؛ كُلُّ مُسَمَّى بِالْوَحْدَةِ غَيْرَهُ قَلِيلٌ، وَ كُلُّ عَزِيزٍ غَيْرَهُ ذَلِيلٌ، وَ كُلُّ قَوِيٍّ غَيْرَهُ ضَعِيفٌ، وَكُلُّ مَالِكٍ غَيْرَهُ مَمْلُوكٌ، وَ كُلُّ عَالِمٍ غَيْرَهُ مُتَعَلِّمٌ، وَ كُلُّ قَادِرٍ غَيْرَهُ يَقْدِرُ وَ يَعْجَزُ، وَكَلُّ سَمِيعٍ غَيْرَهُ يَصَمُّ عَنْ لَطِيفِ الْأَصْوَات؛ وَ يُصِمُّهُ كَبِيرُها، وَ يَذْهَبُ عَنْهُ مَا بَعُدَ مِنْهَا، وَ كُلُّ بَصِيرٍ غَيْرَهُ يَعْمَى عَنْ خَفِيِّ الْأَلْوَانِ وَ لَطِيفِ الْأَجْسَامِ، وَ كُلُّ ظَاهِرٍ غَيْرَهُ غَيْرُ بَاطنٍ، وَ كُلُّ بَاطِنٍ غَيْرَهُ غَيْرُ ظَاهِرٍ، لَمْ يَخْلُقْ مَا خَلَقَهُ لِتَشْدِيدِ سُلْطَانٍ، وَ لاَ تَخَوُّفٍ مِنْ عَوَاقِبِ زَمَانٍ، وَ لاَ اسْتِعَانَةٍ عَلَى نِدٍّ مُثَاوِرٍ، وَ لاَ شَرِيكٍ مُكَاثِرٍ، وَ لاَ ضِدٍّ مُنَافِرٍ؛ وَ لكِنْ خَلائِقُ مُرْبُوبُونَ، وَ عِبَادٌ دَاخِرُون، لَمْ يَحْلُلْ فِي الْأَشْيَاءِ فَيُقَالُ: هُوَ كائِنٌ، وَ لَمْ يَنْأَعَنْهَا فَيُقَالُ: هُوَ مِنْهَا بَائِنٌ. لَمْ يَؤُدْهُ خَلْقُ مَا ابْتَدَأَ، وَ لاَ تَدْبِيرُ مَا ذَرَأَ، وَ لاَ وَقَفَ بِهِ عَجْزٌ عَمَّا خَلَقَ، وَ لاَ وَلَجَتْ عَلَيْهِ شُبْهَةٌ فِيما قَضَى وَ قَدَّرَ، بَل قَضَاءٌ مُتْقَنٌ، وَ عِلْمٌ مُحْكَمٌ، وَ أَمْرٌ مُبْرَمٌ. الْمَأْمُولُ مَعَ النِّقَمِ، المَرْهُوبُ مَعَ النِّعَمِ

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

65-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki əvvəl və son olmaq zamana xas xüsusiyyətlərdəndir. Zaman isə hərəkətdən yaranır, hərəkət cismin xüsusiyyətlərindəndir. Onun müqəddəs zatı zamandan üstündür və bütün cisimlərin fövqündə dayanır. Deməli, son olmamışdan əvvəldir, batin olmamışdan zahirdir və hətta aləm olmamış sağdır və s. demək olmaz. Çünki Onun zatının əlavə olunmuş bir sifəti yoxdur ki, bəzisi digərindən öndə olsun. Deməli, onun sifətləri zatının eynidir. Belə olmasaydı, (sifətləri) əlavə edilmiş və nöqsanlı olardı. Bəziləri başqalarının səbəbi, Bəziləri (isə) nəticə və nöqsanlı olardı. Bu, vücudu mümkün olanların (yəni bütün məxluqatın) xüsusiyyətidir. Buna görə də Onun əvvəli və sonu olmağı bundan ibarətdir ki, O, bütün yaranmışların başlanğıcı və məhv olan hər şeyin qayıdış yeridir. Onun zahirliyi və batinliyi sözlərinin mənası budur ki, nişanələri və yaratdıqları ilə zahir, aşkar olur, müqəddəs zatının əsli isə gözlə görünməkdən, idrak və düşüncənin hüdudlarından, gizlin və batinidir. Xülasə, o tayı-bərabəri fərz olunmayan bir vahiddir. Buna görə də bunları buyurmuşdur.
2. Yəni, ondan qeyri vahid azalmanı göstərən ədəddir. Çoxluğun başlanğıcı və onun bir hissəsidir. Allah isə çoxalmayan, yəni, onun üçün ikincisi fərz olunmayan həqiqi birdir.
3. Çünki hər bir gücün, qüdrətin mənşəyi Odur. Belə isə, bir göz qırpımında öz varlığını itirən qeyrisi necə zəif və gücsüz olmaya bilər?
4. Çünki Onun elmi zatı ilə eynidir. Ondan qeyrisinin elmi zatdan törəmə və başqalarından öyrənməyə möhtacdır. Bu da Allah-taalanın elminə gəlib çıxır. Deməli, mütləq alim Odur.
5. Bu, vücudun mümkünlüyünə dəlalət edir. Deməli, qüdrəti zatının eyni, bütün qüdrətlilərin qüdrətinin mənşəyi olan həqiqi güclü Odur.
6. Çünki ondan qeyrisinin eşitməsi cismani eşitmə qüvvəsi ilədir. Bu, müəyyən şərait tələb edir və bu şərait olmasa səsi eşidilməz. Məsələn, səs çox yavaş, uzaqdan və ya çox yüksəkdən olmamalıdır ki, həmin eşitmə qüvvəsinin işi pozulmasın və eşitməyə mane olmasın. Ancaq Allahın eşitməsi zatən və orqansız olduğuna görə, bütün səslər istər yavaş və uca, istərsə də yaxın və uzaq- olsun onun üçün eyni, aşkardır. Deməli, mütləq dinləyən və həqiqi eşidən Odur.
7. Çünki hər bir kəs görmə orqanları vasitəsilə görür. Bu orqan da müəyyən şərait tələb edir. Ancaq Allah-taala zatən və orqansız görəndir. Deməli, bütün əşyalar-istər gizlin, istərsə aşkar onun üçün birdir.
8. Deməli, O həm gizlin, həm də aşkardır. Bu baxımdan aşkar sayılır ki, əlamət və nişanələrinə görə heç kəsdən gizlin deyil. Gizlindir, ona görə ki, zatının əslini dərk etmək mümkün deyil.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!