ALLAHLA ƏLAQƏ

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “Bil ki, yer və göy xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə (icabət edəcəyinə) zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və O da əta etsin. O, bağışlayan və böyükdür.

Səninlə özü arasında səni ondan ayıracaq kəs qoymayıb. Səni məcbur etməmiş ki, onun yanına şəfaətçi, vasitəçi aparasan. Günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab vermişdir. Qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir. Demək, istəyini Ona çatdırır, qəlbinin sirrini Ona açır, öz qüssəsindən Ona şikayətlənir, işlərində Ondan yardım diləyir. Sonra icazə verdiyi xəzinələrin açarını sənin əlinə vermişdir ki, istədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan! (Nəhcül-bəlağə)
Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) insanın Allahla əlaqəsindən, tövbədən, istəklərdən söz açır, bəşəriyyətə qiymətli incilər təqdim edir. Deyilənlərdən lazımınca istifadə etmək məqsədi ilə əvvəlcə bir neçə nöqtəyə toxunaq.

SAYSIZ-HESABSIZ NEMƏTLƏRDƏN BİXƏBƏRLİK
Bir neməti tanımaq üçün, lazımınca dərk etmək üçün müxtəlif yollar var. Bu yollardan biri həmin nemətə malik olduğumuz dövrlə ondan məhrum olduğumuz dövrü müqayisə etməkdir. Bu üsulla həmin nemətin nə dərəcədə dəyərli olması üzə çıxır. Dünyanın bütün maddi və mənəvi nemətlərini bu yolla qiymətləndirmək olar. Məşhur bir məsəldə deyilir ki, nemətin qədrini bir gün ondan məhrum olan bilər. Allah-taalanın ən böyük nemətlərindən biri bizim nemət saymadığımız dünya həyatıdır. Bəli, ömür çox böyük bir nemətdir. Yalnız ölüm astanasında dayanan insan bu nemətin qədrini bilir. Həyatla vidalaşdığımız vaxt onun nə dərəcədə qiymətli olduğunu anlayırıq.
Digər dəyərli nemət sağlamlıqdır. İnsan göz, əl, ayaq kimi zahirən görünən və ürək, beyin, cigər kimi görünməyən orqanların əhəmiyyətinə çox diqqətsizdir. Yalnız bir orqan ağrıdıqda, sağlamlıq təhlükə altına düşdükdə bu nemətlərin həqiqi dəyəri məlum olur. Görmə qabiliyyətini itirən insan bilir ki, göz necə qiymətli nemətdir. Digər nemətlərin də beləcə, əldən çıxdıqda dəyəri aşkar olur. Bəs, mənəvi nemətlər nə vaxt diqqəti cəlb edir? Mənəvi nemətlərdən məhrumluq dərmansız bir dərddir. Bu dərdin müalicəsi çox vaxt mümkünsüz olur. İbtidai mənəvi nemətlərdən biri hafizə, yaddaşdır. Yaddaşını itirmiş insan hətta öz valideynlərini, ailəsini tanıya bilmir. Belə insanlar evdən bayıra çıxmağa belə cürət etmirlər. Çünki onlar bayıra çıxdıqda hara qayıtmalı olduqlarını, hətta, ümumiyyətlə, qayıtmalı olduqlarını xatırlaya bilmirlər. Ağıl da belədir. Ağılı itirən insan üçün ölüm həyatdan daha şirin olur. Bir heyvan qədər sayılmadığını görən belə insanlar üçün yaşamaq çox ağır gəlir.

ALLAHITANIMA VƏ ONA İMAN NEMƏTİ
Sanki insanın vücudu və zehni elə qurulmuşdur ki, yalnız nemətləri əldən verdikdən sonra onların qədrini bilir. İnsan bütün ilahi nemətlərə qarşı belədir.
Bütün nemətlər sırasında Allahıtanıma neməti birinci yerdə dayanır. Bu neməti dərk etmək çox çətindir. İmanımız zəifdir və bunu hamımız etiraf edirik. İnsan şəkk-şübhəyə düşdükdə, bu zəif imanın qədrini bilir. Zəif iman işığı söndükdə insan anlayır ki, artıq heç bir çıxış yolu yoxdur. Qəlbində son iman işartısı sönən, qüdrətli bir varlıqla son bağları qırılan insan üçün bədbəxtlikdən savay bir bəhrə qalmamışdır. Hikmət əhli “Allahsızlıq çəkən bilir bu nə dərddir” buyurmuşdur. İmanını itirənlərin halından xəbərsiz olan bizlər zəif imanımızın dəyərini bilmirik. Axirət həyatı ilə yanaşı dünya həyatında imanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətimizdən yayınır.

ALLAHLA ƏLAQƏ NEMƏTİ
Allahıtanıma və Ona iman nemətindən sonra ən üstün nemət Allahla əlaqə nemətidir. Bu həqiqəti daha yaxşı anlamaq üçün bir müqayisə aparaq. Vəzifəli bir şəxsin qəbuluna düşmək istəyən insan bir çox çətinlikləri adlamalı olur. Bəzən isə bu görüş heç vəchlə baş tutmur. Hətta həmin şəxs çox qanunpərəst və ədalətli olsa da, bəzən qəbula düşmək istəyənlər çox olduğundan sizə növbə çatmır. Çünki həmin vəzifəli şəxs insandır və onun vaxtı məhduddur. Bəşər övladı eyni vaxtda iki nəfəri dinləmək, onların istəyini ani yerinə yetirmək imkanına malik deyil. Amma göylərin və yerin malikinin imkanları nəhayətsizdir. Nəhayətsiz əzəmətə və qüdrətə malik olan varlıq üçün bütün bəşəriyyətin ehtiyacını bir anda ödəmək çətin deyil. Belə bir varlıqla hər yerdə, hər vaxt, hər halda əlaqə saxlamaq asandır. Amma belə bir əlaqənin yaranması üçün qəlbin diqqətindən ibarət olan düymə basılmalıdır. Nə adı katibə qeyd etdirmək, nə də növbəyə dayanmaq lazım gəlir. Belə bir görüşün asanlığını o şəxs nemət sayır ki, hansısa vəzifəlinin qapısında uzun müddət boynunu büküb dayanıb. Yalnız uyğun əziyyəti çəkənlər Allahla asan əlaqəni nemət sayırlar. Əgər digər ilahi nemətlər olmasaydı da, bu nemət xoşbəxtlik üçün kifayət edərdi. Əfsus ki, başdan ayağa nemət içində olan bizlər ağlımızın fövqündə durmuş nemətlərin dəyərini dərk etmirik.
Digər maraqlı nöqtə budur ki, Allah-taala onun görüşünə gələnlərin heç birini rədd etmir. Amma başqaları belə deyil. Axı, Allahdan başqa hansı varlıq minlərin, milyonların, milyardların ehtiyacını ödəyə bilər?! Şübhəsiz ki, yer üzündə mövcud olan ən böyük xəzinə də müəyyən həddə faydalı ola bilər. Tükənməz xəzinə isə yalnız Allahın ixtiyarındadır. Həzrətin (ə) buyruğuna əsasən, Allah-taala bütün insanlara istədikləri qədər versə, yenə də mərhəməti tükənməz. Altı milyard insanın təmənnası nə qədər ola bilər? Allah-taala bu altı milyardın hər birinin bir o qədər istəyini versə, xəzinəsi bir iynə ucu qədər də tükənməz. Belə bir sonsuz mərhəmət və rahat əlaqə harada görünüb?! Başqa sözlə, onun rəhmət qapısı həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla təkid edir. Əfsus ki, bizlər bu həqiqət qarşısında mərifətsiz və naşükürük. Axı, heç nəyi olmayan bəndə nə üçün naz satmalıdır?! Elə bir məqam bizi dəvət etdiyi halda götür-qoy edirik. Bu bizim böyük bəlamızdır. Tükənməz xəzinənin açıq qapıları qarşısında donub qalmışıq. Sonsuz qüdrət sahibi bizi duaya, özü ilə görüşə çağırsa da naşükürlük edirik. Həzrət (ə) buyurur: “Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta etsin.”
Allah-taala özü ilə bəndəsi arasında heç bir vasitə qoymamış, qabaqcadan şərt kəsməmiş, vaxt təyin etməmişdir. Çağırdığımız an eşidəcəyinə zamin durmuşdur. Biz isə özümüzü bu feyz çeşməsindən məhrum etmişik. Bu nemətin əzəməti haqqında düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var.

SONSUZ NEMƏT
Əvvəlcə də xatırlatdıq ki, Allah-taala buyurmuşdur: “Çağırın məni, yerinə yetirim.” (“Ğafir” surəsi, ayə: 60) Allah bu çağırışa gələnləri qapıda saxlamır, başqasının üstünə göndərmir, get-gələ salmır. Bu əlaqə bilavasitə, birbaşa Allahın özü ilə əlaqədir. Maraqlıdır ki, bu nemət tükənməzdir. Hətta günaha batanlar da bu qapıdan qovulmur. Peşmanlığını bildirib, tövbə edən bütün günahkarlar üçün qayıdış, bağışlanma yolu qoyulmuşdur.
Demək, uyğun vasitə ilə təkcə gələcək təyin olunmur, eləcə də qaranlıq keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş, öz başına minlərlə bəlalar gətirmiş, fitrətini eybəcərləşdirmiş insan öz keçmişindən peşman olarsa, ona qayıdış yolu göstərilmişdir. Yəni Allahla əlaqə yaratmaq üçün dua qapısı açılmasından əlavə, keçmiş nöqsanları da aradan qaldırmağın da çarəsi bəyan olunmuşdur. Bütün nemətlərin fövqündə dayanan bu neməti “sonsuz qüvvə ilə sonsuz nemət” adlandırmaq olar. Bir şəxs 70 il küfr və üsyandan sonra ağıla gəlib, Allahın qapısında dayanarsa, gələcəyi haqqında dua etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə tapa bilər. Allah-taala buyurur: “Allah (tövbə edib, yaxşı iş görənlərin) onların pis əməllərini yaxşı əməllərə çevirər.” (“Furqan” surəsi, ayə: 70)
Əgər asilik edib pis iş görmüsünüzsə, tövbə qapısı üzünüzə açıqdır. İnsanlar bir-birlərinin səhvini bağışlasalar da, bağışlamazdan əvvəl səhvə yol vermiş şəxsi danlayırlar. Amma həqiqi tövbə edən şəxsi Allah heç vaxt məzəmmət etmir. Ondan nə üçün günah etdiyi də soruşulmur. İmam Sadiq (ə) bu barədə buyurur: “Günah edən şəxsə yeddi saat möhlət verilir. Əgər üç dəfə tövbə edib “əstəğfirullahəl-ləzi la ilahə illa huvəl-həyyul-qəyyum” desə, həmin günah qeydə alınmır.” (“Kafi”, c.2, səh. 437) Nəinki insan günaha görə dərhal cəzalandırılmaz, hətta ona tövbə üçün möhlət də verilər. Bəli, pis iş görüb, özünü rüsvay edən insan üçün qurtuluş yolu var. Allah-taala tövbə edən şəxsin günahlarını gizləməklə onun hörmətini qoruyur. Həzrət (ə) imam Həsənə (ə) buyurur: “(Allah) qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir...”

ALLAH EŞİDƏNDİR, CAVAB VERƏNDİR
Həzrət Əli (ə) imam Həsənə (ə) buyurur: “Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur...” (Nəhcül-bəlağə)
Allahla əlaqə neməti insana əta olunmuş çox böyük nemətdir. Hər bir şəxs istənilən vaxt bilavasitə öz Allahı ilə danışa bilər. Həzrət (ə) öz vəsiyyətində bu ilahi mərhəmətin genişliyini xatırladır. İnsanların həvəslənib, bu nemətdən istifadə etməsi üçün onun şərtlərini sadalayır. Əlbəttə, Allahla danışıb, öz ehtiyaclarını ərz etmək insan üçün böyük şərəfdir. Bu yolla faydalanmağın mümkünlüyündən xəbərdar olan insan ona doğru can atır. Allahla bəndə arasındakı əlaqə xüsusi əhəmiyyətə malik olduğundan, onun məfhumunun, xüsusiyyətlərinin və keyfiyyətinin bəyanı mühüm nöqtələri işıqlandırdığından Həzrətin (ə) kəlamı işığında bu mühüm məsələni araşdırırıq.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!