ALLAHIN DÜZ DANIŞMASI

:

Sual: Qurani-Kərimdə buyurulanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?
Allahın danışığı “rübubiyyət”in, dünya və insana “müdiriyyət”in tələbidir. Bu danışıq elm, hikmət, hidayət və düzgün mərifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan olması) ilahi hikmətin əksinədir.

Allahın hikməti və müdrikliyi insanları Onun buyruqlarına inanmağa dəvət edir, onlara düzgün mərifət yolunu tanıtdırır. Beləcə, yalan Allahın sözlərinə etimadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mərifəti yönündəki ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən, Allah-Taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.1
Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığına, nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə, Allahın rübubiyyət məqamından uzaqdır. O, heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan ən döğru danışandır. Qurani-Kərimdə buyurulur: “...Allahdan daha doğru danışan kim ola bilər?”2

MÜTLƏQ VARLIQ
Öncə isbat olunduğu kimi, Allah-Taala mütləq varlıq və mütləq həqiqətdir. Buna görə də Ona “yoxluq” və “fanilik” yol tapa bilməz. Digər tərəfdən, isbat olunmuşdur ki, kamal varlığa bərabərdir və nöqsanın mənbəyi yoxluqdur. Buna əsasən, Allah-Taalanın zatı həqiqi kamala malikdir; çünki həqiqi kamal varlığa və həqiqətə qayıdışdır. Allahın zatı mütləq varlıq olduğu üçün mütləq kamaldır. Başqa sözlə, Onun zatı mütləq varlıq olduğu üçün (mümkün varlıqlar kimi) Ona əsla hədd təyin etmək olmaz. Demək, bütün səciyyəvi xüsusiyyətlər, o cümlədən, ən yüksək və mütləq kamal Onun zatına aid edilir. Onun müqəddəs zatı heç vaxt naqis sifətlərlə (nadanlıq, zəiflik, qaranlıq və yalan...) vəsf olunmaz. “Elm”, “doğru danışıq”, “qüdrət” və “həyat” kimi kamal sifətləri ən yüksək həddə Ona aiddir. Çünki O, mütləq varlıqdır və kamillik varlığa bərabərdir.3

Kitabın adı: Tövhid və ilahi ədalət
Tərcümə edən: Rza Şükürlü


1. “Amuzeşe əqaid”, Misbah Yəzdi, 1-ci və 2-ci cild, səh. 117.
2. “Nisa” surəsi, 87-ci ayə.
3. “Üsuli-fəlsəfə və rəvişi-realizm”, 5-ci cild, səh. 132.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!