İXLAS SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 6

:

İXLAS SURƏSİNİN TƏFSİRİNİN DAVAMI - TÖVHİDİN ÖNƏMLİ ŞAXƏLƏRİ
Ümumi şəkildə, tövhid üçün dörd şaxənin olduğunu qeyd edirlər: 1. Zatda tövhid (Allahın müqəddəs zatında yeganəliyi). 2. Sifətdə tövhid (sifət və xüsusiyyətlərində yeganəliyi). Allahın sifətləri Onun zatından ayrı deyil.

Bizim elm və qüdrətimiz öz zatımıza (ruhumuza) kənardan və ya sonradan (tədricən) əlavə olunmuşdur. Biz insanların elm və qüdrəti bir-birindən ayrı və fərqli olduğu kimi, zatımız ilə sifətlərimiz də bir-birindən fərqlidir. Misal üçün, uşaq olarkən heç bir elm və biliyə malik deyildik və böyüyüb inkişaf etdikcə, elm və biliklərə yiyələnirik. Nəticədə, elm sifəti əvvəlcədən bizim vücudumuzda yox idi və bizə sonradan əlavə olunub. Deməli, bizim zat və vücudumuzla elm sifətimiz bir-birindən ayrı olan iki məsələdir. Allahda isə bu cür deyil. Elm eynilə Onun zat və sifətidir. Allahın zatı ilə sifəti vəhdət təşkil edir.
İnsan elminin mərkəzi onun ruhu, fiziki güc və qüdrətinin mərkəzi isə onun əzələ və cismidir. Lakin Allah-taalanın sifətləri Onun müqəddəs zatından ayrı deyil. Onun zatı elə elm və qüdrətin özüdür, əzəli və əbədi olan da Odur. Belə olmasaydı, Onun tərkib hissələrindən ibarət və mürəkkəb olması lazım gələrdi və belə olan halda O, öz əczalarına möhtac olardı. Möhtac bir varlıq da heç vaxt Vacibul-vücud ola bilməz.
3. Fellərdə tövhid (Allahın fel və işlərində yeganəliyi)
Aləmdəki hər bir varlıq, hərəkət, iş və hadisə Ondan qaynaqlanır və səbəbləri icad edən Odur. Hətta, biz insanların gördüyü hər bir iş belə, bir cəhətdən Onunla əlaqədardır. Çünki qüdrət, ixtiyar, azadlıq və iradəni bizə O vermişdir. Bununla yanaşı, biz etdiyimiz hər bir işin müqabilində məsuliyyət daşıyırıq. Digər bir cəhətdən də fail (iş görən) Odur və hər bir işimiz Ona qayıdır.
 “لا مؤثر فى الوجود الا اللَّه” "Varlıq aləmində Allahdan başqa, heç bir təsir edən yoxdur."
4. İbadətdə tövhid (yəni sitayişə və ibadətə layiq olan yeganə varlıq Odur)
Sitayiş yalnız Ona edilməlidir və Ondan başqası bu əmələ layiq deyildir. Ona görə ki, sitayiş kamil bir varlıq üçündür. İbadət heç kəsə möhtac olmayan, bütün nemətləri bəxş edən və bütün varlıqları yaradana məxsusdur. Belə xüsusiyyətlər məhz Allahın müqəddəs zatına aiddir.
İbadət və sitayişdə əsl hədəf o mütləq kamala, sonsuz varlığa yaxınlaşmaq və Onun kamil xüsusiyyətlərindən bəhrələnərək və nəticədə nəfsani istəklərdən uzaqlaşmaq, nəfsi saflaşdırmaqla əsl insani keyfiyyətlərə yiyələnməkdir. Bunun üçün Allaha ibadət etməkdən başqa, bir yol yoxdur.

FELLƏRDƏKİ TÖVHİDİN ŞAXƏLƏRİ
Fel və işlərdəki tövhidin özü bir çox şaxələrdən ibarətdir. Biz onların yalnız bir neçəsinə işarə edirik:
1. Xaliqiyyətdə tövhid (xəlq etməkdə yeganə varlıq olması).
Quranda buyurulur: “De! Hər bir şeyi yaradan Allahdır.” (“Rəd” surəsi, ayə 16.)
Bu mövzunun dəlilləri aydındır: əvvəlki bəhslərdə də qeyd olunduğu kimi, Vacibul-vücud (varlığı zəruri olan) yeganədir və Ondan başqa, bütün varlıqlar mümkünül-vucuddur (varlığı zəruri olmayan varlıqlardır). Buna əsasən, bütün varlıqları yaradan şəxs yeganədir.
2. Rübubiyyətdə tövhid (aləmin Rəbbi (tərbiyə edicisi, pərvəriş verəni) olmaqda yeganəlik)
Yəni, aləmə varlıq bəxş edən və onu idarə edən yalnız Allah-taaladır. Quranda belə buyurulur: "De: "O, hər bir şeyin Pərvərdigarı olduğu halda, digərinimi özüm üçün pərvərdigar seçim?! "" (“Ənam” surəsi, ayə 164.)
Bunun sübutu da məhz Vacibul-vucudun yeganəliyi və aləmə varlıq bəxş edən yaradanın varlığıdır.
3. Qanunların təyin olunmasında tövhid və yeganəlik
Quranda buyurulur: “Hər kəs (hökm etdiyi zaman) Allahın nazil etdiyi (qanunlar) vasitəsilə hökm etməsə, kafirdir.” (“Maidə” surəsi, ayə 44.)
Allahın yeganə idarə edən olduğunu isbat etdikdən sonra, Ondan başqasının qanun təyin etməyə heç bir səlahiyyəti olmadığı öz-özlüyündə aydınlaşır. Çünki, Ondan başqasının aləmin idarəçiliyində və tədbir tökməkdə heç bir payı olmadığı halda, qanun təyin etməyə də haqqı yoxdur.
4. Malikiyyətdə tövhid və yeganəlik
İstər “həqiqi malikiyyət” olsun, istərsə də, “qanuni malikiyyət” – bunların hər ikisi Allaha məxsusdur. Quranda buyurulur: “Asimanların və yerin malikiyyəti yalnız Allaha məxsusdur.” (“Ali-İmran” surəsi, ayə 189.)
Bunun dəlili də Allahın məxluqatı yaratmaqda yeganə olmasıdır. Hər bir şeyi O yaratdığı üçün, şübhəsiz, onların maliki və sahibi də məhz Odur. Buna əsasən, hər bir mülkiyyət Onun mülkiyyətindən qaynaqlanır.
5. Hakimiyyətdə tövhid və yeganəlik
Bəşəriyyətin bir hakimə ehtiyacı vardır, çünki hakimiyyət olmadığı halda ictimai həyat qeyri-mümkündür. Məsuliyyətlərin bölünməsi, proqramların tənzimlənməsi, idarəçilik və eləcə də haqsızlıqların, təcavüzlərin qarşısının alınması yalnız hakimiyyət vasitəsilə mümkündür.
Digər tərəfdən, insanların azadlıq hüququnun tələbinə görə, “həqiqi malik”in icazəsi olmadan kiminsə digərinə hakimlik etməyə haqqı yoxdur. Elə buna əsasən, biz Allahın hakimiyyətindən başqa, digər hakimiyyətləri qəbul etmirik və eyni zamanda, hakimiyyətin Peyğəmbər (s), məsum imamlar (ə) və onlardan sonra da fəqihə mənsub olduğunu qanunauyğun hesab edirik.
Əlbəttə, bir qrup camaatın kimisə özlərinə hakim seçməsi mümkündür, lakin bütün insanların yalnız bir hakimin onlara rəhbərlik etməsində həmrəy olması hal-hazırda qeyri-mümkündür. (Çünki, əgər ümumi rəy əsasında belə bir hakimiyyət təyin olunmuş olsa, bu hakimiyyətin fəqih tərəfindən də təsdiqlənməsi gərəkdir). Unutmamalıyıq ki, rübubiyyətdəki tövhid təkvin (yaradılış və xilqət) aləminə, lakin qanun təyin etmək və aləmə hökmranlıq etməkdə yeganəlik təşri (hidayət aləminə dair) aləminə aiddir.
Quranda oxuyuruq: “Hökm və hakimiyyət yalnız Allaha məxsusdur.” (“Ənam” surəsi, ayə 57.)
6. İtaətdə tövhid (itaət olunmaqda yeganəlik).
Yəni, insanlara vacibdir ki, yalnız Ona itaət etsinlər və digərlərinə (hakimlərə) də itaət olunması bundan qaynaqlanmalıdır. Hakimlərə itaət etmək bir növ Allaha itaət etmək hesab olunmalıdır.
Bunun da sübutu ortadadır; çünki hakimiyyət Allaha məxsus olduğu halda, şübhəsiz, itaət də Ona məxsusdur. Buna əsasən, biz Peyğəmbərə (s), məsum imamlara (ə) və onların canişinlərinə itaət etməyi Allaha itaət etmək sayırıq. Bu məsələ ilə bağlı Quranda buyurulur: “Ey iman gətirənlər! Allaha, Onun Rəsuluna və özünüzdən olan əmr sahiblərinə (məsum imamlara (ə)) itaət edin!” (“Nisa” surəsi, ayə 59.)
Həmçinin, buyurulur: “Kim Peyğəmbərə itaət etsə, şübhəsiz, Allaha itaət etmişdir.” (“Nisa” surəsi, ayə 80.)
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan məsələlərin hər birində geniş bəhslər vardır və biz onları qısa şəkildə diqqətinizə çatdırdıq.
Ey Rəbbim! Bütün ömrümüz boyunca bizi tövhid əqidəsində yaşat!

Kitabın adı: Nümunə təfsiri
Müəllif: Ayətullah Məkarim Şirazi

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!